Din və məhəbbət - faciələrə aparan ziddiyyət

 

Telman ORUCOV

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Bir vaxt var idi ki, biz bir-birimizin ləyaqətlərinə inanan cütlük idik. Mən sənin ağlına əmin olmaya bilərdimmi? Hansı ölkə, hansı şəhər sənin onun sakini olmağını arzulamazdı?

 

Sənin bizim cinsin məhəbbət düşkünlüyünü çox cəlb edən nüfuzun, sənin havan, sənin davranış qaydan, ağlının itiliyini ifadə edən gözlərindəki işıq, sənin çox asan və bəlağətli dediklərin, bütün məsələlərə razı qalmağı təmin edən cavabı verən danışığın, qısaca deyilsə, hər şey sənin xeyrinədir. Bu məsələdə sən digər alimlərdən fərqlənirsən, onlar bütün biliklərinə, hazırcavablılıqlarına baxmayaraq, qadını fəth edə bilən danışıq aparmaq qabiliyyətinə malik deyillər. Qadın isə daha az beyin payına malikdir (Bu sözləri Eloizanın özünə aid etmək böyük ədalətsizlik olardı - tərcüməçi).

 

Mənə həsr etdiyin kiçik nəğmə, hər şeyin ən kiçik eskizi min gözəlliyə malik olmaqla, dünyada sevgililər qalana qədər uzun müddət yaşamağa qadir olacaqdır (Məgər Eloizanın öz məktubunda ifadə etdiyi hisslər də uzun əsrlər boyu yaşamağa qadir deyilmi? - tərcüməçi). Bu nəğmələr mənə ünvanlansa da, digər qadınların da şərəfinə oxunacaqdır. Onların seçimi və təbii ifadələri sənin məhəbbətindən danışmaqla, digərlərinə də öz ehtiraslarını bəyan etməyə kömək edəcəkdir.

 

Çox sayda qadın sənin mənə bəslədiyin hisslərin özləri üçün olmasına iddia etdilər və öz gözəlliklərini qiymətləndirməkdə bu, onlara köməklik göstərdi. Mən çoxlarının sənin ehtirasın üçün ah çəkdiklərini görmüşəm. Digərləri isə ümidsizlikdən və paxıllıqdan məni qınayırlar ki, sənin ağlının bəxş etdiklərindən başqa, mənim heç bir məlahətim yoxdur və ya sənin sevgilin olmaqdan başqa onlardan da heç bir üstünlüyüm yoxdur. Mən düşünürəm ki, öz ləyaqətlərinə görə sənə borclu olmaqla yanaşı, xüsusən xoşbəxtəm ki, sənin kimi sevgilim vardır və həzz alan bir adama vurulduğuma görə bundan gizli qaydada həzz alırdım, bu vaxt o, məni öz məşuqəsi kimi ilahə səviyyəsinə qaldırırdı. Mənə ünvanladığın bütün tərifləri sevinclə oxudum və necə az şeyə layiq olduğumu ifadə etmədən, sənin yazdığın kimi bircə ona inanıram ki, sənə həzz verdiyimə daha çox əmin olmalıydım.

 

Həmin xoşbəxt vaxt haradadır? Mən öz sevgilimə ağı deyirəm və mənim bütün sevincim keçmişin ağrılı xatirəsindən başqa bir şey deyildir. Mən onu sevirdim; mənim məhəbbətim onun cinayəti və cəzalandırılması üçün bir səbəb oldu. Gözəlliyim ilk dəfə onu heyran etdi. Bir-birimizdən həzz almaqla biz sakitliyin və xoşbəxtliyin ən parlaq günlərindən keçdik. Əgər o, cinayət idisə, həmin cinayətə mən hələ də vurulmuşam. İradəmin əleyhinə olandan savayı, mənim heç bir peşmançılığım yoxdur, ona görə də mən indi günahsız olmalıyam. Onlar öz kor qəzəbləri ilə gecə yatan vaxtı sənə zorakılıq şəklində olan bir sürpriz verdilər. Onda sənin Eloizan harada idi? Mən öz sevgilimi müdafiə etsəydim, necə şad olardım. Öz həyatımın bahasına da olsa, səni zorakılıqdan qoruyardım. Məhəbbət məni burada titrədir və hətta sözlərdən də mülayim şəkildə məhrum edir. Sən bilirsən ki, sənin biabır olmağından başqa heç nə məni həyəcanlandıra bilməz. Bədbəxt Eloiza! Bundan uzaqlaşmaq arzusu sənə xoş ola bilərdi. Sənə təklif edilən əli uzaqlaşdıra biləndə, sən buxur yandırdın, o vaxtdan sənin ürəyin boşaldı və tabe oldu. Ancaq sən özünü həsr etdiyin və qurban verdiyin vaxtdan tərk olundun və yaddan çıxdın.  Ürəyin də fatehin ehtiramını qazanmaq üçün belə tezliklə təslim olmuşdu (Abelyara müraciətlə-tərcüməçi). Ancaq mən indiyədək sənin tərəfindən sevilmək istəyimi gizli surətdə qoruyub saxlayıram. Sən isə məktubunda bütünlüklə mənim olduğuna etiraz edirsən. Mən özümü sənə təklif etdim, sən mənim ürəyimə, mən isə səninkinə malik oldum; heç nəyi geri istəmə. Haqq qaydasında sənə məxsus olan ehtirasımı daşımağa da borclusan.

 

Sən həm də, nəhayət, məni sevməyini dayandırmağa borclusan. Məni niyə tərk edəndə aldatmadın? Sən ən azı ölən ehtiras barədə zəif bir işarə versəydin, mən bu aldadılmadan xoşlanardım. Səni görməyi ciddi qaydada arzulayıram, lakin bu, qeyri-mümkündür. Mənim bütün arzularım ürəyin diktə etdiyi belə məktublardır, onları da əl kifayət qədər sürətlə yaza bilməz. Mən özümü necə də aldadırdım ki, sən bütünlüklə mənimkisən və çalışırdım ki, həmişə sənin qanunlarının altında yaşayım. Yalnız ölüm mənə bunları tərk etdirməyə qadirdir və onda mənim külüm burada rahatlıq tapacaq və sənə sonuncu itaətimi və həsr olunmağımı göstərmək üçün sənin külünün gəlməsini gözləyəcəyəm.

 

Mən indi buradayam və burada da qalacağam. Bura bədbəxt məhəbbətimin və qəddar qohumumun məni məhkum etdiyi yerdir. Allaha nişanlanmış adamların arasında (Rahibələr özlərinin İisusa nişanlandıqlarını iddia edirlər - tərcüməçi) mən isə kişiyə nişanlandım. Mən insan arzusunun quluyam. Dini icmanın başında mən təkcə Abelyara vuruldum. Mən necə də monstram! Ey Allah! Məni maarilfləndir, mən etiraf edirəm ki, günahkaram, lakin öz günahlarıma görə ağlamaqdan uzağam, yalnız öz sevgilim üçün ağlayıram.

 

Xeyirxah Allah! Bütün bunlar nədir? Mən səhvlərimə görə özümü danlayıram, səni isə öz səhvlərinə və niyyətinə görə ittiham edirəm. Mən köhnə ehtirasın qəlbinə hakim kəsildiyinin gücünü daha möhkəm hiss edirəm. Mən hisslərimə məğlub oldum. Məhəbbət mənim ağlımı narahat etdi və iradəmi pozdu (Sonra Abelyara müraciət qaydasında yazır - tərcüməçi). Mən qərara gəlmişəm ki, səni daha sevməyim, məni sənə bağlayan zəncirləri qırıb dağıtmağa çalışanda mən özümü aldatdım və bütün cəhdlərim sənə daha sıx bağlanmağıma xidmət etdi. Yazığın gəlmək xatirinə bədbəxtə kömək et ki, öz arzularından imtina etsin - özündən və bu mümkünsə, hətta səndən imtina etsin!

 

Əgər sən sevgili bir atasansa, məşuqənə kömək et, uşağa təskinlik ver. Əgər sən mənim xahişimi yerinə yetirsən, mən dindarlığımı davam etdirəcəyəm.

 

Mən burada məktubu yekunlaşdırmağı düşünürdüm, lakin bu vaxt sənin əleyhinə şikayətlənirəm ki, ürəyimi boşaldım və sənə bütün paxıllıqları və məzəmmətləri danışım.

 

Mən Göylərə yalvarıram ki, sən mənim üstümdə belə hakimiyyətə malik olmayasan, hətta burada da mən səni dünyada heç vaxt sevmədiyin kimi sevirəm. Mənim 22 yaşım var idi, burada başqa kişilər də mövcud idi. Mən isə sevgilim Abelyardan məhrum oldum və indi mən özümü qadın monastırında diri-diri basdırıram. Mən ötüb keçən gözəlliyimin bu qalıqlarını, bu dul qalmış gecələri və darıxdırıcı günləri sənə görə qurban verirəm. Onlara sahib ola bilmədiyin vaxtdan  Göylərə təklif etmək üçün onları sənin üstündən götürürəm, heyif ki, belə olur! Lakin bu, mənim ürəyimin, mənim günlərimin, mənim həyatımın ikinci dərəcəli qurban verilməsidir.

 

Mən qətiyyətsiz olsam da, indiyədək səni sevirəm, lakin artıq heç nəyə ümid bəsləmirəm. Mən sevgilimi itirsəm də, məhəbbətimi indiyədək qoruyub saxlayıram. Mənim ürəyim həbsimdən heç də daşa dönməmişdir.

 

Hə, Abelyar, mən burada daşıdığım zəncirlərə and içirəm, onların çəkisini azalt, onları mənim üçün dözülməli olan et.

 

Qoy biz şərqilərimizi və himnləri oxumağı tərk edək. Qoy biz ürəklərimizi Allaha doğru qaldıraq, lakin onun mərhəməti üçün biz həm də heç bir vasitəyə malik deyilik.

 

Allah özünün yaratdığı böyük adamların ürəyi üzərində xüsusi hüquqa malikdir. Mərhəmət anı gəlib çatana qədər mənim barəmdə düşün, - məni unutma, - məhəbbətimi, sədaqətimi və daimiliyimi xatırla. Məni öz məşuqən kimi sev; öz uşağın, öz bacın, öz arvadın kimi əzizlə! Yaddan çıxarma ki, mən hələ də səni sevirəm və həm də mübarizə aparıram. Mən dəhşətli hisslər içərisində titrəyirəm və ürəyim indi dediyimə qarşı üsyan qaldırır. Mən yazdığım kağızı göz yaşları ilə isladıram, uzun məktubumu səni arzulamaqla, əgər sən də bunu arzu edirsənsə, bitirirəm. Həmişəlik xudahafiz!

 

II məktub. Abelyardan Elonzaya

 

Mən təsəvvür edə bilsəydim ki, sənə yazılmamış məktub sənin əlinə düşəcək, onda mən daha da ehtiyatlı olardım ki, səndə bizim keçmiş bədbəxtliklərimizin xatirəsini yenidən oyatmayım. Mən özümün təhqir olunmaqlarım seriyasını dostuma yazmağı rəva gördüm ki, başına gələn itki ona daha az təsir göstərsin. Əgər mən sənin özünə yazsaydım, axıtdığın göz yaşlarını qurutmaq niyyətini güdərdim. Mən öz dərdimi səninki ilə qarışdırmağı və ürəyimi sənin qarşında açmağı nəzərdə tutardım. Qısası, bütün öz narahatlıqlarımı və könlümün sirrini sənin gözlərin qarşısında açardım, axı onları dünyanın qalan hissəsindən gizlətmişdim. İndi sən məni öz qərarlarımın əleyhinə, birbaşa onlara əks olanları açmağa məcbur edirsən.

 

Bizim üzərimizə düşən əzablar düşüncəsində bu həqiqətdir və bunu müşahidə etdikdə, bizim vəziyyətimizdə heç bir dəyişiklik gözlənilmir. Bizi şirnikləndirməklə çiçək açan həmin günlərimiz indi keçmişdə qalmışdır. Ancaq ağlımızdan onların xatirəsini ağrılı cəhdlərlə, bütün əlamətləri ilə pozmaqdan başqa, heç nə özünü xatırlatmır. Mən fəlsəfədə və dində mənə olan təhqirə dərman tapmağı arzulayıram. Məhəbbətdən özümü müdafiə etmək üçün sığınacaq axtardım. Mən özümə söz verdim ki, səni unudacağam və hələ də bu barədə səni sevmədən düşünə bilmirəm. Faydasız cəhdlərdən sonrakı vaxtdan özümü inandırdım ki, bu fövqəl təsir edən narahatlıq yalnız özümü azad etmək üçün mübarizə aparmaqdan ötəridir. Bu, kifayət qədər olan müdriklik hamıdan onu gizlətmək üçün idi, ancaq sən məni utandırdın və özümün də necə zəif olduğumu bildim.

 

Mən bir düşmən kimi səndən qaçmaq niyyəti ilə xeyli məsafədə səndən uzaqlaşdım. Ancaq hələ də ağlımda səni dayanmadan axtarıram. Mən sənin obrazını öz xatirəmdə səsləyirəm. Müxtəlif növ təşvişlərlə mən özümə xəyanət etdim, həm də özümə zidd çıxdım. Mən sənə nifrət edirəm! Mən səni sevirəm! Biabırçılıq hər tərəfdən mənə təzyiq edir. Bu an qorxuram ki, sənin duşundüyündən də daha laqeyd görünəcəyəm və həm də öz narahatlığımı açıb göstərməklə biabır olmuşam. Sən görürsən ki, mən necə bir qarmaqarışıq vəziyyətdəyəm, özümü necə məzəmmət edir və necə əzab çəkirəm. O vaxtdan ki, mən məhəbbət barədə heç nəyə ümid etmirəm, din mənə əmr edir ki, ləyaqətin arxasınca gedim. Lakin məhəbbət mənim təxəyyülüm və özümə münasibətim üzərində keçmiş həzləri ilə öz ağalığını saxlayır. Xatirə indi məşuqəmin yerini tutur. Hətta səhralarda da, harada ki, göydən üzərimizə şeh düşmür, ancaq biz artıq sevməməyə borclu olduğumuzu sevirik.

 

Sən məni öz ağan adlandırdın. Bu həqiqətdir ki, sən mənim qayğıma etibar etdin. Mən görürəm ki, səni elmlərə öyrətməkdə əbəs yerə ciddi idim, bu, sənə günahsızlığın, mənə isə azadlığım hesabına başa gəldi. Səni sevən əmin düşmənimə çevrildi və qisasını mənim üstümə tökdü. Mən ehtirasımı məmnun etməklə indi gücümü, həmçinin səni sevməyimi itirmişəm, ancaq yəqin ki, bəzi təskinliyə malik olacağam. Mən necə də səfiləm! Mən səni düşünəndə, hətta göz yaşları axıdanda, özümü daha çox təqsirkar hesab edirəm. Sənə malik olanda isə mən tam azad idim. Mən fasiləsiz olaraq sənin haqqında düşünürəm. Ey Allah! Əgər mən mehrab qarşısında uzansam, səndən xahiş edəcəyəm ki, mənə yazığın gəlsin. Lakin Göylər indiyədək məndə yaşayan ehtirasa qarşı amansızdır. Odun üstünü küllər yalnız aldadıcı qaydada örtdü və qeyri-adi mərhəmətdən savayı, heç nə onu söndürə bilməz. Biz aldadılmış adamlarıq, ancaq heç nə Allahdan gizli qalmır.

 

Mən ümid edirdim ki, biz ayrıldıqdan sonra sən öz hissiyyatını dəyişə biləcəksən. Aradan yoxa çıxmaq məhəbbətin sərdabəsidir. Mən öyünürəm ki, səni bir daha görməyəndə də, sən ağlımı narahat etməyəndə də xatirəmdə dincələcəksən.

 

(Ardı var)

525-ci qəzet  2017.- 1 iyul.- S.22.