Multikultural mühitdə "doğma"
və "özgə" anlayışı
Ərəstü
HƏBİBBƏYLİ
Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr
şöbəsinin müdir müavini
Beynəlxalq aləmdə və ölkə içində
cəmiyyət daxilində qloballaşma proseslərinin təsiri
altında baş verən transformasiyalar müasir
dövrümüzün ən mühüm
çağırışlarındandır.
Qloballaşma
universal dəyərlər, multikultural mühit, fərqliliklərə
dözümlü yanaşma, proses və hadisələrin
astronomik sürəti ilə səciyyələnir. Bu baxımdan qlobal müstəvidə yeni dünya
nizamında da qeyd etdiyimiz məqamlar öz əksini tapmaya bilməz.
Liberal dünya quruluşu tərəfdarları
bütün dünyada universal dəyərlərin, həm də
yalnız Qərbin qəbul etdiyi vahid universal dəyərlərin
cəmiyyətin və beynəlxalq münasibətlər
sisteminin əsasında dayanmalı olduğunu təbliğ
edirlər. Əslində yalnız Qərbin
qəbul etdiyi dəyərlərin universal
adlandırılmasının özü-özlüyündə
ümumbəşəri xarakter daşıya bilməsi və
bütün dünyaya aid edilməsi doğru yanaşma deyil.
Necə ola bilər ki, 1 milyarddan çox əhalinin
qəbul etdiyi ailə kodeksi və ya hər hansı bir
başqa dəyər Qərbin yanaşmasında Çinə
məxsus stereotip kimi qəbul edilir. Eləcə də, Hind
sivilizasiyasının, Türk dünyasının, İslam aləminin
dəyərlərinin Qərbdə sadəcə onların
özlərinə aid deyil, özgə olduğuna görə
qəbuledilməzliyi həm qlobal miqyasda dünya nizamına, həm
də hər bir cəmiyyətin öz daxilində yeni təhdid
və çağırışların yaranmasına gətirib
çıxarır. Sivilizasiyaların
toqquşması, fərqliliklərə
dözümsüzlük, ikili-standartlar, müxtəlif dini,
irqi, etnik fobiyalar və bütün bunların təsiri
altında ədalət axtarışı adı altında
radikal dini və ultra-milliyyətçi meyllərin
yaranmasının kökünü bu yanaşmada axtarmaq
lazımdır.
Sovetlər
İttifaqının və sosialist düşərgəsinin
çöküşündən sonra beynəlxalq münasibətlər
sisteminin yeni arxitekturası yaradılarkən lider dövlətlər
dünyanı "özününkü'' və "özgələrə'',
"biz'' və "siz''lərə böldülər. Yeni arxitekturada isə özgələrin nə dəyərlərinə,
nə də hüquqlarına yer verilmədi. Birqütblü dünya modeli yaratmağa
çalışarkən Qərb dünyanın bütün
ölkələrini maraqlandıra biləcək alternativ
yanaşma təklif etmədi. Dünya
nizamının yalnız Qərb dəyərlərinə əsaslanması
qlobal müstəvidə sabit beynəlxalq münasibətlərə
başlıca maneə oldu, bəşəriyyət
üçün təhlükəli təhdid və
çağırışlar ortaya çıxdı və nəticədə
liberal dünyanın süqutu haqqında
danışılmağa başlandı.
Günümüzdə baş verən hadisələr
bir daha təsdiq edir ki, yeni dünya nizamı qurmaq
üçün köhnə dünya nizamının dərslərindən
nəticə çıxarmaq və beynəlxalq münasibətlər
sisteminin bütün üzvlərini təmin etməli olan əsas
prinsipləri müəyyənləşdirmək lazım idi. Lakin təəssüf
ki, yeni düzən təkbaşına, beynəlxalq birliyin digər
üzvlərinin rəyini, beynəlxalq münasibətlərin
mövcud vəziyyətini nəzərə almadan
formalaşdırılmağa başlandı. Müasir
dövrdə liberal dünya nizamının əsas
ideoloqlarından olan Robert Kagan üçüncü minillikdə
mövcud dünya nizamına ən əsas təhdidlər
sırasında milliyyətçiliyin artması, kapitalist
sisteminə, demokratiyaya inamın itirilməsi ilə
yanaşı bütün cəmiyyətlərin daxilində
"özgə''lərin fərqləndirilməsinin
artmasını da göstərir. Yəni Qərb dünyasının
ideoloqları da cəmiyyətlərin "doğma'' və
"özgələrə'', "biz'' və "siz''lərə
bölünməsini, qütbləşməsini son nəticədə
dünya nizamının yerini tuta bilməməsinin əsas səbəblərindən
biri hesab edirlər. Lakin eyni zamanda bu
bölünmənin, qütbləşmənin qarşısını
almaq üçün beynəlxalq birliyin bütün üzvlərinin
dəyər və hüquqlarına hörmət etmək və
qəbul etmək əvəzinə liberal hesab etdikləri dəyərləri
bütün dünyaya vahid qəlibdə qəbul etdirməyə
çalışmaqda davam edirlər. Bu cür yanaşma
isə ümumbəşəri ola biləcək
dəyərin, modelin və ya sistemin mövcudluğunu və gələcəyini
şübhə altına qoyur.
Qeyd etdiyimiz məqamlar multikultural mühitin və onun
yayılma arealının çərçivəsini
daraldır, cəmiyyətin doğma və özgələrə
bölünməsini şərtləndirir. Yeni minillikdə
baş verən hadisələr göstərir ki, yalnız Qərb
dəyərlərinə əsaslanan universal dəyərlərin
qəbul etdirilməsi cəhdi dünyada böyük
müqavimətlə qarşılanır və belə olan
halda multikultural mühitin ümumbəşəri deyil,
yalnız lokal və ya regional xarakter daşıya bilməsi
özünü doğruldur. Buna görə
də multikultural dəyərlərin
universallığından danışmaq ehtiyatlı yanaşma
tələb edir. Daha doğrusu multikultural
mühitin qlobal yayılma arealını əhatə edə
bilməsi mümkünsüz görünür. Məlum faktdır ki, multikultural mühitin
mövcudluğu üçün müxtəlif fərqliliklərə
tolerant yanaşma başlıca şərtdir. Özününkü olmayanlara münasibətdə
tolerant yanaşmanın qlobal müstəvidə bərqərar
olması isə müasir dövrdə baş verən hadisələrin
işığında real görünmür. Əksinə irqi, dini, etnik fobiya və seqreqasiyalar cəmiyyətlərin
daxilində və daha böyük mənada dünya
nizamında qütbləşməni və qruplaşmanı
şərtləndirir.
Qloballaşma proseslərinin təsiri altında ölkələrarası
miqrasiyanın intensiv xarakter daşıması və miqrant
axınının daha çox zəngin ölkələrə
doğru yönəlməsi isə ilk növbədə Qərbdə
multikultural mühitin dayaqlarına zərbə vurur. Qərb
ölkələrinin ucuz işçi qüvvəsini mexaniki
olaraq qəbul etməsi və yeni gələnlərin vahid,
heç bir milli-mədəni-dini xüsusiyyətlərini nəzərə
almayan universal dəyərləri qəbul etməsi üzərində
qurulan yanaşma özünü doğrultmur. Bu yanaşma əmək miqrantlarının Qərb
mühitinə uyğunlaşdırılmasından çox təcrid
olunmasına yönəlmişdir. Avropada yeni sakinlərə
sanki "istismar müddəti'' başa çatdıqdan sonra
geri qayıtmalı olan miqrantlar kimi baxılırdı. "Qoca qitə” sakinlərinin əksər
qonşularının müsəlman olması ilk növbədə
dini dözümlülük yanaşmasını ortaya
çıxarır.
Din məsələsində
isə tarixən Qərb sivilizasiyasının xristianlıqdan
başqa digər dini daşıyıcıları
özününkü qəbul etməsinə rast gəlinməmişdir.
Qərbdə hətta musəviliyin də
"özgə'' hesab edilməsi nəticəsində yəhudilərə
qarşı soyqırımı və anti-semitizm meyllərinə
tarix şahidlik etmişdir. İslam dininə
qarşı isə Qərbdə tarixən
formalaşmış yanaşma tarixi zaman kəsiyində dəyişməmişdir.
Türkiyəli alim İbrahim Kalın Qərb-İslam
münasibətlərində bu ziddiyyətlərin əsasında
dayanan səbəbləri 3 mühüm faktorla əlaqələndirir.
Onun fikrincə, "Xristian dünyası
İslamı ilk əvvəl dini-teolojik bir meydan oxuma, sonra
siyasi meydan oxuma və ən nəhayət mədəni təhdid
olaraq qiymətləndirdi''. Yəni, Qərb
İslamı öz dəyərlərinə dini-siyasi-mədəni
təhdid olaraq gördüyündən münasibətlərdə
harmoniya çətin görünür.
Halbuki
Avropa müsəlman hakimiyyəti və islam
dininin təsiri altında dinc birgəyaşayışın
mümkünlüyünə tarixdə rast gəlinmişdir. Belə ki, VIII əsrin əvvəllərində
Əməvilərin İspaniyanı ələ keçirməsindən
1492-ci ildə yəhudilərin İberiya yarımadasından
qovulmasınadək olan dövrü buna misal çəkmək
olar. Tarixdə "Convivencia'' adlanan həmin
dövrdə İspaniyada Kordova xilafətində müsəlman,
xristian və yəhudilər sülh şəraitində
yanaşı yaşamışlar. Bu
"Qoca qitə''də çox nadir nümunələrdəndir
ki, siyasi iradə olduğu halda din amilinin cəmiyyəti
doğma və özgələrə
ayırmadığına rast gəlinmişdir.
Beləliklə
tarixi faktorlarla yanaşı iqtisadi və sosial rifah fərqi nəticəsində
kasıb müsəlman ölkələrindən zəngin
Avropaya miqrasiya axını Qərb cəmiyyətinin
"doğma'' və "özgə''lərə
bölünməsini daha da kəskinləşdirmişdir. Yeni minillikdə dünyada iqtisadi böhranın təsiri
ilə Avropanın aparıcı ölkələrinin rəhbərləri
multikulturalizmin böhran yaşaması ilə bağlı
fikirlər bildirdilər və Qərblə eyni dəyərləri,
xüsusilə də dini dəyərləri bölüşməyənləri
Avropada istəmədiklərini açıq elan etdilər.
Bu isə Qərbdə multikultural mühitin tənəzzül
yaşadığını və hətta öz regional
arealında belə dözümsüzlüklə
müşahidə olunmasının göstəricisidir. Bu mənada hazırda Avropa ölkələrinin əhali
strukturunda miqrantların nisbətinin 10-30% olduğunu nəzərə
aldıqda Avropada multikultural mühitin yeknəsaq
olmadığı ortaya çıxır və onun əhatə
dairəsinin sərhədlərini müəyyənləşdirmək
çətin görünür.
Qeyd etməliyik ki, artıq Qərbdə də
"özününkü olmayanların inkar edilməsinə''
yönəlmiş yanaşmanın özünü
doğrultmadığını səsləndirirlər. Belə ki, biz
keçən onillikdə əksər Avropa ölkələrinin
liderlərinin yalnız Qərb dəyərlərinə əsaslanan
həyat tərzini model kimi qəbul etməsinin və bunun əksini
multiluturalizmin böhranı kimi qiymətləndirməsinin
artıq şahidi olmuşuq. Qlobal miqyasda
baş verən hadisələr göstərir ki, bu cür
yanaşma özünü doğrultmadı. Belə yanaşma xüsusilə də dini zəmində
ciddi qarşıdurma və ziddiyyətlərə yol
açır. Bu mənada artıq Qərbin
aparıcı dövləti ABŞ Prezidentinin səsləndirdiyi
fikirlər yeni yanaşmanın təzahürüdür.
2017-ci ilin may ayının 21-də Ər-Riyadda keçirilmiş
Ərəb-İslam-Amerika sammitində Prezident Donald Tramp
bildirdi ki, "mən inauqurasiya müraciətimdə Amerika
xalqına söz vermişəm ki, Amerika
bizim həyat tərzimizi başqalarına qəbul etdirməyə
çalışmayacaq''. Bu artıq yalnız
bir mədəniyyətə söykənən dəyərlərin
qlobal miqyasda zorla qəbul etdirilməsinə yönəlmiş
yanaşmanın özünü
doğrultmadığının bariz nümunəsidir.
Bu mənada Avropa ölkələrinin liderlərinin iddia etdiyi
kimi multikulturalizm iflasa uğramayıb, sadəcə Qərbin
"öz'' dəyərlərinin "özgələrə''
zorla qəbul etdirməsinə əsaslanan yanaşması
iflasa uğrayıb.
Multikulturalizmin iflası ilə bağlı Qərbdə
səslənən bəyanatların yalnız siyasi məqsədlərə
xidmət etdiyini bildirmək lazımdır. Qərbdə
siyasi liderlərin, akademik dairələrin multikulturalizmin iflasa
uğraması ilə bağlı iddialarını
bütün dünyaya şamil etmək doğru deyil. Birincisi, Avropada yalnız Qərb dəyərlərinin
dominantlığına əsaslanan yeknəsəq mozaik
quruluşun çoxmədəniyyətlilik
adlandırılması əvvəlcədən süquta məhkum
idi. Ona görə bu mozaik quruluşun
iflası heç də multikulturalizmin iflası deyil. İkincisi, çoxmədəniyyətliliyin
formalaşmasında "ilkin” və "sonrakı'' müxtəlifliyin
cəmiyyətə təsiri nəzərə
alınmalıdır. Müşahidələr
göstərir ki, "ilkin müxtəliflik” çərçivəsində
belə hətta uzun əsrlər boyu davam edən birgəyaşayış
heç də hər yerdə çoxmədəniyyətliliyə
çevrilə bilmir. Bu ilk növbədə
fərqli milli və ya dini identikliklərin yaşam tərzlərindən
asılı olaraq dəyişir.
Buna görə də, birgəyaşayışa çoxmədəniyyətliliyi formalaşdıran əsas faktor kimi baxılması doğru deyil və "sonrakı müxtəliflik'' çərçivəsində Avropanın timsalında bu tezisin özünü doğrultmadığına şahidlik edirik. Yəni Avropada miqrant axını nəticəsində artıq yerli əhaliyə çevrilmiş müsəlmanların yalnız klassik Qərb dəyərləri əsasında multikulturalizm ideologiyası altında birləşdirilməsi mümkünsüz görünür. Yalnız Qərbsayağı multikultural dəyərlərin iflası ümumilikdə multikulturalizmin böhran yaşamı anlamına gəlməməlidir. Fərq multikulturalizmə siyasi alət yoxsa həyat tərzi olaraq baxılmasındadır. Multikulturalizmi həyat tərzi olaraq qəbul edən Azərbaycan kimi ölkələrdə multikultural mühitin yalnız çiçəklənməsindən və davamlılığından danışmaq olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, "Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyllər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik''.
Beləliklə müasir dövrün ən mühüm çağırışlarından biri beynəlxalq müstəvidə və cəmiyyət daxili münasibətlərdə doğma və özgələrə bölgüyə əsaslanan yanaşmanın mövcudluğudur. Çox təəssüf ki, bu cür yanaşma özünü ilk növbədə dini müstəvidə göstərir. Bu həm İslam-Xristian kontekstində, həm də İslam daxilində şiə-sünni, Xristianlıqda katolik-protestant və ya pravoslav münasibətlərində özünü göstərir. Dini kimlik milli kimliyin üzərində olduğundan hətta eyni etnik soykök daşıyıcıları arasında belə "doğma'' və "özgə'' yanaşmasına rast gəlinir. Müasir dövrdə Balkan ölkələrində, eləcə də ərəb ölkələrində bununla əlaqədar baş verən hadisələrə də bu prizmadan yanaşmaq lazımdır.
Multikultural mühitin formalaşmasında cəmiyyətin özününkü və özgələrə bölünməsi həlledici rol oynayır. Bu baxımdan Azərbaycan daxildə bütün fərqli dəyər daşıyıcılarını Azərbaycançılıq fəlsəfəsi ətrafında birləşərək çoxmədəniyyətli ölkə nümunəsi yarada bilmişdir. Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları birgə yaşamışlar və bu, Azərbaycan cəmiyyətinin zənginliyinə səbəb olmuşdur. Azərbaycan xristianların da, yəhudilərin də uzun əsrlərdir birgə yaşadığı müsəlman ölkəsidir. Eyni zamanda İslam aləmində müxtəlif məzhəblərin qarşılıqlı hörmət şəraitində, dinc, yanaşı yaşadığı məkandır Azərbaycan. Bakıda "Heydər məscidi''ndə islam dininin müxtəlif cərəyanlarının təmsilçilərinin bir yerdə vəhdət namazı qılması Azərbaycandan İslam dünyasına göndərilən ən güclü həmrəylik mesajıdır. Fərqli dəyər daşıyıcılarının qarşılıqlı hörmət əsasında birgəyaşayışına əsaslanan multikulturalizm ölkəmizdə həyat tərzi kimi qəbul olunur. Azərbaycanda birgəyaşayış fəlsəfəsi fərqliliklərin uğurlu tandeminə əsaslanır.
Newtimes.az
525-ci qəzet 2017.- 4 iyul.- S.5.