"Xəyanət"in üzü və astarı

 

RAMİZ RÖVŞƏNİN YARADICILIĞINDA MÜHARİBƏ VƏ İNSAN

 

 

Ramiz Rövşənin "Azərbaycan" jurnalında (¹12, 2016) nəşr edilmiş "Xəyanət" kinopovesti əsərdə təqdim olunan hadisələrin baş verdiyi tarixdən 17 il sonra, əsərin nəşr edildiyi tarixdən isə 8 il əvvəl - 2007-ci ildə qələmə alınıb.

 

"Xəyanət"in baş verdiyi tarixdən indi bizi 25 ildən artıq zaman ayırır. İlk baxışda əhəmiyyətsiz görünsə də, bu rəqəmlərin əsərin oxunması üçün mühüm yeri var. Ömrümüzdən, taleyimizdən keçən1991-ci il dünyanın altıda birini əhatə edən və içində araya-ərsəyə gəldiyimiz, bəzən "şər imperiyası" kimi yad edilən nəhəng bir imperiyanın, onun yetişdirdiyi münasibətlər və dəyərlər sisteminin rəsmən süqut etdiyi, dağıldığı, onillər boyu insanların içində oturuşmuş ideologiyanın, əxlaqın sarsıldığı tarixdir.  1991-ci ilin sonundan yeni era, təzə dövran başlayırdı...

 

Elə həmin vaxt - 1991-ci ildə Azərbaycan torpağının üstündə müharibə gedirdi, qanlar axırdı: dövləti, qoşunu, əsgəri olmayan, öz istəyindən və ixtiyarından asılı olmadan müharibəyə cəlb edilmiş, azadlıq eyforiyasına qapılmış toplum yurdunu, torpağını, öz fiziki varlığını qorumaq məcburiyyətində idi...

 

Kadr arxasında və kadrda

 

"Xəyanət" kinopovesti keçid tarixinin - 1991-ci ilin dekabr ayında SSRİ-nin son rəhbəri olan Mixail Sergeyeviç Qorbaçov "şələ-küləsini Kremldən yığışdırdığı", dünyanın Sovet epoxası ilə vidalaşdığı dekabr günlərinin xəyanət hekayəsini əks etdirir.

 

Povestdə dağılan "şər səltənəti", yeni qurulan dövlət(lər), dünyanı dəyişdirən, yerindən oynadan siyasi hadisələr, tarixi proseslərin ortaya gətirdiyi sədaqət, xəyanət, top-tüfəng, müharibə, torpaq (və insan) alıb-satmaq, od-alov səhnələri sona qədər kadr arxasında saxlanılır. Kadrda təqdim edilən hadisələr isə bütün zamanlarda baş verə biləcək qadın-kişi, ata-oğul, ana-övlad münasibətləridir. Bu münasibətlərdə sədaqətin harada bitdiyini, xəyanətin haradan başladığını, ya da tərsinə - xəyanətin harada bitdiyini, sədaqətin haradan başladığını kəsdirmək, qiymətləndirmək çətindir. Əsərin ən maraqlı cəhətlərindən bir də elə budur: qiymətləndirmək, yozmaq, xasiyyətnamə vermək, haqq qazandırmaq, ittiham etmək oxucunun (tamaşaçının) öhdəsinə buraxılır. Buna da tam əminəm ki, bu əsərlə bağlı Ramiz Rövşənin yazıçı yanaşmasından əlavə, oxucu kimi gördüyü və qiymətləndirdiyi xeyli fərqli məqamlar var (və bu, onun yaradıcılıq keyfiyyətlərindən biridir...).

 

Povestin əvvəlində Sovet ictimai mühitinin yetişdirdiyi adlı-sanlı yazıçı İsmayıl müəllimin bağ evini görür, kimsəsizləşmiş bağ evinə gətirdiyi məşuqəsi - Suğra ilə tanış oluruq. İsmayıl müəllim Sovet cəmiyyətinin təmin olunmuş ziyalı tipidir: maşını, mənzili, dolanmağa pulu var. Məşuqəsi də öz yerində. Hələ üstəlik cəmiyyətdə hörmət-izzəti, nüfuzu, şöhrəti. Yüzlərlə (bəlkə də minlərlə) insan İsmayıl müəllimin bir sözü ilə könüllü əsgər getməyə, vətən uğrunda canından keçməyə hazırdır. (Əsərin məntiqi ilə yanaşanda müharibə ilə bağlı "döyüşmək", "vuruşmaq", "rəşadət göstərmək" kimi sözlərdən burada ən yerinə düşəni məhz "canından keçmək"dir.)     

 

Nə İsmayıl müəllimin,   Suğranın həyatının bizə təqdim olunan tərəfində 1991-ci ilin siyasi münaqişələrinin səs-səmiri, əks-sədası qabarıq göstərilir, burada zamanın təlatümlü mənzərəsi aydın görünmür. Sadəcə, Xalq Cəbhəsi İsmayıl müəllimi mitinqlərə dəvət edir, onun üçünsə mitinqə getməklə yasa getməyin elə bir əsaslı fərqi yoxdur (xüsusilə də SSRİ dağılandan sonra). İsmayıl müəllimdən boşanıb işlədiyi teatrın baş rejissoruna ərə getmiş aktrisa xanımın, onun yeni ailəsinin həyatında da əmin-amanlıqdır: ad günü məclisi, "növbətçi" zarafatlar, şablon təbrik nitqləri, xəlvəti öpüş, oğurluq him-cim...

 

Arvadına söyəni öldürdüyünə görə səkkiz il həbsxanada yatıb, Sovet hökuməti dağılanda azadlığa buraxılan Teymur - Suğranın qanuni  əri üçün də vətən çağırışı, torpaq harayı eşidilməzdir, yaddır. Onun, uğrunda canından keçməyə hazır olduğu yeganə dəyər sevdiyi qadının "adının təmizliyidir". Özü demiş, Suğraya "söyən adamın, hürən itin ağzını cırar..."

 

Tarixin gətirdiyi təlatüm, siyasi münaqişələr, müharibə haradasa insanların fərdi həyatının arxa planındadır. Fərdi həyatlarsa boğazadək xəyanət bataqlığındadır...

 

İsmayıl müəllimin yeməkxanada qarşılaşdığı köhnə qəhrəmanı - haqqında "Mahmud və Mariya" dastanı qoşduğu Mahmud kişinin ictimai mövqeyi bir qədər fərqli olsa da, o da başqaları kimi Qarabağ müharibəsindən çox-çox "uzaqdadır": onu daha çox "başıxallı köpəkoğlunun" -  Qorbaçovun Sovet hökumətinə xəyanəti narahat edir. 1990-cı ilin 20 Yanvarı Mahmud kişinin həyatına bir silkələnmə, sarsıntı gətirsə də, onun ruhundakı təlatüm tarixin ritmi ilə xaric səslənir. 20 Yanvardan sonra arvadı Moskvaya - oğlunun yanına köçən Mahmud kişi əqidə adamıdır, Böyük Vətən müharibəsinin (İkinci Dünya müharibəsinin) ordenli-medallı qəhrəmanıdır...

 

Bu dünyanın dörd ili -

Dava ili dərd ili...

 

Ramiz Rövşən dünyaya gələndə İkinci Dünya müharibəsinin üstündən il yarım ötmüşdü. Lakin ədəbiyyata gəlişində kifayət qədər müqavimətlə qarşılaşan Ramiz Rövşən 1970-ci illərdə ədəbiyyatda özünü dava illərinin ağrılarını, faciələrini əks etdirən silsilə şeir və hekayələri ilə təsdiq etdi, "müharibə şairi" kimi tanındı:

 

Bulud gəldi göy başına

Dedi: anam, döy başına.

Hər kənddən hər öybaşına

Oğul getdi qayıtmadı...

 

Ramiz Rövşən yaradıcılığının başlanğıcında görmədiyi müharibənin oğulsuz qoyduğu evlərin ağılarını yaratdı və həmin ağıların ədəbiyyatımızda xüsusi yeri olduğunu bu gün heç kəs inkar edə bilməz. Ramizdən əvvəlsə müharibə illərinin ağrı və ağı havasını İsa Hüseynov "Saz"da, "Tütək səsi"ndə dilləndirmiş, Əkrəm Əylisli "Adamlar və ağaclar"da canlandırmış, bədii sözə gətirmişdi. Məmməd İsmayıl şeirdə müharibənin fərqli  havasını yaratmışdı. İsa Hüseynov da, Əkrəm Əylisli də, Məmməd İsmayıl da özlərini, öz gördüklərini, yaşadıqlarını yazmışdılar. İsa Hüseynovun, Əkrəm Əylislinin, Məmməd İsmayılın əsərlərindəki müharibə illərinin uşaqları onların özləri və ya yaşıdlarıdır. Ramizin qəhrəmanları isə bunlardan tam fərqlidir. Ramiz yaşından əvvəlin tuşunu (yuxusunu) danışırdı. Gözəl, təkrarsız, bənzərsiz danışırdı. Onun danışdığı - müharibənin yaddaşlara çökmüş nağılı idi. Ramizin ilk hekayələrinin və şeirlərinin əksəriyyəti yaddaşın içindən gəlir, ədəbiyyata eposun, nağılın dilini, intonasiyasını, havasını gətirirdi.

 

Burada biz real müşahidələri əks etdirən detallar, konkret təfərrüatlar əvəzinə, müharibəni rəmzləşdirən, bəzən sürrealistik təsvirlərə çevirən ümumiləşdirilmiş obrazların görüntülərini müşahidə edirik. Dörd il oğul yolu gözləyən Şahxanım nənə üçün müharibə ayaqları dizdən aşağı kəsilib qayıdan, dörd il yolunu gözləyən qapının cəftəsinə əli çatmayan oğul idi. Müharibə Şahxanım nənənin oğul boyuna uzanıb boşa çıxan qolları idi, ananın qolları uzanıb-uzanıb dünyanın boynuna dolanır, dünyanın boynundan boş qayıdırdı...

 

Ramiz Rövşənin poeziyası dizinə qədər gəlmiş oğulun dizdən aşağısını soraqlayırdı:

 

Oğul gəlib dizinəcən

Hanı dizdən aşağısı?..

 

Bu suala cavab tapa bilməyən oxucu üçünsə dünyaya gəlişin özü bir aldanış kimi qavranılır:

 

Bilsək, dünyaya gəlməzdik,

Analar aldatdı bizi... 

 

Bədii düşüncə tərzi sərbəstliyə meylli olan Ramiz Rövşənin gəraylı janrında yazdığı ağılar (sonradan Ramiz Rövşən bu ağıları "Nəğmələr" adı ilə ayrıca kitabda nəşr etdirdi) oxucu ilə fərqli bir dildə danışırdı. Bunu təxminən Vaqif Mustafazadənin elə həmin illərdə "caz dilində" səsləndirdiyi muğamların dili ilə müqayisə etmək mümkündür...

 

lll

 

Ramiz Rövşənin müharibəyə həsr etdiyi hekayələrin və şeirlərin poetikasında aparıcı amil stilizasiyadır. Həmin yazıların intonasiyasında daha çox danışıq üstə verilən nəsrlə ritmik şeirin növbələşdiyi dastan - epos poetikasının stilizasiyasını görürük. Bu, "Qapı" silsiləsində daha aydın müşahidə edilir. "Qapı"dakı nəsr və şeir növbələşmələri epos yaddaşından gəlsə də, tamamilə yeni estetik hava yaradır. Burada, heç şübhəsiz ki, Ramiz Rövşənin  mükəmməl filoloji təhsili və ciddi mütaliəsi, dünya ədəbiyyatına və incəsənətinə yaxından bələdliyi də müstəsna rol oynayır...

 

Ramiz Rövşənin 1970-71-ci illərdə qələmə aldığı hekayələr ("Yağışlı bir günün günortasında", "Hamı oğul böyütmüşdü", "Belə-belə işlər") məzmununa və strukturuna görə İsa Hüseynovun və Əkrəm Əylislinin müharibə povestlərindən xeyli fərqlidir. Ramiz ənənəvi nəsr əvəzinə, müharibə barədə düşünməyə, ibrət götürməyə vadar edən pritça yaratmağa nail olmuşdu. Hekayələrdə müharibənin konkret, görümlü insan mənzərələrini əyaniləşdirən realist tablolarından daha çox, müharibə və insan barədə eyhamlara, rəmzlərə üstünlük verilir... 

 

Ramiz Rövşənin hekayələrində müharibənin rəmzi illüstrasiyalarını görürük: müharibəyə oğullar, atlar gedir, müharibədən, qara kağızlar, ölüm xəbərləri gəlir. Bir də bir dəstə "nemes pleni" gətirilir. Dörd il əyilib oğullar gedən tərəfə boy atan insanların "nemes plenlərini" görəndə başa düşdükləri isə bircə şey olur: "...bu nemeslər hər nəydilərsə, adam idilər..."

 

Mövzuya təpədən dırnağa məhəbbət və mərhəmət işığı ilə yanaşan Ramiz Rövşən özünün görmədiyi müharibənin bütün bəşəriyyətə ağrı verən cizgilərini yaratmağa üstünlük verir və həmin cizgilərlə ağrının hamıya tanış üzünü ədəbiyyat dilinə çevirir.  Həsən kişinin dili ilə. "Həsən kişi nə deyirdi? Deyirdi ki, bu külleyi-aləm ibarətdi xırda-xırda dünyalardan. Yəni hər adamın öz balaca dünyası var. Özü də bu dünyalar üçtərəfli-üçtərəflidi. Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at". 

 

Beləliklə, Ramiz Rövşən müharibənin çoxtərəfli "adam yönünü" görüb göstərdi, oxucunun və ədəbiyyatın yaddaşında müharibənin "adam yönündəki" ölümləri, ağrıları, həsrətləri, ananın gözündən oğulun alnına düşən göz yaşlarını tutub saxlamağa, tablolaşdırmağa, əyaniləşdirməyə müvəffəq oldu.

 

Bu hekayələri təhlil etmək üçün istənilən qədər yozum, müxtəlif mövqelərdən interpretasiyalar irəli sürmək, mətnaltı mənalar oxumaq mümkündür. Əslində, bunu bizə mətn, mətnin quruluşu və Ramiz Rövşənin təqdimat tərzi, üslubu təklif edir...

 

"Xəyanət"ə qədər...

 

Ramiz Rövşənin kinorejissor Şamil Nəcəfzadə ilə birgə yazdığı ssenari əsasında 2008-ci ildə çəkilmiş "Qala" filminin mövzusu da "Xəyanət"in baş verdiyi zamanı - "Qarğalar" kəndinə (ad təsadüfi seçilməyib, filmdə izahı var) ilk qaçqınların gəldiyi, az sonra isə kəndin əhalisinin "təhlükəsizlik" məqsədilə köçürüldüyü, "şəhid" adlandırılan ilk ölünün dəfn edildiyi zamanı  əhatə edir...

 

Valideynlərinin evlənməyə razı olmadığı rus qızını götürüb qaçdığı, övladlarının dünyaya gəldiyi qonşu ölkədən qovulmuş, ata yurduna qaçqın kimi qayıtmış Osman doğma torpaqda ürək tutmasından ölür və onun dəfnində Ramiz Rövşənin "Qapı"sından gələn ağı səsləndirilir:

 

Göydə bulud dolar gedər,

Quşlar qanad salar gedər,

Oğulları alar gedər,

Analara ölüm gəlməz...

 

Filmdə şeirin mətnində kiçik dəyişiklik edilib, son misradakı "analara" sözü "atalara" sözü ilə dəyişdirilib. Və çox aydın görünür ki, "Qala"da səsləndirilən ağı "Qapı"nın mətnində yaratdığı poetik əhval-ruhiyyəni filmdə yarada bilmir. Burada birinci səbəb filmin bədii səviyyəsinin "Qapı"dan xeyli aşağı olmasıdırsa, başqa bir ciddi səbəb də var. Çünki qonşu ölkədən qaçıb yenidən ata-ana yurdunun - "Qarğalar"ın üstünə gələn Osmanın taleyi ilə Şahxanım nənənin, tanımadığı torpaqlar uğrunda müharibədən dizdən aşağı gəlmiş oğulunun faciəsini eyniləşdirmək, hər ikisinə eyni tarixi qiymət vermək, hər ikisinin dərdini eyni ağı ilə ağlamaq, sadəcə, yerinə düşmür. Məsələnin incə tərəfi isə budur ki, Şahxanım nənənin oğlunun iştirak etdiyi müharibənin qurbanlarına bəslənilən sonsuz məhəbbət və mərhəməti "Qala"da Ramiz Rövşənin bir şeirində deyildiyi kimi, "təpədən dırnağa  hirs" əvəzləyir...    

 

Gəldik "Xəyanət"in üstünə 

 

Kinopovestdəki hadisələrin üst qatında xəyanət toru var və ictimai mövqelərindən asılı olmayaraq insanlar bu tora düşüb çapalayırlar. İsmayıl müəllimin Suğra ilə münasibəti öz ailəsinə xəyanətdir. İsmayıl müəllimin arvadı ilə arvadın təzə əri - rejissor da xəyanət üstündə ailə qurub. Rejissorun qızı Kəmalənin nişanlısının qulağının dibində  İsmayıl müəllimin oğlu Ceyhuna imrənməyi xəyanətdir.  Suğra namus üstündə türmədə can çürüdən ərinə xəyanət edir. Ceyhunun öz atasının sevgilisinə münasibətində xəyanət motivi görməmək mümkün deyil. Ömrünün son günlərini sayan Mahmud kişinin rus arvadının 20 Yanvardan sonra Bakını tərk etməsində xəyanətin izi var.

 

Mahmud kişini himayə eləyən, ölüsünə sahib çıxan qonşu oğlanın münasibətində xəyanət olmasa da, məkr, qərəz və minnət var: Mahmud kişinin ölümünü gözləyir ki, ikiotaqlı mənzili ona qalsın..

 

Mahmud kişi üçün vətən öldüyün yerdir, onun söylədiyi ən səmimi tost "vətəndə ölməyin sağlığıdır". (Yeri gəlmişkən, Ramiz Rövşənin şeiri "Ölməyə vətən yaxşı" fəlsəfəsini inkar edir: "Ölməyə yox, ilahi, yaşamağa vətən ver!..")

 

Mahmud kişi canını vətəninə bağışlayır - Bakıda ölür...

 

Teymur üçün xəyanət hər şeyin sonu deməkdir, arvadının xəyanətini dəqiqləşdirəndən sonra onun daha bu dünyada dayanacağı bir söykək, söykənəcəyi bir dayaq qalmır. Qisas almağın da mənası yoxdur, onun üçün  heç nə dəyişməyəcək. Xəyanətin qurbanı olan Teymur intihar edir...

 

İsmayıl müəllimin oğlu Ceyhun atasının çağırışı ilə müharibəyə - Qarabağ uğrunda "canından keçməyə" gedən gənclərlə birlikdə cəbhəyə yola düşür. Onun müharibəyə getməsinin də bir ucu xəyanətlə bağlıdır: Ceyhun üçün atasının apardığı mitinqdən birbaşa müharibəyə getmək, bəlkə də yaşadığı mühiti sarmış xəyanətdən qurtuluşun bir yoludur.

 

Ceyhun müharibədə - Daşaltı döyüşündə daha böyük və amansız xəyanətin - Vətənə xəyanətin qurbanı olur. Tanımadıqları bələdçi yol göstərmək əvəzinə,  könüllü olaraq torpaq uğrunda canlarından keçməyə gedən döyüşçüləri güdaza verir:

 

"Sağa-sola güllə ata-ata əlindəki avtomatın darağını boşaltdı, amma ürəyindəki hirsi, acığı soyumadı ki, soyumadı.

 

Onu öldürən güllə də düz ürəyinin başından dəydi.

 

Üzüqoylu yıxıldı. Ürəyinin isti qanı soyuq qarı əridə-əridə axıb getdi. Sönən gözləriylə qana bulaşıb qızaran qara baxdı, baxdı. Sonra əlini uzadıb tərtəmiz, ağappaq qardan bir az götürdü. O qarı güclə ağzına sarı apardı. Bəlkə son nəfəsində ürəyinin hirsini, acığını o qarla soyutmaq istədi.

 

Amma əli açıldı və qar yerə səpələndi..."

 

Ssenari bu təsirli sonluqla bitir və Ramiz Rövşənin ustalıqla canlandırdığı bu mənzərə uzun müddət göz önündən çəkilmir...

 

Filmin sonu və əvvəli

 

Ssenarinin son cümlələrində "hirs", "acıq" sözlərinin iki dəfə yanaşı işlənməsini heç də təsadüf saymıram: bu sözlər əsərin semantik strukturu və ümumiyyətlə, müəllifin yaradıcılıq mövqeyi ilə üzvi şəkildə əlaqəlidir. Bu, yazıçının mövzuya münasibətindən, ictimai ağrını ifadə tərzindən gəlir. Ceyhunun ölüm səhnəsinin təsviri Ramiz Rövşənin illər əvvəl yazdığı şeirindən qaynaqlanır:  

 

Təpədən dırnağa hirs içindəyəm

Dönmüşəm dustağa hirs içindəyəm

Bu hasar içində, bu hirs içində

Ürəyim özünə yer tapa bilməz

Bir çiçək qoxusu, bir quş qoxusu

Daha ürəyimə yol tapa bilməz...

 

Təbii ki, təpədən dırnağa hirs içində dünyanı, dünyanın üstündəki "bir tərəfində adamın özünün, bir tərəfində ölümün, bir tərəfində də kəhər atın durduğu üçtərəfli-üçtərəfli dünyaları" məhəbbət və mərhəmət gözü ilə görmək çətindir. Dünyanın və onun üstündəki dünyalarınsa məhəbbətə və mərhəmətə çox böyük ehtiyacı var. Elə vətənin də: "üstündə neft ləkəsi", "təpədən dırnağa günah içində" olan "milyonçular ölkəsinin, dilənçilər  vətəni"nin də!

 

Azərbaycanın ən yeni tarixində, xüsusilə də ustalıqla cəlb olunduğu və içindən çıxa bilmədiyi müharibə ilə bağlı xəyanət amilini inkar etmək mümkün deyil. Ramiz Rövşən kinopovestdə xəyanətin tarixini ustalıqla, böyük sənətkar qələmi və vətəndaş yanğısı ilə sənətə çevirib...

 

Bunu da heç birimiz inkar edə bilmərik ki, yeni tariximizin "hərəkətverici qüvvəsi" yalnız  xəyanətdən, neft ləkəsindən, qaz üfunətindən, itirilmiş bərəkətdən və bəkarətdən ibarət deyil. Bizim hamımızın varlığından keçən bu proses görünməmiş dərəcə dramatik bir tarixdir, həmin dramın daşıyıcısı üçtərəfli-dördtərəfli-beştərəfli dünyaları olan insan taleləri ilə doludur. İndi xəyanətin xronikasından daha aktual olan ən böyük iş İNSANIN TALEYİNİ yaratmaqdır...

 

"Ustad" dərgisi, ¹2, 2017

 

Məti Osmanoğlu

 

525-ci qəzet.- 2017.- 28 fevral.- S.7.