Şəhid zirvəsi

 

Poema

 

Xocalı faciəsinin 25 illiyinə ithaf edilir

 

PROLOQ

 

Elə bil səngərtək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu

Uğrunda ölməyə hazıram, Vətən

Hər misram döyüşən bir əsgər yolu.

 

Ruhu qan ağlayır Molla Pənahın,

Şuşanın ağrısı qəbrindən keçir

Pozulub dünyanın haqq tərəzisi,

Ümid qara daşın səbrindən keçir.

 

Dillərdə üşüyür “Qarabağ” sözü,

Böyük Pənah xanın ruhu göynəyir

Qəbrinə söykənib qoca Vidadi,

Ağlaya-ağlaya bayatı deyir.

 

Kəsərdən düşübdü qeyrət qılıncı,

Sonuncu ümidin solur nəfəsi.

“Sənsiz” buz bağlayıb dodaqlarında,

Həsrətdən üşüyür Bülbülün səsi.

 

Dərdinə qısılıb çəkir içini,

Bu yalçın qayalar, mamırlı daşlar.

Torpağın, ağacın, otun içindən,

Həmişə bir həsrət cığırı başlar.

 

Şuşanın, Laçının acı nisgili

Millətin köksündə xəncərdi, xəncər.

Həsrət dağlarına dirsəklənərək,

Qərib taleyinə baxır Kəlbəcər.

 

Boylanır yaddaşın binələrindən,

Bir ovuc bayatı, bir yarpaq ağı.

Vətən ağrısını duymayan ömrü,

Heç vədə isitməz Vətən torpağı.

                   

                   I

 

Fələk qana batmış əlləri ilə,

Millətin ömrünü daşa basırdı.

Vətən torpağında düşmənin səsi,

Namusa, qeyrətə qəbir qazırdı.

 

Didərgin naləsi yurd yerlərində,

Matəm bayrağıtək dalğalanırdı.

Dədə Qorqud eli, Babək diyarı,

Hər gün oba-oba yağmalanırdı.

 

Döyüşlər gedirdi, ağır döyüşlər,

Yurdun daşlarına qan çilənirdi.

Düşən mərmilərin qəlpələrindən,

Ömürlər şüşətək çiliklənirdi.

 

Vətən çırpınırdı ağrı içində,

Qıvrıla-qıvrıla qalmışdı yollar.

Qeyrət qılıncını çəkib gedirdi,

Vətəni anatək sevən oğullar.

 

Ellərin bağrını kədər sökürdü,

Sel kimi axırdı gözlərin yaşı.

Dərdli ürəklərdən asılmış idi,

Ağrının, əzabın qaralan daşı.

 

“Qrad”lar yağırdı yağışlar kimi,

Torpağı boğurdu barıt tüstüsü.

Boğula-boğula qalmışdı sanki,

Ellərin ağzında “Qarabağ” sözü.

 

Didərgin düşmüşdü ellər, obalar,

Bələyi qanlıydı körpələrin də.

Bir qara ağrıydı ocaq daşları,

Bayquş ulayırdı yurd yerlərində.

 

Ağı söyləyirdi sanki bulaqlar,

Vətən başdan-başa dərd ölkəsiydi.

“Qarabağ” kəlməsi Odlar yurdunun,

Ağrılı harayı, yanıq səsiydi.

 

Düşmən kəsdirmişdi bəndi, bərəni,

Təslim olunmuşdu Şuşa qalası.

Kədər qoxuyurdu, qəm qoxuyurdu.

Odlar diyarının abı-havası.

 

Qana bələnmişdi şirin arzular,

Ümid çəkilmişdi dara saçından.

Ağrılı xəbərlər gəlirdi, Allah,

Qartallar yuvası doğma Laçından.

 

Mərmilər yağırdı gözün qırpmadan,

Barıt qoxuyurdu Vətən torpağı.

Qəhqəhə çəkirdi dağlar başında,

Yurdu qarış-qarış tapdayan yağı.

 

Fəqət bulud-bulud qalxırdı göyə,

Didərgin ellərin ahı, naləsi.

Bu müdhiş ağrıdan çiliklənirdi,

Vətənin harayı, Vətənin səsi.

 

Yağırdı “Alazan”, yağırdı “Qrad”,

Torpaq alovlarla sürmələnirdi.

Ərənlər oylağı ulu dağlara,

Göydən bulud-bulud dərd ələnirdi.

 

Millətin taleyi düşmüşdü çənə,

Ömrü uzanırdı qaranlıqların.

Qisməti elə bil gəlmişdi qara,

Vətənin ömründən keçən yolların.

 

Mərmi yağışında, güllə selində,

Fəqət kor olmuşdu yurdun ocağı.

Millətin taleyi, qisməti üstə,

Sanki qurulmuşdu qəm alaçığı.

 

Daha üz tutası yön qalmamışdı,

Dörd nala çapırdı kədər atını.

Oğullar yazırdı ürək qanıyla

Millətin tarixə hesabatını.

 

Dərviş nəğməsiydi alın yazısı,-

Burda hər qayanın, burda hər daşın.

Ağrısı neçə min qəlbdən keçirdi,

Vətənin ömründən keçən savaşın.

 

                    ***

 

Hönkürə-hönkürə axırdı sular,

Yolların üzündən kədər damırdı.

Səbrin yuxusundan keçirdi millət.

Ümidin üz-gözü mamır-mamırdı.

 

Çıxmışdı köynəkdən müdhiş əzablar,

Dörd yana açmışdı möhnət qolların.

Nəfəsi tıncıxır, səbri qaçırdı,

Mərmilər altında yanan dağların.

 

Tutub sinəsini yıxılan igid,

Gözünə yıxılır bu dağ, bu dərə.

Amansız güllələr verməyir aman,

Ömür son məqamda bir nəfəs dərə.

 

Çiçək-çiçək şəhid qanı,

Üzündə xaldımı Vətən?!

Sevib-sevib ölənlərin,

Yadında qaldımı, Vətən?!

 

Göynər gözümün yuxusu,

Yaşıl-yaşıl, yosun-yosun.

Ömrümdən-günümdən uzun,

Harayın laldımı Vətən?!

 

Çırp üstündən qəm tozunu,

Varaqla alın yazını.

Gedənlərin qisasını,

Gələnlər aldımı, Vətən?!

 

             ***

 

Yeri, göyü bürüyübdü

Müharibə alovları.

Təndir kimi qalanıbdı

Bu millətin ağrıları.

 

Qarı düşmən yurd yerində,

Qan dolu qırğın salıbdı.

Neçə kəndin taleyini

Mərmi odu qarsıyıbdı.

 

Qara tüstütək ucalır

Dağın, daşın ah-naləsi.

Can verir torpaq üstündə,

Neçə igidin nərəsi.

 

Həyət-baca qəbir kimi,

Evlər tabuta bənzəyir.

Bu zülmə şahid ağaclar,

Kədərlə başını əyir.

 

Beşikdəki körpələrin,

Çıxarılmış gözünə bax

Başı kəsilmiş ananın

Xaç çəkilmiş üzünə bax.

 

Pərən-pərən düşüb ellər,

Sadalayım mən hansını?

Odu sönmüş ocaqların

Kim alacaq qisasını?

 

Yaddaşlarda göyəm-göyəm,

Göynəyir doğma yurd yeri.

Dərd şaxtası dondurubdu,

Körpə-körpə ümidləri.

 

              ***

 

Hanı bu dünyanın haqq deyənləri,

Ədalət sevənlər niyə danışmır?

Niyə işğalçının əməllərinə,

Dünyanın nifrəti, hiddəti daşmır?

 

Haqqın əlləriylə açılmır niyə,

Gözlərdən asılmış riya pərdəsi?

Dünyanın qulağı kar olub, nədir?-

Niyə çatmır ona yurdumun səsi.

 

Özgə torpağına göz dikənlərin,

Yalan fəryadını cahan dinləyir.

Dünyanın haqsızlıq yolları üstə,

Millətim qovrulur, yurdum inləyir.

 

               II

 

Ağrı köynəyini geymişdi torpaq,

Ağlaya-ağlaya axırdı sular.

Barıt tüstüsündə, mərmi odunda,

Göz yaşı içirdi körpə arzular.

 

Qərib-qərib baxan yalçın qayalar,

Ağrının, əzabın yaddaşı idi.

Yanmiş kəndlərdəki kimsəsiz evlər,

Ölmüş ümidlərə başdaşı idi.

 

Yağı tapdağında inildəyirdi,

Sinəsi dağlanmış doğma yurd yeri.

Ən çox təsəlli də, ən şirin söz də,

Ovuda bilmirdi xatirələri.

 

Yiyəsiz, kimsəsiz qəbirlər kimi,

Qarala-qarala qalmışdı evlər.

Düşmən at oynadan yurd yerlərində,

Matəm rəngindəydi bütün fəsillər.

 

Millətin  ruhunu parçalamışdı,

Düşmənin vurduğu torpaq yarası.

Sinəyə sancılmış xəncər kimiydi,

Vətənin ağrısı, yurdun ağrısı.

Torpağın yaralı sinəsi üstə,

Hər gün ələnirdi güllə yağışı.

Ağrı bulağıtək, dərd bulağıtək,

Sellənib axırdı gözlərin yaşı.

 

Dodaqda dolmuşdu ana laylası,

Beşiklər olmuşdu ölüm sayğacı.

Yurdun harayına yetən yox idi,

Qında pas atmışdı qeyrət qılıncı.

 

 Mərmi alovunda yanan torpağın,

Hər daşı, qayası “qisas”-deyirdi.

Xəyanət kəsmişdi bəndi, bərəni,

Hünər körpə kimi iməkləyirdi.

 

Yollar qucağını açmışdı dərdə,

Uzanıb gedirdi dərdin karvanı.

Zülmün tozanağı qalxmışdı ərşə,

Heyrət dondururdu damarda qanı.

 

Didərgin ellərin taleyi, ömrü,

Yerdə sürünürdü qara ilantək.

Yağdıqca üstünə müdhiş ağrılar,

Susuz səhra kimi yanırdı ürək.

 

                    III

 

Yurd dediyim bu torpaq,

Alnımın yazısıdır.

Babamın əmanəti,

Anamın laylasıdır.

 

Yurd dediyim bu torpaq

Yenilməyən qalamdı.

Təkcə anam deyil ki,

Həm də mənim balamdı.

 

Yurd dediyim bu torpaq,

Ovxarlı qeyrətimdi.

Dünyanı heyran qoyan,

Əbədi şöhrətimdi.

 

Yurd dediyim bu torpaq,

Odum, közümdü mənim.

Kimliyimi tanıdan

Ulu sözümdü mənim.

 

Yurd dediyim bu torpaq,

Ağır-ağır elimdi.

Qəlbləri ovsunlayan,

Şirin ana dilimdi.

 

Yurd dediyim bu torpaq

Bükülməyən dizimdi.

Dünyanın sinəsində,

Ləpirimdi, izimdi.

 

Yurd dediyim bu torpaq,

Xalqımın qismətidi.

Əzəldən hər qarışı,

Millətin ismətidi.

 

Yurd dediyim bu torpaq,

Keçmişdir, gələcəkdir.

Sinəsində millətin

Arzusu güləcəkdir.

 

           IV

 

Böyük dastanlara sığışan deyil,

Vətən əsgərinin Vətən alqışı.

Hər daşı, qayanı çiçək sanaraq,

Kəpənəklər kimi qonur baxışı.

 

Durub keşiyində müqəddəsliyin,

Böyük amalıyla müqəddəsdir O.

Ulu babaların ruhundan qopan

Canlı bir haraydır, ulu səsdir O.

 

Bu səs qanımızın səsidi, qardaş,

Haqqın dan yerindən yol gəlir bu səs.

Hünər bayrağıtək, qeyrət himnitək,

Vətən göylərinə yüksəlir bu səs.

 

Bu səsin işığı, bu səsin nuru,

Gün kimi ələnir yurdun başına.

Bu səs bir qılıncdı, ovxarlı qılınc,

Qurşa, yurd uğrunda, yurd savaşına.

 

Bu səslə durulur Vətən suları,

Bu səsdən ər oğlu bir Mən görünür.

Bu səs gündoğanım, günbatanımdır,

Bu səsdən bir böyük Vətən görünür.

 

Hər əsgər Vətənin bir məğrur səsi,

Hər səsin müqəddəs bir sərhəddi var.

Vətənin sərhədsiz səsidir, dostum,

Vətən qeyrətini çəkən oğullar.

 

Əsgərdən başlanır Vətən duyğusu,

Harda əsgər varsa orda Vətən var.

Əsgər addımını laylatək duyur,

Torpağın altında şəhid yatanlar.

                     

            EPİLOQ

 

Köksündə ağrı var dağın, daşın da,

Qan izi buğlanır hər qarışında.

Oğlun heykəlləşib yurd yaddaşında,

Sil göz yaşlarını, şəhid anası.

 

Haqqın, həqiqətin sözü səndədir,

Sevgi ocağının közü səndədir.

Millətin, Vətənin gözü səndədir,

Sil göz yaşlarını, şəhid anası.

 

Dözümün, təmkinin lap son həddisən,

Namusun, qeyrətin pak sərhəddisən.

Düşmən bizə baxır əymə qəddi sən,

Sil göz yaşlarını, şəhid anası.

 

Oğlun itirmədi haqqı-sayını,

Asdı zirvələrdən öz harayını.

Dağıt qəlbindəki qəm sarayını,

Sil göz yaşlarını, şəhid anası.

 

Xətai babamın yolu diksinir,

Babəkin kəsilmiş qolu diksinir.

Vətənin hər şəhid oğlu diksinir,

Sil göz yaşlarını, şəhid anası.

 

Demə itib ömrün bəxtiyar  çağı,

Qapıtək açılır haqqın qucağı.

Alışır ümidin sönmüş ocağı,

Sil göz yaşlarını, şəhid anası.

 

“Vətən”, “ana” sözü tən yaranıb, tən,

Bu inam üstünə qoy enməsin çən,

Qoy baxıb üzünə sevinsin Vətən,

Sil göz yaşlarını, şəhid anası.

 

Göyləri titrədir ahı-naləsi,

Ana layla deyir qəbir daşına.

Hər gün qucaqlayıb soyuq məzarı,

Sanki gəlib keçir beşik başına,

Həzin layla çalır qəbir daşına.

 

Oğullar içində gəzir oğlunu,

Güc verir gözünün həsrət yaşına.

O qədər sözü var kimə desin ki,

Dərdini söyləyir məzar daşına,

Ana sığal çəkir qəbir daşına.

 

Gündə bir arzusun söyləyir ona:

-Axı heç keçmədin bəy otağına.

Xonçanı tutmadım, xına yaxmadım,

Gülüzlü gəlnimin əl-ayağına.

Ana gileylənir qəbir daşına.

 

Göylərə yalvarır məni də apar,

Sözümü deməyə çatım taxtına.

Göylərdən səs gəlir sənin oğlunun

Şəhid ucalığı düşüb baxtına.

Ana layla deyir şəhid oğluna.

 

Oğlunun qəbrinin üstünə gedən,

Ananın harayı, dərdin səsidir.

Tanrı dərgahında uca sayılan,

Oğlunun yetdiyi şəhid zirvəsi,

Ananın yeganə təsəllisidir.

 

Nəzakət MƏMMƏDOVA

 

525-ci qəzet.- 2017.- 25 fevral.- S.22-23.