Məşum ilin dərsləri - Xalq yazıçısı Anar yazır

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

2017-ci il bir neçə tarixi hadisənin yuvarlaq ildönümüdür. 1917-ci ilin fevral çevrilişindən sonra Rusiyanın axırıncı imperatoru İkinci Nikolay taxt-tacdan imtina etdi, həmin ilin köhnə təqvimlə Oktyabr ayında isə bolşeviklər ölkədə hakimiyyəti ələ keçirdilər.

 

Amma bu il yalnız çevrilişlərin yüz illiyi deyil, həm də bolşeviklərin özlərinin “qırmızı terror” adlandırdıqları dəhşətlərin də yüzüncü ildönümüdür. Çünki “qırmızı terror” Leninlə Trotskinin hakimiyyətə gəldikləri ilk gündən başladı. İmperator Nikolay bütün ailəsiylə birlikdə - arvadı, dörd məsum qızı, xəstə oğlu, xidmətçiləriylə birlikdə vəhşicəsinə güllələndilər. Yüksək rütbəli keçmiş məmurlar, generallar, zədəganlar, din xadimləri… qaçan qaçdı, ələ keçənlər qurşuna düzüldü. Çevrilişin ilk illərində edam olunanların sırasında ziyalılar, alimlər, şairlər az deyildi. Tək elə orijinal şair Nikolay Qumilyovu xatırlamaq yetər. Azərbaycanın da 11-ci Qızıl ordu tərəfindən işğal olunduğu gündən həbslər, edamlar, sürgünlər baş alıb getdi. Cümhuriyyət  hökümətinin görkəmli xadimləri, milli ordunun generalları (Mehmandarov və Şıxlinskidən başqa) edam edildilər. Güllələnən ilk ziyalılar sırasında ədəbiyyatşünas, tənqidçi, maarifçi Firudin bəy Köçərli və cərrah Xudadat bəy Rəfibəyli də vardı. Bolşevik-daşnak qatillərinin qanlı əlləri Fətəlixan Xoyskini, Həsən bəy Ağayevi Tiflisdə, Behbud xan Cavanşiri İstanbulda yaxaladı. S.Mehmandarovla Ə.Şıxlinski və gənc Üzeyir Hacıbəylini cəllad Pankratovun caynağından Nəriman Nərimanov xilas edə bildi, Məmməd Əmin Rəsulzadəni Bayıl türməsindən Stalin çıxarıb özüylə Moskvaya apardı. Solovki sürgünlərində çürüyən həqiqi müsavatçıların qürurlu və mərd davranışlarına vicdanlı rus yazarı Oleq Volkov “Zülmətə qərq olma” (Poqrujenie vo tmu) romanına təsirli səhifələr həsr edib. Yeri gəlmişkən, bu gözəl, həm də xalqımızın ən yüksək dəyərlərinə heyranlıqla yazılmış bu roman nədən indiyə qədər dilimizə çevrilməyib?

 

Uzun illərdir, Moskva mətbuatında fəlsəfə elmləri doktoru Alesandr Serqeeviç Tsipkonun (A.S.Tsipko) məqalələrini izləyirəm. Çox ziddiyyətli müəllifdir. Hələ bir neçə il əvvəl 2006-cı il 20-26 dekabr tarixli “Literaturnaya qazeta”da Tsipkonun “Tam məhvə qədər. SSRİ niyə dağıldı” (“Do polnoy qibeli vseryez. Poçemu raspalsya SSSR”) adlı yazısı çıxmışdı. Məqalədə əcaib bir fikir irəli sürülürdü: Rusiya öz övladlarını talein ixtiyarına buraxa bilməz, nə rus Sevas topulunda, nə rus Odessasında, nə rus Bakısında”.

 

Elə ondaca ona rus dilində cavab yazmışdım və bu cavabım Moskvada nəşr olunmuş “Bez vas” kitabımda dərc edilib: “Görəsən haçandan bəri Bakı rus şəhəri olub? Qız qalası və Şirvanşahlar sarayı rus memarlığının örnəkləridir, paytaxtı Bakı olan Şirvan dövləti Rusiyanın knyazlığı imiş? Bəli, Bakıda ruslar da yaşayıb və Allah eləsin, bundan sonra da yaşasınlar. Onlar heç vaxt bu şəhərdə özlərini yad hiss etməyiblər və bakılılar da onları yabançı saymayıb. Amma bu məgər cənab Tsipkoya haqq verir ki, müstəqil Azərbaycanın paytaxtını rus şəhəri elan eləsin və niyə məhz o burdakı rusların qaydına qalmalıdır? Bu məntiqlə müəllif Bakıdakından dəfə dəfə artıq sayda ruslar yaşayan Parisi, Nyu-Yorku da rus şəhəri elan edə bilər”.

 

Məqaləsinin başqa yerində Tsipko Sovet konstitusiyasında respublikaların ayrılmaq hüququnu təsbit edən maddəyə təəssüflənir. Ona da heyfislənir ki, sovet rəhbərliyində Pinoçet tipli bir diktator tapılmadı -  müstəqillik arzusuyla hərəkət elən respublikaları ipə-sapa yatırtsın.

 

Bu yazımla tanış olan əziz dostum, ssenari kurslarında tələbə yoldaşım, görkəmli Ukrayna şairi İvan Draç məni təbrik etdi: “Mənim həmyerlimi yaxşı eleyib yerində oturtmusan” - dedi. Onda bildim ki, demə Tsipko ukraynalıymış, halbuki bütün yazılarında özünü rus kimi qələmə verir. Amma əsas məsələ bu deyil. Əsas və çox qəribə məsələ odur ki, bu illər ərzində Tsipkonun dünyagörüşündə təməl dəyişikliklər baş verib və indi ürəkdən paylaşdığım bir mövqedən çıxış edir. Bunun ən bariz nümunəsi A.S.Tsipkonun “Nezavisimaya qazeta” da dərc etdirdiyi böyük məqaləsidir. Məqalənin elə adından mahiyyəti aydın olur: “Opravdanie prestupleniy. Kakim u nas predstavləyut 1917 qod v zerkale sovremennoqo patriotizma”. (Cinayətin bəraəti. Çağdaş patriotizm güzgüsündə 1917-ci ili necə təsəvvür edirlər”.)

 

Bu iri məqaləni bir neçə dəfə məmnunluq hissiylə oxudum. Çünki son zamanlar Moskva qazetlərindən, TV ekranlarından əndazəsiz təbliğat kürül-kürül axır - Stalin az qala mələk sifətində bütləşdirilir, hətta Beriya kimi cəlladı təmizə çıxarmağa çalışırlar. Sovet quruluşunun bütün cinayətləri az qala rus patriotizmi, dövlətçilik mənafeyi baxımından yenidən təftiş olunur, son dərəcə müsbət hadisələr kimi qiymətləndirilir, SSRİ-nin nüvə silahı gücünə görə bütün dünyaya meydan oxuması öz əhalisinin hansı məşəqqətləri və məhrumiyyətləri bahasına başa gəlməsinin heç üstünü vurmaq istəmirlər. Guya ki heç bir repressiya-filan da olmayıb (“hər halda bu miqyasda olmayıb” deyirlər). Rus imperiyası da elə Leninin öz təbiriylə desək, “Xalqlar məşbəsi” deyilmiş və SSRİ-də bütün xalqlar hətta öz doğma yurdlarından-yuvalarından dəbərdilib sürgün edilmişlər belə qurdla quzu kimi dinc otlayırmışlar. Heç bir millətin də ayrılmaq, müstəqil yaşamaq istəyi olmayıb, bunu yalnız Rusiyanın düşmənləri - Qərb dövlətləri uydurublar.

 

Bu düşüncənin nə qədər təhlükəli və xatalı olduğunu görəsən, anlayırlarmı? Birinci ona görə xatalıdır ki, beyinlərə və ilk növbədə rus xalqının şüuruna yenidən SSRİ-ni bərpa etmək fikri yeridilir, yəni indi BMT üzvü olan on beş respublikadan on dördü müstəqilliyindən imtina edib on beşincinin tərkibində xoşbəxt olmalıdır. İkinci, həmin planı bu, ya digər şəkildə həyata keçirməyə başlayacaqlarsa, buna müqavimət göstərənlərə qarşı Stalin-Beriya metodlarıyla mübarizə aparıldığına ideoloji zəmin hazırlanır. Rusiyanın təhsil naziri həyasızcasına keçmiş sovet respublikaları hamısı Kiril əlifbasını bərpa etməlidir təlimatını irəli sürür. Daha düşünmür ki, bu xam xəyallara qapılmaqdansa real təhlükəyə qarşı ayıq olmalıdırlar - Çinlilər ənənəvi metodlarından istifadə edərək  müharibəsiz, dava-dalaşsız Ural dağlarına çatdıqları kimi onları aşıb Moskvaya da doluşa bilər və az zaman sonra əhalinin əksəriyyətini təşkil edərlər. Belə olan sürətdə həmin o təhsil naziri də təcili Çin dilini öyrənməli və ieroqliflərlə yazıb oxumağa başlamalıdır.

 

Məhz bütün bu son dərəcə qorxunc təmayyüllərin fonunda Tsipkonun “Cinayətin bəraəti” yazısı çağdaş rus mətbuatında müstəsna ayıq yanaşmasıyla diqqətimi çəkdi. Bu məqaləsində Tsipko yazır:

 

“Şübhəsiz, bolşevik Oktyabrının əsas nailiyyəti - sovet insanını yaratmasıdır. Bu insan yəqin ki, heç bir vaxt terrorun inqilab rəhbərləri tərəfindən mənəvi cəhətdən məqbul saymasına şübhəylə yanaşmayacaq. Eləcə də öz əhalisini görünməmiş miqyasda məhv etməyinə haqq qazandıracaq. Oktyabrın yaratdığı və çekist xofuyla  möhkəmləndirilən öz xalqına siyasi zülm mexanizmi, senzura, SovİKP-nin rəhbər rolu, “dəmr pərdə” sistemi danosbazlığa əsaslanırdı.

 

Fransız İnqilabı zamanı 14 ay ərzində 2607 nəfər ölümə məhkum edilmişdisə, Sovet İttifaqında öz əhalisinin on milyonlarla insanının qətli, sürgünü, həbsi, süni yaradılan aclıq nəticəsində məhv edilməsi 1980-ci ilə qədər davam etdi. 1917-ci il İnqilabını Böyük adlandırırlarsa, o yalnız bir cəhətiylə böyükdür - qurbanların sayına görə, yaratdığı dəhşətə görə. Məni bu yazını yazmağa vadar edən odur ki, 1917-ci ilin bolşevik çevrilişindən yüz il sonra da müasir Rusiya əhalisinin böyük əksəriyyəti sərsəm utopik kommunizm ideyası uğrunda bu qədər insanın məhvini təbii hesab edir. Mənim fikrimcə, abırsız yalan ondan ibarətdir ki, Lenin və Trotski Oktyabrını Rus ideyasıyla, rus dəyərləriylə eyniləşdirməkdir. İndiki patriotlar bir tərəfdən filosof  İvan İlyinin başına and içirlər, o biri tərəfdən də onun sözlərini qulaq ardına vururlar: “Rus inqilabı dəlilikdən başqa bir şey deyil”.

 

Bu cəhətdən Tsipko Lenin-Trotski-Stalin üçlüyünü bir birindən ayırmaq, bir-birinə qarşı qoymaq təşəbbüslərinə də etiraz edir. Axı sonralar Trotskini Meksikada qatilin əliylə boğazlayan Stalin 1918-ci ildə yazırdı:

 

“Oktyabrın praktiki təşkilatçılığının hamısı Petroqrad Sovetinin sədri yoldaş Trotskikinin şəxsi rəhbərliyi altında keçirilirdi”.

 

Leninlə Trotskinin təmələni qoyduqları “qırmızı terror” səksən il bundan qabaq - 1937-ci ildə pik nöqtəsinə, ən yüksək zirvəsinə ucaldı. Bu ildə məhv edilənlər konkret insan fərdlərinə yox, rəqəmlərə əsaslanırdı. Stalinin tərtib etdiyi və imzaladığı kvotalara əsasən - filan qədər adam filan respublikada, filan qədər başqasında, aralarında filan qədər filan millətdən, filan qədər başqasından, filan qədər bu peşə sahibləri, filan qədər digər peşə sahibləri, filan qədər bitərəf, filan qədər köhnə kommunist olmalıydı, konkret adamların günahkar olub-olmamalarının heç bir əhəmiyyəti yoxdu. Kvota doldurulmalıydı. Tarixdə görünməmiş insan faciələrinin arxasında canlı insanlar yox, rəqəmlər dururdu. Diri insanları ölüyə çevirən rəqəmlər.

 

İmkan olsaydı Tsipkonun bütün yazısını dilimizə çevirərdim və bu vacib işi öhdəsinə götürən birisi olsa,  məmnun qalardım. 

 

Mən isə bu yazımla keçən yazımda qaldırdığım bir məsələni “qum saatı” bənzətməsini ayrı şəkildə davam etdirmək istədim. Qum saatı vaxtı tamam olanda tərsinə çevrilir, alt üstə, üst alta dönür. Yəni bütün əvvəlki dəyərlər dəyişir.

 

Dəyişməyən yalnız insan xislətində olan paxıllıq, rəzillik, qəddarlıq, kin və nifrətdir.

 

Təsadüfi deyil ki, Tsipko da Lenin, Trotski, Stalin sisteminin əsas bəlalarından birini donosbazlığı vurğulayır.

 

37-ci il faciəsi haqqında düşünəndə görürsən ki, rejimin qəddarlığı, siyasi ideolojiyanın amansızlığı, cəza orqanlarında işləyənlərin şəxsi patoloji əzazilliyiylə birlikdə elə hər peşədə çalışan həmkarların bir-biri haqqında verdikləri danosların da önəmli yeri var. Hər millətdə olduğu kimi, bizim millətdən olanların arasında da bu müdhiş xəstəliyə yoluxanlar az deyil. Görürsən müəyyən bir peşəyə meyl edir, qurşanır, amma sevdiyi sahədə uğur qazanmağa qabilliyyəti, ağlı, səviyyəsi çatmır. Mərəkə onda başlayır, məsələn elə ədəbiyyat sahəsində ən kəmfürsət, nadürüst, paxıl və qisasçı adamlar baş tutmamış şairlər, yazıçılardır. Cızmaqaraçı qrafomanlıq şəxsi yox, ictimai bəladır. Hər qrafoman cızmaqarist öz iqtidarsızlığının heyfini az-çox uğur qazananlardan çıxmaq, bəzən qisasını bütöv bir təşkilatdan almaq istəyir, Sovet sistemində bu süni rəqabətdə üstun çıxmağın ən asan yolu danos vermək idi.

 

Amma insaf naminə deməliyik ki, bu danosbazlıq azarı yalnız sovet dönəminin hadisəsi deyil. Hələ X1X əsrdə Həsən bəy Zərdabi gileylənirdi ki, “Əkinçi”ni nəşr etməyə başlayanda ondan kimlərə danos verməyiblər -  jandarm polkovnikinə, qubernatora, sərdara. XX əsrlə Mirzə Cəlil yazırdı: Şeytançılıq yarışları keçirilsə, biz birinci yerə çıxarıq və Sabir də onun sözünə qüvvət verirdi:

 

Qeyrətli danosbazlarımız iş bacarırkən

 

Tənbəl dəli şeytanları neylərdin, İlahi?  

 

Üzeyir bəy hələ gənc yaşlarında deyirdi ki, Dümanı çarın əmriylə bağladılar, “Molla Nəsrəddin”i çara verilən danoslar əsasında. Bəli, bu “gözəl” ənənə sovet illərinlə də davam etdi və 37-ci ildə “qızıl dövrünü”, çiçəklənib pardaxlanma çağını yaşadı. Danosbazlığın məntiqsiz “məntiqi” ondan ibarətdir ki, çox vaxt danos verənlərin aqibəti də haqqında danos verdiklərinin aqibəti kimi olur. Dünən güllələyənlər, sabah güllələnə də bilərdilər.

 

Rus ruletkası adlanan məşum bir oyun - mərc var. Tapançanın xəzinəsinə beş yox, dörd patron qoyulur, baraban hərlədilir, tapançanın lüləsini gichaşına dirəyib tətiyi çəkirsən - ya bəxt - anında ölə də bilərsən, qurtula da. 37-ci ilin məntiqi ruletka məntiqi idi, günahsızlar da  məhkum olunurdu, onların boynuna günah qoyanlar da. Böyük Hüseyn Cavid də həbs olundu, ona göz verib işıq verməyən Əhməd Triniç də… “Oxu tar” yazan Müşfiq  də, tarı Konservatoriyada qadağan edən komissar da, Əhməd Cavad da, ona qan udduran “qızıl tənqidçilər” də… Xalqımızın bolşevik istilasına qarşı qürur timsalı  olan Gəncə üsyanını qan içində boğanlar, “Gəncədə bir başı papaqlı qoymadım” deyə qürrələnən bolşevik komissarları da repressiya qurbanı oldular. Cümhuriyyət  Parlamanının son iclasında Qızıl ordunun gəlişini səbirsizliklə gözləyənə Məmməd Əmin Rəsulzadə tarixi sözlər deyir: belə həvəslə çağırdığın və yolunu gözlədiyin  “yoldaşlar” səni bir gün güllələyəndə mənim sözlərimi xatırlayarsan, Görəsən “yoldaşların” ölümə məhkum etdikləri həmin adam qətl anında Məmməd Əminin bu pəyğəmbəranə sözlərini yada salıbmı?

 

Aşkarlıq dövrü başlayanda bəzi köhnə çekistlər etiraf etməyə və hətta yazmağa başladılar: o cümlədən, bizim ailədən, atamdan, anamdan, məndən verilən danoslar  barədə eyhamlar vururdular. Nədən danos vermirdilər ki:  Ensiklopediyada millətçi ruhdan, Rəsul Rzanın  şeirlərində türk sözlərindən, Nigar Rəfibəylinin Türkiyə səfəri haqqında yazısından, “Yaxşı padşahın nağılı”ndan, “Molla Nəsrəddin 66”dan, “Qobustan” toplusundan...

 

- Yaxşı, bu qədər vaxt ötüb, o danos verənlərdən birinin adını bilək də...

 

- Bəyəm bir nəfər idi ki?

 

Yəqin bu da bir siyasətdi, müəyyən adları faş etmirlər ki, bəlkəm hələ lazım oldular, kara gəldilər.

 

Bir də o var ki, axı konkret adları bilmək bəlkə də heç vacib deyil, vacib odur ki, bu danoslar hələ də başqa şəkildə davam edir.

 

O vaxtın danosçuları mərdüməzarlıqdan, qısqanclıqdan, ya bir şey qazanmaq naminə danos verirdilərsə, indikilər üçün bu bir növ dilxoşluqdur. Qurbanəli bəy demiş: “molodes sobak”.

 

Bir vaxtlar yazıçılara cəsarət dərsi verməyə cəhd edən qəzetin siyasət dişlərini çıxardandan sonra protezlə yazıçıları dişləməyə rüsxət veriblər. Bununçün qapılarında bir “yazıçışünas” da saxlayırlar.

 

Bu zatın işi-peşəsi Yazıçılar Birliyinin hər işinə burnunu soxmaqdı. Nədən çərənləyir-çərənləsin, dəxli oldu-olmadı, hökman gərək gərək bir ağız yazıçıların  ünvanına …hırıldasın...

 

Bu qəzetin səhifələrində Yazıçılar Birliyinin bir faydalı işi haqqında, bir yazıçının yaxşı əsəri, uğuru haqqında bircə kəlmə məlumata belə rast gəlməzsiniz.     

 

Amma elə həmin o yazıçışünas qəzetin mart, may və iyun saylarında Yazıçılar Birliyi haqqında danosu danosa calayır.  Hərzə sözlərə, zəvzək “zarafatlara”, səfeh atmacalara cavab verməyə dəyməzdi. Bunu edirəmsə, yalnız bir məqsədlə edirəm, indiki nəsillər 37-ci ilin şər, böhtan ab-havasını bilmək istəyirlərsə, belə müasir danoslarla tanış olsunlar. O vaxt məhz belə iftira, yalan, nifrət dolu yazılarla insanları bada verirdilər. Fərq yalnız ondadır ki, o vaxtlar gizli şəkildə verilən danosları indi  açıq mətbuatda dərc olunan xəbərçiliklər əvəz edib. Uzağa niyə gedək. Həmin qəzetin 3 may tarixli nömrəsində “Şeyxin Finlandiya səfəri” adlı yazıda belə bir danos verilir:

 

“Mən Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimin İslam həmrəyliyi Oyunlarına münasibətini bəyənmədim (pah atonnan! altını mən cızdım - A.). Jurnalist sual verib ki, siz bu oyanlara baxacaqsınızmı? Anar müəllim deyib: “Mən idmançı deyiləm. Amma tamaşaçı kimi dəvət olunsam,  gedəcəyəm”. Bildiyiniz kimi, bu oyunlar Bakıda olacaqdır, hər bir zəhmətkeşimiz də bu önəmli dövlət tədbirinə diqqətlə yanaşmalıdır. Xalqın yazıçısı isə deyir mən idmançı deyiləm. Nə dəxli var?.. Dəvət gözləyirmiş... Olmadı ki... Ta millətin qabaqda gedəni bu cür yarışa belə dırnaqarası, laqeyd münasibət göstərirsə, qara camaatdan nə umasan? Gözləyək, məncə, hələ vaxt var, AYB oyunlara münasibətini ciddiləşdirməyə borcludur”.

 

Bu sayaq sitatları davam etdirmək də olardı, amma məncə, elə bu parçadan da danos verənin ağlı və səviyyəsi haqqında təsəvvür almaq mümkündür. Danos verilən ünvan da məlumdur: Əlaqədar təşkilatlar! Sırf yaradıcılıq təşkilatının işlərini 37-ci ildə olduğu kimi “əlaqədar təşkilatlar” vasitəsiylə şərləməyə cəhd edilir.

 

İyunun 22-də yenə yazıçılar təşkilatına böhtanlarını davam etdirərək içinin bütün xıltını boşaltdıqdan sonra danos ünvanını bir daha dəqiqləşdirir: “Bax indi söz həqiqətən əlaqədar təşkilatlardadır, çünki AYB-dən bundan artıq yazmaq alınmır”.

 

Adamın yazığı gəlir vallah, özü boynuna alır ki, daha Yazıçılar Birliyindən yazmağçün böhtan ehtiyatları tükənib, indi ümid ancaq əlaqədar təşkilatlaradır. İllər boyu “yaradıcılıq” fantaziyası “Tələsmə Zaur” yazmaqdan bir qarış o yana getməyən biçarə başına nə çarə qılsın ki, aldığı tapşırıqları yerinə yetirə bilsin? Amma yazıq onu da bilmir ki, indi dövr o dövr deyil, bu cür ucuz danoslara məhəl qoyan da yoxdur. Nə əlaqədar, nə əlaqəsiz təşkilatlarçün belə danosların bir qara qəpik əhəmiyyəti qalmayıb. 

 

 

Mən heç kəsə, o cümlədən, elə bu adama da ümidsiz baxmıram. Gec-tez ağlı başına gələcək, anlayacaq ki, bütün müasir Azərbaycan ədəbiyyatına, yazıçıların hamısına - cavanına da, qocasına da nifrət bəsləməklə cəmiyyətdə heç bir nüfuza sahib olmaq mümkün deyil. Şübhəsiz, bir gün peşman olub əməllərindən xəcalət çəkəcək. Amma... Arabir yazılarına uydurma xalq məsəllərindən epiqraf qoyan müəllifə bir neçə həqiqi atalar sözünü xatırlatmaq istəyirəm: “Yazılana pozu yoxdur”, “Sonrakı peşmançılıq fayda verməz”, “Daldan atılan daş topuğa dəyər”.

 

Sayğılarımla.

525-ci qəzet  2017.- 1 iyul.- S.10;11.