Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ səfirliyi arasında anlaşma memorandumu
imzalanıb
Fevralın 23-də mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı
səfiri Robert Sekuta
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Gəncə şəhəri, Xaçmaz, Salyan və Kürdəmir
rayonlarında fəaliyyət göstərən kitabxanalarda
Amerika guşələrinin yenidən açılmasına dair
Mədəniyyət və Turizm Nazirliyi ilə Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı səfirliyi
arasında anlaşma memorandumu imzalandı.
Nazir Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, imzalanan sənəd uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yeni memorandumun imzalanması ilə bu iş daha da geniş vüsət alacaq. Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq.
Nazir həmçinin mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda ABŞ-ın yaxından iştirak edəcəyinə ümidvar olduğunu dedi. Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamı ilə iki ildən bir keçirilən bu mötəbər tədbirin təşkilatçılığı Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.
Əbülfəs Qarayev Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi dünyanın aparıcı təşkilatları tərəfindən dəstəkləndiyini vurğuladı: “İnanıram ki, Birləşmiş Ştatlar da bu maraqları nəzərə alaraq layihəyə yaxından diqqət ayıracaq. Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət Katibliyinə göndərilib”.
Nazir səfiri ABŞ-dakı yeni administrasiya dövründə ilk imzalanmış müqavilə münasibətilə təbrik edərək Azərbaycan və ABŞ arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Robert Sekuta öz növbəsində bildirdi ki, anlaşma memorandumu hər iki tərəf üçün faydalı olacaq, həm Azərbaycan, həm də ABŞ vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək: “Nəzərə alsaq ki, bura təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm də daxildir, o zaman Amerika turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq”.
Vurğulandı ki, Amerika guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq. Bu layihə həm də azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir: “ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.
Görüş
iki ölkə arasında mədəniyyət
və turizm sahəsində
qarşılıqlı əlaqələr mövzusunda
fikir mübadiləsi ilə davam etdi.
525-ci qəzet.-
2017.- 25 fevral.- S.13.