Əli Kərim: dəyərlər
üçün yeni etalon
PROFESSOR
CAVANŞİR YUSİFLİ İLƏ SÖHBƏT
İyunun 30-u böyük şairimiz Əli Kərimin anım günü kimi yaddaşlara yazılıb.
1969-cu ildə - 38 yaşında dünyasını dəyişmiş
şair, vəfatından yarım əsrə yaxın vaxt
keçsə də, çağdaş ədəbi mühitin
və prosesin canlı bir fərdi, fəal
iştirakçısı kimi qəbul olunur. Bu mənada, Əli Kərimin
ömrü qırılmayıb, o, özünün bir
şeirində dediyi kimi, əbədi səfərdədir...
Əli Kərim
poeziyasının bilicisi sayılan dəyərli ədəbiyyatşünasımız,
professor Cavanşir Yusifli ilə söhbətdə şairi bir
daha ehtiramla xatırlayıb, onun Azərbaycan ədəbiyyatındakı
yerinə, yaradıcılığının
çağdaş söz sənəti müstəvisindəki
mövqeyinə nəzər yetirməyə
çalışdıq.
- Sizin baxış
bucağınızdan Əli Kərim
yaradıcılığının ənənəvi və
yenilikçi cəhətlərini necə xarakterizə etmək
olar?
- Biz “ənənə
və yenilik” qovğasının həmişə
“barış dövrü”nə təsadüf edirik, yəni
proses gedir, başa çatır və yalnız bundan sonra biz
onların əslində bir-birini istisna etmədiklərini təsdiq
edirik, özü də çox mühüm keyfiyyət kimi! Amma soruşmaq lazımdır ki, bəs bundan qabaq nə
baş verir, sizcə, əsas bunu bilmək deyilmi? Bu incə nüansları fəhm edə bilsək,
bir qisim çox orijinal şairin mətnlərinə başqa
gözlə baxa bilərik. Fərdi
yaradıcılıq elə bir hadisədir ki, ona istənilən
filoloji, ya başqa bir yanaşmada qaçılmaz səhvlərə
yol verilir. Mən həmişə özümə bu
sualı verirəm: niyə? Əli Kərim, şübhəsiz
ki, keçən əsrin altmışıncı illərinin
çox orijinal hadisəsi idi, ədəbiyyata gətirdiyi təzə
nəfəs eyni zamanda “nəfəs kəsmək”
üçün yox, nəfəs təzələmək
üçün lazım idi, sonrakı proseslər də bunu
göstərdi. Başda Rəsul Rza olmaqla bu nəslin
bütün dünyada mədəniyyətin, ədəbiyyat və
incəsənətin ayrı-ayrı sahələrinə gətirdikləri
yeniliklərin məğzində fərqli bir keyfiyyət var
idi. Və bu hadisə təkcə “yenilik”lə
bitmir. Lotmanın fikrini xatırlayaq: üsuldan,
yanaşma tərzindən irəli gələn bədii effekt həmişə
münasibətdir (məsələn, mətnin oxucu
intizarına, epoxanın norma və ənənələrinə,
ilkin süjet və digər ştamplara münasibəti). Lotmanın fikrincə, bu münasibətlərsiz bədii
effekt ümumiyyətlə təsəvvür edilmir və edilə
də bilməz. İş burasındadır ki, Əli Kərim
bu tipli şeirləri, daha doğrusu, bu tipli şeir
intonasiyası ilə ona qədər misralar boyu “ləpələnə-ləpələnə”
gələn romantik, coşqun pafosdan vaz keçdi,
intonasiyanı adi, belə deyək, heç kəsin baxmaq istəmədiyi
detalların üzərinə salmağa
çalışdı. Ayrı-ayrı şeirlərinə
diqqət edin: məkan görüntüləri, onların
zamanla kəsişdikləri yerdə insanın tale və
tarixinin qəribə, insana ağıl verən, hissini, ruhunu tərbiyələndirən,
onu görmədiyi və əslində mövcud olmayan yerlərə
aparması... poeziyada ilk və mühüm addımlar idi.
- Əli Kərim
poeziyasının ümumən Azərbaycan ədəbiyyatındakı
yeri və rolunu, eləcə də bugünkü ədəbi
prosesdəki mövqeyini necə dəyərləndirərdiniz?
- Əli
Kərim cəmi 38 il yaşadı. Bunu niyə
dedim? Adətən ondan bəhs ediləndə
deyirlər ki, yaşasaydı nələr edərdi.
Üstündən neçə yüz il
keçəcək, bu yaş - möhlət dəyişməyəcək,
ancaq bu möhlət içində yazılanlardan nələr
qalacaq? Məsələ budur. Əli Kərimdə
bir ifadə var: “susmaq istedadı”. İndi,
görürsünüz, hamı sükutdan, susmaqdan
danışır, hətta adi münasibətlərdə
qışqıran adamlar da... Son illər
sükut sözünün daşını daş üstə
qoymadılar bu malaçılar, bu daş (atmaq) ustaları.
Bu suallar isə birbaşa siz deyən rola və yerə
bağlıdır. Bir şair normal şəkildə
ardıcıl olaraq araşdırılırsa, həm də bu
işdə müxtəlif nəsillər iştirak edirsə,
bunu şübhəsiz ki, onun
yaradıcılığının doğurduğu suallar
şərtləndirir. Dünyada bu tipli elə
fiqurlar var ki, onlardan bəhs etmək yüksək filoloji səviyyə
tələb edir, ortaya qoyduğu əsərlərdən irəli
gələn mətləblərdən “sui-istifadə çərçivəsində”
danışa bilməzsən.
Vaxt gəldi, Əli Kərim bəlli dəyərlərin
etalonuna çevrildi. Siyavuş Sərxanlının bir poeması vardı,
ordan yadımda qalan misralara diqqət yetirin:
Gəl
öpüm üzündən, saflıq heykəli,
Səndən Əli Kərim qoxusu gəlir.
Şair kimi Əli Kərim
yaradıclığının xassəsi bir başqadır. Onun
timsalında “ədəbi təsir” anlayışının sərhədləri
bir xeyli genişlənir və başqalaşır. Sovet dövrü poeziyasını yaradanların ədəbi
portretlərinə diqqət edin. Səməd Vurğunun
təsiri qabarıq hiss edilirdi, yəni məğzində sirayət
etmək, “od vurub yandırmaq” keyfiyyəti vardı. Sonra, içindən bir didaktika çayı
axdığına baxmayaraq, Bəxtiyar Vahabzadənin təsiri
də kifayət qədər geniş idi. Müxtəlif
ideya və fikirlərə poetik libas geyindirmək,
düşündürmək... Yəni elə
şairlər var ki, əlbəəl təsir edir, yəni bir
növ damara düşür, ancaq elələri də var ki,
heç kəsi təsiri altında saxlamır,
ötürür, ancaq zaman-zaman bütün prosesə təsir
edir. Rəsul Rza belələrindən idi.
Heç kəs Müşfiq kimi yazmırdı
(daha doğrusu, yaza bilmirdi), ancaq onu oxuyub ani də olsa əl
saxlayırdı. Əli Kərim ədəbi
prosesə kənardan təsir edirdi.
- Mövzu və estetika, sənətkarlıq
baxımından Əli Kərim poeziyası indi nə dərəcədə
aktualdır?
- Bu
ayrıca araşdırma mövzusu ola bilər.
Əli Kərim mövzu məsələsində
müəyyən “ştampları” dəyişdirdi. Bu müstəvidə onun yarada bildiyi fərq
60-cı illərin sonuna yaxın daha da intensivləşmişdi.
Həmin dəyişikliyin izlərini görmək
üçün onun mətnlərini (bütünlüklə-!)
diqqətlə oxumaq lazımdır. “Xəyalla
idarkı” bir yerə qatmaq istəyən şairin mətnləri
indi şübhəsiz ki, düzgün oxunmur. Necə ki, biz klassikanı düzgün oxumuruq. Ən yüksəkliklə
ən dərin arasında dolaşan şair xəyalı həmişə
bizdən nələrisə gizlədir. Çünki
İdrakın
zirvəsindən,
Hissin
yanğınlarından
Keçir
şeirinin yolu...
Amma biz ən yenilikçi şairi də bəzən
onun ənənədəki opponenti kimi oxuyuruq, çünki
şeir zövqümüz belə formalaşıb. Bu mənada hər
şeir yalnız məqamında oxunur. Onun 1969-cu ildə
yazdığı bir mətn var: “Yeraltı dünyada”. Dünya şeirindəki konseptuallığı bizim
poeziyamıza ilk gətirənlərdən birincisi Əli Kərim
olub. Bu mənada onun şeirimizin gələcəyinə
təsiri göz qabağındadır. Həmin
şeirdə yeraltı dünya ilə şeir mətni paralel
şəkildə araşdırılır. Belə bir
üsul “əsrləri axırından oxumağa” məcbur
edir, irəli gedə-gedə geri çəkilirik... Yəni, “yeraltı dünya” təkcə metro deyil,
heyrət deyil, həm də bədii mətnlərin bətnindəki
informasiya və enerjinin araşdırılmasına cəhddir.
Həmin ildən, həyatının son məqamından qopan
bir kədərli şeiri də var: “Uşaq”. Bütün
mətn boyu “xəyal” sözü işlədilmir, ancaq işləyir,
çox dərinlərə. Mətnin
başlanğıcı adi məntiqi çaşdıran
misralar var, adətən əlini qaşının
üstünə qoyub
önə, uzaqlara baxarlar, şairsə geriyə,
uşaqlığına baxır.
“Uşaq” obrazı mətndə gah itir, gah
görünür, sanki virtual bir məkanda heç kəsin
görə bilmədiyi nəsnələrə tamaşa edirsən.
Əli Kərimin mətnində “gözləri
dolusu dünyaya tamaşa edən insan” obrazı var. Şeirdən
şeirə adlayır, bəzən gözdən itsə də
bunu daxilində, bütün varlığınla hiss edirsən;
şeirin, bədii mətnin leksikası da buna uyğun
seçilir. “Aut” şeirinə baxın:
Dərslər
sona yetir
o dəqiqə
tökülür keçmişə mühazirələr...
Andrey Belıy yazırdı ki, yaradıcılıqda sənətkarın
“həyat sirri” ehtiva olunur. Onun “Simvolizm” məqaləsində
qeyd edilir ki, “görünmə (...görüntü) bu sirri
göy qübbəsinin əlçatmaz ucalığına itələyir;
orada, buludların üzərində “ağlla dərk edilməyən
bir məmləkətin sərhədləri”
açılır; bu, ona görə baş verir ki, həqiqi
şeyin seyr edilməsi onu məndən kənarda mövcud
olan təbiət obrazı kimi görükdürür, göy
qübbəsi isə mənim təsəvvürümlə fəzadakı
həqiqi “mən” arasında sərhəddir; səmanın sərhədindən
o yanda qəlbimin yaşantılarını ötən musiqi səslənir:
səma da məndən uçub gedib, orada qəlbimin
torpağı yaranıb, bu torpaq isə mənim görünən
obrazımdır. Görünən təbiət mənim
yuxumdur; bu, buludların mavi səmada
qaçışıdır...”
- Müəyyən ölçülərlə
yanaşdıqda Əli Kərim Məktəbi ifadəsini
işlətmək mümkündürmü, sizcə?
- İndi “məktəb” sözü çox moddadır,
ona görə yeri gəldi-gəlmədi işlədilir, bu da
təbiidir, çünki bu sözü dövriyyəyə
salmaqla müəyyən səviyyəni
aktuallaşdırırlar, amma hər aktuallaşan şey
gerçəkləşmir. Bu səbəbdən
prosesdən çox şəxsiyyətlərdən
danışılır.
Ona görə indi həqiqi imzaları bir az
“gizlətmək” lazımdır.
- Əli Kərimi həm yaradıcılığının
keyfiyyətinə, həm də özündən sonraya təsirinə
görə dünya poeziyasından kimlərlə müqayisə
edərdiniz?
- Əli Kərimin üslubu yetərincə öyrənilməyib. Bənzəmək kontekstində kimlərinsə adlarını çəkmək olar, müəyyən qeyd-şərtlə. Məsələn, Sipehri. Fransızlarda Gilevik və sair. Ancaq bu faktlar, həm də onların müxtəlif kombinasiyaları bizə heç nə vermir. Ən yaxşı şeirlərində nə var? - bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Ənənə və ənənəni çarpaz kəsən işarələr Əli Kərim yaradıcılığında xüsusi tənasübdədir, onların bir-birinə nisbəti sözü deməyin, sözün içindəki təlatüm və sükutu göstərməyin əlahiddə mövcudluq formasıdır, yəni, Əli Kərim şeirində obraz, metafora ənənəvi libasını dəyişir, həyatdan, gerçəklikdən, gerçəklik haqqında sözdən yüksək mövqeyə yüksəlir, məhz bu poeziyada, poetik sistemdə “Azərbaycan ədəbiyyatı” adlanan mətn öz-özü ilə mübahisə etməyə başlayır, poetik mətləbi göstərməyin, ifadə etməyin mürəkkəb, eyni zamanda, indiyə kimi işlənməmiş üsulları sınanır - yeni ifadələr və obrazlar, sadəcə görüntü, göy qurşağı deyil, bunlar böyük və mürəkkəb bir metaforanın komponentləridir. Bu komponentlərin gücünə bütün ənənə - indiyə kimi deyilən mətləblər bir nöqtəyə, bir iynənin ucuna cəm olur - hər şey bu nöqtənin içində yenidən mənalanır. Dünya poeziyasında bu tipli hadisə adətən istənilən milli ədəbiyyatda poetik ənənənin yüz illər boyu bir arealda konsentrasiyası zamanı baş verir, yığılma, toplanma, poetik informasiyanın iç-içə, lay-lay toplanması bədii mətni mahiyyətcə gerçəklikdən ayırır, onların - bu iki səviyyənin arasında qəribə bir nüfuzetmə olayı yaranır.
- Sizcə, ədəbiyyatşünaslığımızda
Əli Kərim poeziyasının öyrənilməsi layiqincə
geniş və dərindirmi? Bu mənada, Əli Kərimi
dünyaya yetərincə təqdim edə bilmişikmi? Nələri
tövsiyə edərdiz bu məqsədlə?
- Əli Kərim haqqında müəyyən işlər yazılıb. İlk uğurlu iş kimi mərhum Arif Abdullazadənin monoqrafiyasını xatırlamaq olar: “Şairlər və yollar”. Akademik Tofiq Hacıyevin Əli Kərim poeziyası haqqında mükəmməl yazıları var. Bizim iki kitabımız çıxıb: “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi” və “Fərdi üslubdan ədəbiyyat tarixinə baxış”. XX əsrin əvvəllərindən ta altmışıncı illərin sonuna, elə günümüzə qədərki prosesi layiqincə, geniş və dərin öyrənmək lazımdır. Zənnimizcə, bir millətin ədəbiyyat tarixində hansısa dövr xüsusi olaraq “fərqlənirsə” (60-cı illər kimi-!) demək, geri qayıdıb ədəbiyyat tarixini, onun müxtəlif dövrlərində mədəniyyətin əlahiddə kateqoriyalarını diqqətlə, bir daha nəzərdən keçirməlisən. Hamıdan çox fərqlənən poetik imzaları araşdıranda qəribə hadisələrlə üzləşməli olursan. Dediyimiz kimi, geri qayıdıb bədii tarixi vərəqlədikdə həmin o kəskin fərqliliyin ayaq izlərini (yerə düşən su damcıları kimi-!) görürsən. Sən demə, bu, bizim unutduğumuz keçmişdir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 1 iyul.- S.15.