“Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” təqdim edilib

 

Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun və “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyanın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar akademiyanın foyesində Xocalı soyqırımına həsr edilən rəsm sərgisi ilə tanış olublar. Sərgidə AMEA-nın əməkdaşlarının 15 əsəri nümayiş olunub.

Tədbir çərçivəsində “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri cinayətlərdən söz açıb. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini söyləyib.

Akademik İ.Həbibbəyli qeyd edib ki, Xocalı söyqırımının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlılması Prezident İlham Əliyevin xarici siyasətinin tərkib hissəsini təşkil edir. Bu faciənin digər ölkələr tərəfindən tanıdılmasında Heydər Əliyev Fondunun mühüm xidmətləri olub. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsi soyqırımı aktı kimi tanınır.

AMEA-nın rəyasət heyətinin müvafiq qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyətindən söz açan akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirilib ki, komissiya tərəfindən bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının elmitarixi əhəmiyyətindən danışan akademik yeni nəşrdə ilk dəfə vizual incəsənətdə soyqırımı mövzusuna aid materialların ümumiləşdirilərək dərc olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, kitabda soyqırımı anlayışının sosial-hüquqi statusu məsələlərinə aydınlıq gətirilir, Azərbaycan və xarici ölkələrin təsviri sənətində bu mövzuya müraciət edən rəssam və heykəltaraşların yaradıcılığı təhlil olunur. Həmçinin soyqırımı hadisələrinin incəsənətdə təcəssümü, onun məzmununa, xarakterinə və ideya-estetik mündəricəsinə təsiri məsələləri işıqlandırılır.

AMEA-nın vitse-prezidenti təqdim edilən kitabın beynəlxalq ictimaiyyəti, o cümlədən türk dünyasını Xocalı soyqırımı barədə daha ətraflı məlumatlandırmaq baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, onun xarici dillərə tərcümə olunmasının vacibliyini vurğulayıb.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Xocalı faciəsi təsviri sənətdə” mövzusunda məruzəsində bu soyqırımının Azərbaycan incəsənətində geniş təsvir olunduğunu və bır sıra sənət adamlarının bu mövzuya müraciət etdiklərini söyləyib.

Tədbirdə “Xocalı soyqırımı: poetik fəryaddan ümumbəşəri ittihama” və digər mövzularda məruzələr dinlənilib.

 

525-ci qəzet.- 2017.- 25 fevral.- S.13.