Vəzirin şahlığı, yaxud müqəddəs
həsrət
Molla Pənah
Vaqifin 300 illiyinə
Esse
“cam içmişəm,
mən məstanə gəlmişəm”.
Molla Pənah Vaqif
Böyük şairlər və
aşıqlar hamısı aşiq olublar. Aşiq
olmasaydılar eşqin qüdrətini bu dərəcədə
duyub qiymətləndirə bilməzdilər.
Aşiqlik və şairlik
qoşa qanaddır.
Belə qoşa qanadlı sənətkarlardan
biri də Azərbaycanın böyük, qüdrətli və
“ilk milli şairi” (F. B.Köçərli) Molla Pənah
Vaqifdir.
...Aşiqlik Ordan başlayır-Ruhlar
aləmindən!
Aşiqlərə cam içirdirlər...
Ney oxumur!
Həsrət çəkir sərxoş-sərxoş.
Kəsilib gəldiyi yerin həsrətini.
C.Rumiyə görə Ney
-İnsanın rəmzidir.
“Bəzmi-Əzəl”i-Əzəl
Məclisini yada saldıqca həsrətdən nalə çəkir,
inləyir.
Ənəlhəq deyənlər də
cam içib gələnlərmiş Yoxsa “Ənəlhəq”
deyə bilməzlərmiş...
Hər bir səri-mu Mənsur olub
söylər
Ənəlhəq,
Haqqa, mey içənlər irişərlər
bu xəyalə.
(Nəsimi)
Vaqif də Cam
içmişdi.
Yoxsa bu qədər aşiqanə və
həsrətlə dolu şeirləri hardan yazardı!?
Bu fikir öz təsdiqini Mirzə
Camalın yazdığı “Qarabağnamə” adlı tarixi əsərdə
belə tapmışdır: “Molla Pənah tədbirli və
kamallı məşhur vəzir idi. Onun türkcə
yazdığı aşiqanə şeirləri indi də dillər
əzbəridir”.
Bu da məlum bir faktdır ki,
aşiqanə mövzuda yaradılmış nə qədər
dastanlar olsa da,xalq hər adam haqqında
dastan yaratmır!
Vaqif qeyb aləmi ilə (Ruhlar aləmi
ilə) bağlı adam idi. Çox
şeydən vaqif olmaqla müasirlərindən fərqlənirdi,
görücülüyü və münəccimliyi ilə
çoxlarını heyrətə gətirirdi. Haqqında yaradılmış “Vaqif dastanı” bir
daha sübut edir ki, o, doğrudan da şairdən çox
aşiq olub.
Gözələ və gözəlliyə
vurğunluğunu, Ərşdən-Gürşdən vaqifanəliyini
kölgədə buraxıb onu “eyş-işrət”də
günahlandırmaq istəyənlər yanılırdılar
və indi də yanılanlar az deyil...
Aşiqlərin göz evi
bağlı, könül gözü açıq olur, deyirlər. Belə ki,
könül gözü görməyənin gözləri
heç nəyi görmür.
Haqqında yaradılan
dastanda Vaqifi sınağa çəkirlər. Bir dəstə
qızın içindən heç vaxt üzünü
görmədiyi bir qızı seçib tapmalı olur və
tapır.
Bu da aşiqlərə məxsus
xüsusiyyətdir!
Onlar hər şeydən (hər
gizlindən!) halı olurlar.
Aşiqlər Eşq əhli
olanlardır.
Bu gün bir mənalı
şəkildə deyə bilərik ki, Vaqif Eşq əhli
olmuşdur.
Vaqifin sirri aşiqliyindədir.
Aşiqliyin bir sirri də
Vaqifdədir.
Vaqif də öz
canını canana (həm hərfi, həm də məcazi mənada)
qurban verənlərdəndi.
Eşqdə hər bülhəvəs
laf-gəzaf etməsin,
Canını cananına əhli-dəyanət
verir.
Zülalinin bu misralarından
aydın olur ki, Canana (Allaha) öz canını canla-başla təslim
etmək üçün dəyanət əhli olmalısan.
Vaqif şairdən, vəzirdən
çox aşiq olduğu üçün “Görmədim”
şeirini yazana kimi Allahdan başqa heç kimdə
lütfi-inayət görməyənə qədər
hamıya, hər şeyə, hətta sonralar onu
öldürtdürən kəsə də
inanmışdı.
Çünki aşiqliyin əsas
əlamətlərindən biri də inanmaqdır. Başqasını
öldürmək yox, yeri gəlsə, başqasının
yerinə ölməkdir.
Aşiq ölməkdən,
öldürülməkdən qorxmur.
Aşiq öldürməkdən
qorxur!
Vaqifi Xan sarayı yox,
Könül sarayı maraqlandırırdı. Vəzirliyi
müvvəqəti olaraq Vaqifi saraya doğru çəksə
də, aşiqliyi göylərə, əsl Saraya-Haqq məkanına
doğru çəkirdi. Bir də ki, “Saray Vaqifi deyil,
Vaqif Sarayı ələ keçirmişdi.(S.Mümtaz)
Vaqif Qazaxdan Qarabağa üz
tutanda indən belə ha tərəfə gedəcəyini hələ
də bilmirdi.
Vaqif Qarabağda-bu cənnət
məkanda ha tərəfə istəsə gedirdi, gedə bilərdi.
Cəhənnəmə belə!
Çünki daha aşiqdi!
Cəlaləddin Rumi 26 min beytdən
ibarət özünün 2-ci “Quran” hesab edilən “Məsnəvi”sini
yazandan sonra demişdi:” “Mən daha şair deyiləm, mən
daha haqq aşiqiyəm!”
Bu mənada Vaqifin də
şairliyi aşiqliyinə bir vəsilə idi.
Şair Vaqifdən-bugünkü
mükəmməl və poetik dilimizin banisindən çox
yazıblar. Mən Aşiq Vaqifdən yazıram.
Mən öz Vaqifimdən
yazıram.
Vaqifin böyük şair
olduğunu təsdiq edən sənədlər (cünglər,
təzkirələr, tarixi xronikalar, kitablar, monoqrafiyalar, məqalələr)
çoxdur.
Vaqifin aşiqliyi haqda isə az qala öz şeirlərindəki işarətlərdən
başqa ya heç nə yoxdur, ya da bu məqama o qədər
də diqqət yetirilməyibdi...
Aşiqliyə gedən yol
yer gözəllərinə vurğunluqdan keçir. Necə ki, Məcnunun
(məcnunluğun) yolu Leylidən keçirdi. Vaqif kimi şairlər də burdakı yollara
yolçuluq etməzdən əvvəl “Qalü-Bəla” məqamındakı
yoldan keçib gələnlərdi. Zahirdən
çox batini anlayan (və anladan) Sufi düşüncəli
yolçulardır. Eyni Ruhun və eyni yolun
daşıyıcılarıdır. Ölümü
həyat sananlardır.
C.Rumi aşiq olduğu
üçün ölümünü “Şəbr-Ərus”-vüsal
(toy) gecəsi adlandırırdı.
Vaqif “Toy-bayramdı bu
dünyanın əzabı, əqli olan ona gətirər
tabı” deyəndə həmin düşüncəni bir daha
dilə gətirmirdimi?
Özü də təkcə şair
olduğuna görə yox, aşiqliyi üzündən!
Yaxud çox-çox sonralar Vaqif ədəbi
məktəbinin ən mötəbər
davamçılarından biri olan Hüseyn Arif yazanda ki: “Arif ölüb , dedilər, Ölümə qurban
olum!” bəs bu düşüncə hardan qaynaqlanırdı?
Əlbəttə, həmin ruhi
yaxınlıqdan, həmin süfiyanə düşüncə
qohumluğundan!
Şairlərin
yaradıcılığı bu baxımdan dönə-dönə
araşdırılmalı və ortaya çıxarılmalıdır. Müxtəlif
formada olsa da eyni olan ruhların səsi ilə bağlı daha
bir məqama diqqət edək. Gəlin Nəsimiyə
qulaq asaq:
Yer ilə Göy yaradılmazdan
öncə,
Nəsimi aşiq idi ol Cəmalə”.
Gəlin, görək Vaqif nə
deyib:
Mən canımı sana
qurban demişəm,
Ol zaman ki, oldu “Qalü-bəla”,
qız!
Bəs Səməd Vurğunun
yuxarıdakı beytlərlə səsləşən bu
misralarına nə deyək:
Mən sənə bağlıyam,
bax,
Səni görməzdən qabaq!
Mən hələ
üç şairdən misal gətirdim.
Mən hələ eyni bir ruh
olan üç ruhdan danışdım.
Axtarılsa, nə qədər
eyni ruhların səsini eşidə bilərik. Eyni şairə
(aşiqə) qulaq asa bilərik. Bir şərtlə,
özümüz də şairdən, oxucudan, tənqidçidən
daha çox, aşiq ola bilsək!
Aşiqlik dünyasının sirlərindən azacıq da
olsa hali olsaq!
Məsələ heç də
tamamilə kiminsə (hansı sənətkarınsa,
şairinsə, aşığınsa) aşiqliyi ilə
bağlı deyil, həm də bizim aşiqanə
yanaşmağımız, aşiqanə nəzərimiz və
düşüncəmizlə bağlıdır!
Məsələ bundadır ki, bir
yolluq anlaya bilək: Xalq hər şairinəmi “Hər oxuyan Molla
Pənah olmaz” deyib.
Xatırlasaq ki, “Kitab
eşqin kitabıdır” (Y.İmrə) deyilibsə, biz hələdəmi
elə hesab edirik ki, Vaqifə- bu “Qarabağ İçrə
bir şairə-kəlimullah Musaya” xalqın verdiyi qiymət təkcə
onun böyük elm sahibi olmasıyla bağlıdır?
O qiymət həm də onun Eşq
sahibi olmasıyla əlaqədardır. Qeyb aləmini
yaxşı bilməsiylə ilgilidir. Yoxsa Eşqin nə
olduğunu bilən hali kəslərə “Haliya mülki-məlahətdə
mənəm Mahmudu-eşq, həqq mənə etmiş müsəlləm
çünki hər mövludu-eşq” ismarıcını
göndərə bilərdimi?!
Vaqifə o sözləri, misraları
dedirdən Eşq idi! O, “Qalmışam hicrində gülzari-vəslin
istərəm” deyə-deyə Misaq gününün-
“Gülzarı-vüsal”ın həsrətiylə yazıb
yaratmışdır.
Vaqif yerdə ömrü boyu
Orda-Ruhlar aləmində, “Qalü-bəla” da
gördüyü, canını canına qurban dediyi gözəli
axtarmış, tapmamış, onun həsrətiylə ölən
günə qədər yanıb-yaxılmışdır.
Ona görə də Vaqifin
poeziyası həsrət notlarıyla doludur, çox zəngindir.
Ney yaradanı
xatırlayıb, kəsilib gətirildiyi bir qamışa
üz tutub nalə etdiyi kimi. Vaqif də
bütün şeirlərini gözəllərin timsalında
bir gözələ (İlahi camala) üz tutub
yazmışdır.
Yoxsa “Heç aşiq olmaz mən
kimi” misrasını yazmaq olardımı? Demək olardımı ki:
Hər kəsin dünyada bir qibləsi
var,
Mən də yönüm sənə
sarı tutmuşam!
Vaqifin adında Molla
sözünü g örüb mollalıq qaydaları gəzənlər
səhv edirdilər. Vaqifdə nə varsa aşiqliklə
bağlıdır. Vaqif Cunun (dəli) olduğunu gizlətmirdi:
Vaqifəm, yarıdım dosta,
düşmənə,
Ta ki, Cunun oldum, yetişdim sənə!
Vaqifin əlindən əqli-kamalını
üz (yanaq) və xal almışdı. O, deyirdi ki,
yanağını və xalını görməsəydim
indi əməlli-başlı, ağıllı-kamallı bir
adamdım!
Valeh olmasaydım yanağa, xala,
Əlbəttə, yetərdim əqlü-kamala!
Bu fikirləri yaza-yaza
düşünürəm: Böyük şairlərin bu bəla
əhli olanların ən ağır bəlası, ən
böyük faciələri heç də dara çəkilmələri,
vaxtlı -vaxtsız öldürülmələri deyil. Onların ən böyük faciəsi sadəcə
hərdənbir necə gəldi, oxunaraq, üstlərindən
keçilməsidir, lazımınca tədqiq olunmaması,
öyrənilməməsidir.
Bu baxımından
götürdükdə Vaqifin yaradıcılığı da
zaman-zaman yenidən tədqiq olunmalıdır. Onun poeziyası ilə daha ətraflı,
daha dərindən tanış olduqca
aydın olur ki, bu poeziya az qala başdan-başa həsrətdən
yoğrulmuşdur, həsrətdən doğulmuşdur.
Vaqif yara (istədiyi gözələ)
həsrət qalmasaydı həsrət dolu şeirlər hardan
meydana çıxardı:
Bir sənəmin sinəsinə
müştaqəm,
Çox çəkirəm
ahu-zarı şamama!
...Mən ha qaldım həsrət, əlim
yetişməz,
Sən get, gör cananı barı, şamama!
... Həsrətindən
yandı canı Vaqifin,
Nolur ki, gələsən burayə,
Zeynəb!
... Eşq oduna canım yandı sər
bəsər,
Allaha bax, ey zalimu sitəmkər!
Aşiqinə qanlar ağladan dilbər,
Rəhmə gəlib göz
yaşımı silməzmi?
Deyirlər ki, Kəbəni ziyarət
eyləmək Allahla, ruhlar aləmiylə bağlanmış əhdi
təzələməkdir.Vaqifə görə imanın təzələnməsi
gözəli (gözəlliyi) bir də görməkdir:
Həqdir, gözəl çoxdur
cahan içində,
Didarını görmək
iman təzələr.
...Çoxdan bəri yarın fərağındayam,
Nə olaydı, bir buraya gələydi.
Vaqif yarla görüşdüm demir,
yarın didarını (görüşünü) görmək
istəyir, “Buraya gəldi” demir, “bir buraya gələydi” deməsi
onu göstərir ki, fəraq içindədir.
Vaqifin yazdıqları adi
sözlər, qoşqular deyil, aşıq sözləridir.
Aşiqlik bir məktəbdir!
Aşığı aşıq edən,
şairi şair edən heç də çaldığı
saz havaları, yazdığı şeirlər deyil,
aşiqliyidir!
11 uşaq doğmuş
Lauraya yazdığı sonetlər Petrarkanın guya elə hər
gün onunla oturub- durmasıylamı bağlı olub ki?! Halbuki italyan
şairi onu cəmi bir dəfə ikicanlı halda, kilsəyə
girdiyi zaman görmüşdü.Və bundan sonra onun həsrətiylə
yanıb-yaxılmış, bütün
yaradıcılığını ona həsr etmişdi.
Vaqifin də axtardığı gözələ həsrət
qaldığı onu nə vaxt, necə görəcəyi
haqda arzu-istəkləriylə sıx bağlıdır:
Bulud zülflü, ay qabaqlı
gözəlin,
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, səntək gözəl
olmaya,
O ev bərbad olub
talanmaq gərək!
Vaqif düz deyirdi.
Vaqif arzuladığı gözəl
hamının arzuladığı gözəldi:
Vaqif istər isən görəsən
ləzzət,
Gəl sev bir dərd bilən əhli-məhəbbət!
Burda söhbət yalnız
cismani deyil, mənəvi ləzzət verən Əhli-məhəbbətdən
gedir.
Kür qırağının əcəb
seyrangahı var,
Yaşılbaş sonası
hayıf ki, yoxdur.
Vaqif nəinki gözəlin əhli-məhəbbət
olmasını arzulayırdı, nəinki yaşılbaş sona axtarırdı, hətta
qafiyədən, şeirdən başı çıxmayan
gözəli də gözəl saymırdı.
Vaqif bax, belə dərd, belə həsrət
içindəydi!
Vaqifin qibləsi gözəldi,
gözəllikdi. Bu, əsl şairlərin (aşiqlərin)
hamısı üçün bir ölçü vahidi
olmayıbmı?
Belə bir fikir var ki,
dünyada nə varsa Hüsndən (gözəllikdən) əmələ
gəlib. Bunu H. Cavidin “Mən Hüsn-Xuda şairiyəm” deməsi
də təsdiqləyir.
İlk gözəl
Yaradanın özüdür. Kəbəyə qiblə
deyib ziyarətə gedənlər əslində məcazi mənada
həmin ilk gözəli (Gözəlliyi, Hüsnü) təvaf
etmirlərmi?
Gözəl və gözəllik
şairi olan Vaqif də bu yolda nəinki din-imanından,
ad-sanından da keçdiyini yazırdı:
Xublara vermişəm
din-imanımı,
Şövkətü-şanımı,
adı- sanımı!
Azmı gözəl və gözəllik
var ki, baxırıq, görürük,özümüzünkü
edə bilmirik? Çox vaxt da üzünü
görməyə həsrət qalırıq. Vaqif də belədir, o da çox vaxt gözləriylə
gördüyünə həsrət qalmışdı.
Dərdini yazdığı həsrət dolu şeirlərlə
ovutmağa çalışmışdı:
Əlim yetməz, namə yazıb dərdimi,
Göndərirəm badi-səbadan sənə!
Neçin incidirsən bunca Vaqifi,
Nə hasil bu cövrü-cəfadan
sənə?
Təkrar edirəm: Vaqif heç vaxt
vəsf etdiyi gözələ “səni qucdum, öpdüm”
demir. Deyir ki:
Əldə ayna, gözə sürmə
çəkəndə,
Ala gözün
bulağından öpəydim.
Vaqif gözəli elə təsvir
edir ki, o dəqiqə bilirsən: bu, Vaqifin gözəlidir!
Yaxud hər şeirində şairin öz siması da elə
apaydın görünür ki, deməyi özünə borc
bilirsən: “Bu gözəlin vaqifidir!”
Vaqifin nəzərində
bülbüllər də aşiqdirlər “Hüsnün
kitabını bülbülər oxur...”
Vaqifə görə kimin özü
bir yana qalsın, əgər xəyalı
belə yardan xəbərsizsə onda o, bu dünyaya nahaq gəlibdi!
Yarlıqdan ki, yoxdur xəyalın sənin,
Bəs dünyada
yaranmağın nədəndir?
Vaqifin (aşiqin) qiyaməti
gözündən gözəl yayındığı vaxt
başlaya bilərmiş:
Şol qamətin yayınanda
gözümdən,
Sanasan ki, həşri-qiyamətimdir.
Vaqif çox sirlərdən
vaqif, hali olduğu kimi öz aşiqliyindən də
yaxşı halıydı, özünün gövhər
kanı olduğunu yaxşı bilirdi.
Əlbəttə, kimlərsə
irad tuta bilər ki, Vaqifi bu qədər ideallaşdırmaq olmaz.
Onun da həsrətiylə
yanaşı vüsal dəmləri heç də az olmayıb.Məsələn:
Sən gəldin, nur doldu evə-otağa,
Gəldiyin yollara canım sadağa!
Aşiqlərdən bəhs edən əsərlərdə
aşiqlə məşuq cismani hissərdən məhrum təsvir
olunmur ki! Əl-ələ tutub, busə verib almayıblarmı?!
Söhbət bu vəsldən getmir. Vaqifin dediyi “Gülzarı-vəsldən” gedir.
O vəsl ki, “hicranının altında” şair inir-inir inildəməkdən
elə cana doyur ki, dili deməyə gəlməsə
də, qələmi deməyə məcburdur:
Dözmürsən döz, bu
ayrılıq dağına,
Mən dayannam, amma sən dayanmazsan!
... Qoymazsan baxmağa xəttü-xalına,
Gecə-gündüz məni
təşnə qoyubsan.
Kimsə körpəliyində
ana südündən yarımır, doymur, yanıq qalır. Vaqif üçün əsl
yanıqlıq yar yanıqlığıdır:
Vaqif, yar yanığı yaman afətdir,
Ayrılıq
zülümdür, bir qiyamətdir.
Mən bu dərd ilə ölsəm
məzara qoymayın,
Üstümə tuti dilli
şux nigarım gəlməmiş.
Vaqifin yarı elin toyunda oynayır,özü haqqa uzanan yolun toyunda!
Və bu necə toydu ki, şair yenə
həsrətdən danışır: “Nə müddətdi
ona güvənən bizik, Həsrətin çəkməkdən
canımız üzük”.
... İntizar çəkməkdən,
yol gözləməkdən,
Könlümün nə
tabı, nə taqəti var.
... həsrətin
çəkməkdən olmuşam xəstə.
... həsrətin
çəkməkdən öldüm, dirildim.
Füzuli yazırdı: “ Hicranını görən iman əhli olar”.
Vaqif yazırdı ki: “ Bir ləhzə
hüsnünə etdim tamaşa, Behəmdullah, din-imana
yetişdim”.
1968-ci ildə Araz Dadaşzadə
“Molla Pənah Vaqif” adlı bir monoqrafiya yazmışdır. Orada Vaqifin adı
dünyanın ən böyük şairləri ilə bir
sırada çəkilmiş, görkəmli ədəbiyyatşünas
qeyd etmişdir ki, “Vaqifin coşqun,duyğulu və insanı vəcdə
gətirən lirik şeirlərini oxurkən dünya ədəbiyyatının
Anakreont, Petrarka, Xəyyam, Hafiz, Füzuli, Müsse, Bodler,
Lermantov kimi başqa eşq şairləri həmən
ağıla gəlir”.
Vaqifin əsərlərinin
hamısı dövrümüzə gəlib
çıxmamışdır. Məmməd Bəy
Cavanşirin adamları tərəfindən məhv
edilmişdir. Bu fakta əsaslansaq, deyə
bilərik ki, onda görün onun nə qədər aşiqanə,
ürfani şeirləri yoxa çıxmış,
tapılıb nəsillərə
çatdırılmamışdır.
Vaqifi ürfan əhli
olmamaqda, bəzən də dinsizlikdə
günahlandırmağa çalışanlar özlərini
nahaq yerə yormasınlar.
Dini eşq olanların dini olmur!
Aşiqlər daim namazdadırlar!
Vaqif şairliyi üzündən
diqqəti çəkmişdi, vəzir olmuşdu.
Aşiqliyi onu şahlıq mərtəbəsinə
qaldırmışdı. Bunu Xalq şairi Məmməd Araz
daha gözəl ifadə etmişdir:
Hündürlər çox oldu Vaqif
dağından,
Sənət
ucalığı uca dağ oldu.
Sözü ayaqlara
salmadığından,
Özü vəzir oldu, sözü
şah oldu!
Vaqifin vəzirliyindən
hamı halıydı. Vaqifin şahlığından
çoxlarının xəbəri yoxdu.
...Bir gün Vaqifi öldürdülər.
Bir gün də zaman şahı (xanı) taxtdan saldı, öldürdü. (öldürtdülər!)
Taxtı devirə bilmədilər.
Taxta Vaqifin - aşiqin ölməz ruhu çıxdı!
Bəli, Vaqif aşiqdir!
Biz aşiqin aşiqiyik!
Biz Vaqifin özünün, sözünün həsrətindəyik. Vaqif gözəlin, gözəlliyin!
Vaqif gözələ (gözəlliyə) “Gülzari vəsl” deyib. “Gülzari-vəsl” isə daim yarı (hər iki anlamda) axtarmaqla, ona həsrət qalmaqla mümkündür!
Və bu, dünyanın ən
müqəddəs həsrətidir!
Barat VÜSAL
525-ci qəzet.- 2017.- 25 fevral.- S. 16-17