Kim nə miqdar olsa... - İnqilab Həsənli - 70

 

Məti OSMANOĞLU

 

 

İnqilab Həsənlinin imzası bir zamanlar Azərbaycan jurnalistikasının gündəliyində fəallığı, sözünün sanbalı və dəyəri ilə seçilirdi. İndi bizdən xeyli uzaqlarda qalmış həmin vaxtlarda İnqilabın radioda, yazılı mətbuatda çıxışları maraqla izlənilirdi. O, şair və nasir kimi ədəbiyyatımız üçün gələcək vəd edirdi. Lakin dəyişən zamanının təlatümləri içində İnqilabın imzası da hiss edilmədən gözdən itib görünməz oldu...

 

Aradan az qala 25 il keçəndən sonra unudulmaz insan - şair və publisist Tofiq Abdinin “525-ci qəzet”də nəşr etdirdiyi “Oralarda kimlər var?” silsiləsində soraqladığı insanlardan biri də İnqilab idi. Tofiqin verdiyi suallardan birincisi İnqilabın mətbuatdan, yazı-pozu aləmindən uzaq düşməsi  ilə bağlı idi. “Dörd övladım var, dördü də qızdır və onların uşaqlıq illəri, yeniyetməlik çağları elə dövrə düşdü ki, qələmlə çörək qazanmaq sadəcə olaraq mümkün deyildi. Odur ki, doxsanıncı illərin əvvəllərində kiçik sahibkarlıqla məşğul olmağa başladım. Və çox şükürlər olsun ki, ailəmi ayaqda tutmağı bacardım... Əlbəttə, birdən-birə qələm yerə qoyub pul dalınca qaçmağım heç də asan başa gəlməyib mənə. Gündüzlər birtəhər başımı qatsam da, gecələr yuxum ərşə çəkilirdi; yaza bilmədiyim mövzular, deyə bilmədiyim sözlər içimi göyür-göyür göynədirdi...” (Tofiq Abdin. “Oralarda kimlər var?”. “525-ci qəzet”, 29 aprel 2013)

 

Allah tərəfindən müəyyənləşdirilmiş təyinatı yazıb-yaratmaq olan insanın daxili dramını aydın ifadə edən bu etiraf İnqilabın mənsub olduğu nəslin portretinin bir fraqmentidir. Həmin nəslin nümayəndələri arasında sözə sadiq qalıb, gecə səhərəcən çörək qayğısı ilə yuxusu ərşə çəkilənlər də az olmadı.

 

...İnqilabla ilk əyani tanışlığım Azərbaycan radiosunda olub. Kim nə deyir-desin, necə və hara yozur-yozsun, 1960-70-ci illərdə Azərbaycan xalqının mədəni həyatının təzələnməsində, insanların maariflənməsində, ictimai düşüncənin yeni keyfiyyətlər qazanmasında radio məktəb qədər böyük rol oynayır,  təhsil sistemi qədər faydalı iş görürdü. Hər evdə ayrıca yeri olan radionun populyarlığı onun texnika “möcüzəsi” olmasında deyil, ondan səslənən sözün ecazkar gücündə idi...

 

Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universitetinin) filologiya fakültəsində təhsil alırdım. Biz tələbə olanda filoloqların yaradıcılıq imkanlarını sınaqdan keçirmək imkanları məhdud idi: bir yandan dərs proqramlarının natarazlığı və ağırlığı, bəzi müəllimlərin əzazilliyi, bir yandan da içimizdəki çəkingənlik mane olurdu: “yazdıqlarım birdən bəyənilməsə?..” sualı çox vaxt Ərəbzəngi kimi qarşımızı kəsirdi.

 

Maddi ehtiyaclara görə qış mövsümlərində Bakı Şəhər İcra Hakimiyyətinin binasında ocaqçılıq edirdim. Bura dərslərə hazırlaşmaq, kitab oxumaq üçün ideal yer idi: heç bir fiziki iş görmür, hərdən başımı kitabdan qaldırıb, təzyiq və temperatur cihazlarındakı göstəricilərə nəzarət edirdim...

 

Jurnalistika fakültəsində mənimlə paralel oxuyan Taleh Babayev (sonradan Taleh Həmid imzası ilə görkəmli şair və publisist kimi tanındı - Allahdan rəhmət diləyirəm) bir gün məni radioya apardı. Uşaqlar üçün proqramların hazırlandığı və radio işçilərinin öz aralarında “uşaq redaksiyası” adlandırdıqları redaksiyada olduq. İnsanlarla dərhal isti ünsiyyət qurmağı bacaran Taleh məni redaksiyanın əməkdaşları ilə tanış elədi. Efirdən dəfələrlə eşitdiyim adlar idi. Eldar Baxışın, Qaçay Köçərlinin imzasını mətbuatdan tanıyırdım. Talehin yaxın dostu İnqilab Həsənlinin “Ulduz” jurnalında “Kişisiz evin kişiləri” hekayəsini oxumuşdum...

 

Elə o gündən mənim həyatımın jurnalistlik yolu açıldı. Baş redaktor Rafiq Savalanın xeyir-duası ilə İnqilab mənə redaksiyanın ilk  sifarişini” verdi. Onda 1979-cu il idi. İnqilab Həsənli ilə dostluğumuz elə o gündən başladı....

 

İnqilab Həsənli “uşaq redaksiyası”nın yeniyetmə məktəblilərə ünvanlanan “Ulduz” proqramının redaktoru idi. Jurnalistika fəaliyyətinə bu proqramda başlamaq mənə bir də ona görə çox maraqlı idi ki, o zaman “istedadlı gənclər” kimi ədəbi ictimaiyyətin diqqət mərkəzində olan Kamil Vəliyev (professor Kamil Vəli Nərimanoğlu), Rafael Hüseynov (indi akademik), qeyri-adi istedad sahibi olan Natiq Səfərov, şair Dilsuz Mustafayev bu redaksiya ilə əməkdaşlıq edirdilər. Filologiya fakültəsində məndən aşağı kursda oxuyan Nizami Cəfərov (indi akademik) da bir qədər sonra bu cərgədə öz yerini tutacaqdı. “Ulduz”un həm taleyi, həm də yaradıcılığı ilə çox maraqlı bir müəllifi də vardı: Mehdi Bayramov. Sonradan Mehdi Bəyazid imzası ilə məşhurlaşdı. Adlarımız və soyadlarımız uyğun olduğuna görə (Mehdi Bayramov - Məti Bayramov) bəzən bizi dəyişik salır, onun ünvanına çatacaq təbrikləri və təşəkkürləri mənə çatdırırdılar. Mehdinin radioda səslənən, demək olar ki, bütün yazıları əks-səda verir, ictimai reaksiya oyadırdı...

 

Bu cür müxtəlif səsli, fərqli maraq çevrəsi olan insanların bir araya gətirilməsi İnqilab Həsənlinin elmi və ədəbi mühiti yaxından tanımasının, eləcə də o vaxtın aparıcı kütləvi təbliğat vasitəsi olan radionun təyinatını ictimai və milli maraqlara yönəldə bilmək bacarığının səmərəli nəticəsi idi. Açığını desək, radioda səsləndirilmək üçün yazılan yazılarla bağlı müəlliflərin “çörək qazanmaq” mülahizəsini inkar etmək çətindir. Bir dəfə (ən yaxşı halda iki dəfə) “havaya üfürüləndən” - efirə veriləndən sonra həmin yazılar öz funksiyasını yerinə yetirmiş olurdu. Lakin bu da danılmazdır ki, “havaya üfürülən” yazılardan qazanılan çörək halal çörək idi: radio dalğalarından istedadla deyilən halal söz insanların düşüncəsində öz havasını yaradır, yaddaşlarda iz salırdı... İnqilabın da təmsil etdiyi Azərbaycan radiosunun indi xoş xatırlanan sirri, yəqin ki, bu halallığında idi.     

 

O vaxt hüquq fakültəsinin tələbəsi, hazırda təqaüddə olan polis polkovniki Tapdıq Osmanovla  mənim kirayədə qaldığımız mənzil İnqilabın yenicə köçdüyü mənzil ilə qonşu idi. Tezliklə bir-birimizin evinə ayaq açdıq.  Bu gediş-gəlişlərdə mən özümü Havva nənənin - İnqilabın anasının övladı kimi hiss etməyə başlamışdım. O da diqqətimdən yayınmırdı ki, İnqilabın oturub-durduğu, çörək kəsdiyi adamların hamısı onun evinə Havva nənənin övladı kimi gəlib-gedir...

 

Bu yaxınlarda “525-ci qəzet”də İnqilabın “Bəyaz gecələrin soyuğu” adlı bir hekayəsini oxudum. 1987-ci ildə qələmə  alınmış hekayə “altmışıncılar” ənənəsinin davamı kimi lirik-romantik ab-havası ilə diqqəti cəlb edir. Müəllifin bədii fantaziyasının məhsulu olan, nəsrin şeirləşdirildiyi bu  hekayədə mən Həvva nənənin - uzaq şəhərdə tələbə övladının üşüdüyünü hiss edib qızınmaq üçün kənddən ona odun göndərmək arzusunda olan ananın doğma obrazını gördüm.  

 

Jurnalistikanın, ümumiyyətlə, sözlə işləməyin üzdə olan cəhətləri var: məsələn, hər hansı bir radio proqramı üçün janr seçimi, dramaturji tələblərin yerinə yetirilməsi, müəllif mətni ilə iştirakçıların nitqinin düzgün əlaqələndirilməsi, müvafiq musiqi tərtibatı və s. kimi amillər mühümdür. Bir də sözün üzdə olmayan, gözlə görünməyən sirləri var: bu eynilə İnqilabın dostlarının özlərini Həvva nənənin övladı hiss etmələri qədər izahı çətin olan məsələdir. Bunun izahı üçün Füzulinin təbirincə desək,”yoxdan var olan” sözün dərinliklərinə baş vurmaq, sözün ənginliklərini hiss etmək, oxumaq lazım gəlir. Bu sirli aləmin tərifini Füzuli dəqiq ifadə edib: “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz...”

 

İnqilab Həsənli radiodan sonra uzun müddət “Sovet kəndi” qəzetində çalışdı, fəaliyyətində ideoloji təbliğata deyil, kəndin problemlərinin təhlilinə üstünlük verdi. Onun mətbuatda nəşr olunan publisistik yazıları da radioda yayımlanan verilişləri kimi sözün enerjisinə, yaddaşın ənginliklərindən gələn tutumuna görə seçilir. Jurnalistikada, xüsusilə də onun bir qolu olan publisistikada sözün düzünü demək, fakta sədaqət göstərmək əsas şərt olsa da, oxucunu “fəth etmək”, sözü ünvanına yetirmək üçün kifayət deyil. Bunun üçün həm də özünün, öz içinin “nə miqdar olduğunu” ortalığa gətirməlisən. Onda dərinlik-dayazlıq məsələsi də tam ölçüləri ilə ortaya çıxır. Sözü yazan adamın içindəki tutum, yaddaşının mənəvi miqyasları onun yazdıqlarında və dediklərində ifadə olunur və cəmiyyətə təsir göstərir.

 

1979-cu ildə İnqilabın “Azərbaycan” jurnalında bir publisistik məqaləsi nəşr olunmuşdu və həmin  yazı dərhal respublikanın ictimai həyatının hadisəsinə çevrilmişdi. “Tərtər rayonunun doğulub boya-başa çatdığım Hüləbətli kəndinin çatışmazlıqlarını, problemlərini qələmə almışdım... Yeri gəlmişkən xatırladım ki, o vaxt respublikanın rəhbəri olan rəhmətlik Heydər Əliyev yazıçıların filarmoniyada keçirilən qurultayında həmin məqaləni tərifləyib demişdi ki, bu yazıda təkcə kəndin sosial problemləri deyil, onun həlli yolları göstərilib...

 

Ancaq hələ nə qurultay keçirilmişdi, nə də ölkə başçısı bu sözləri dilinə gətirmişdi... Jurnalın 1979-cu il dekabr nömrəsi işıq üzü görən kimi rayon rəhbərliyi bütün aidiyyəti qurumları məqalədə qaldırılan problemlərin həllinə yönəltdi: kəndimizdən dəfələrlə böyük olan kəndlərə işləmədiyi halda bizim kəndə avtobus marşrutu açıldı; cəmi 10-15 gün ərzində kəndimizə qaz xətti çəkildi; respublika avtomobil yolları naziri rəhmətlik Rafiq Xələfovun tapşırığı ilə yolumuza ilk dəfə, üstündən otuz, otuz üç il keçməsinə baxmayaraq, bu gün də yaxşı vəziyyətdə olan keyfiyyətli asfalt salındı; bir-iki il əvvəl qonşu kənddə şagird kontingentini artırıb orta məktəb yaratmaq xatirinə bizim məktəbin dördüncü sinfini bağlayanlar çox az vaxt ərzində əvvəlcə 8 illik, daha sonra isə orta məktəbə çevriləcək böyük bir məktəb binasının tikintisinə başladılar”... (Tofiq Abdin. “Oralarda kimlər var?”. “525-ci qəzet”, 6 may 2013)

 

Burada respublika rəhbərliyinin qaldırılan məsələyə həssas münasibəti, yerli məmurların mətbuatın yazdıqlarına operativ reaksiyası məsələnin bir tərəfidir və çox ciddi tərəfidir. Lakin bir jurnal məqaləsinə (o vaxt da indiki kimi qəzet və jurnallarda hər ay yüzlərlə məqalə nəşr edilirdi) dövlət rəhbərliyi səviyyəsində belə bir həssaslığın göstərilməsinə, kəskin ictimai reaksiyanın verilməsinə başlıca səbəb sözün tutumu, söz sahibinin ortaya qoyduğu “miqdar”, çəki idi...

 

Jurnalistikamızın örnək simalarından olan İnqilab Həsənlinin 70 yaşı tamam olur. Bu münasibətlə köhnə dostumu ürəkdən təbrik edirəm və belə düşünürəm ki, bir yazıçı və publisist, bir redaktor kimi fəaliyyətinə ara verəndən 30 il sonra onun imzasının xoş təəssüratlarla xatırlanmasının başlıca səbəbi, heç şübhəsiz ki, “miqdar” amili ilə bağlıdır.

 

525-ci qəzet  2017.- 1 iyul.- S.14.