Əshabi-Kəhfdə qovuşduğum mənəvi
ucalıq
Bu fani dünya ilə 100 yaşında vidalaşan Fatma nənəm İkinci Dünya müharibəsini həmişə ürək ağrısı ilə xatırlayar, sonda da bir-iki bənd ağı ilə dövrün gərdişini lənətləyərdi.
Asan deyildi, bu müharibənin sərt sazağı ondan
doğma qardaşını, ömür-gün yoldaşını,
kəndimizdə həyata yenicə atılan yüzlərlə
kürəyi yerə gəlməyən gənci alıb
aparmışdı. Üç körpəni yetimçiliklə
böyütmüşdü. Gecə-gündüz
kolxozda kağ vurmaqdan, kətmən çəkməkdən əlləri
cadar-cadar olmuşdu. Elə həmin əllərində
ovub kirkirədə una çevirdiyi buğda ilə
uşaqlarına həyat vermişdi.
Uşaq vaxtı saçımı oxşayanda elə
bilirdim başımda kotan gəzir. Zəhmət, alın
təri, düzlük, dürüstlük, yalan və
riyakarlıqdan uzaq səmimiyyət, hər kəsin xeyir-şərində
başda olmaq sanki o dövr insanlarının boyuna
biçilmişdi. Nənəm həm də iman adamı
idi: Biz uşaq ağlı ilə təsbehini,
möhürünü gizlədib “mane” olmağa
çalışsaq da, namazını həmişə
vaxtında qılar, çiy kərpicdən tikilmiş
çox kiçik, amma içi hüzur və sevgi dolu miskin
komasında Tanrı, Allah kəliməsi dilindən
düşməzdi. Bir də tez-tez içdiyi andı
vardı: “Əshabi-Kəhf” haqqı”.
Həddi-hüdudu
olmayan sevinc
Nənəm həmişə qibtə etdiyim
yaddaşını tez-tez varaqlar, ildə bir neçə dəfə
atla, ulaqla Əshabi-Kəhfə getdiklərini, isti,
şaxta-sazaq demədən mənəvi ucalığın
işığına toplaşdıqlarını, qurbanlar kəsdiklərini
xatırlayardı. Beləcə, bizim ağ, pambıq
kimi tərtəmiz uşaq yaddaşımıza bir iz də
düşərdi: Əshabi-Kəhf izi.
Elə
ki, qoyun-keçilərimiz əkiz bala verdi,
o zaman sevincimiz yerə-göyə sığmazdı,
atlanıb-düşməkdən yorulmazdıq. Əmin idik ki,
ata-anamız əkizlərdən erkək olanını
Əshabi-Kəhfə qurban deyəcəklər:
“Balalarımızın canı sağ olsun, böyüyüb
instituta girsinlər, gələn il bu ocağa yenə də
qurban deyək”.
Beləcə,
biz adı müqəddəs kitabımız “Qurani-Kərim”də
də çəkilən bu müqəddəs ocağa hər
il gedər,saflaşar, durulaşar,
çiçək kimi tər-təmiz olub geri
qayıdardıq.
Yaddaşımın künc-bucağına ilişib qalan
təkcə bunlar deyil. Narahat və kələ-kötür, yalnız “UAZ” və “Qaz-53”lərin
hərəkət edə bildiyi yollar həm də çox
yoxsul və kasad görünərdi. Bir dənə
də olsun ağacın bitmədiyi və ya əkilmədiyi
yol kənarları insanın ürəyini sıxardı.
Yaxşı xatırlayıram, ziyarətgaha
çatar-çatmaz üfunət adamı bürüyərdi.
Qurbanlıqlar harada gəldi kəsilər,
dırnağı, başı, qarın-qartası, dərisi ətrafa
dağıdılardı. Dağların münasib
oyuqlarında, yol kənarlarında hərə bir “manqal”
düzəldər və beləcə müqəddəs məkan
ziyarətgah anlayışından çıxıb “piknik mərkəzi”ni
və yaxud “kababxana”nı xatırladardı. Xalq
şairi Məmməd Araz “Naxçıvan albomu”nda
yazırdı ki, “Naxçıvanda az qala hər binaya bir
çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində
zarafatla dedi: “Naxçıvanda çayçılar nazirliyi təşkil
etmək lazımdır”. Bəli, həmin
çayxana və kababxana psixologiyası Əshabi-Kəhfə
də ayaq açmışdı. Dinimizdə qurban kəsib
paylamağın fəziləti imkansızı, fəqir-füqəranı
sevindirmək, onlarla mənəvi bütövləşmə
olsa da, təəssüf ki, seyr edilən mənzərə
heç də bunu əks etdirmirdi...
Xatırlamaq
istəmədiklərimiz
Həmin
vaxt başına 1 manatlıq börk qoyub
mücöyürlük edənlərin də sayı-hesabı olmazdı. Həmin mücöyürlər bildi-bilmədi
Quranı necə gəldi oxuyar, insanların
saflığından və ürəkaçıqlığından
istifadə edib ciblərini doldurardılar. Gənclər
də dərələrdə bitən dağdağan
ağaclarını təsbeh düzəltmək
üçün qol-budaq edərək axırına
çıxardılar. “Damcılı
mağara”ya, “Qara daş”ın olduğu məscidə, “Cənnət
bağı”na, “Yeddi kimsənə”yə qalxmaq da
müşkül məsələ idi. Sərt
və sürüşkən qayalıqlarla yuxarıya
çıxmağı hamı bacarmaz, baxımsızlıq və
natəmizlik baş alıb gedərdi. Nə
yol-iz düzəmməli idi, nə də təmizlik və səliqə-sahman.
Çünki insanlar Əshabi-Kəhf sevgi və
ucalığına nə qədər dərindən
bağlı idilərsə, “gözünə
döndüyüm” sovetin ideoloji maşını da bir o qədər
belə müqəddəs ocaqların kütləvi ziyarətindən
narahat idi. Ona görə də belə məkanlar
tamamilə diqqətdən kənarda qalırdı. Qısası, Dağ Yunisin Tanrıya iman gətirənlərə
çəkdiyi dağı, sovet ideologiyası Əshabi-Kəhfə
də çəkməyə çalışırdı.
Tanrı
ulduzlardan daha ucada dayanır
Gərgin
iş qrafiki, şəhərin səs-küyü,
insanların tez-tez qarşılaşdığımız
soyuq və etinasız baxışları, yersiz və əsassız
söz-söhbətlər bəzən adamı hədsiz yorur, mənəvi
boşluğa yuvarlayır. Belə məqamlarda
həmişə düşünmüşəm ki, Tanrı
insan və onlar üçün əlçatmaz olan ulduzlardan
belə daha ucada dayanır. Ona görə
də Tanrıya yaxın olmaq, o auranı yaşamaq
üçün Əshabi-Kəhfi ən ideal məkan
bilmişəm. İndi də yaradana daha
yaxın olmaq istəyəndə bu müqəddəs yerə
gedirəm. Həm də axşamtərəfi
- saat 6-dan sonra. Bu məkanda həmin vaxt o
qədər hüzur və psixoloji rahatçılıq olur
ki, onu sözlə ifadə etmək olduqca çətindir.
Bu dəfə də belə oldu. Müqəddəs
Ramazan bayramı günü özümdən 29 yaş
kiçik - 4 yaşlı dostum Oğuzayı da
götürüb Əshabi-Kəhf Dini-Mədəni Abidə
Kompleksinə üz tutdum. Bəli, məhz abidə
kompleksinə... Əvvəllər olduğu kimi, indi bu abidə
kompleksində bizi heç bir ürəkağrıdıcı
mənzərə gözləmir: Nə kabab qoxusu və
kababçı psixologiyası, nə natəmizlik, nə də
bu müqəddəs məkana qarşı etinasızlıq və
ya ideoloji biganəlik...
Naxçıvan-Culfa magistralından ziyarətgaha çəkilən
müasir asfalt yol iməciliklər zamanı salınan meyvə
ağaclarının əhatəsindədir. Ziyarətgahda ayrıca
qurbangah tikilib, istirahət köşkləri, hədiyyələr
mağazası yaradılıb, içməli və suvarma su xətləri
çəkilib, rahat pillələr salınıb, məscid bərpa
olunub, dağ döşlərinə cəviz, üzüm və
bəzək tingləri əkilərək qayalıqlarda belə
“gül” bitirilib. Üfünət iyi verən,
tikandan, qanqaldan keçmək mümkün olmayan boz
Əshabi-Kəhf dərələri indi bağ-bağat,
yaşıllıq, gülkarlıqdır. Ta əvvəlki
kimi ziyarətgahda adamı cibgir mollalar, fəndbaz qəssablar
deyil, əsl mənəvi ucalıq, kamillik, saflıq
qarşılayır.
İlk dəfə 1998-ci ildə ulu öndər Heydər
Əliyevin himayəsi və qayğısı ilə bərpa
edilən bu ziyarətgahda sonrakı illərdə də iki dəfə
təmir-bərpa işləri aparılıb.Texnikanın
gücündən istifadə edilmədən əllə
daşınan tikinti materialları hesabına hər tərəf
səliqə-sahmana, təmizliyə qərq olub. Naxçıvan
Muxtar Respublikası Ali Məclis Sədrinin bu ziyarətgahın
bərpası, qorunması və fəaliyyətinə
xüsusi diqqət yetirməsi bu məkanı dini və
tarixi-mədəni turizm mərkəzinə çevirib. Bu gün Əshabi-Kəhf yerləşdiyi
Naxçıvan torpağının müqəddəsliyini
yaşadan, onun tarixindən, mənəviyyatından, dəyərlərindən,
hələ min illər əvvəl bu torpaqda məskən salan,
yurd-yuva quran əcdadlarımızın inancından soraq verən
abidə kimi qorunub saxlanılır. Çünki
bu məkan həm də ibtidai insanların ilkin
yaşayış yeri, dünya əhəmiyyətli Poleolit
dövrü abidəsi, svilizasiyanın beşiyi olan ulu
Naxçıvanın incisidir. Ona görə də indi
Əshabi-Kəhfə ölkəmizdən və xaricdən hər
gün minlərlə turist üz tutur...
(Ya Məhəmməd!) Yoxsa Əshabi-Kəhf
və Raqimin ayələrimizdən əcaib bir şey
olduğunu güman edirsən? Xatırla ki, o zaman gənclər
mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş
et və işimizə fərəc ver!” - demişdilər.
Budur, Dağ Yunis adlı Allahını tanımayan əzazil
hökmdarın zülmündən qaçan yeddi gəncin-Mağara
adamlarının qeybə çəkildiyi,
ölümsüzlüyə qovuşduqları müqəddəs
“Yeddikimsənə” mağarası. Hansı ki, bu yerdə
təkallahlığın ilkin rüşeymləri cücərib.
Diqqətimi
Tanrıya əl açıb dua edən iki qadın çəkir:
“Tanrım, sənin qarşında baş əyirik, öz nəzərini
üstümüzdən əskik etmə. Bütün
insanlara Əshabi-Kəhf ucalığı ver. Bu ziyarətgahın
tikilib-qurulmasında zəhməti olanları həmişə
pənahında saxla!”
Bir az aralıda qızının qoluna girib zorla
yeriyən yaşlı qadın görürəm. Məscidi ziyarətdən qayıdır. Ömrün kələ-kötür yolları belini əməlli-başlı
büküb. Tez-tez təkrar edir:
“Mən indiki ömrümü artıqdan
yaşayıram. Allah bu ömrü mənə pay verib. Nə
qədər nəfəsim gedib-gəlir sürünə-sürünə
də olsa, buranı ziyarətə gələcəm!”
Səmimi dualar, insanların üzlərindəki dərin
inanc qarışıq ifadələr yaradanın heç də
uzaqda olmadığını pıçıldayır sanki.
İnsanın ruhunda, qəlbində kök salan ilahi
ucalıq, həm
də onun xeyirxah əməllərindədir,-deyir. Əshabi-Kəhfi
ziyarət etdikcə, bir daha dərk edirsən ki, xeyirxah və
savab iş görənlər Tanrı dərgahında həmişə
ucada dayanır. Tikən, qurub-yaradan insanlar özlərinə həm də
ikinci ömür qazanırlar.
Müstəqilliyimiz bizi daha böyük mənəvi ucalığa yüksəltdi
“Damcılı mağara”nı, “Cənnət
bağı”nı da ziyarət edirik. Ziyarət bitir, amma
Oğuzayın sualları bitmir. Ən sonda soruşur:
- Bu dağlar niyə
belə yekədir, onları kim tikib?
Cavabı
çox uzatmadan verirəm:
- Səni YARADAN bu dağları, qayaları da yaradıb. Həmişə öz
yaradanına sığınasan!
Həmin an öz uşaqlığımı, ilk dəfə
atamın əlindən tutub bu ziyarətgaha gəldiyimiz
günü bir daha xatırlayıram. Və həmin vaxt özümün
verdiyim sualı da:
- Ata,
burada hər yerdə kabab bişirirlər, bura kababxanadır?!
Cavab yenə
lakonik idi:
- Yox bala,
ziyarətgahdır, ocaqdır...
30 il əvvəlki xatirələri bir kənara
qoyub Tanrıya şükr edirəm. Ona görə
ki, müstəqilliyimiz bizə təkcə azad
yaşamağı, torpağımızın, milli sərvətlərimizin,
milli-mənəvi dəyərlərimizin sahibi olmağı bəxş
etmədi. Həm də daha böyük mənəvi
ucalığa yüksəltdi. İndi
uşaqlarımız bizə müqəddəs ziyarətgahların
niyə “kababxana”, “kolxoz anbarı” olması ilə
bağlı suallar vermirlər. Özümüzün,
sözümüzün sahibi olduğumuz kimi, elə mənəvi
dəyərlərimizin və ruhi
ucalığımızın da sahibi və keşikçiləriyik.
Son
söz əvəzi
Buyurun, özünüzü mənəvi boşluqda hiss
etdikdə sizdən 15-20 dəqiqə, bəlkə də 1
saatlıq məsafədə olan Əshabi-Kəhfə üz
tutun. Dünyaya və həyata Əshabi-Kəhf ucalıq
və müqəddəsliyindən baxmaq, məncə
insanın mənəvi intibahıdır. Yolunuz
açıq olsun!
Sahil TAHİRLİ
525-ci qəzet 2017.- 1 iyul.- S.9.