Göylərə
sığınan şair
VƏ YAXUD
XƏZANGÜL XANIMA AÇIQ MƏKTUB
Hörmətli Xəzangül xanım!
Mən sizi şair kimi keçən əsrin
70-80-ci illərindən tanıyıram. Dövrü mətbuatda
çap olunan yazılarınızı həmişə
diqqətlə izləmişəm.
Şeirlərinizi oxuduqca sizinlə
yaxından tanışlıq
arzusunda bulunmağa çalışsam da, uzaqda yaşadığım
üçün arzum
arzu olaraq uzun müddət qalıbdı.
XX əsrin arxivə
yön aldığı
son illərdə şair
dostum Sahib İbrahimliynən
rəhbəri olduğunuz
məktəbə yolumuz
düşmüşdü. Diqqətcil
olan şair dostum Sahib İbrahimli bizi tanış
etdi. Ayrılanda bir neçə
kitabınızı, o cümlədən,
sizin haqqınızda
professor B.Bağırovun yazdığı
monoqrafiyanın içərisini
yazaraq mənə hədiyyə verdiniz.
Kitabları oxudum. Ürək sözlərimi yazmaq
fikrinə düşdüm.
Yoldaşlar bilirlər ki,
mənə verilən
kitabları oxuyuram və sonra təəssüratlarımı
qeyd edib oxucularla bölüşürəm.
Uşaqların təhsil, hərbi xidmət problemləri ilə bağlı qeydlərim kağız üzərində qaldı. Etiraf edim
ki, sonralar da ailə-məişət
qayğıları həmin
fikri unutdurdu.
Bugünlərdə "Özümü axtarıram"
(Bakı 2015) adlı kitabınızı mənə
hədiyyə etdiniz. Kitabı çatan
kimi diqqətlə oxudum. Sizinlə görüşən zaman kitab haqqında
təsərrüfümü şifahi qeyd etdim. Fikrimin sonunda "Kitab
xoşuma gəldi.
Qeydlərim var. Bir yazı hazırlamaq fikrindəyəm" dedim:
Yenə qayğılar və son bir neçə ay ağrımağım yazının
gecikməsinə səbəb
oldu. Düzü, dəfələrlə kitabı yenidən vərəqləyib qeydləri
yazıya çevirmək
istəsəm də, ağrı imkan vermədi. Bu gün bu qeydləri
yazanda hesablayıram ki, bu yazı
təxminən 20 ilə
yaxındır yol gəlir. Görünür yazılarında maraqlı taleləri olurmuş. Nə bilim...
Xəzangül xanım!
Təxminən üç ilə yaxındır ki, AYB-nin Gəncə bölməsinə rəhbərlik
edirsiniz. Bu müddət
ərzində sizin rəhbərliyiniz ilə keçirilən bir çox tədbirlər və hər həftənin V günü
yazarların toplantısı
zamanı müşahidələrimə
əsasən deyə bilərəm ki, incə ruhlu şairliyinizdən əlavə,
yaxşı rəhbər,
yaxşı yoldaş
və gözəl dostsunuz.
Siz Gəncə
Ədəbi Birliyinə
rəhbər olandan sonra Gəncə Ədəbi Birliyində böyük bir canlanma əmələ gəlib.
Birlikdə tez-tez keçirilən yeni kitabların təqdimatları qələm
yoldaşlarda yaradıcılığa
olan həvəsin göstəricidir.
Bunları xatırlamaqda məqsədim
nə sizi tərifləməkdi, nə
də yarınmaqdı. Allaha şükür,
bizim bir-birimizdən elə bir asılı
işimiz yoxdu. Sadəcə
olaraq yaxşı işi görüb ona qiymət vermək hər bir insanın insanlıq borcudur.
Təbii ki, ağız büzənlər də olur. Buna da təbii
baxmaq lazımdır.
Çünki pis olmasa, yaxşı qiymətini
ala bilməz.
Pis yaxşının,
çirkin gözəlin
meyarı, ölçüsüdür.
Çox
az qələm
adamlarının şəxsiyyəti
ilə yaradıcılığı
üst-üstə düşə
bilir. Yaradıcılıqla şəxsiyyət bir-birini tamamlayanda bütövlük yaranır.
Bu bütövlüyü də Tanrı hər adama qismət etmir. Ədəbi mühitə rəhbərlik
etdiyiniz bu zaman kəsiyində hələ bir adamın xətrinə dəyməmisiniz. Yoldaşlar arasında
səmimiyyət yarada
bilmisiniz. Hamını səbrlə dinləməyi
bacarırsınız. Hətta bəzi vaxtlar, müəyyən gərginlik yarananda-adətən
qələm adamları
emosinal olurlar - həmin gərginliyi səbrlə, xoş ovqatla əvəzləmə
bacarığınız, həmin
anda dodaqlarınızdan
nazikcə sıyrılan
istehzalı təbəssümü
yəqin çoxları
hiss etmir. Mənə elə gəlir
ki, o istehzanın sıyrılması özü
ilə birgə içərinizdə yaranmış
qığılcımın boşalmasıdır. Bəlkə də
bu uzun illər
qazandığınız təcrübədən
və dərin poetik duyğulardan doğulur.
İndi isə "Özümü
axtarıram" kitabınızın
məndə oyatdığı
bəzi təəssüratları
siz və oxucularla bölüşmək
istəyirəm.
Kitabın adı çox şey deyir. İnsan ömrü
boyu özünü axtarır. Bu axtarışda insan özünü dərk etdikcə müdrikləşir.
Mən kitabın adında bir təvazökarlıq görürəm. Özünü axtarmaq "Bir ondan razıyam ki, özüm özümdən narazıyam"
deyən şairlə
fikriniz üst-üstə
düşür.
Axtarıram hər an özümü,
Allah,
Yalanlar içində
düzümü, Allah.
Sən mənə verginən dözümü, Allah,
Qarışıq dünyada tapsam
izimi,
Bəlkə görə biləm, bəlkə özümü.
Dünya
elə qarışıb
ki, şair düz sorağı ilə səfərə
çıxsa da, istəyinə nail ola bilmir. Bu qarışıqlıqda
yeganə çıxış
yolunu Allaha sığınmaqda görür
və Tanrıdan dözüm diləyir.
Qarışılıqda izini-özünü axtarır. Amma ümidini itirmir.
Birisi telindən oxşayır mənə,
Başqası əlindən oxşayır
mənə.
O biri çölündən
oxşayır mənə,
Neynim dolaşıb
dünya gəzimmi?
Bəlkə tapa biləm, bəlkə özümü.
"Yetimə vurulan
silləyəm bəlkə"
deyən Xəzangülün
içində incə,
zərif duyğular
var. Həmin incəlik
şairi oxşarlarından
tamamilə fərqləndirir. Oxşarlar yalanları,
iki üzlükləri,
fırıldaqları ilə
təbiətdən, cəmiyyətdən
daha çox qopartmağa çalışdıqları
halda, Xəzangül isə təbiət və cəmiyyətin daha çox qayğıya ehtiyacı olduğunu düşünür.
Bax burda şair oxşarları ilə, daha doğrusu yaşadığı cəmiyyətin
bir çox üzvləri ilə razılaşa bilmir.
Son misrada:
- Tanrı dərgahına tutdum üzümü,
Tapa biləcəyəmmi
görən özümü
- deyərək Yaradana
pənah aparır.
Tapmısan özünü, şair!
Sual edə bilərsiniz harada? Şeirlərinizdə. O şeirlərinizdə ki, hər bir
misra içinizdən
gəlib. O şeirlərinizdə
ki, hər biri oxucu mənəviyyatında
bir saflıq yaradır, vətənə
məhəbbət hissi
aşılayır, təmiz
sevgiyə və insanlığa bir çağırış duyğusu
yarada bilir. Bax, bu ruhda yazdığınız
şeirlərinizdə izinizi
görüb özünüzü
tapmağınıza inana
bilərsiniz. Bu cür tapıntıyla içinizdə qürurlanmağa
haqqınız var. Oxucu
kimi mən buna şübhə etmirəm.
Ey...
Ağ kəhərin belində,
Qantarğası əlində,
Oturan igid.
Görürsənmi, o ağ
kəhərin
buğlanan nəfəsini,
o buğla birlikdə,
Haraylar qoparan kişnərtisini?
Əsl
at istəyini
at səsini.
"Yaxşı yol"
şeiri süjetli olmaqla bərabər, bir çox məsələlərə toxunulub. Çoxlarından, xüsusən atın belində oturmuş oğlandan fərqli olaraq, siz ata
başqa yöndən
yanaşmısınız. Atın gözəlliyi ilə bərabər, at istəyi,
at həsrəti çox
canlı verilmişdi.
Gəl yapışma yəhərə,
Düş yerə.
Azadlığı cilovlamaq olarmı?
Bu cilov, buxovunla
At atlıqda qalarmı?
Misralardan göründüyü kimi,
şairin arzu və istəyi azadlıqdır. Əsarətə dözməyən şair ürəyi adi bir heyvan
olan atın timsalında hər bir canlıya, o cümlədən, əsarətdə
yaşayan ölkələrə,
insanlara azadlıq istəyir.
Vaxtı ilə Azərbaycanın müstəqilliyi uğrunda
mübarizəyə qələmi
ilə qoşulan şairin "Yaxşı
yol" şeirində
oxuduğu azadlıq nəğməsi hələ
sona yetməyib. Şeir bu
gün də öz aktuallığını
itirməyib.
Görünə-görünə görünməz
oldum,
Dilim üsyan
etdi, lal, dinməz oldum.
Və yaxud:
Baş aça bilmirəm, sirr üstə sirəm,
Yerə
naməhrəməm, göyə
əsirəm -
deyən şairin
fikri çox maraqlıdır. Burda biz iki Xəzangüllə
qarşılaşırıq. Biri hamı ilə görüşən, hal-əhval
tutan Xəzangüllə,
digəri isə görünməyən Xəzangüllə.
Görünməyən Xəzangülü
görmək üçün
gərək yaradıcılığı
ilə tanış
olmaqla bərabər onun ruhuna yaxın
olasan. Bizi maraqlandıran görünməyən
Xəzangüldü. O
Xəzangül ki, sevincini və ağrı-acısını poetik
şəkildə oxucularına
çatdırır. Xəzangül yaradıcılığında Göyə sığınmaq,
Göyə pənah aparmaq, Göyə aşiqlik özünü
göstərir. Özü yerdə
yaşasa da, Yerə naməhrəm olduğunu qeyd edir. Yaşadığı cəmiyyətin neqativ
hallarını görən
şair ümidini göyə bağlayır
və təsəllisini
orda tapıb ovunur.
Böyük rus şairi Puşkinin "Xəyal yeganə cənnətdir ki, orada təqib
olunmuruq" fikri Xəzangül yaradıcılığının
ideyası ilə bir nöqtədə görüşür. Xəzangül də daxili
rahatlığı üçün
göylərə qısılır
və göy qızı olur.
Göy üzünün buluduna qoşulub,
Göy üzündən dərd axıdan yaş olub,
Kədərimlə Yer üzünə
boşalıb,
Külək olub saçlarımı yolaydım.
Şairin bənzətmə və arzusu diqqət çəkir.
Bütün sənət adamaları kimi Xəzangül də yaradıcılığında ümumibəşəri mövzu olan məhəbbətdən yan keçməmişdir.
Başqa qələm sahiblərindən fərqli olaraq, Xəzangülün yaradıcılığında Aşiqdə, Məşuqda, sevəndə, seviləndə Xəzangüldü.
Mən könlümü Xəzangülə verirdim.
Və yaxud:
Dönə-dönə ürək verdim özümə.
Sonra Xəzangülüm gəlib girər yuxuma
- və başqa nümunələr fikrimizin reallığına sübutdur.
Kitabda "Gəlmişəm, qızın olmağa" şeirində kövrək xatirələr qoynunda gəncliyini soraqlayan şair özü ilə bərabər, oxucusunu da kövrəldir.
Xəzangül xanım, bu yazı "Özümü axtarıram" kitabınız haqqında qısa qeydlər, bir oxucu kimi "Özümü axtarıram" kitabı barədə ilkin təəssüratlarım idi! Qane etməsə, üzrlü saymağınızı istərdim.
Sizə uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Fazil SƏNAN
525-ci qəzet 2017.- 4 iyul.- S.7.