"Torpaqdan Günəşə..."

 

 

"Torpaqdan Günəşə..." kitabı şairə Mayisə Əsədullaqızının oxucularla üçüncü görüşüdür.

 

Mayisə xanımın əvvəlki illərdə "Zəfəran ətirli Bakı gecələri",  "Ürəyimin yolları var" kitabları işıq üzü görüb.

 

Şeirləri Türkiyədə çap olunan bir neçə antologiyalarda, eyni zamanda bir neçə almanaxlarda işıq üzü görüb.

 

Oxuculara təqdim olunan "Torpaqdan Günəşə..." kitabını poeziya çələngi adlandırmaq olar. Topluda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Şairənin qələmindən çıxan şeirlər oxucunu daim düşündürən müxtəlif mövzulara işıq tutur. Bu da onu göstərir ki, Maisə Əsədullaqızının yaradıcılığı çoxşaxəlidir.

 

"Gənclik" nəşriyyatında işıq üzü görən kitaba Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin baş müəllimi Adil Abdullayev ön söz yazıb. Ön sözün müəllifi şairənin yaradıcılıq istiqamətlərini çox düzgün dəqiq müəyyənləşdirərək yazır: "...Onun şeirləri mayasını xalqdan alır, milli dəyərlərdən qaynaqlanır. Bu gün bizi düşündürən əxlaqi problemlər, mühüm tarixi hadisələr, qəhrəmanlıq igidlik motivləri, məhəbbət sədaqət notları, zaman xalq qarşısında məsuliyyət, yaşadığımız bugünkü həyat müasir dövrümüz haqqında fəlsəfi fikir düşüncələr Mayisə Əsədullaqızının yaradıcılığının əsas istiqamətləridir". 

 

Kitabın redaktoru Tofiq Mahmudov, baş məsləhətçi, son sözün müəllifi isə Hikmət Məlikzadədir.

 

Kitabda diqqətimizi ən çox çəkən şairənin qəhrəmanlığı, igidliyi vətənpərliyi tərənnüm edən şeirləri oldu. "Azərbaycan uğrunda", "Azərbaycanım - Qarabağım", "Səngərdə dayanan əsgər", "Şərəfli sərhədçilər". "Şəhid ölümsüzlüyü"və başqa şeirlərində Azərbaycan hərbçisinin qəhrəmanlığı, igidliyi, qətiyyəti dönməzliyi vəsf olunur. "Yurdumun" şeirindəki misralar oxucunu bir anlıq uzaq yaxın tariximizə aparır. Şairənin misraları hamımızı bir olmağa, birlikdə mübarizə aparmağa səsləyir. Bu sanki şeir deyil, bir ananın səsidir, bu bir qadının çağırışıdır:

 

Mehdi, Həzi yetiribdi bu torpaq,

Qəhrəmandır hər döyüşdə üzüağ,

Öndərlərin yolu bizə gur çıraq,

Gəlin bu yollarda birlikdə olaq!

Yüksəlir sədası hər gün ordumun,

Mübarizi, Ramili var yurdumun!

 

Şairə yurdumuzda qəhrəman oğulların həmişə var olduğundan yeni-yeni igidlərin doğulacağından "Vətən ruhlu" şeirində iftixarla söz açır. Şeir qəhrəman bir əsgərin dilindən yazılıb:

 

...Vətənimdə mənim kimi,

Çiçəkləyən fidanlar var.

Ölsəm belə, mənim kimi bar gətirən,

Milyon-milyon budaqlar var...

 

Kitabda yer almış Xocalı faciəsindən bəhs edən şeirlər çox təsirlidir. Mayisə xanımın bu ağrılı mövzuda yazdıqlarını oxuduqca bir anlıq o qanlı hadisələr gözlərimiz qarşısında canlanır. Qulaqlarımıza Xocalıda öldürülmüş günahsız insanların hayqırtısı gəlir. Bu qanlı faciəni törətmiş erməni işğalçılarına kinimiz, nifrətimiz daha da artır. Mayisə xanım oxucuları qisasa səsləyir:

 

Qoy ucalsın göylərə haqqın səsi,

Gül açsın Vətənimin dağı, dərəsi,

Düşməni qorxutsun igid nərəsi,

Amandı yatmayaq, dur ayağa, qardaşım!

Oyan, ay qohumum, ay vətəndaşım!

 

Mayisə xanım məhəbbət, ilk od-ocaq, sevgi, mərhəmət mövzularında da bir çox şeirlər qələmə alıb həmin şeirlər oxucuları tərəfindən sevilir. Qəlbə  məhrəm səmimi şeirlərinin  birinə müraciət edək:

 

Arada bir zəng elə,

De ki, səni sevirəm.

De ki, sənin ətrini

Güldən ala bilmirəm.

De ki, ay ömrüm-günüm,

Sənsiz qala bilmirəm.

De ki, sənin həsrətin,

Məni buza döndərir,

Şirin- şəkər söhbətin,

Ömrü yaza döndərir...

 

Nə qədər ruha yaxın, şirin, axıcı dili olan, şəlalə şırıltısı kimi şaqraq,  sanki  zərgər dəqiqliyi ilə cilalanmış bir poeziya nümunəsi!

 

Kitabı vərəqlədikcə, hərbçi-jurnalist, bir neçə kitab müəllifi kimi, Vətənin geniş tərənnümü gözümdən və  hafizəmdən qaçmır.

 

Hər sətirdən, hər misradan sanki ürəyimizə vətənpərvərlik hissi "sızır". Buna əsaslanıb deyə bilərik ki, vətənpərvərlik mövzusu Mayisə Əsədullaqızının yaradıcılığından qırmızı xətlə keçir. Onun şeirlərində bir axıcılıq da, həmahənglikdə diqqəti cəlb edir. Bir görün şairə bu misralarla yurdumuzu, igidlərimizi necə də məharətlə nəzmə çəkir:

 

...İgidlərin bir ordudur,

Torpağımın boz qurdudur,

Bu yurd ərənlər yurdudur.

Vətənin yoxdu bənzəri,

Var-dövlətdi, göy Xəzəri!

 

İnanırıq ki, Mayisə xanımın  "Torpaqdan Günəşə..." kitabı  oxucular tərəfindən maraqla qarşılanacaq. Qəhrəmanlığı, igidliyi tərənnüm edən şeirlər hər bir kəsin vətənpəvərlik hissini daha da artırıb duyğulandıracaq.

 

 

Vahid MƏHƏRRƏMOV

 

 

525-ci qəzet.- 2017.- 28 fevral.- S.8.