Əli bəy Hüseynzadənin 1916-cı ilin
yanvarında Berlində Türk Xalqları Konqresindəki nitqi
Rusiya idarəçiliyi
altındakı türk xalqlarının hüquqlarını
qorumaq məqsədi ilə səfərə çıxan
dörd nəfərlik nümayəndə heyətimiz
Budapeşt və Vyanada çox yaxşı
qarşılandı. İndi də Berlində eyni haqların
müdafiəsi üçün sizlərin
hüzurunuzdayıq. Rusiya tək millətli ölkə deyil. Oradakı
türk-tatar xalqları say baxımından əhalinin
böyük qismini təşkil edir. 1879-cu il
siyahıyaalması zamanı ruslar türkləri mümkün
qədər az
göstərməkdən ötrü ən müxtəlif vasitələrə əl atsalar da,
toplam saylarının 24 milyon
olduğunu dana bilməmişlər. Son 18 ildə
imperiyanın əhalisi əhəmiyyətli dərəcədə
artmışdır. Ailə həyatına
daha sıx şəkildə bağlı olan türklərin
bu arada bir xeyli çoxaldıqları şübhə
doğurmamalıdır.
Onlar olduqca geniş
torpaqlara yayılmışlar, bəzi
ləhcə fərqləri nəzərə alınmazsa, vahid
dildə danışırlar. Türk
qövmlərinin indiki sayını təxminən belə
müəyyənləşdirə
bilərik: Şimal türkləri - 7 milyon nəfər,
qırğız-qazaxlar - 6 milyon, Türküstan türkləri
- 6 milyon, türkmənlər - 1 milyon, Qafqaz türkləri -3
milyon, Krım türkləri - 500 min nəfər. Bu əhali Türküstan, Türkmən məmləkəti,
qırğız-qazax məmləkəti, Bakı və Tiflis
quberniyalarının bəzi yerləri, Kazan, Ufa, Orenburq və
Həştərxanda üstünlük təşkil etməkdədir.
Ümumilikdə götürsək, türk xalqı nikaha erkən girir. Kənd adamlarının bəzən bir neçə
ailəsi olur və onlar sürətlə
artıb-çoxalırlar. Sağlıq
qaydalarına o qədər də ciddi əməl olunmur.
Lakin Quranın buyurduqlarına əsasən ruh və
bədən təmizliyinə riayət etdiklərinə
görə özləri ilə eyni sosial təbəqədən
olan ruslardan daha irəlidədirlər. Əlimizdə
doğum, evlənmə, boşanma və ölüm
statistikası ilə bağlı məlumatlar yoxdur. Lakin bir müddət bundan əvvəl Orenburq
Müftiliyi Kazan türklərinin sosial vəziyyəti ilə
bağlı qeydlər aparmağa başlayıb. Buradan da
göründüyü kimi, Vilna və Smolinksin türk sakinlərinin
sayı get-gedə azalmaqdadır. Başlıca
səbəb yerli xalqın uzun zamandan bəri türk birliyindən
ayrı düşməsi və rusların assimilyasiyasına məruz
qalmalarıdır. Litva tatarları
aristokratiyasının ilk rus istilası zamanından
başlayaraq yuxarılarda təmsil olunmaq üçün dillərini
və adlarını dəyişmələrini göz
önünə gətirərək son yüz ildə eyni dini,
siyasi və iqtisadi təzyiq sisteminin daha şiddətli tətbiqinə
davam edildiyini söyləyə bilərik. Lakin
bu təzyiqlər ümumilikdə rusların istədikləri
nəticəni verməyib.
Rusiya türkləri içərisində
artıq sosial siniflər mövcuddur. Şimalda sənaye və
ticarət burjuaziyası formalaşıb inkişaf etməkdədir.
Mişar tatarları və başqırdlar
arasında kökü əski yüzilliklərə gedib
çıxan zadəgan sindi mövcuddur. Bu
ailələrdən bir qismi böyük mülklərə və
malikanələrə sahibdir. Başqa bir
qismi isə sənaye, habelə ticarətlə məşğuldur.
Qırğızlar, türkmənlər və
türküstanlılar daha mütəşəkkildirlər.
Onlarda ən üst qatda Altın Keçəlilər
- yəni xanların övladları və nəvələri
dayanır. Daha sonra Ağ Keçəlilər
- yəni əsilzadələr, sonda isə xalq gəlir. Qafqaz türklərinin əsilzadələri bəylərdir.
Krımda isə əsilzadələr təbəqəsini
gireylər, xanlar və murzalar təşkil edirlər. Sosial ierarxiyanın yaratdığı nizam daha
çox qırğız-qazaxlar arasında qorunmuşdur.
Türküstanda və Qafqazda aristokratiya ilə
əkinçilik və maldarlıq məşğul olan xalq
arasından bir də burjuaziya sinfi meydana
çıxmaqdadır. İndi Bakı
burjuaziyası bütün Rusiya müsəlmanları içərisində
ən zənginidir. XIX yüzilliyin sonlarında neft sənayesinin
inkişafı onun tarix səhnəsinə çıxmasına təkan vermişdir.
Yuxarıda sadaladıqlarımıza ayrıca olaraq həm də imamlar,
axundlar, müəllimlər, müdərrislər, işanlar
(təqiqət başçıları), həkimlər, vəkillər,
yazıçılar, qəzetçilər, siyasət
adamları - bir sözlə, ruhanilər və ziyalı təbəqənin
təmsilçiləri də əlavə edilməlidirlər.
Türk qövmlərini iqtisadi maraq və
məşğuliyyət baxımından üç yerə
bölmək mümkündür:
əkinçilik və maldarlıqla məşğul
olan kəndlilər, ticarət və sənaye ilə məşğul
olan, eyni zamanda torpaq və binalara da sahiblənən şəhərlilər,
böyük malikanələri daimi gəlir qaynağı olan əsilzadələr.
Bu siniflər arasında əsasən iri
burjuaziyanın nümayəndələrindən bəziləri
böyük sənaye sahblərinə çevrilmişlər
ki, onların da ən tanınmışları Bakı,
Simbirsk, Kazan, Orenburq və Saratov kimi şəhərlərdə
yaşamaqdadırlar. Simbirsk və Saratov əyalətlərində
tam şəkildə müasir tələblərə cavab verən
20-30 türk fabriki çalışmaqdadır. Türküstanın bir çox yerlərində də
pambıq-iplik fabrikləri, buxarla işləyən dəyirmanlara
təsadüf edilməkdədir. Omolsda bəzi
qızıl və platin yataqları da türklərin əlindədir.
Türklər son zamanlarda nəqliyyat
sahəsi ilə də yaxından maraqlanırlar. Kineşmada
bir tatarın Volqa çayı üzərində çoxlu
yük gəmiləri daşımaçılıqla məşğuldur.
Bakının ən
məşhur zəngini Hacı Zeynalabdin
Tağıyevin Xəzər dənizində ticarət donanması
mövcuddur. Orta Asiya ticarətində
mühüm yer tutan Musabəyovlar yalnız bölgənin
deyil, bütünlükdə Rusiyanın ticarət işləri
ilə yaxından maraqlanmaqdadırlar. Lakin
bütün bunlara baxmayaraq türk əhali sənaye sahələrindən
daha çox əkinçiliyə, heyvandarlığa və
ticarətə meyl göstərirlər. Şimalda
yaşayan türklər artıq müasir metodları əkinçiliyə
tətbiq etməyi bacarırlar. Kazan,
Qasımov və Troitskin zəngin burjualarının
ilxılarında yetişdirilən cins atlar Moskva, Nijni-Novqorod
cıdırlarında tez-tez ən yüksək mükafatlara
layiq görülür. Orta Asiya türklərinin
ticarəti əsas etibarı ilə xammal satışından
ibarətdir. Bunun müqabilində Rusiya və Avropadan hazır məhsullar
idxal edirlər. XVIII-XIX yüzilliklərdə
Rusiya ilə Orta Asiya arasındakı ticarət əlaqələrində
əsas rol oynayanlar Kazan türkləri idi. Onlar eyni fəaliyyəti bu gün də qismən
davam etdirirlər. Son zamanlarda Kazanda bir də
poliqrafiya sənayesi geniş yayılmağa başlayıb.
Şərq və şimaldakı türklərin
ehtiyac duyduqları əksər çap məhsulları burada
nəşr olunmaqdadır.
Türklərin iqtisadi səviyyəsinin
yüksəlməsi onların milli və dini kimliklərini
mühafizə etmək baxımından böyük əhəmiyyətə
malikdir. Bu milli kimliyin əsas qoruyucuları orta təbəqədir.
Rusiya hökuməti təbəələrinin hamısından
eyni miqdarda vergi toplasa da, türk təbəələrinin mənəvi
ehtiyaclarını ödəmək üçün beş qara qəpik xərcləməyə də
xəsislik edir. Ona görə də Rusiya
türkləri təhsillə, habelə digər mənəvi
ehtiyaclarla bağlı bütün xərcləri özləri
çəkməli olurlar. Bu baxımdan
yanaşdıqda, indiki şəraitdə hətta ikiqat vergi
ödədiklərini söyləmək mümkündür.
Rusiya hökuməti türklərin iqtisadi
imkanlarının genişlənməsinin onların milli
varlıqlarını mühafizə etmək yolunda sağlam təməl
və əsas vasitə olduğunu yaxşı bildiyindən hər
vasitə ilə bu iqtisadi müstəqilliyin
qarşısını almağa çalışır.
Türk əhalinin
sənaye və ticarət həyatlarını əngəlləyən
müxtəlif yasaqlara, qadağalara əl atılır. Məsələn,
Şimali Qafqaz türkləri iqtisadi inkişaf
baxımından böyük uğurlar qazana biləcəkləri
yerlərdə
torpaqlarını qoyaraq getməyi (XIX əsrin
60-cı illərindən etibarən qumuqların, noqayların,
çərkəslərin və digər Şimali Qafqaz
xalqlarının Osmanlı imperiyasına köç etmələri
nəzərdə tutulur - Tərc.) daha fərz bilmişdilər.
XIX əsrin sonlarından etibarən Rusiya bu
cür ağrılı üsullara əl atmamağı tərcih
edir. Əvəzində, ilk baxışdan
daha üzə gülücü, xoş görünən
metodlardan istifadə olunur.
Lakin yüz illər boyu davam edən
bütün təzyiqlərə rəğmən türklər
səbatla öz yerlərində dayanmaqda, hətta son illərdə
irəli getməkdədirlər. Dillərini, dinlərini,
məscidlərini, mədəniyyətlərini mühafizə
etdikləri kimi XIX yüzilliyin ikinci yarısından
başlayaraq intellektual sahədə nəzəri çəkən
uğurlar da qazanmağa başlayıblar. Bu hərəkat
ilkin mərhələdə mədrəsələrdən
qaynaqlansa da, tezliklə qərbyönlü fikirləri də mənimsəyib
özündə ehtiva etmişdir. Proses orta təbəqədən
də müdafiə görməkdədir.
İbtidai məktəb və mədrəsələr
digər islam məmələkətlərində
mövcud olanlardan o qədər də fərqlənmir. Buxara,
Səmərqənd, Kazan, Şirvan, Dərbənd, Bağçasarayda indi
də bu tipli tədris müəssisələri fəaliyyət
göstərməkdədir. Şəhər və
qəsəbələrdə demək olar ki, hər bir məscidlərin
yanında ən azı bir məktəb mövcuddur. Qızlar əsasən evdə təhsil
alırlar. Məscid məktəblərində ərəbcə
Quran təlimi, bir az da din dərsləri oxudulur.
Bəsit şəkildə ana dili və hesab
öyrədilir. Mədrəsələrdə isə ərəb
dili, məntiq, ritorika, fiqh (müsəlman hüququ - V.Q.) və
bir az fars dili artıq elmi-nəzəri tərzdə
tədris olunur. Türk əhali arasında belə tədris üsulu XIX əsrin
70-ci illərinə qədər davam etmişdir. Müasir
pedaqogikanın tələblərinə cavab verməsə də,
o, həyatını
idarə edə biləcək qədər ayıq və
gözü açıq insan yetişdirməyə kafi idi.
Quran qiraətinin hər bir müsəlman üçün
vacib sayılması
rus kəndliləri ilə müqayisədə
türklərin daha böyük hissəsinin savada yiyələnmələrini
zərurətə çevirmişdi.
XIX əsrin ikinci yarısında
türklər arasında yeni intellektual hərəkat
başlandı. Şimal türklərinin
nümayəndələrindən Əbu Nəsr Kursevi, Şəhabəddin
Mərcani və Kayyum Nasıri həmin hərəkatın
öndərləri idi. Azərbaycan
türkləri isə Mirzə Fətəli Axundzadə və
Həsən bəy Zərdabinin simasında
öncüllüyü əllərinə aldılar. Fəqət, hərəkat sözün əsl mənasında
İsmayıl bəy Qaspralının gəlişi ilə
canlandı. İsmayıl bəy 1882-ci ildə
türkcə “Tərcüman” adlı qəzetin nəşrinə
başladı. Yeni mətbu orqan ilk
saylarından təhsil islahatı məsələsini
bütün aydınlığı və kəskinliyi ilə
ortaya qoydu. Son dörddə bir əsrlik müddət ərzində
Rusiya türklərini məşğul edən məktəb məsələsi ilk
baxışdan asan görünür. İsmayıl
bəy bütün tədris ocaqlarında təhsil dili kimi ana
dilinin, müasir pedaqoji metodların tətbiqini son dərəcə
mühüm sayırdı.
Onun maarif işi ilə
bağlı tövsiyələri “üsuli-cədid” adı ilə
tanındı.
Yeni sistem getdikcə daha geniş yayılmağa
başladı. Sosial həyatın
çeşidli sahələrinə, fəaliyyətlərinə
öz təsirini göstərdi. Zamanla
“üsuli-cədid” tərəqqi hərəkatının
başlıca formuluna çevrildi. Tərəqqi
tərəfdarları ilə mühafizəkarlar
arasındakı mübarizə Rusiya türklərinin son
yüz ildəki həyatlarının başlıca məzmununu
təşkil etmişdi. İsmayıl bəy
yorulmaz əzmkarlıq və aydın məqsədlə otuz ilə
yaxın mübarizəsini sürdürdü. Ölümünə yaxın (1914) fikirlərinin zəfərini
görmək ona nəsib oldu. Qarşıya qoyulan hədəfdə
iki cərəyan birləşirdi: türk qövmlərinin
milli-mədəni özünəməxsusluğunun mühafizəsi,
tərəqqi hərəkatında dini islahatın
öncül yerlərdən birini tutması. Hərəkatın
öndərləri də mədrəsələrdə
yetişmiş insanlar idi. İslamın müasir həyatla
münasibətlərinin tənzimlənməsi onların
fikirlərini ciddi
məşğul edirdi. Lakin buna baxmayaraq yalnız XIX yüzilliyin
sonlarına doğru Musa Cərullah
Biqiyev dini islahatın vacibliyi fikrini açıq şəkildə
dilə gətirmişdi. Yalnız o, Allahla qul
arasına girmək niyyətinə düşən nüfuz
sahibləri ilə qarşı-qarşıya gəlmək
üçün özündə qüvvə tapdı,
bütün məsələlərdə yalnız Qurana əsaslanmağın
vacibliyi qayəsi üzərində israrla dayandı. Təhsilinə
Kazanda başlayan, Buxara, İstanbul, Hindistan və Misirdə davam etdirən bu saratovlu
din mübəlliği hər bir müsəlmanın dini və
əxlaqi həyat qaydalarını Qurandan əxz etməli olduğu
fikrini aşılayır və əks mövqedə dayanan təfsirçilərə
qarşı qətiyyətlə çıxırdı. Onun
inanclarına görə, islam milliyyətə və milli
dillərə münasibətdə əks mövqe tutmur. Hətta Allahın inayəti də yalnız müsəlmanlara
aid deyildir. (“Rəhməti-ilahiyyə
bürhanları” kitabından). Bu fikir də
bizim Rusiya müsəlmanlarının orta təbəqələri
arasında uğurla yayıldı.
Ədəbiyyat mövzusuna gəldikdə
əski türk ədəbiyyatdan ətraflı bəhs
açmağa burada imkan yoxdur. Əski ədəbiyyat
xadimləri milli dili bütün saflığı ilə
mühafizə etmişdilər. Yeni ədəbiyyata gəldikdə
isə onun iki başlıca mərkəzi vardır: Bakı və
Kazan. Hər iki şəhər mədəni mərkəz
kimi yaşadığımız yüzilliyə qədər
sürətli inkişaf yolu keçib. Bu
nöqtədə Osmanlı türkləri və qismən də
ruslar vasitəsi ilə yayılan Avropa ədəbiyyatının
böyük təsirini də etiraf etmək lazımdır.
Yeni türk ədəbiyyatı Qərbin yeni ədəbi
janr və şəkillərini (roman, dram əsərləri, tənqid)
əxz etməyi bacardı. Eyni zamanda
onlardan istifadə zamanı milli olmağa da mühüm diqqət
yetirdi. Həsən bəyin “Əkinçi” qəzeti ilə
başlayan mətbuat fəaliyyəti 1905-ci il
inqilabından sonra sürətlə inkişaf etməyə
başladı.
İndiyədək pedaqoji
istiqamətli ədəbiyyat daha zəngin nümunələri
ilə tanınır. Rus mədəniyyətinin Rusiya türkləri
üzərindəki faydalı təsirini inkar etmək olmaz.
Lakin bu mədəniyyətin özünün
qaynaqlarından biri Bizans ortodoks kilsəsidir. Məhz bu səbəbdən də orada Avropa mədəniyyətinin
əsas keyfiyyət və xüsusiyyətlərini tapmaq
müşkül məsələdir. Bu da
rusların yaydıqları mədəniyyəti daim şikəst
bir hala salmışdır. İşin pis
tərəfi isə rusların öz mədəniyyətlərini
yayarkən milli mədəniyyətləri yox etmək məqsədi
güdmələridir. Əksər hallarda
qeyri-rus millətlərin mədəniyyətinə
qarşı çevrilmiş senzura tətbiqi və məhdudlaşdırmalar
çox hücumçu xarakter alır. Quran
tədrisinə də zaman-zaman təzyiqlər göstərilmiş,
bəzi ayələrin məktəblərdə oxunmasına
qadağa qoyulmuşdu. Türk xalqları
oyundıqca, rusların da milli mədəniyyətə
qarşı təzyiqləri artmağa
başlamışdı. Dini mövzular
istisna olunmaqla ərəbcə və türkcə təhsil
yasaq edilmişdi. Təhsil qanununa görə
hesab, tarix, coğrafiya kimi fənlər yalnız rus dilində
tədris olunmalı idi. Bir müddət
sonra eyni qanun yalnız hökumət məktəblərinə
deyil, mədrəsələrə də şamil edildi. Ən sonda isə başqa bir qanunla ana dilində tədrisin
yalnız ibtidai siniflərdə aparılmasına izn verildi.
Amma şiddətli
təzyiq və ağır senzura şərtlərinin
ardınca 1905-ci il inqilabı nəticəsində hər
şey müəyyən müddətə dəyişdi. Türklər də liberal və tərəqqipərvər
hərəkatlara qoşuldular.
Əsas etibarı ilə Qafqaz,
Krım və Kazanda beş-altı mətbuat orqanı təsis
olundu. 1905-1906-cı illərdə qəzet və dərgilərimizin
sayı 30-a çatdı. Rus hökumətinin
izin illər boyu əzməyə
çalışdığı milli şüurun
oyanış mərhələsinə qədəm qoyması
artıq meydanda idi. Türklər Rusiya Müsəlmanları
İttifaqı adlı
siyasi partiya qurdular. Bu partiyanın
proqramı Konstitusiyalı Demokrat Partiyasının (kadetlər
- Tərc.) proqramına bənzəyirdi. Birləşmə
ideyasına yalnız üç qurultay keçirildikdən
sonra gəlmək mümkün oldu. Rusiya türklərinin
yaşadıqları bütün bölgələri təmsil
edən 800 nəfərdən çox nümayəndənin
qatıldığı Nijni-Novqoroddakı
üçüncü qurultay zamanı Müsəlman
İttifaqının proqramı böyük coşqunluqla səsverməyə
qoyuldu.
Gənc yazar və qəzetçilərdən ibarət kiçik bir zümrə proqrama müxalif mövqe tutdu. Çünki onu tələb olunduğundan daha mötədil sayırdılar. Sosialist mövqelərində dayanan həmin radikal zümrənin rəhbərləri milliyyətçilik məcrasında İttihadın məqsəd və məramına daha çox yaxınlaşırdılar. Birinci və İkinci Dövlət Dumalarında Rusiya Müsəlmanları İttifaqı 30 millət vəkili mandatı qazana bilmişdi. Türklər siyasi fəaliyyətə ciddi bir nizam-intizamla başlamışdılar. Türkləri millət vəkilləri arasında rusların böyük heyrətlə qarşıladıqları Avropa universitetlərini bitirmiş yüksək bilik, mədəniyyət sahibləri vardı. Birinci və İkinci Dumada türk millət vəkilləri öz haqlarını əldə etmək üçün liberallarla birlikdə çalışdılar. 3 iyun 1907-ci il hökumət çevrilişi qeyri-rus xalqlarla bir sırada həm də orta sinfə qarşı çevrilmişdi. Nəticədə Orta Asiya xalqları parlamentdə təmsilçilik hüququnu itirdilər. İkinci Dumadakı 39 türk millət vəkili ilə müqayisədə Üçüncü Dumada yalnız 10 türk millət vəkili qalmışdı. Lakin yenidən başlayan bütün təqiblərə baxmayaraq türklər mədəni muxtariyyətlərini qorumaq səylərindən geri çəkilmədilər. Amma bəziləri bunun çar Rusiyasına boyun əymək, güzəştlərə getmək yolu ilə əldə ediləcəyini düşünürdülər. Son illərin hadisələri isə bu yolun tamamilə qeyri-məqbul olduğunu göstərdi. Rusiya Türk-Tatar Xalqlarının Hüquqlarının Müdafiə Komitəsinin qurulması rus hökuməti ilə türklər arasında son dövrlərdə yaranmış münasibətin nəticəsidir.
Türkcə
mətn əsasında hazırlayan Vilayət Quliyev
Əli bəy
Hüseynzadə
525-ci qəzet.-
2017.- 25 fevral.- S. 14-15.