"Füyuzat"ın iki
yazarı haqqında orijinal tədqiqat
Proqramına,
turançılıq, türkçülük ideyasına, dilə,
dinə, sənətə, ədəbiyyata münasibətinə, mühərrirlərinin əqidəsinə,
onların cəmiyyət həyatında tutduğu mövqeyinə,
ictimai rəyin, milli şüurun formalaşmasında oynadığı roluna görə
Azərbaycan mətbuat tarixində ən çox və ən kəskin tənqidə məruz qalan,
eyni zamanda, elə
yuxarıda sadaladığımız cəhətlərinə
görə həm də, şəninə
ən
çox tərif söylənilən dövrü nəşrlərdən biri və
bəlkə
də birincisi türk-islam dünyasının parlaq zəka və əməl sahiblərindən Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi köməyi ilə
1906-cı ilin noyabrından 1907-ci ilin noyabrınadək Bakıda buraxılan "ədəbi, fənni, siyasi, ictimai, müsəvvər, həftəlik məcmuəyi-islamiyyə"
- "Füyuzat"dır. Sovet hakimiyyəti illərində,
bir qədər də dəqiqləşdirsək,
ötən əsrin otuzuncu illərindən sonra "Füyuzat" və füyuzatçılar
düşmən elan olundu və məcmuəyə kəskin
hücumlar başlandı.
Tanınmış bir ədəbiyyatşünas
alimin "Füyuzat"a ünvanladığı
"Sinfi mübarizədə
- əksinqilabçı, milli
məsələdə pantürkist,
mədəniyyət sahəsində
kosmopolit, dinə münasibətdə - ortodoks
islampərəst" fikri
- damğası sovet dövrünün məcmuəyə
münasibətini tam əks
etdirir.
1991-ci ildə Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonra "Füyuzat"a və füyuzatçılara münasibət
dəyişdi və bu zəngin xəzinə milli-mənəvi
irsimizin, mədəni
sərvətimizin mənbəyi
kimi yeni dövrün tələblərinə
uyğun tədqiqata cəlb olunmağa başlanıldı. Vaxtı ilə Cəlil Məmmədquluzadə, Əlabbas
Müznib, Məhəmməd
Hadi, Abbas Səhhət, Abdulla Şaiq,
Məmməd Səid Ordubadi, Qafur Rəşad tərəfindən
yüksək qiymətləndirilən
məcmuə müstəqillik
illərində Rəfiq
Zəka, Yaşar Qarayev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, İsa Həbibbəyli, Şamil Vəliyev, Xeyrulla Məmmədov, Rasim Kamaloğlu (Mirzəyev), Kamil Vəliyev, Azər Turan, İslam Ağayev kimi görkəmli alimlərin tədqiqatlarında
layiqli dəyərini almışdır. Filologiya
elmləri namizədi Ofelya Bayramlı 2006-cı
ildə, obrazlı ifadə ilə desək, öz adını əbədi olaraq "Füyuzat" tarixinə yazdırdı:
məcmuənin tam mətninin
ərəb əlifbasından
latın əlifbasına transliterasiyasını
ön sözlə birlikdə hazırlayıb
çap etdirdi. Mövcud tədqiqatlar məcmuə
və füyuzatçılarla
bağlı bütün
suallara cavab verildiyni, qaranlıq məqamların tamamilə
işıqlandırıldığını,
məcmuənin, onun mühərrilərinin irsinin
hərtərəfli və
tam şəkildə tədqiq
olunduğunu, dəyərləndirildiyini
iddia etməyə əsas vermir. Görkəmli ədəbiyyatşünas, fədakar elm və dövlət xadimi professor
Vilayət Quliyevin bu yaxınlarda işıq üzü görən "Füyuzat"ın
iki yazarı" adlı monoqrafiyası (Bakı, "Elm və təhsil" nəşriyyatı,
2017, 224; prof. Asif Rüstəmlinin elmi redaktorluğu ilə) fikrimizə ciddi əsasdır.
"Füyuzat" məcmuəsinin
ilk nömrəsinin çapdan
çıxmasının 110 illiyinə ithaf olunmuş kitaba "Ədəbiyyatşünaslıq andına sədaqət"
adlı ön sözündə akademik İsa Həbibbəyli monoqrafiyanı "ciddi, düşündürücü və əhəmiyyətli
bir elmi əsər", "oxunaqlı
və təsirli bir "JZL", "Füyuzat"ın
fəal əməkdaşlarından
Həsən Səbri Ayvazovun və Əhməd Kamalın həyat və yaradıcılığına həsr
olunmuş "həm
də tale romanı olan orijinal bir
tədqiqat" adlandırır.
Onlarca mötəbər mənbəyə,
tarixi sənədlərə,
məqalə və kitablara istinad edilərək qələmə
alınmış "Füyuzat"ın
iki yazarı" kitabında əslən Krım yarımadasının
Alupka qəsəbəsindən
olan milli ədəbiyyat və ictimai-siyasi fikir tarixində, yazıçı,
dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas
alim, dövlət xadimi və diplomat kimi parlaq iz
buraxmış Asan Səbri Ayvazov (1878-1938) və Osmanlı ordusunun miralayı Əhməd Rasimin oğlu, türk publisisti, şair, tənqidçi, pedaqoq, gənc türklər hərəkatının tanınmış
simalarından Əhməd
Kamal Akünalın
(1873-1942) həyat və
yaradıcılığı, xüsusi ilə onların "Füyuzat"
məcmuəsindəki fəaliyyəti
yüksək peşəkarlıqla
hərtərəfli və
dərindən araşdırlır.
Dövrün 30 nəfərə
yaxın görkəmli
xadiminin, o cümlədən,
Krımdan, Türkiyədən,
İrandan olan yazıçı, şair
və publisistin də əməkdaşlıq
etdiyi "Füyuzat"
məcmuəsindən professor Vilayət Quliyevin məhz krımlı Asan Səbri Ayvazovun və Türkiyədən olan Əhməd Kamal Akünalın həyat və yaradıcılığından
bir kitabda bəhs etməsi təsadüfi deyil, çox təbiidir. Əvvəla,
xarici ölkələrdən
"Füyuzat"la əməkdaşlıq
edənlərin ən
fəalları elə
Asan Səbri Ayvazov və Əhməd Kamal Akünal olmuşlar.
A.S.Ayvazovun məcmuənin
işıq üzü
görən 32 nömrəsində
24 (!), Əhməd Kamalın
"Füyuzat"la 5 aylıq
əməkdaşlığı dövründə 13 məqaləsi,
5 şeiri dərc edilmişdir! Onlar Əli bəy
Hüseynzadə ilə
birlikdə məcmuənin
istiqamətini yönləndirən,
əsas ağırlığını
üzərinə götürən
ədəbi simalardır.
Bu iki publisistin
yaradıcılıq və
tale yolları da bir-birinə bənzəyir.
Görünür, bütün bu
amillər tədqiqatçını
iki görkəmli qələm ustasının
həyat və yaradıcılıq yolunu
bir kitabda, akademik İsa Həbibbəylinin təbirincə
desək, "elm ağırlıqlı
JZL"də birləşdirməyə
sövq etmişdir.
Monoqrafiya "Asan Səbri Ayvazov" və "Əhməd Kamal" adlı iki hissədən ibarətdir. Krımlı yazarın çətin keçən uşaqlıq həyatı, boya-başa çatdığı mühit, gəncliyinin İstanbul dövrü barədə kifayət qədər məlumat verdikdən sonra tədqiqatçı yazır ki, ictimai-siyasi proseslərə fəal qoşulan H.S.Ayvazov erkən yaşlarından mətbuatla da əməkdaşlıq etməyə başlamış, Qahirədə çıxan "Müvazene", "Türk" və Baxçasarayda buraxılan "Tərcüman" qəzetlərində məqalələrlə çıxış etmişdir. Hasan Səbri Ayvazovun fikri inkişafında, məsləyinin formalaşmasında İsmayıl Qaspiralı, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi xadimlər, XX əsr Azərbaycan ədəbi, mədəni mühiti, mətbuatı mühüm rol oynamışdır. Professor Vilayət Quliyev Hasan Səbri Ayvazovun müasirləri, yaradıcılığındakı başlıca mövzular, publisistin sənətkarlıq məharəti, məqalələrinin dil, üslub rəngarəngliyi, oxucuların beyninə və hisslərinə təsir etmək bacarığı barədə məhəbbətlə söz açır, yazılarından sitatlar gətirərək fikir və mülahizələrini əsaslandırır. Hasan Səbri Ayvazovun türkçiliyə, Azərbaycan mədəniyyətinə, mətbuatına, "Həyat"ın və "Füyuzat"ın ideallarına bağlılığını, mehr-məhəbbətini, heyranlığını duymaq, hiss etmək üçün onun "Füyuzat"ın 2-ci nömrəsində "Həyat"ın qürubundan və "Füyuzat"ın tüülundan hasil olan təəssüratım", 6-cı nömrəsində "Krımlılar nə üçün tənqid edilmiyor" adlı məqalələrini və türkiyəli tanınmış tədqiqatçı Ömər Özcan tərəfindən tapılan Əli bəy Hüseynzadəyə Krımdan ünvanlandığı məktubu oxumaq kifayətdir. "Həyatın" bağlanmasına dərindən kədərlənən, "Füyuzat"ın tüüluna bütün varlığı ilə sevinən Hasan Səbri Ayvazovun duyğularının tərcümanı kimi V. Quliyev yazır: "Özünü yetim qalmış hiss edən, səsini, sədasını, fəryad və fəğanını insanlara çatdırmaq imkanını itirdiyindən, hüzn və ələmə qapılan Asan Səbri belə üzücü ab-havada gələcəyə ümidlə baxa bilmək üçün bir səbəb, vəsilə tapdığına sevinirdi. Həmin səbəb "Həyat"ın yerinin boş qalmaması, onun ardıcılı, varisi kimi ədəbi-bədii və fəlsəfi ağırlıqlı "Füyuzat"ın meydana çıxaraq əvvəlki dəsti-xətti, əski milli maarifçilik missiyasının davam etdirməsi, üstəlik, bəzi məsələlərdə ortaya daha güclü və səbatlı mövqe qoyması ilə bağlı idi".
Milli ədəbiyyat tarixinə, həm də nasir və dramaturq kimi düşən Hasan Səbri Ayvazovun bu istiqamətdəki fəaliyyətinə diqqəti çəkən Vilayət Quliyev onun "Füyuzat" məcmuəsində dərc olunmuş "Nədən bu hala qaldıq" üç pərdəli pyesinin mövzu və sənətkarlıq problemlərindən də bəhs edir. Təqdirəlayiqdir ki, V. Quliyev Hasan Səbri Ayvazovun "Füyuzat" bağlandıqdan sonrakı taleyini də izləməkdə davam edir, onun Krımdakı pedaqoji fəaliyyətindən, Misirə, Moskvaya, İsveçrəyə səfərlərindən, İsmayıl Qaspiralının vəfatından sonra "Tərcüman"a, eləcə də "Millət" qəzetlərinə redaktorluğundan, Krım Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirakından, Krım Parlamentinə rəhbərliyindən, 1922-ci ildə Krımda baş verən dəhşətli aclığın arada qaldırılması məqsədi ilə yardım üçün Türkiyəyə getməsindən, 1926-cı ildə Bakıda Türkoloji qurultayın işində fəaliyyətindən kifayət qədər əhatəli məlumat verir.
Krımda bolşeviklərin hakimiyyəti bərpa olunduqdan sonra baş verən ictimai-siyasi proseslər, təbəddülatlar Hasan Səbri Ayvazovun dünyagörüşünə, fəaliyyətinə və düşüncə tərzinə də təsirsiz ötüşmür. Vilayət Quliyev əski "Füyuzat"çının şübhə, tərəddüd və qorxularla dolu həyatındakı dəyişiklikləri, iztirab, üzüntü və sıxıntıları, xilas üçün dostlarından dönə-dönə və acizanə, çarəsiz imdad və yardım diləməsini mövcud rejimin təbiəti ilə məharətlə əlaqələndirir və qeyd edir ki, 16 il davam edən təqib və təzyiqlər məntiqi sonluqla bitir, 1937-ci ilin aprelin 5-də Krım-tatar ədəbiyyatının canlı klassiki Hasan Səbri Ayvazov həbs olunur. Zindanda ona həbsxana qeydləri yazmaq üçün "münasib şərait" yaradılır və o, bir çox hallarda həyat və yaradıcılıq kredosu ilə uyuşmayan xatirələrini yazmağa məcbur edilir. Bir il sonra - 1938-ci il aprelin 17-də 60 yaşının tamamına bir neçə gün qalmış güllələnir.
(Ardı var)
525-ci qəzet 2017.- 4 iyul.- S.6.