“Gecəsi sünbül qoxan, türkcəsi bülbül yaxan İstanbul...”

 

(Səfər təəssüratları silsiləsindən)

 

Gözümü açandan ocağımızın başında türk qövmünün ruhunu hiss etmişəm. Türkiyənin adı içimdə sınırsız bir həsrət kimi yaşayıb həmişə.

Məni Türkiyəyə bağlayan ilk və ən kövrək duyğu babalarımın sürgün taleyi olub. Bolşevik hökumətinin əlindən baş götürüb Türkiyəyə keçən qan qohumlarımın arxasınca kədərli, həsrətli həyatını yaşayan nənəmin, anamın, bibilərimin, xalalarımın və digər doğmalarımın qurumayan göz yaşlarını hələ körpəliyimdən görmüşəm, qəmli bayatılarını uşaq yaşlarımdan eşitmişəm. O vaxtdan ta bu vaxtadək  Türkiyənin adı gələndə könlüm sevdalı bir qəriblik çəkir.

Uzun illər xəyalımda yaşatmışam, həsrətilə boy atmışam Türkiyənin. Sonradan isə bir neçə dəfə Türkiyəyə səfər etmişəm. Vaxtımın və bəxtimin qismətindən Türkiyəyə səfərlərimin biri lalə festivalından azca sonraya təsadüf etmişdi. Festival günləri arxada qalsa da, İstanbulun parkları, xiyabanları rəngbərəng lalə köynəyini hələ soyunmamışdı. Yağışdan şeh payını, küləkdən meh payını alıb xumarlanırdı lalələr. Yağışdan sonra  bircə damla şehə könül verən bəxtəvər lalələr, çiçəkdən - çiçəyə qonan xallı kəpənəklərin zərifdən - zərif qanadlarına naz satırdı.

Şəhərin ən gözəl yerlərində qərarlaşan gözəl lalələr insanı necə də gözəl düşünməyə vadar edirdi, nə qədər ruha can verirdi bilsəniz...

Lalə festivalında İstanbul gül - çiçək ormanına, gözəllik xırmanına bənzəyirdi. Lalənin laləyə sarmaşdığı, gülün çiçəyə qarışdığı çağındaydı İstanbul. Tarixi mənbələrdə qeyd olunub ki, lalə əsrlər boyunca türk miniatür sənətində önəmli yer tutmuşdur. İstanbulun bir çox tarixi memarlıq abidələri lalə naxışları ilə süslənmiş, laləli motivlərlə bəzədilmişdir.

İki qardaş ölkə arasındakı minlərlə kilometr məsafəni könül yolu bilib getmişdim. Qısamüddətli olsa da, ötən illərdə ömrümün İstanbulda keçən günlərini unuda bilmirəm.

İçimdə həsrət dolu bir sevinc yaşayırdım. Saatlarla İstanbulun gözəl mənzərələrini seyr etməkdən doymurdum və heyranlıqla baxırdım. Təbiətin əsrarlı, cazibədar qüvvəsi ürəyimi yenirdi. Gözəllik könlümü çəkirdi, duyğularıma hopurdu. İstanbulu gəzib dolandıqca könlümdən nurlu bir aləm boylanır. Burada tarixi abidələr bir - birini  çox gözəl tamamlayan ansambla bənzəyir. Bu abidələr türkün tarixinə şahidlik edir. Doğrudan da öz keçmişinə, tarixinə qiymət vermək türkün canında - qanındadır.

İstanbul türkün tarixinin böyük bir parçasını yaşadır özündə. Türkün tarixinin təəssübkeşi kimi, İstanbulun tarixi yerlərini, muzeylərini gəzib dolaşdıqca bunun bir daha şahidi oldum. İstanbulun səmasında məscid minarələri necə də hökmranlıq edir, ilahi?! Sözünün - söhbətinin vurğunu olduğum unudulmaz sairimiz Məmməd Aslanın sözünə qüvvət, aralıdan baxanda İstanbul “minarələr ormanı”na bənzəyir. Bura islam dünyasında ən çox məscid olan diyardır. O məscidlərin minarələrindən gələn əzan səsləri yerin - göyün sirr duası kimi səslənirdi qulaqlarımda. Sanki yerdən - göydən gələn sirdən agah olurdum.

Türkiyədə  muzeylər də, məscidlər də türk memarlığının iftixarıdır. Bu müqəddəslik incilərini bir - bir ziyarət etdikcə qəlbimə qürur duyğuları aşılanırdı. Başdan - başa tarix xəzinəsi, sənət zirvəsidir İstanbul. Burada gözəl baxımlı məscidlər o qədərdir ki...

Türklər Konstantinopolu alandan (1453 - cü il) sonra  Müqəddəs Sofiya kilsəsi - Aya Sofiya məscidinə çevrilib. Üstündən yüz illər ötəndən sonra, 1935 - ci ildə Türkiyə Cümhuriyyəti “Aya Sofiya”nın muzeyə çevrilməsi haqqında qərar verib.

Topqapı  sarayı 1478 - ci ildə Fateh Sultan Məhmət tərəfindən tikilmişdir. Osmanlı  İmperiyası sultanının iqamətgahı olub. 1923 - ildə Türkiyə Cümhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürk sarayın muzeyə çevrilməsi haqda qərar verib. İndi o saray - muzeydə həddən ziyadə qiymətli eksponatlar, daş -  qaşlar, tarixi əşyalar, qiymətli hədiyyələr, müqəddəs əmanətlər göz bəbəyi kimi qorunub saxlanılır. İnsanı heyrətləndirən Topqapı muzeyini bir dəfə gəzib dolaşmaqla kifayətlənmək mümkün deyil. Bu muzeyın hər guşəsi bir dünya, bir tarixdir.

Topqapıda Məhəmməd Peyğəmbərin müqəddəs əmanətləri - qılıncı, oxu, yazdığı məktubu, möhürü, rəngli mərmər üzərindəki ayaq izi, qızıl sandıqdakı bir ovuc torpağı qalmaqdadır.

Altı minarəli Sultan Ahmet məscidi İstanbulun simvoluna çevrilib. Tarixi keçmişi zəngin olan bu abidə 1609 - 1616 - cı illərdə memar Mehmet ağa tərəfindən inşa edilib.

İstanbulun o qədər gözəl yerləri var ki... Onu təsvir etməyə heç sözün də qüdrəti çatmaz. İstanbul gecələrinin romantikasını hansı sözlə, hansı qələmlə təsvir etmək olar ki?! İnsan başdan - başa duyğular aləminə düşür.  Milli - mənəvi kökdən, torpaqdan boy verən duyğular nəymiş, ilahi?!

Gecə Çamlıcanın başından İstanbulu seyr edəndə hansı aləmə düşdüyünü özün də bilmirsən, çaşıb qalırsan. Şəhər rəngbərəng işıq selində üzür. Çamlıcanın dikini qalxmamış istidən nəfəsimiz kəsilirdi. Çamlıcanın başına çatanda isə Borçalıdakı yaylaq yerlərimizdə üşüdüyüm kimi üşüyürdüm. Bu yerdə türk ədəbiyyatının korifeylərindən olan Nəcib Fazil Qısakürəyin misraları, beytləri dadıma çatdı:

 

Boğaz gümüş bir manqal,

Qaynadır sərinliyi,

Çamlıcada yerdədir

Göylərin dərinliyi...

 

Çamlıcadan İstanbulu lap yaxından seyr etmək üçün bir neçə yerdə böyük binokllar quraşdırılıb. Binokllardan baxmaq ödənişlidir. Əgər istəyirsənsə məsafəni yaxınlaşdıran bu qurğunun sandıqçasına pul at və İstanbulu ürəyincə seyr et.

İstanbul gecələr öz gözəlliyi və möhtəşəmliyi ilə diqqəti daha çox çəkir. Təbii gözəllik İstanbul gecələrinə qeyri - adi görüntü verir. Nəcib Fazil Qısakürəyin  İstanbul” şeirində deyildiyi kimi:

 

... Ana kimi yar olmaz,

İstanbul kimi diyar,

Güləni belə dursun,

ağlayanı bəxtiyar...

Gecəsi sünbül qoxan,

türkcəsi bülbül yaxan

İstanbul, İstanbul...

 

İstanbulun Üsküdar ilçəsinin yaxasında qərarlaşan Çamlıca dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdədir. Xarici turistlərin ən çox maraq göstərdiyi səfalı bir yerdir.

İstanbulu gəzib dolaşdıqca qulağa doğma gələn o qədər şirin yer adlarına rast gəldim ki...  Fıstıq ağacı, Bağlar başı, Quru çeşmə, Bostançı, Quyu başı, Bülbül dərəsi, Çəmənzar, Söyüdlü çeşmə, Fikir təpə, Bəyaz su, Keçi yolu, Köç yolu və s. saymaqla qurtaran deyil. Həmin yerlərdən dəfələrlə keçəndə vaxtilə əlçatmaz olan bu məmləkət mənə elə doğmalaşırdı ki, heç ayrılmaq istəmirdim.

İstanbulda  yağış da gözəl yağır. Yayın ilk günləri olsa da hər səhər xırda damcılı, narın yağışlar yağırdı. Ağacların yarpaqlarından, güllərin ləçəklərindən süzülən şeh damcıları ürəyimə ilıq bir sərinlik gətirirdi. Bu yerlərdə yağış damcılarının da özünəməxsus şirin nəğməsiylə yanaşı, günlü yağışda islansam da canımda gəzdikcə gəzmək həvəsi vardı.

Gülhanə parkına gələndə bir yanda Günəşin zərrin saçaqları qövsi - qüzeh kimi güllərin, çiçəklərin üzərində yırğalanır, bir yanda da göy otlar ağaclardan pıçıldaşa - pıçıldaşa düşən yağış damcıları ilə sırğalanırdı. Budaqdan - budağa qonub nəğmə oxuyan quşların səsi bu al - əlvan mənzərəyə məlahətli bir ahəng verirdi.

Gülhanə gözlərimdə əsrarəngiz bir aləmə dönmüşdü. İri gövdəli, qollu - budaqlı ağaclar buludlara meydan oxuyurdu. Ağaclarda budama əməliyyatı elə aparılmışdı ki, baxanda budaqların xalı kimi toxunduğunu düşünürsən. Bəlkə də dünyanın heç bir yerində bu şümal ağaclara tay tapılmaz. Gülhanədə ağacların gözəlliyi də güllərin çələngi kimi fərqlidir, bənzərsizdir. Qocaman ceviz ağacının ixtiyar çağları isə heç təsvirə gələn deyil. Bu könül xoşluğunun içindən Nazım Hikmətin şirin qüssəli səsi ucalır. Onun söz duyğusu, poetik fikirləri həmişə olduğu kimi, yenə də məni ovsunlayır:

 

Mən bir ceviz ağacıyam

Gülhanə parkında,

Nə sən bunun farkındasan,

də polis farkında.

 

Ünsiyyətdə olduğum Türkiyə vətəndaşlarının böyük əksəriyyəti Azərbaycan haqqında  müəyyən bilgilərə malikdirlər. Bilmədiklərini soruşmaqda da israrlıdırlar. Onların ünsiyyətindən çox məmnun oldum. Özgürlük parkındakı hədiyyələr köşkünə yaxınlaşanda  orada işləyənlər məni təbəssümlə qarşıladılar. Pencəyimin yaxasındakı Azərbaycan bayrağı həkk olunmuş döş nişanına baxıb:

- Azərbaycandan xoş gəldiniz,-deyə mehriban münasibət bəsləmələri məni qürurlandırdı. İlıq bir təbəssümlə gülümsəyib, ulu öndərin “biz bir millət, iki dövlətik” kəlamını elə uca könüldən səsləndirdilər ki...

İstanbulda olduğum müddətdə daha çox kitab mağazalarına baş çəkirdim. Seçib bəyəndiyim, oxuduğum kitablardan yüksək zövq alırdım. Həmişə olduğu kimi yaddaşımda unudulmaz izlər buraxan o  səfərimi də  xoş təəssüratlarla başa vurub Bakıya qayıtdım.

 

Həzi HƏSƏNLİ

 

525-ci qəzet.- 2017.- 25 fevral.- S.19.