Mənalı ömrün
şərəfli naxışları
Geniş diapazonlu alim, xeyirxah müəllim, mötəbər jurnalist, istedadlı şair, peşəkar tərcüməçi, vətənini və millətini ürəkdən sevən vətəndaş Nəsir Əhmədli...
Bunların hər biri haqda
ayrıca danışmaq
olar. Özü də geniş.
Əlavə edək ki, Nəsir müəllim olduqca sadə, təvazokar, sözü və özü ilə öyünməyən
insandır. Məhz buna
görə də o, çalışdığı təhsil ocağının
müəllimləri və
tələbələri üçün
hər zaman ləyaqətli örnək
olaraq qalır. Bu ehtiramı Nəsir
müəllim öz mədəniyyəti, kübarlığı,
elmi, savadı və hazırcavablığı
ilə qazanıb.
Nəsir
müəllimi tanıyanlar
yaxşı bilirlər
ki, Nəsir müəllim olan yerdə darıxmaq olmaz. Onun duzlu-məzəli söhbətləri, şux
zarafatları, incə
yumoru hamıya məlumdur.
Adların təsadüfi olmadığını,
insanın gələcək
taleyində müstəqil
rola və əhəmiyyət kəsb
etdiyini iddia edənlər az
deyil. Çoxları bu fikirdədir
ki, adlar insan taleyidir və onun ömür
yolunda müəyyən
əhəmiyyətə malikdir.
"Nəsir" adının
ərəb dilindən
gələn mənası
"kömək edən,
köməkçi, tərəfdar"
kimi izah olunur. Görünür, həqiqətən adlar təsadüfi qoyulmur. Bunu Nəsir müəllimin
nümunəsində açıq-aşkar
görmək olar.
Belə ki, Nəsir müəllim öz adını tamamilə doğrudub. O, çox
adamlarln köməyinə
gəlib, çoxlarının
dadına çatıb.
Və əsası odur ki, o özü də bu təmannasız
və xeyirxah əməllərindən zövq
alır.
Filologiya
elmləri doktoru, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliklərinin və Mətbuat Şurası İdarə heyəninin üzvü, qayğıkeş
və tələbkar pedaqoq Nəsir müəllim öz zəhməti ilə ucalan insandır. O, 1942- ci ildə Azərbaycanın
dilbər güşəsində,
saza və sözə qiymət verən Tovuz rayonunun Alakol kəndində dünyaya göz açmışdır.
Özünün dediyinə görə,
hələ məktəb
illərindən ürəyində
jurnalist olmaq arzusu baş qaldırıb və beləliklə, jurnalistikanın
cazibə qüvvəsi
onun taleyini müəyyənləşdirib. Arzuların sorağı ilə o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə
daxil olub. Ömrünün ən önəmli məqamları
bu qocaman ali tədris
müəssisəsi ilə
bağlıdır. Hal-hazırda beynəlxalq
jurnalistika kafedrasının
professorudur, 100-ə yaxın
məqalənin, üç
monoqrafiyanın, bir dərsliyin, beş dərs vəsaitinin müəllifidir, üç
elmlər namizədinə
rəhbərlik edib, bir elmlər doktorunun opponenti olub. 2006-cı ildə
Media açarı - 2006 Ali Media mükafatına, müxtəlif
diplom və fərmanlara layiq görülüb.
Amma Nəsir
müəllimin həyat
yolu heç də hər zaman hamar olmayıb. O, bu şərəfə, bu inama çatana qədər uzun yollar keçmiş, nə qədər çətinlikləri, məhrumiyyətləri
dəf edib.
Bu gün ədəbi
və mədəni həyatımızda, həmçinin
media aləmində öz
səsi, öz nəfəsi və öz dəst-xətti olan bir Nəsir
Əhmədli fenomeni mövcuddur. Ümumiyyətlə, Nəsir Əhmədli
dilimizin keşiyində
duran, onun təəssübünü çəkən,
zənginləşdirən və məhəbbətlə
tərənnüm edən
yorulmaz alim və sənətkarlardan biridir.
Onun "Jurnalistin
nitq mədəniyyəti"
adlı dərsliyi artıq çoxlarının
masaüstü kitabına
çevrilmişdir. Mavi ekranda, mətbuatda, sosial şəbəkələrdə keçirdiyi
ustad dərsləri, bir növ, həmin
kitabın davamıdır.
Sözə ehtiram, sədaqət - Nəsir Əhmədlinin həyat norması, yaradıcılıq kredosudur. Bu keyfiyyətlər onun publisistikası ilə yanaşı, eyni zamanda poeziya yaradıcılığında da özunü tam aydınlığı ilə
əks etdirir. Nəsir müəllimi həqiqətən
söz sərrafı,
söz zərgəri adlandırmaq olar. Şair Nəsir Əhmədli sözdən ilmə vurur, naxış toxuyur, poetik lövhələr yaradır.
Bədii
yaradıcılıq sahəsində
böyük iddialari olmasa da, yazdıqlarından
mənəvi rahatlıq
tapır. Onun ustalıqla
yazdığı, manifest şeirlərdən
biri "Gedəmmərəm"
adlanır.
Bir dənə də çin olmamış...
Əli kimi sənətkarı,
Elməddini, Şəhriyarı,
Azərdəki barmaqları,
Sazı qoyub gedəmmərəm.
Nemət
dolu süfrələri,
Hörmət dolu çöhrələri,
Canım,
dostlar, müxtəsəri,
Sizi qoyub gedəmmərəm.
Yurd yerimiz gen olmamış,
Türk
elləri tən olmamış
Arzu qoyub gedəmmərəm.
Nəsir
sevir sədaqəti,
Bu torpağı, bu milləti,
"Tovuz" adlı bir cənnəti,
Düzü, qoyub gedəmmərəm.
Şeirdə yurd-oba sevgisi aydınca görünür. N.Əhmədlinin şirin Tovuz ləhcəsi ilə yazdığı bu sətirlərin dili də gözəldir, üslubu da, deyilişi də. Buradakı ovqat və kolorit
isə şeiri oxuculara daha yaxınlaşdırmağa imkan
verir.
Ümumiyyətlə, Nəsir Əhmədli çalışqan insandır. O, erkən
yaşlarından hər
zəhmətə qatlaşıb,
işin çətinliyindən
qorxmayıb, əksinə
bilmədiklərini öyrənməyə
çalışıb. Onun tanrısı
zəhmətdir. Bu zəhmət Nəsir müəllimi ucalığa,
şöhrətə yetirib,
onu sevən tələbələrə, həmkarlarına,
oxuculara daha da sevdirib. Yuxarıda adı çəkilən şeirdə
o, qürurla deyir:
...Neçə işim var yarımçıq,
Bir diləkdir hər yarımçıq,
Masam üstə yar-yarımçıq,
Yazı qoyub gedəmmərəm.
Məndə deyil ixtiyarı,
Atammaram dostu, yarı.
Dədə Qorqud yadigarı
Sözü qoyub gedəmmərəm.
Nəsir Əhmədli həm düşünən, həm
düşündürən şairdir. Onun "Dalğın" təxəllüsü
ilə yazılan bu şeirə diqqət yetirin:
Başdan-başa müəmmadır bu
dünya,
Gizlisi nə, agahı nə, bilinmir.
Çox
şeyləri uzaqdır,
əl çatmır,
Əl çatanın
izahı nə, bilinmir.
Bu dünyanı dərk eləmək - boş xülya,
Nəsir
Dalğın duyammadı,
kim duya?
Anlaşılmaz bir bazardır bu dünya,
Satanı
kim, mətahı
nə, bilinmir.
Nəsir Əhmədli alimliyi, şairliyi ilə yanaşı, tərcümə
yaradıcılığı ilə də respublikamızda səriştəli
söz ustası kimi tanınır. Onun tərcüməsində
oxucularımız M.Lermontov,
R.Rojdestvenski, A.Axundova
və digər klassik və müasir rus şairlərinin əsərlərini
Azərbaycan dilində
oxuyublar. Rus dilinin
müstəqil öyrənilməsinə
baxmayaraq, bu gün bir çox
"rusdillilər" Nəsir
müəllimə həsəd
apara bilər. O da maraqlıdır ki, Nəsir Əhmədli həm namizədlik, həm də doktorluq dissertasiyalarını birbaşa
rus dilində yazıb, elmi ictimaiyyətə təqdim
etmişdir.
Hal-hazırda 75-ci baharını
qeyd edən Nəsir Əhmədli ömrünün müdrik
və parlaq çağını yaşayır. Azərbaycan
poeziyasının bayraqdarı,
xalq şairi Səməd Vurğun çox mənalı poetik dillə demişdir:
Baş ağardı, ancaq ürək,
Alovludur
əvvəlkitək,
Bilirəm ki, deməyəcək,
Bir sevgilim,
Bir də Vətən,
Şair,
nə tez
Qocaldın sən!
Belə ki, başda saçın ağarması
təbiətin qanunudur,
uca dağlar başına qar yağar. Tanınmış şairimiz Məmməd İsmayılın təbirincə
desək, "Hələ
yaşamağa dəyər
bir az da".
Odur ki, Nəsir müəllim bu gün də jurnalist sözünün pərvazında, poeziyanın
qanadlarındadır. Əvvəlkitək gənclik ehtirası ilə yazıb-yaradır,
şərəfli ömrün
salnaməsinə yeni-yeni
səhifələr calıyır.
Biz də bu münasibətlə onu təbrik edir və arzulayırıq ki, 25 ildən sonra bu gözəl
insana "Necəsən"
sualı ilə müraciət edəndə
ondan "Əlayam"
cavabını eşidək.
Qələminiz heç vədə
yorulmasın, Nəsir
müəllim!
Ayaz MUSAYEV
525-ci qəzet 2017.- 4 iyul.- S.5.