Tofiq Nurəlinin şeirləri

 

 

Anlamaq

 

Sanki vaxtın altından qazıyıb çıxarıblar,

Uçuq qəbirdən çıxan sınıq kəllə kimidi...

Durub qarın içində son tufanı gözəyir-

təsəlli istəyir, var bir ümidi,

Elə bil bu ağacın heç baharı olmayıb.

 

Bilir, bir alnına bahar yazılan deyil...

Min günəşin içinə atsan qızınan deyil..,

Fələk çıxara bilməz canındakı soyuğu

Heç doldura bilməz içindəki oyuğu

Elə bil bu ağacın heç baharı olmayıb.

 

Həyat necə vurubsa sanki düz sinəsindən

Dünyalar köçüb gedib onun dörd dövrəsindən..,

Tükü tərpənmir heç qarğaların səsindən

Budaqların yerində quru çubuq, çır-çırpı,

Dövran onu bərk əzib, zaman onu bərk çırpıb

Elə bil bu ağacın heç baharı olmayıb.

 

çinar bacısından, palıd qardaşından

Bir xatirə yoxdu zalımın yaddaşında,

Sanki dünya məzardı: öz əliylə dəfn edib-

Çarəsiz tək tənha durub məzar başında ...

Elə bil bu ağacın heç baharı olmayıb.

 

Mən ona çox astadansən tək deyilsəndedim,

baharın çox olacaq, bir az əyilsəndedim...

Zəhimli bir sükutla elə gəldi üstümə -

Yaxşısıdı budu, burdan astaca çıxım gedim...

Anladım ki, anlayıb dünyasının get-gəlini...

...Bir əkinçi bir payız burda kəsdi kəlini...

 Anlayıb baharın da min-bir minnəti vardır,

Hər minnəti çəkməyin min-bir zilləti vardır...

Odunçunun əlində baltadan da çəkinmir,

Dörd canını bürümüş xatadan da çəkinmir,

Bu məğlub məğrurluğu günahmı təmizləyir?

Durub qarın içində son tufanı gözləyir...

Elə bil bu ağacın heç baharı olmayıb.

 

Durub qarın içində son tufanı gözləyir..,

Bəlkə son da deyir heç, sondan sonrasıdı bu..,

Qəlbimdə həyəcanlar dartışır bir-biriylə:

Nələr dünyasıdı bu,

   Nələr dünyasıdı bu?..

 

Gecikmək ya nəsillər qatarı

 

Bizim biletimiz o qataraymış,

Boş getdi yerimiz..,

Xoş getdi yerimiz-

            bilmirəm

Mən gördüm o qatar  

elə bil həvəssiz-

              lap yavaş getdi,

Tamburda beş-altı sərxoş getdi..,

Bizim biletimiz o qataraymış-

Bu gələn qatardan gözlərini çək,

Bu qatar bizləri götürən deyil,

Bizim biletimiz yanıb, əzizim...

Çırpıb yumruğumu vaxtın üstünə 

elə boş-boşuna əlimi əzim?!

Bizim biletimiz o qataraymış..,

Bizim biletimiz yanıb əzizim!..

Bir az az, bir az çox..,

             fərqi axı,

onsuz da çatmadıq

            getdi o qatar ...

İndiki qatarsa tanımır bizi,

Bizə bu qatara bilet verməzlər...

İndi kimin üstə ataq günahı ?!

İndi adım kimi bilirəm əzbər

Bizim biletimiz o qataraymış...

 

Böyük bir zamanı verdik küləyə-

qatarı, vaqonu düz tanımadıq...

Bizi kim aldatdı, heç bilirsənmi?!

Bilməyin özü çox gecdi artıq ,

Bizim biletimiz o qataraymış ...

 

Lap elə birtəhər minək bu dəfə-

Hərə bir tərəfdən lağ eyləyəcək...

Axı hər qatarın öz sərxoşu var..,

Gördün ki biri lap eyləyəcək-

Götürüb qatardan atacaq bizi...

Bir yaxşı fikirləş indi əzizim...

Bizim biletimiz o qataraymış,

Bizim biletimiz yanıb əzizim...

 

Bu gedən qatarlar bir üzə gedir..,

Qayıdan deyildir bizim qatar...

...Boş qalan yerlərə baxıb gizlicə

Bir az xoflanır da qatardakılar:

-bəlkə qabaqkına minib gediblər,

Bəlkə hər qatarda onlara yer var?!!

 

Tost axtarışı

 

Payızın ən acı küləklərində

Düşmək istəməyən, ey sarı yarpaq

Sənin sağlığına içirəm bunu...

Atamın, anamın yatdığı torpaq

Sənin sağlığına içirəm bunu...

 

Ey ölmüş məhəbbət, itmiş səadət

Sənin sağlığına...

  Bəlkə içməyim?...

Ölənin, itənin sağlığı varmı?

Bəlkə arzuların?..

- onlar da ölüb..

Bəlkə ümidlərin?..

- sağ deyil axı...

Eləcə lal-dinməz içmək olarmı?!

Çiynimə yazılmaz onun günahı?!

Kimin sağlığına içəsən indi?

Kimin sağlığına?

  Eh, kimin, kimin?

İçmək istəyirəm,

  Sağlıqsa yoxdu...

...Soyuqdu,

əzizim,

  ...yaman soyuqdu...

İçmək istəyəsən, sağlıq olmaya -

Müsibətə bax!

...Sənin sağlığına,

  ...ey sarı yarpaq!..

...sənin sağlığına, ey qara torpaq!..

      

Söz qapısı

 

Gedim eee,

  gedim..,

Gedim o çaylarla qoşa axmağa-

çırpına-çırpına

 dərələr boyu

par-par parlamağa

 ay işığında..,

oxumağa gedim-

 zildən ya pəsdən...

Mən dəqiq bilirəm,

 hələ bu səsdən

olmayıb,

 olmayıb bu yer üzündə...

O ay işığında,

parlayan çayda,

ulduzların oxuduğu yerdə,

qəbristan yolunda,

qaya yanında-

bu gecənin canında

     bir qapı var!

Tapıb o qapını döyməyə gedim...

O qapını hər göz görməz!!

   O söz qapısıdı!

Tapıb döysəm söz qapısın

Tanrı çıxar qabağıma!..

Sonra mənə ölüm yoxdu.

...Düşüb yolların ağına

gedim eee,

   gedim...

 

Baba dağı

 

Tahir müəllimə məktub    

 

Ay müəllim, Baba dağı necədi?

Kəllər gədiklərdən aşırmı görən?

Gecələr dünyanı leysan döyəndə

Sellər dərələrdən daşırmı görən?

 

Qayasında çox laçınlar qovmuşam,

Yuvasından göyərçinlər qovmuşam,

Qırt oturan bildirçinlər qovmuşam-

Biri günahımdan keçirmi görən?

 

İlk sözümü şimşəklərə yazmışdım-

Heç bilmirəm neçə kərə yazmışdım...

Sinfimizdə bəxtəvərə yazmışdım..,

O ağı qaradan seçirmi görən?

 

Leysanından tutub göyə çıxardım-

Leysan məni döyə-döyə çıxardım...

Heç bilmirəm göyə niyə çıxardım-

Leysanlar bu sirri açarmı görən?

 

Sevdiklərim köçdü getdi dünyadan,

Mənə bir eşq borclu getdi dünyadan...

Bu üzüboz,qovdu-qaçdı dünyadan

İlk eşqin gözü su içirmi görən?

 

Mən gəlib enişlərə çatmışam-

İlkinliyə dönüşlərə çatmışam...

Dağ qartalı,mən bilmirəm,qardaşım..,

Dağlardan-dağlara köçürmü görən?

 

Ay müəllim, Baba dağı necədi?!

Zirvələrin ay çırağı necədi?!

Qarşısında günahlarım neçədi -

Pirim günahları ölçürmü görən?!

 

Əkizlər

 

Hava  yaman kədərlidi:

qaş-qabaqlı

bir az yorğun,

göylər də ki huşa gedib,

yağış elə dərdli yağır

sanki ömrü puça gedib...

Bir qocayla bir uşaq baxır gülümsəyərək...

Mənaları ayrıdı bu sısqa gülüşlərin...

Görürəm ikisininyoxdu qabaq dişləri...

Qocanın dodaqları tərpənir seyrək-seyrək...

Bir qocayla bir uşaq baxır gülümsəyərək..,

mənə elə gəlir ki bu gülüşlər yersizdi...

boğuq ildırım səsi düşür tutqun göylərə...

Aman Allah, əkizdi...

bu qocayla bu uşaq bu yağışla əkizdi.

 

525-ci qəzet  2017.- 1 iyul.- S.23.