Gələcəyi qətl etmək olmaz

 

Xocalı soyqırımından xəbər tutan kimi Yazıçılar Birliyi adından müraciətimizi Moskva mətbuatına göndərdik.

Azərbaycan yazıçılarının həmkarlarınazvestiya" qəzetində dərc olunmuş müraciətində deyilirdi:

Minlərlə əhalisi olan şəhəri yerlə-yeksan etdilər, minlərlə insan həlak oldu, itkin düşdü, yaralandı, ömürləri boyu şikəst qaldılar, evlərindən qovuldular. Heç evləri artıq yoxdur, darmadağındır. Erməni yaraqlıları tərəfindən yandırılmış Azərbaycan kəndlərini Litiseylə, Xatınla, Sonqmiylə müqayisə edirdilərsə Xocalı faciəsini ancaq Hirosima  müsibətiylə yanaşı qoymaq olar. Çoxmilyonluq Yaponiya üçün 200 min əhalisi olan Hirosimanın yer üzündən silinməsi idisə, yeddi milyonluq Azərbaycanın neçə  mindən artıq əhalisi olan şəhərinin məhv edilməsi heç bir vaxt sağalmayacaq yaradır”.

 

İzvestiya” 4 mart 1992.

 

Xocalı qətliamından 25 il keçir, 25 il, necə deyərlər, bir igid ömrüdür. Xocalı fəlakəti baş verən il dünyaya göz açmış uşaqlar indi yeniyetməlik yaşını adlayıb gəncliklərini yaşayırlar, oxuyurlar, işləyirlər, sevirlər, sevilirlər... Çoxusu bir peşə sahibi, ailə başçısı, valideyn olub.

Xocalıda məhv edilənlər isə əbədi olaraq beş, yeddi səkkiz, on,hətta bir, iki yaşında qalıb. Bir il bundan qabaq dünyasını dəyişmiş görkəmli tənqidçi, publisist   Gülrux ƏlibəyliÜzeyir ömrüfilminə həsr etdiyi 1992-ci ilin aprelində dərc olunmuş məqaləsində yazırdı:

Mən bu gün televizor qarşısında əyləşib  Xocalının ölü balaları  oxuduğu nəğmələri dinləyirəm. Anlayıram ki, on il əvvəl çəkilən, milli operamızın banisi Üzeyir Hacıbəyovun böyük hünərinə həsr olunmuş filmə baxıram... Buna baxmayaraq bu düşüncələrdən ayrıla bilmirəm ki, səs-səsə verən məhz güllələnmiş, əzilmiş, parçalanmış, amma  yenə ilahi, möcüzəvi qüdrətlə  həyata qaytarılmış  Xocalı uşaqlarıdır ki, vicdanımıza, insaniyyətimizə üz tutub fəryad qoparırlar: unutmayın! Xocalıda qətlə yetirilən yalnız biz deyilik,mələk səsli günahsız balalar deyil, burada xalqın qəlbini, musiqisini vəhşicəsinə məhv etməyə cəhd göstərmişlər”.

Hər bir insan ömrü - sinnindən, qoca-cavan yaşından asılı olmayaraq dünyanın ən böyük neməti möcüzəsidir.  Hər bir insan elə dünyanın özüdür  hər ölüm bir təkrarsız dünyanın sonudur. Ernest Heminquey ingilis şairi Con Donnun misralarınıÇan kiminçün çalınırromanına epiqraf qoyub: “Hər bir insanı əbədiyyətə  yola salanda soruşma  ki, bu ölüm zəngi, bu  çan kiminçün çalınır. Çan səninçün çalınır”.

Bu, əlbəttə belədir, amma başqa bir şeirdə o da deyilir ki, qoca adam dünyadan gedəndə Keçmişi qalır, cavan adam isə özüylə Gələcəyini aparır.

Bu ilin yanvar ayında Yazıçılar Birliyinin Natəvan klubunda İlkin Şükürbəyli Nəsimi Faiqoğlunun tərtib etdikləri  Qətl edilmiş uşaqlarkitabının təqdimatını keçirdik. Kitabla tanış olandan sonra bir neçə gün özümə gələ bilmədim. İki ayağı, iki əli, iki gözü, başı bədəni olan insan qiyafəsində bir məxluq uşaqlara qarşı heç bir yırtıcı heyvanın edə bilməyəcəyi qəddarlığı edə bilərmiş. Lap düşmən olsun, körpə uşağın gözlərinə közərən siqaretin odunu basıb kor eləyəninsanöz uşaqlarının,-əgər uşaqları varsa - üzünə necə baxa bilər, körpə qanına batmış  əlləriylə övladlarının başlarını necə sığallaya bilər?

Bir erməni yazarının  etirafı  çağdaş erməni ədəbiyyatı üçün müstəsna  sözlərdir: “Türk balalarının başını kəsən  erməni balalarının da başını kəsə bilər”. Doğrudur, könüllü cəlladların milləti yoxdur.

Xocalıda  insanlığa qənim kəsilmiş yırtıcıları heç erməni adlandırmaq istəmirəm. Çünki belə vəhşilərin ümumiyyətlə insan cinsinə, insan növünə   dəxli yoxdur.

Acımasız və amansızcasına məhv edilən  uşaqların arasında bir, iki yaşlı, hətta bir neçə aylıq olanlar da var. Məktəblilər də varbu məktəblilərin çoxusu dərs əlaçılarıdır. Hər vaxtsız solan  vaxtsız sönən çoçuq ömrü -xalqın, millətin  Gələcəyindən nə isə aparır. Kim bilir Tarix bu erkən məhv olmuşlara hansı yeri ayırıbmış. Kim bilir bəlkə bu qətl edilən körpələrin arasında gələcəyin böyük dahiləri varmış  - Üzeyir bəyləri, Bülbülləri, Füzuliləri...

Ermənilər özlərini həm ən əzabkeş, həm də ən mədəni millət kimi qələmə verməyi xoşlayırlar.Tifilləri diri-diri oda atanlar, bədənlərini  parça-parça doğrayıb tamaşa etməkdən zövq alanlar, neçə uşağı bir borunun içinə tıxadıb ağzını bağlayanlar özlərini hansı millətə mənsub edirlər görəsən? Hansı din - xristianlıq, yəhudilik,  müsəlmanlıq  bu ağlasığmaz  qəddarlığa bəraət qazandıra bilər?

Guya ki yüz il bundan əvvəl baş vermiş  “soyqırımı” həyat proqramlarına  çevirənlər  nədən arxivlərin açılmasına, həqiqətin üzə çıxmasına razı olmurlar? Ona görə ki, onda bu yüz ildən artıq dünyanı inandırmaq  istədikləri mif dağılar və körpə uşaqlara qarşı cinayətlərə qisasçılıqla belə  haqq” qazandırmaq olmaz. Dediyim kitaba ön söz yazmış Xalq şairi Fikrət Qoca yazısına çox doğru bir başlıq vermişdir: “Bu kitab intiqam üçün deyil, yaddaş üçündür”.

Ordumuzun şücaətiylə yağı tapdağından azad olunmuş kənd Cocuq Mərcanlı adlanır. Yaxın günlərdə yazıçılar bu kəndə səfər edəcək. Bu qədim ad  indi hardasa rəmzi mənada səslənir, elə bil  Qarabağda, Xocalıda məhv edilmiş cocuqlarımızın şərəfinə qoyulub...    

Cocuqlarımızın da, yaşlılarımızın da  başlarına gətirilənləri  heç bir vaxt unutmamalıyıq, amma  insanlıq sifətini itirərək düşmənlərimiiz kimi hərəkət də  edə bilmərik. Döyüşdə əsgərlərin həlak olması ağır olsa da, real gerçəklikdir. Amma “Xocalıda biz azərbaycanlılara göstərdik ki, dinc əhalini qırmaqdan belə çəkinməyəcəyik” sözlərini  dilinə gətirən adamyeyən bugünki Ermənistanın uzurpator rəhbəridir. Və Qarabağ avantürasıyla bütün Ermənistanı ələ keçirənlər  onu da unutmamalıdır ki, bu günolmasa, sabah bəşər   ədliyyəsi, ya Allah məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Günahsız körpələrin Gələcəklərini əllərindən almaq olar. Amma xalqın Gələcəyini heç kəs onun əlindən ala bilməz. Tarix boyu həqiqətən də böyük iztirablardan, sınaqlardan, haqsızlıqlardan, müsibətlərdən keçib qürurunu, mənliyni, heysiyyətini, doğma dilini qoruyub saxlamış Azərbaycan xalqının da parlaq Gələcəyini heç kəs heç kəsə arxalanıb qətl edə bilməz.

 

24 fevral 2017

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.-25 fevral.- S.9.