Məhəmmədhüseyn Şəhriyar - şeirimizin
ədəbi şöhrət zirvəsi
Müasir Azərbaycan ədəbiyyatının
qüdrətli şəxsiyyətlərindən biri də
Seyid Məhəmmədhüseyn Şəhriyardır.
“Şəhriyar” təxəllüsü ilə çağdaş
dünyanın fars və türk dilli regionlarında məşhurlaşan,
yaradıcılığı xalq kütləsinin müxtəlif
təbəqələri arasında geniş miqyasda yayılan və
kütləvi sürətdə oxunan Seyid Məhəmmədhüseyn
Mirağa oğlu Xoşginabi həm də XX əsr Şərq
şeirinin nadir simalarındandır.
Ədəbiyyatşünas alimlər,
xüsusilə şərq poeziyasının biliciləri və
araşdırıcıları belə ümumi bir rəydədirlər
ki, “son altı
yüz ildə Şəhriyar lirikası Hafizdən sonra
bütün sələflərindən üstün mövqe
tutmaqdadır”. (Q.Beqdeli) Əlbəttə, sitatda Hafizlə əlaqədar
müəyyən mübahisə çalarları olsa da,
Hafizin fars dilli şeirin inkişafı tarixində tamamilə
yeni və orijinal bir mərhələ təşkil etdiyini nəzərə
alsaq, ədəbi inqilabı ona bərabər və
üstün tutulan Şəhriyarın poetik qüdrəti haqqında aydın təsəvvür hasil etmək
olar.
Bu mənada Şəhriyar lirikası
yaradıcılığı ilə Şərq
xalqlarının poetik təfəkkürünü zənginləşdirən
və yeni - yeni çeşnilərlə onu rövnəqləndirən
Nizami, Xaqani, Sədi, Hafiz, Xəyyam,
Cami, Füzuli, Seyid Əzim, Sabir, Bahar kimi şairlər silsiləsində
yeni ədəbi zirvə təşkil edir.
Şəhriyar şeirinin qüdrəti
bütün klassiklərdə olduğu kimi məzmun və
formanın vəhdətdə olub, insan şüuruna və hissinə
sərrast təsir göstərməklə məhdudlaşmır. Onun zəngin
yaradıcılığı çox çalarlı və
müxtəlif istiqamətlidir. Bu sənətdə
ümumbəşəriliklə yanaşı, mənsub
olduğu cəmiyyətin, yaşadığı
mühitin hadisə və əhvalatlarının həyati, fəlsəfi
və tarixi anlamda dərki və qiymətləndirilməsi əsas
yerlərdən birini tutur.
Şəhriyar bütün
mütərəqqi sələfləri kimi hər şeydən
əvvəl öz əsrinin oğludur. Onun
yaradıcılığında İran siyasi - ictimai
mühitinin əlli ildən artıq bir mərhələsi,
sosial mühitin
doğurduğu duyğular poetik ifadəsini
tapmışdır. Şəhriyar
yaradıcılığı İran sosial mühitinin mürəkkəb
inkişaf mənzərəsini öyrənmək
baxımından aktualdır.
M.Şəhriyar 1906 - cı ildə
(1285 şəmsi - şəhrivər ayında) Təbriz şəhərində, Mirzə Nəsrullah
bazarçasında Hacı Mirağa Xoşginabi adı ilə
məşhur olan Seyid İsmayıl Müsəvinin ailəsində
dünyaya göz açmışdır.
Şairin atası Nəcəfdə
təhsil almış hüquqşünas alim idi. Nəcəfdə
Hacı Mirağa Xoşginabi ilə eyni vaxtda Hacı Molla Qədir
adlı birisi də təhsil almışdır. Onlar
yüksək elmi bilikləri mənimsədikləri
üçün nəinki Təbrizdə, həmçinin bütün
İranda məşhurlaşmışdılar. Onlar
İranın görkəmli vəkilləri kimi Təbrizin
şöhrətini hər yana
yaymışdılar. Hacı Mirağa elpərvərliyi, qonaqpərvərliyi
ilə bütün İranda məşhur idi.
Şair “Heydərbabaya salam”
poemasında atasını belə təqdim edir:
Mənim atam süfrəli bir
kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra
qalmışıydı,
Ondan sonra dönərgələr
dönüblər,
Məhəbbətin
çıraqları sönüblər.
Şəhriyar atasını
həmişə hörmətlə yad etmiş və “Heydərbabaya
salam” poemasında yazdığı izahatda onun haqqında
geniş məlumat vermişdir.
Şair yazıb -
oxumağı evdə atasından öyrənsə də,
ibtidai təhsilini Molla İbrahim axundun Qayışqurşaqda
açdığı məktəbdə almışdır. Ustadın kənd xatirələrinin
bir qismi unudulmaz müəllimi ilə bağlıdır:
Heydərbaba, Molla İbrahim
var, ya yox?
Məktəb açar, oxur
uşaqlar, ya yox?
Xırman üstü məktəbi
bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salami-malakəlam.
Şəhriyar ibtidai və
orta təhsilini “Müttəhidə” və “Füyuzat” məktəblərində
başa çatdırır. “Talibiyyə”də ərəb
ədəbiyyatı üzrə təhsil alır. Bu illərdə
o, fransız
dilini öyrənmək üçün fransalı bir ailəyə
tapşırılır.
M.Şəhriyar 1920 - ci ildə
Təbrizdən Tehrana gedir. Doğma şəhərində
natamam orta təhsil alan gənc ölkənin
baş şəhərində tam orta təhsil verən
“Darülfünun” adlı xüsusi məktəbə daxil olur.
O burada üç il oxuyur. Orta
təhsil haqqında sənəd əldə edən Məhəmmədhüseyn
1924 - cü ildə Tehran universitetinin Tibb fakültəsinə
daxil olur. O, 1924 - 1928 - ci illərdə universitetin
mülki Tibb fakültəsində oxuyur. 1928 - ci
ildə hərbi həkimlər hazırlayan qrupa
köçürülür. Bəlalı sevgi əhvalatı
onun universitetdən uzaqlaşmasına səbəb olur. Şəhriyar Tehranı tərk edib Nişabura gedir.
Bir müddət orada yaşadıqdan sonra
atasının ölüm xəbərini eşidib Təbrizə
qayıdır. Daha sonra Tehrana köçür...
Şəhriyar həyatının
ən maraqlı dövrü onun Təbrizə
dönüşündən sonra başlayır. Keçən
əsrin 50-ci illərinin əvvəllərində Təbrizə
dönən Şəhriyar ömrünün sonuna qədər
(1988) burada yaşayır.
M.Şəhriyar həm fars, həm də Azərbaycan dillərində
yazıb-yaratmışdır. Düzdür, o
yaradıcılığının ilk dövrlərində əsasən
fars dilində, sonrakı mərhələdə
isə həm də Azərbaycan dilində
yazmışdır.
Lakin hansı dildə yazmasından
asılı olmayaraq, Şəhriyar xalqına, elinə
bağlı olmuş, yaradıcılığında əksəriyyət
təşkil edən farsdilli nümunələrdə belə
doğma torpağına, doğma xalqına sədaqətli
olduğunu nümayiş etdirmişdir:
Dedin: Azər elinin
bir yaralı nisgiliyəm mən,
Nisgil olsam da gülüm,
bir əbədi sevgiliyəm mən,
Yad məni atsa da,
öz gülşənimin
bülbülüyəm mən,
Elimin farsıca da
dərdini söylər diliyəm mən.
Həqqə doğru nə
qaranlıq isə,
el məşəliyəm mən.
Əbədiyyət gülüyəm
mən!
Şəhriyarın zəngin
yaradıcılıq irsi özünün mövzu dairəsinə,
əhatə imkanlarına görə olduqca genişdir. Şəhriyar
poeziyasını mövzu dairəsinə görə
aşağıdakı kimi qruplaşdırmaq məqsədəmüvafiqdir.
1. İctimai-siyasi şeirlər
2. Məhəbbət lirikası
3. Təbiət təsvirli şeirlər
4. Tərcümeyi-hal xarakterli
şeirlər
5. Dini mövzulu şeirlər
Qeyd etməliyik ki, mövzu
baxımından geniş, forma baxımından rəngarəng
olan Şəhriyar yaradıcılığının zirvəsi
“Heydərbabaya salam” poemasıdır. Heydərbaba dağ
adıdır. “Heydərbabaya salam” isə
möhtəşəm bir sənət dağıdır.
Şəhriyar “Heydərbabaya salam” əsəri
ilə “Azərbaycan türkünün milli həyatını
bütün cəhətləri ilə göstərməyə
müvəffəq ola bilmişdir” (Əhməd Cəfəroğlu).
Bu əsər illərdən bəri Vətəndən
ayrı düşmüş, Vətən həsrəti, Vətənə
qovuşmaq arzusu ilə yaşayan, Vətən
üçün qəlbi yanan Şəhriyarın ürəyində
dönə-dönə təkrarlanmış və yalnız
anasının Tehrana gəlişindən sonra qələmə
alınmışdır.
Sadə bir formada yazılan
poema hələ əlyazma şəklində yayılaraq
şöhrət tapmış və dövrün
ziyalılarının diqqətini özünə cəlb
etmişdir. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda,
ikinci hissəsini isə Təbrizdə yazmışdır.
Əsərin birinci hissəsi 1952-ci ildə
tamamlanmışdır.
Şəhriyarın poemada
toxunduğu, həllinə çalışdığı
problemlər say etibarı ilə olduqca çoxdur, rəngarəngdir.
Poemada çoxsaylı problemlər
içərisində birinci növbədə Şəhriyarın
doğulduğu, ayaq tutub yeridiyi, boya-başa
çatdığı Vətən torpağı, Vətən
gözəlliklərinin və s. təsvir və tərənnümünə
geniş yer verilir.
Həmin hissələrdə
uşaqlıq dövrünün təəssüratları,
Şəhriyarın uşaq vaxtı gördüyü, seyr
etdiyi təbiət lövhələri canlandırılır,
şerin Şəhriyara məxsus imkanları daxilində poetik
lövhələrə çevrilir. Bir çox məqamlarda
bunlar həmin parçaların üst qatının məna
anlamlarını ifadə edir. Sonrakı
qat çalarlarında müxtəlif vətən gözəlliklərinin
fonunda doğma xalq və qohum-qardaşa bağlılıq
ideyası ortaya çıxır. Çünki
özünün dediyi kimi, “anasının nəvazişləri,
mahnıları, zümzüməsi və şirin-şirin
söylədiyi xatirələr şairə ilham və qüvvət
vermişdir ki, bu əsəri öz ana dilində nəzmə
çəkib, dünyalar qədər sevdiyi doğma
xalqına və qohum-qardaşlarına ithaf etsin”. Poemanın ilk bəndləri haradasa əsərin bədii
müqəddiməsidir. Əsər boyu
bir-iki bəndi çıxmaq şərti ilə digər bəndlərin
də yuxarıdakı funksiyanı yerinə yetirmək
xüsusiyyəti vardır. Demək, poema
ideya-məna tutum və baxımından ardıcıl səciyyə
daşımır. Bu, poemanın heç
bir məziyyətini aşağı salmır. Əksinə, dolğun məna yaradır, sadə don
içində altunların olduğunu üzə
çıxarır.
Heydərbaba, Qərə kölün
dərəsi,
Xoşginabın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəhliyin
fərəsi,
Ordan keçər yurdumuzun
özünə,
Biz də keçək
yurdumuzun sözünə.
Şəhriyar maraqlı, həm
də orijinal üslublu sənətkardır. Bu üslub sadə,
səmimi və təbiidir. “Heydərbabaya
salam” poeması məhz bu üslubda yazılmışdır.
Əsəri oxuyanda oxucu özünü poemadakı hadisə
və əhvalatların mərkəzində hiss edir. Bir növ sənətkarın “yol yoldaşına”
çevrilir. Poemada oxucu ən güclü
müşahidəçidir. O, müşahidələrində
sənətkar təsvirinin real, təbii və həqiqiliyinə
şübhə ilə yanaşmır. Poemada
adı çəkilən şəxslər də, yerlər də
sanki oxucunun şəxsən tanıdığı, həmsöhbət
olduğu adamdır, səyahət etdiyi məkandır.
Şübhəsiz, bu təsvirlərdə tipik Azərbaycan həyatı
öz əksini tapır:
Bu xırmanda “aradanxır” oynardux,
Comalaşıb qarışqatək
qaynardux,
Yavaş-yavaş baxçalarda
ağnardux,
Ağaclardan çilingağac kəsərdux,
Qoruqçunun qorxusundan əsərdux.
“Heydərbabaya salam”
poeması şairin həm öz keçmişinə, həm
də yaşamış olduğu həyatın özünə
səyahət etmək, hadisələri nağıl etmək
yolu ilə qələmə alınmışdır.
Poemada şair özü əsas
obrazdır. Poema
bir şəxsin dilindən danışılır. Təhkiyəçi Şəhriyarın
özüdür. O,
türkcənin sadə və saflığından istifadə edərək xüsusi
bir yol seçir. Şair bu yolu özü
üçün asan hesab edir. Ona görə
yox ki, Şəhriyar öz istedadına və şairlik məharətinə
sığınıb yeni yol kəşf edir, həm də bu
yolla hadisələrin ardıcıllıq və vəhdətinin
özünəməxsus nizamını yaradır. Bu yolla Şəhriyar eyni zamanda əsərdə
bütün məsuliyyəti öz üzərinə
götürmüşdür. Elə bu səbəbdəndir
ki, poemada oxucu şairin özü ilə bərabər, təsvir
olunan hadisələrlə sıx bağlana bilir. Oxucu üçün təsvir olunan hadisə və əhvalatların
bütün daxili aləmi açılır, nəticədə
mahiyyət üzə çıxır.
Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz
yox,
Siyasət adlı məndə
bir mərəz yox.
Bütün poema boyu “siyasət mərəzi”
olmayan sənətkar heç bir şeyə ideoloji don geyindirmədən
obyektiv təsvirə əsaslanır. Ona görə
də poemada ən kəskin ictimai-siyasi səciyyə
daşıyan fikirlər mövcud həyatın, şəraitin
reallıqları təsiri bağışlayır.
Şəhriyarın “Heydərbabaya
salam” poeması milliliyin yüksək şəkildə bədii
tərənnümünü nümayiş etdirən şah əsərdir. Buna görə
bu əsər hər bir azərbaycanlı üçün ana
laylası qədər şirin və əzizdir.
Elman QULİYEV
Professor
525-ci qəzet.-
2017.- 25 fevral.- S.11, 12.