Samir Kaçayevin əsərləri Şamaxıda sərgilənir
Şəhid-heykəltaraşın
"Xalq əmanəti"nə çevrilmiş
yaradıcılığı doğma yurdunda nümayiş
etdirilir
Xəbər verdiyimiz kimi,
2016-cı il dekabrın 16-da “Xalq Əmanəti” layihəsi
çərçivəsində “Samir Kaçayev. Heykəltəraşlıq”
bədii albomu təqdim olunmuş və bankın Əsas
binasında heykəltəraşın əsərlərinin sərgisi
açılmışdır. Şəhid-heykəltəraşın
yaradıcılığına marağın yüksək
olması səbəbindən yanvar ayının sonunadək fəaliyyət
göstərən sərginin Samir Kaçayevin doğulub
boya-başa çatdığı Şamaxı rayonunda təşkil
edilməsinə qərar verilmişdir. 2017-ci il fevral
ayının 21-də bədii albomun təqdimat mərasimi və
gənc heykəltəraşın əsərlərindən
ibarət sərginin açılışı bankın
“Şamaxı” filialında keçirildi. Şamaxı rayonunun
ictimaiyyət nümayəndələri, şəhidin ailə
üzvləri, həmyerliləri və dostlarının
iştirak etdiyi tədbirdə Samir Kaçayevin
yaradıcılığı, onun qısa, lakin zəngin həyatı
haqda söz açıldı, xatirəsi yad edildi. Tədbirdə
Şamaxı rayonu Ağsaqqallar şurasının sədri
Mayıl Alcanov, mədəniyyət işçisi Rafail
Tağızadə, Qobustan rayonu zayalıları adından
Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi
Güntəkin Hümmətov, Samirin dostları və atası
çıxış etdilər.
Tədbirin sonunda qonaqlar sərgi salonunda Samir Kaçayevin
yaradıcılığı ilə yaxından tanış
olmaq imkanı qazandılar.
Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, plastilindən heykəlciklər düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Samir 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə bölgəsində keçirdi. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadət göstərən Samir Kaçayev ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olmuşdur: o, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanmışdır. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.
ASC “Xalq” Bankının 2010-cu ildən həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.
Samir Kaçayevin əsərlərinin sərgisi fevral ayının 22-dən mart
ayının 20-dək Xalq Bankın
“Şamaxı” filialında (Ünvan:
Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət
göstərəcək. Sərgini, iş
günləri saat 18:00-dan 21:00-dək,
şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr
etmək mümkündür.
525-ci qəzet.-
2017.- 25 fevral.- S.12.