Yuxuya gedib gecə

 

(povestdən parça)

 

Yazıçı-publisist  Novruz Nəcəfoğlunun “Yuxuya gedib gecə...” povestindən yeni bir fəsli “525-ci qəzet”in oxucularına təqdim edirik.

Qeyd edək ki, povest daha öncələr “Bir sədanın ardınca” başlığı altında hissələrlə qəzetimizdə yayımlanıb.

“Yuxuya gedib gecə...” qulağına səslər gələn, xatirələrindən,  qorxularından özünə yer tapmayan, yuxusu ərşə çəkilən insanın pərakəndə düşüncələrinin ifadəsidir.

Bu dəfə əsərin qəhrəmanı Həbib qəfil bir qadın səsindən oyanacaq və...

Bir evsizin başı üstə

Qulağına uşaq çığırtısı gəldi. Gözlərini döyə-döyə pəncərədən yenə eşiyə boylandı. Vurnuxduğu,gecə yarıdan üzü bəri eninə-uzununa bəlkə də yüz dəfə gəzib sığındığı bu xanədən kənarda hər yan yenə də eləcə zülmət qaranlığa qərq olmuşdu. Bu qaranlığa göz gəzdirdikcə bəlkə də bu qatı zülmətin bir də heç işığa qovuşmayacağı kimi dəhşətli bir fikir Həbibin ürəyinə gəldi. Ətrafa bir də dinşək kəsildi, körpə çığırtısıydı eşitdiyi, ucadan qışqıra-qışqıra ağlayan uşaq səsiydi.Həbib səsi eşitməyinə eşidirdi, fəqət gözü ilə heç nəyi görə bilmirdi.

Çox pərişandı, indi ovqatı bir az da təlx oldu. Ruhu, halı-əhvalı, duyğusu əsl bayatı, ağı havasındaydı. Dodaqlarının arasından aramla, asta-asta pıçıldayırdı:

Biyabanın daşı üstə,

Giryan ağlar yaşı üstə,

Bir evsizin başı üstə

Ağac eylə bitir məni...

 

***

 

... Bir vaxt şahidi olduğu, gözüylə gördüyü əhvalat hardan düşdü yadına?!

Əyalət şəhərində əmək verən illər idi. Bir gün səhər-erkən həyətdən gələn qəfil hay-küyə oyanmışdı yuxudan.Küçədə qopan haray-həşir əvvəl-əvvəl yaşadığı beşmərtəbəli binanın həyətinə, ordan da dəhlizə yetişib sonra da yavaş-yavaş pəncərəsinin altında böyüyür vəgetdikcə artır, daha da guruldayırdı.

Adamların hay-küyündən hiss olunurdu ki, bir-birinə bitişik bu iki beşmərtəbəli binadan, elə ətrafdakı pərakəndə tikilmiş fərdi evlərdən də eşidən-bilənlər yerindən qalxıb birbaşa bu səs gələn tərəfə yüyürürlər.Yüyürürlər görsünlər ki, bu sabahın kal alatoranında belə ələm-həşir qoparıb özünə əl qatan kimdir.

Haray-həşir səsinə Həbib də yerində qurcuxub yataqdan qalxmaq istədi. Hətta bir balaca yüngülcə qalxdı da, ancaq yenə inçəsindən tutan qəfil ağrıdan ayaq götürüb eşiyə çıxa bilmədi, əynində gecə köynəyi pəncərənin önündə dayanıb durdu, ətrafa eləcə aynadan baxıb tamaşa etməli oldu.

...Deyəsən, elə özü kimi iliyinin-sümüyünün ağrısındanbezar olanlardan eşitmişdi ki, şimal ellərdə, kiçik əyalət kəndində, Dımıxda bir “loğman” peyda olub.Seyfulla adlı bu “loğmanın” əli də yaman düşərli, səbəblidir. İndiyəcən neçə-neçə xəstə onun müalicəsi ilə şəfa tapıb, ağrıdan-acıdan biryolluq xilas olub.

Bir gözü həyətdə,elə durduğu yerdəcə əlini inçəsinin ağrıyan yerinə çəkdi.Oynaqları sızım-sızım sızıldadıqca ürəyində özünü danlayıb dansıyırdı:

-Əşi, elə odu ey, biri Dicvicinni Fərəməz, Göyəmlidən Tapdıqəli dünyanın o başından, uzaq Savalanın ətəklərindən durub neçə eli-obanı ötüb-keçib Şahdağın belinəcən gəlib çıxır, əl-üzünü bu ecazkar dağın yamaclarından axıb gələn dupduru çeşmələrdə yuyan Dımıxda dava-dərman alıb şəfa tapırlar. Ancaq bax, burdan-buracan o Dımıx kəndinə nə yoldu ki, əlini uzatsan çatar, gedib ora yetişə bilmirəm.

-Eh Nüsrət, Nüsrət! Nə deyim sənə, -deyə  belə qaç-qov işlərdə yaxşı səriştəsi olan “dost”unu, bu iki beşmərtəbəli, iki dəhlizli, yetmiş yeddi mənzilli yaşayış binalarının başı papaqlıları o yana qalsın, alnı ləçəklilərinin də ərklə “Nüsü” deyə çağırdıqları, görüb-rastlaşanda salam verib əleyk aldıqları Nüsrəti yadına saldı.

-Neçə çolağı, şikəsti qaldırıb ayaq üstə qoyan o “loğman” Dımıxlı Seyfullanın yanına bələdçilik edib məni aparmadın ki, belimin kələyimi kəsən o ağrıyan yerinə qırdı-nədi, məlhəm çəkib bağlayaydı. Bəlkə əli səbəbli olaydı, belimi əyib dizimi bükən bu ağrı canımdan sovuşub birdəfəlik keçib gedəydi.

Çöldən gələn qara-qışqırıq səslər bir az da guruldadı. Kişi inçəsinin ağrısını bir yana qoyub yenə səs gələn tərəfə dinşək kəsildi.Həyətin yuxarı başında ocaqxananın uçuq-sökük divarının dibindəki bükülüsalafan torbada nə vardısa, hamı onun başına yığışmışdı. Yanaşıb baxanlar -yaşlı arvadlar vay-şivən qoparır, əllərini dizinə çırparaq “canım vay”,deyib diksinir, qız-gəlinlər isə üzlərini döndərərək elə gəldikləri kimidə təzədən evlərinə tərəf dönüb qaçaraq uzaqlaşırdılar.

Gedənlərdən bəziləri əllərində mələfə, şal, yorğança təkrar geri qayıdırdılar. Ancaq Həbib yenə də sıx toplaşan, yalnız başları görünən adamların əhatəsində torbadakının nə olduğunu görə bilmir, çağırıb birindən də soruşub öyrənməyi caiz saymırdı. Səs-səsə qarışdığından Həbib nə baş verdiyini hələ ki, kəsdirə bilmirdi.Ətrafdan isə “hadisə” yerinə axın davam edirdi.

 Bir gəlin də əlindəki uşaq yeməyi ilə dolu litrlik şüşə qabı silkələyə-silkələyə körpəsini də qucağına sıxıb adamlara tərəf gedirdi. Hadisə yerinə tələsirdi. Sanki uşağını yedirməyə yer tapmamışdı. Bir neçə kişi isə qazanxananın dibindəki divara söykənmiş salafan torbaya baş vurandan sonra kənara çəkilir, aralarında xosunlaşır, yəqin ki, bu işin nə məsələ olduğunu, kim tərəfindən törədildiyinin öz aralarında götür-qoyunu edirdilər.Həbibə nəsə belə gəlirdi.

Hər halda torbada nə vardısa, uzaqdan çox müəmmalı görünürdü. Kim bilir, bəlkə də ya iylənmiş zir-zibil yığını, ya da zəhərlənib öldürülmüş ev pişiyi də ola bilərdi. Ancaq belə şeylər üçün sübhün bu kal alatoranında bu qədər adam heç də şirin yuxusuna haram qatıb elə küy-kələf ilə həyətə axışmazdı. Həm də bəyəm elə bu qaçanların özləri deyildimi nəinki gecə gözünə, elə gündüzün günorta çağı da əllərinə nə keçdi yaşadıqları evin eyvanından, pəncərəsindən həyətə, yola, hara gəldi vızıldadıb tullayan? Yox, bu məsələ zibil, leş işi deyildi. Həbibin birdən ağlına yüz cür fikir gəldi. Düşündü ki, o torbada lap elə parça-tikə edilmiş adam cəsədi də ola bilər. Bu düşüncəsindən əti ürpəşdi. Pəncərənin açıq aynasını çəkib bağlamaq istədi, ancaq maraq xofuna güc gəldi. Onu durduğu yerdən aralanıb uzaqlaşmağa qoymadı.

Həyətdəki qarğaşanın arasında qəflətən gözünə Nüsrət sataşdı, hə, özüdü ki var, oydu, şofer Nüsrət. Həbib bir də diqqətlə baxdı. Hə, Nüsrət idi, uzundimdik kepkasını yenə də qulağınacan başına basmışdı.

Nüsrəti həm də yerişindən tanımışdı: yeyin addımlarla lökləyə-lökləyə adamları yarıb salafan torbaya doğru gedən adamın Nüsrət olduğuna daha şübhəsi qalmadı. Nüsrəti əvvəlcə uzundimdik kepkasına görə tanımışdı. Çünki o kepkanı özü almışdı, ötən il yay vaxtı Stavropola istirahətə gedəndə. Sonra da biləndə ki, bu kepkanı erməni usta tikib, öz başına geyməyə çimçəşmişdi, pul verdiyindən atmağa, tullamağa da hayıfı gəlmişdi, “kişi” hədiyyəsi kimi Nüsüyə bağışlamışdı.Nüsrət də ki sağ olsun, qədirbilənlik edib kepkanı səliqə ilə geyinirdi, o kepkasız daha çöldə-bayırda görünmürdü. Axı o kepkanı bir gör ona kimbağışlamışdı, -rastlaşanda hamının ayaq saxlayıb salam verdiyi hörmətli bir kişi- Həbib müəllim! Nüsrət daha hardan biləydi ki, bu kepkanı indi uzaq Stavropolda bizlərə “papaq” tikən erməni tikib. Bilsəydi, ha, bax, vay onda!..

Qulağı yenə səs aldı. Hadisə yerinə tələsən o cavan gəlinin qucağındakı uşaq idi. Uşaq elə qışqırırdı ki, sanki ətini kəsirdilər, körpənin ağlamaq səsi məhəlləni başına götürmüşdü. Kişi yəqin ki, əmziyi ağzından düşüb düşündü və gülümsündü.Həbib bir az da diqqətlə baxıb gördü ki, uşaq yad qadının qucağında olduğu üçün özünü belə əldən-dildən salırmış. Nəhayət ki, onu öz anasının qucağına ötürdülər. Bir anda uşaq ağlamağını kəsib kiridi. İndi ana qucağındakı uşağı da, əlindəki süd dolu şüşə qabı da yellədə-yellədə, yanlarını basa-basa yeyin addımlarla evlərinə tərəf  gedirdi.Elə tələsirdi ki, sanki evdə daha bir südəmər körpəsini qoyub gəlib.

Kənarda durub siqaretin tüstüsü ilə səhərin gözünü boğan kişilərin “başbilənləri” (Əlbəttə, Nüsü də aralarında) indi də əllərindəki telefonla əlləşir, harasa zəng edə-edə növbə ilə danışır, arada da mənalı-mənalı bir-birlərinə baxıb başlarını yırğalayırdılar. Həbib heç nə eşitməsə də, artıq işin nə yerdə olduğunu təxmin edirdi, ancaq baş verənlərə hələ ki uzaqdan,elə pəncərədən baxırdı.

Axır ki, qazanxananın divarının dibindəki qələbəlik yavaş-yavaş seyrəldi, yan-yörəsi açılmış meydança boşalıb aydın görünməyə başladı.

Budur ey, nəhayət toplaşan qadınların arasından “yeriyənə yol, danışana dil verməyən” Alidə göründü. O caydaq bədənini silkələyib yoğun kişi səsiylə “götürün” deyən kimi yanındakı yanaşı dayanmış qadınlar hərəkətə keçib qabağa çıxdılar...

Həbib nə baş verdiyini hələ ki, kəsdirə bilmirdi. Amma bircə onu gördü ki, arvadlar salafan torbadan nə isə çıxarıb mələfəyə bükdülər, həyətdə atılıb qalmış köhnə bir uşaq arabasına qoydular. O araba Həbibə də tanışdı. Keçən ildən bəri binanın həyətində atılıb qalmış həmin o uşaq arabasına gündüzlər  dəcəl uşaqlar minib sürür, gecələr də it-pişik girib içində yatırdı. O köhnə arabanın təkərlərinin dördündən üçü sınıb-tökülüb itib-batmış, biri isə necə olmuşdusa hələ ki, salamat qalmışdı. Yəqin ki, elə o dəcəl uşaqlar da o arabadan son nişanə kimi o bircə salamat təkəri köhnə arabanın üstündə saxlamağa qərar vermişdilər. Axı, indiki uşaqlar elə kiçik yaşlarından rəmzləri də çox sevirlər.

Həbibin səbr kəsası daşdı. Söykənib durduğu yerdə daha tablaşa bilmədi. Əyin-başını geyinib həyətə düşdü. Kişilərlə uzaqdan salamlaşıb sınıq-salxaq uşaq arabası tərəfə boylandı. Yenə heç nə görə bilmədi. Əvvəl istədi ki, ətrafdakı qonum-qonşudan nə baş verdiyini soruşub öyrənsin. Ancaq yenə də hər şeyi öz gözüylə görmək istədi.

Şofer Nüsrət uzaqdan onun qabağına yüyürüb şəstlə:-”Salam, Həbib müəllim”, - deyib kişinin yanına salladığı əlini iki əlli tutub ovucuna alıb sıxdı,çiynini irəli verib qələbəliyi yarıb araladı. Arvadlar ovuclarını ağızlarına tutub nəfəslərini belə çəkmədən Həbibə yol verir, onun da baş verənləri görəndən sonra nə halətə düşəcəyini maraqla izləyirdilər. Həbib o köhnə arabaya çatıb sağ əli ilə ehtiyatla bükülüyə toxundu. Mələfənin arasında nə idisə, birdən tərpəndi. Kişi mələfəni azacıq araladı və soyuqdan göm-göy göyərmiş bir çağanın almacıq sümüklərinin ortasından bərəlmiş yazıq-yazıq baxan gözləri ilə üz-üzə qaldı. Sanki salafan torbadan çıxarılandan sonra isti mələfədə canı qızan çağa Həbibi bir doğması kimi görüb tanıyırmış sayaq ağlamsındı.

Həbibi soyuq tər basdı. Diksinib bir az kənara çəkildi.Çiyninin üstündən baxışları elə o körpənin gözləri kimi bərəlib qalmış Nüsüyə sataşanda xeyli toxdadı.

Çağa qəflətən az əvvəl bir gəlinin qucağında ağlayıb qışqıran uşaqdan da betər çığırmağa başladı. Yəqin ac idi. Bəlkə də heç yedizdirilməmişdi. Yaşlı arvadlardan birinin verdiyi şüşə qabdakı südlə canına bir hovur can gəlmiş, bəlkə də yenidən insan içinə qayıtdığı üçün bu dəfə dünyaya belə üsyankarcasına bağırmağa başlamışdı. Uşağın ağladığını görən arvadlar indi də onu ovundurmaqdan ötrü cırıltısı qulaq batıran köhnə arabanı yırğalayır, uşaq isə ovunmaq bilmir, dayanmadan elə hey ağlayırdı. Nədənsə toplaşan qadınlardan kimsə bir də onu qucağına almağa cəsarət etmirdi. Sanki atıldığı yerdən qaldırılıb, salafan torbadan çıxarılıb köhnə arabaya qoyulan bu körpə hansısa böyük bir günahın yiyəsiydi...

Həbib Nüsünü görmək üçün ətrafa göz gəzdirdi. Uzundimdik kepkasını qulaqlarının dibinəcən basan tosqun Nüsü gözə dəymirdi, yox idi, bəlkə də aradan çıxıb qaçmışdı...

Həbib uşağın çığırtısına daha dözə bilməyib oradan aralanaraq kişilər olan səmtə yollandı. Aradan az keçmiş o çığırtını təcili yardım maşınının fasiləsiz çalan siqnal səsləri əvəz elədi. Bir əndamlı tibb bacısı maşından endi, arvadları mat-məhəttəl qoyub onlardan heç nə soruşmadan uşağı arabadan götürüb qucağına aldı, tələsik maşına oturdu. Maşın gözdən itincə arvadlar durduqları yerdə bir-birlərinə mənalı-mənalı qıyqacı baxaraq “dünyanın axırıdır”, deyə-deyə elə hey kiminsə dalısıyca danışırdılar.

Zibil yeşiyinə atılmış çağa getsə də, çığırtısı elə bil hələ də haradasa divarlara, ağaclara, pəncərələrə hopub qalmışdı. Həbib üşüdüyünü hiss elədi. Gündəlik vərdişinə rəğmən hələ də isti çay içməmişdi. Təcili yardım maşını gedən tərəfə boylandı. Sanki heç nə olmamış kimi hamı çıxıb gəldiyi səmtə, öz işinin-gücünün dalısıyca yollandı. İndi bu gen-geniş həyət anşlaqla bitən maraqlı tamaşadan sonra boşalıb sükuta qərq olan salonu xatırladırdı. Ancaq nə uşağın gömgöy olmuş sir-sifəti, nə də onu görəndə çıxardığı o bağırtı Həbibin qulaqlarından çəkilmirdi...

Görəsən uşaqlar da hönkürürmü? Bunları fikirləşə-fikirləşə gözləri önünə internetdə müxtəlif saytlarda  gen-bol göstərilən bir foto gəldi.

Deyəsən, suriyalı bir qaçqın qız idi.

O qızcığaz Qara dənizin çınqıllı, daşlı-kəsəkli sahillərində bir əlini gözünün üstünə qoyub əbədi yuxuya getmişdi. Dənizin şahə qalxan dalğalarının səsi, hayqırtısıda o qızcığazı yuxudan oyada bilməzdi.

Çox güman ki, Qara dəniz o qızcığazın ata-anasını öz qara sularına qərq etmişdi.

Qızcığaz artıq heç bir səs eşitmirdi. Əlini də gözlərinin üstünə qoymuşdu. Dünya o qızcığazı görə bilmirdisə, o qızcığaz kimisə görməli, dünyanı eşitməli idimi?..

...Yox, səs lap yaxından gəlirdi. Yuxuda məkanın, səslərin sərhədi olmasa da, ancaq səs lap yaxından gəlirdi.

O, səsə diksinib yenə yan-yörəsinə boylanıb baxdı.

Aman Allah, nə qəribədi insan beyni?! Həyətdə gördüyü səhnə Həbibin bütün ruhunu sarsıtmışdı, ovqatını qarışdırmışdı. Sınıq-salxaq araba içərisindən üzünə dikilən, sanki başına gələnlərin haqq-hesabını soran körpə, əlini gözünün üstünə qoyub dünyadan küsən suriyalı qızcığaz... İndi də anasının belində Qarabağdan “qaçan” balaca...

Bəlkə onu yuxusundan edən elə həmin o körpənin hıçqırığı imiş?!

...Yadına düşdü. Qışın qarlı-çovğunlu bir günü ermənilər soydaşlarımızı   öz isti, doğma ocaqlarından əsir-yesir etmişdilər.

Kənd adamları bir qaranlıq gecədə dizə kimi qara bata-bata öz ata-baba ocağından qaçaraq canlarını güclə qurtarıb xilas olmağa çalışırdılar.

Bir el, bir elat idilər, aralarında ahıl da var idi, cahıl da...

Qarı da, gəlin də, qız da...

Meşədə səslərini qısıb namərd düşməndən qaçırdılar və burasını da bilirdilər ki, xain düşmən pusquda duraraq onların izinə düşüb...

Ana südəmər körpəsini belinə şelləmişdi. Ananı soyuqdan, şaxtadan qoruyan, isidən ciyərparasının nəfəsi idi...

Ana burasını da bilirdi ki, övladını da qoruyan elə onun özünün hərarətidi. Ancaq birdən-birə ciyərparasının narahatlığını hiss etdi və bildi ki, elə indicə ağlayıb hay-küy salacaq.

Əgər körpəsi ağlayıb səs çıxartsaydı, qulaqları şəkdə olan düşmən onların başının üstünü alacaqdı...

Beləcə həmən o yerdə düşmən gülləsinə tuş gələcək neçə-neçə qız-gəlinçağa çığırtısına, körpə “inqə”sinə həmişəlik həsrət qalacaqdı...

Ana balasını belindən açıb bürüdüyü şalı bərk-bərk sıxdı...

 

***

 

...Hə, deyəsən, tapmışdı, qəfil qulağına gələn səs dünyadan xəbərsiz körpənin harayı idi... Amma bəlkə də yox, heç bu səs deyildi... Bu, uşağı atan qadının harayı da ola bilərdi.

...Pişiklər yenə boş uşaq arabasına doluşmuşdular. Acgöz pişiklərdən biri arabaya axıb tökülmüş süd damcılarını yalayırdı. O biri isə uşağın qoyulduğu yeri caynaqları ilə basmarlayıb rahatlayır, özünə yer eləyirdi. Yəqin uşağın yeri hələ də soyumamışdı, isti idi...

 

***

 

Həbibin elə durduğu yerdə inçəsindən yenə qəfil ağrı tutdu. Sağ əli ilə ağrıyan yerini xeyli ovuşdurdu. Bir yandan pəncərədən boylanan qaranlıq zülmət gecə, bir yandan da yalquzaq kimi qapan qəfil ağrı. Bu halətdə yuxu deyib kirpikmi çalmaq olar?!

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.- 2017.- 25 fevral.- S. 18-19.