Cümhuriyyətə aparan yollar: Türk dünyasının
sözçülüyü
missiyası
Müstəqillik elə nemətdir
ki, onun uğrunda hər yola baş vurmaq olar.
Bənzər
düşüncədən çıxış edən
Qafqaz xalqları nümayəndələri (təbii ki, ermənilər
istisna olunmaqla ilə) Rusiya imperiyasının Birinci Dünya
savaşında uğradığı məğlubiyyətləri
görüb ürəklərində yaşatdıqları
azadlıq və milli dövlətçilik arzusunu gerçəkləşdirmək
niyyətinə düşmüşdülər. Əgər hakimiyyətə
gəlməyə can atan bolşeviklər Rusiyanın
müharibədə məğlubiyyəti ideyasını təbliğ
edirdilərsə, imperiya zülmü altındakı “ögey
övladlar” - Rusiya türkləri vəziyyətdən
nə üçün yararlanmamalı idilər? Belə bir şəraitdə
siyasi təşkilatlanma və aparıcı Avropa
hökumətləri ilə danışıqlar yolunda ilk təşəbbüslər
göstərilmişdi.
Bu məqsədlə 1915-ci
ilin payızında ilk “Qafqaz Komitəsi”
yaradılmışdı. Onun tərkibinə knyaz Arçil
Maçabeli, Kamil bəy Toqiridze (gürcü və acar),
İssa Paşa, Əziz Meker (Qafqaz dağlıları) və
azərbaycanlı Səlim bəy Behbudov (Paris Siyasi Elmlər Məktəbinin
məzunu Səlim bəy 1935-ci ildə İsmayıl
Qutqaşınlının məşhur “Rəşid bəy və
Səadət xanım” romanını Azərbaycan dilinə tərcümə
etməklə milli mədəniyyət tarixində özünə
yer tutmuşdu-V.Q.) daxil idilər. Komitəyə
Osmanlı imperiyasında yüksək məqam sahibi olan
çərkəz əsilli Fuad Paşa rəhbərlik edirdi. Komitə 1916-cı ilin yanvarında
Vyana və Berlində olmuş, yanvarın 16-da Antanta dövlətlərinə
memorandum göndərmişdi. Sənəddə Qafqaz
xalqlarının acınacaqlı vəziyyəti təsvir
olunur, azadlıq uğrunda mübarizənin təmini, habelə
gələcəkdə 4 müstəqil dövlətdən
ibarət Qafqaz Konfederasiyasının qurulması
üçün maddi və mənəvi
yardım göstərilməsi xahiş edilirdi.
Qafqaz Komitəsi ilə eyni
vaxtda İstanbulda Yusif Akçuranın rəhbərliyi
altında “Rusiya zülmü altındakı türk-tatar
müsəlmanlarının hüquqlarını müdafiə
komitəsi” adlı başqa bir qurum da
yaradılmışdı. Komitənin üzvləri
sırasına Əli bəy Hüseynzadə (Azərbaycan),
Mehmet Əsəd bəy Çələbizadə (Krım),
Mükiməddin Beycan bəy (Buxara) daxil idilər. Həmin dövrdə Osmanlı Məclisi-Məbusanının
(Parlament) üzvü olan Əhməd Ağaoğlu qurumun rəsmi
üzvləri sırasına daxil olmasa da, onun bütün tədbirlərində
yaxından iştirak edirdi. İstanbulda
yaranan təşkilat dövrün elmi ədəbiyyatında
daha çox “Akçura-Hüseynzadə Komitəsi” kimi
tanınırdı. Komitə Osmanlı imperiyasında,
Bolqarıstanda, Almaniyada, Avstriya-Macarıstanda, İsveçrədə
və b. ölkələrdə Rusiya türklərinin,ilk
növbədə isə azərbaycanlıların
üzləşdikləri problemlərlə bağlı
konfranslar, mühazirələr təşkil edir, çap
materialları və sənədlər yayırdı.
Akçura-Hüseynzadə
Komitəsi hələ 1915-ci ilin dekabrında Budapeştdə
alman dilli “Pester Lloyd” qəzeti vasitəsi ilə
yaydığı memorandumda Avropa ölkələrinin diqqətini
Rusiya türklərinin faciəli vəziyyətinə və
müstəqillik arzusuna cəlb etmişdi. Memorandum
aşağıdakı təsirli sözlərlə bitirdi:
“Əllərimizi göyə qaldıraraq yalvarırıq -
bizi Rusiyanın əsarət zəncirindən xilas edin!”
Alman tarixçisi G.Yaşke 1937-ci ildə
“Şimali Kafkasiya - Severniy Kavkaz” adlı mühacir nəşrdə
çap etdirdiyi “Rusiyanın müstəmləkə əsatəri
altındakı xalqları 1916-cı il Lozanna konfransında”
adlı məqaləsində Komitənin fəaliyyəti
üzərinə işıq salaraq yazırdı: “Həmin
dövrdə həlli o qədər də asan olmayan Rusiya
türklərinin azadlığı ideyasını irəli
sürən Akçura-Hüseynzadə Komitəsi bu işin
praktiki həlli üçün siyasi konsepsiya hazırlamaq
iddiasından uzaq idi. Lakin bununla belə, Rusiya
türklərinin milli müstəqillik niyyətlərini beynəlxalq
miqyasda yaymaq baxımından Akçura-Hüseynzadə Komitəsinin
fəaliyyətinin, heç şübhəsiz, son dərəcə
böyük əhəmiyyəti vardı”.
Göründüyü kimi,
1915-ci ilin sonlarından etibarən Türkiyə və Avropada
Rusiya türklərinin müstəqilliyi uğrunda ideoloji
mübarizə başlanmışdı. Bu mübarizənin
öncülləri sırasında M.Ə.Rəsulzadə,
Ə.Topçubaşov, F.Xan-Xoyski kimi görkəmli
ictimai-siyasi xadimlərimizlə birlikdə Azərbaycandan kənarda
yaşasalar da mənsub olduqları xalqın müstəqilliyi
məsələsində dönməz mövqe tutan Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlu kimi geniş əlaqələrə
və böyük intellektual potensiala malik
soydaşlarımız da vardı.
Əli bəy Hüseynzadənin mətnini aşağıda təqdim etdiyim
nitqi 1916-cı il yanvarın 12-də “Rusiya zülmü
altındakı türk-tütür müsəlmanlarının
hüquqlarını müdafiə komitəsinin” Berlində
keçirdiyi Türk Xalqları Konqresində söylənmişdir.
Yuxarıda adı çəkilən professor G.Yaşkenin məlumatına
görə həmin konqresin materialları Berlində
çıxan “Das Grössere Deutschland” jurnalının 17-ci
sayında (1916-cı il) çap
edilmişdir.
Vilayət
QULİYEV
525-ci qəzet.-
2017.- 25 fevral.- S. 14.