Darıxan adam
Günlərin birində dostumuz Mahəddin Əsgərin verilişdə səsləndirməkçün
oxuduğu şeirlər
diqqətimi çəkdi.
Müəllifini soruşdum,
Vüqar Əlisoy olduğunu, dedi. Özündən əvvəl
Sözüylə tanış oldum, Sözündən tanıdım
Vüqarı.
SÖZ
“Sözəm,
sözsüz gərəksizəm...”
“Sözəm,
canım məhbəsdə...”
Darıxan, sözdən başqa üz tutmağa yeri olmayan bir
adamın yazılarıdı,
deyə düşündüm. Onun üçün qurtuluş
sözdədi...Ağrısı
sözə çevrilincə
məhbəsdən qurtulur...
Müqəddəs söz!
Qələmimə, kağızıma
xoş gəldin! - deyir. Və
hərdən sözü
elə gözəl deyir ki:
Əllərimi
soyuq-sazaq
kəsə-kəsə,
kol dibində
bənövşəni
dərib tələsə-tələsə
dəstələyib birnəfəsə,
ovcumda yaz nübarı
yüyürürəm yaza sarı...
Bənövşəni “yaz nübarı” kimi əzizləyən bu adam üçün
söz o qədər ucadadı ki, sevdiyi qadına olan duyğuları-aşiqliyi
də, qısqanclığı
da “Təkcə mənə deyiləcək
söz” qədərdi...
ETİRAF
Yalanlarıma inandın
yalan danışacağıma
inanmadığın üçün...
Bir qadına etiraf, vicdan əzabı, təəssüf
var bu şeirdə,
amma bunların heç biri sevgi deyil... “Təkcə mənə deyiləcək söz” kimi Qadın uzaqlardadı...
TƏNHA QADIN
Nə çox
divarı var
bu evin belə...
Bu evdə gecələr
zindan qoxuyur,
divarlar səssizcə
verib əl-ələ,
bir tənha
gözələ
meydan oxuyur...
Ədəbiyyatın, poeziyanın bəlli mövzularından biri tənha qadınlardı. Onları
tənhalıqdan qurtarmaq
istəyən gerçək
aşiqlər az olsa da,
haqqında söz deməyə həmişə
kimsə var...Çünki tənha qadnlar
deyəsən elə öz tənhalığıyla
maraqlıdı hər
kəsə. Onların həyat hekayəsini
hərə öz bildiyi, öz istədiyi kimi uydurur. Anlamağa çalışansa az olur. O qədər az ki,
“Nə çox
divarı var bu evin belə”
deyən adamın duyumuna heyrətlənməyə
bilmirsən... Amma yazılarını oxuduqca
mən bu duyğusal adamın səssiz üsyanını
da eşitdim...
SƏSSİZ
ÜSYAN
Bu necə doğrudu,
yalana oxşayır,
bu necə
yoldu,
dalana oxşayır,
bu necə
sözdü,
ilana oxşayır,
yoğrulub
qıvrılıb
içimdə qalacaq...
dillənsəm, bilirəm,
dilimi çalacaq...
Kimlərinsə bağıra-bağıra
dediyi həqiqətləri
o, öz-özünə, bir
də ağ kağıza pıçıldayır...Amma “bu necə
doğrudu, yalana oxşayır” pıçıltısı
gözümüzün önündə
baş alıb gedən bütün yalanlara ən böyük üsyandı...
Bu nə dünya,
nə ünvandı?...
Burda düzlük
vasitədir,-
biclik edənlər üçündür.
Burda halallıq da sanki
yalnız ölənlər
üçündü...
Və halallığın
yalnız ölülər
üçün olduğu
bu yerdə
Qarayaylıqlı ağbirçək
göydələnin altındakı
bankomata boylanacaq
- deyən
söz adamının
səssiz üsyanı
kimi xoşbəxtlik haqqında düşüncələri
də fərqlidi.
XOŞBƏXTLİK
“Daş üzərində yazı”sında
deyir:
Anladım ki,
siz
xoşbəxtliyə israrlı
olduğunuz üçün
bədbəxtsiniz...
Bəlkə Vüqarın xoşbəxtlik
haqqında təsəvvürləri
toplumun bəlli ölçüləriylə üst-üstə
düşmədiyindəndi. Bütün ailələri,
insanları xoşbəxt
eləyən nəsnələr
Vüqarı xoşbəxt
eləməkdə acizdi.
Çünki onun bu dünyadan öz gözləntiləri,
öz gerçəkləri
var. Sanki müharibədə bütün vasitələr
keçərlidi prinsipiylə
sərvətə, şöhrətə
doğru can atanların
arasında o, həmişə
tənhadı...
GERÇƏK
Gəlmə bu dünyaya, adam,
gəlmə,
gəlsən,
sən də bu dünyadan
azadlıq umacaq, xəyallara dalacaqsan...
Ayaqların yerdən,
əllərinsə göydən
üzüləcək...
arzuların
gözlərinin önündə
çiliklənib töküləcək...
öləcək sonuncu ümidin də,
susacaqsan...
cınqırın içində
boğulacaqsan,
susmaqdan dilin quruyacaq..
Bu gerçəklərlə yaşamaq
nə qədər çətin olsa da, həmişə özündə
düz yaşamağa
güc tapan biriləri var:
Mən düz olmazdım,
indi düzdə
qalmazdım.
Atam məni aldatdı,
alışdığı yanlışları
düz yol bilib anlatdı.
Düz yol
atama od vurdu,
düz yol
anamı ağlatdı.
İndi o, ölməyə
hazırlaşır,
mənsə
yerə girməyə,
qonşudan borc alıb
atamı dəfn
etməyə....
Peşmanlıq deyil bu.
Olanlara təbəssümlə
baxmaq bacarığıdı...
Doğru-düzgün yaşamağı
bacaran insanlara, yaxşılara bir ehtiram, minnətdarlıq, dəyər vermək cəhdidi... Vüqarı tanıyanlar bilir
ki, onun özü də Sözə olan sevgisiylə, qüruru, duyumu, insanı anlamaq istedadıyla bu yaxşıların sırasındadı.
Dişimi dişimə
qıcıyım
durum...
Bir az
da yaşayım,
ölümün gələn
vaxtıdı,
gəlib diri görsün məni, deyir.
Hər nadanın əməlindən, hər dost bildiyi kəslərin soyuq baxışından yaralana bilən bu adamı diri saxlayan da elə sözdü. Diriliyin Sözdən uca məqamı varmı?..
Nəcibə BAĞIRZADƏ
525-ci qəzet.-
2017.- 25 fevral.- S.17.