Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq

 

Vilayət QULİYEV

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Şübhəsiz, Hənifə xanımın müəyyən ailədaxili söhbətlərin, habelə əsasən rusdilli ziyalı mühitində dolaşan şayiələrin, dedi-qoduların da əks-sədasını tapdığı məktubu  ideya həmkarları arasında hansısa gözəgörünməz qarşıdurmanın, sualtı riflərin mövcudluğundan xəbər verir.

 

Zahirdə isə hər şey aydın və buludsuz kimi görünürdü.

 

“Həyat”dakı sakit ayrılışdan sonra da yolları əsas istiqamətlər üzrə bir idi.  1906-cı ilin fevralında Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun yanında “erməni-müsəlman” münaqişəsi ilə bağlı keçirilən gərgin müşavirədə Azərbaycan türklərinin “ağır artilleriyası” mükəmməl hüquqi təhsilə və böyük natiqlik qabiliyyətinə malik olan Əhməd bəy Ağayevlə Əlimərdan bəy Topçubaşov idi.

 

İlk müsəlman qurultayında da, Bakıda, öz vətənlərində sıxışdırılan soydaşlarının təxirəsalınmaz problemlərinin həlli üçün Peterburq səfərlərində  də birlikdə olmuşdular. Maarifin, mədəniyyətin yayılması ilə bağlı niyyət və arzuları, mətbuatdakı yazıları,  Bakı dumasındakı çıxışları eyni hədəfə vururdu. Bir neçə il ərzində hər ikisi təkcə Azərbaycan deyil, Qafqazdan Mərkəzi Asiyaya, Sibirə qədər bütün Rusiya türklərinin düşünən beyni, danışan dili kimi şöhrət qazanmışdılar. Bu birgəlik tək Bakıda deyil, digər türk ellərində də görünür, etiraf olunurdu.

 

1908-ci il mayın 2-də Krımda,”Tərcüman”ın nəşrə başlamasının 25 illik yubileyi  ilə bağlı bir neçə yüz nəfər müsəlmanın  iştirakı ilə baş tutan  camaat namazında Bağçasaray imamı möminləri islam dünyası qarşısında böyük xidmətlərinə görə “mərhum Zaqafqaziya şeyxülislamı Əbdülsalam Axudzadənin və Həsən bəy Zərdabinin ruhuna Allahdan rəhmət və şəfqət diləməyə, publisistlər Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin salamatlığı və işlərinin rast gətirməsi üçün dua etməyə” çağırmışdı. Krım-tatar ədəbiyyatı mütəxəssisi professor İsmayıl Kərimovun “Qaspralının canlı tarixi. “Tərcüman” qəzetinin materialları üzrə” kitabında yazdığına görə sonuncu iki ad çəkilən zaman meydanı yüzlərlə ağızdan eyni anda eşidilən “Yaşasınlar!” sədası bürümüşdü.

 

Başqa sözlə desək, xalq öz qəhrəmanlarının kim olduğunu bilirdi. Onları tanıyır, sevir, hətta şablon ifadə ilə desəm, qoşa qanad sayırdı.

 

Amma Bakıdan uzaqlarda ifadə olunan bu ümumxalq sevgisindən bir neçə gün əvvəl Hənifə xanım dostlar arasındakı gizli münaqişədən, Əhməd bəyin  tanınıb məşhurlaşa bilməməsində Ə.Topçubaşovu günahlandırmasından yazırdı.

 

Burada yəqin ki, müəyyən həqiqət payı vardı. Təbii ki, yasaq mövzu olsaydı,  əvvəllər bu barədə danışılmasaydı, Hənifə xanım da ona toxunmazdı. Məktubun yazıldığı dövrdə Əlimərdan bəy təkcə öz xalqının deyil, Rusiya müsəlmanlarının lideri idi. 1906-cı ildə I Dövlət Dumasına deputat seçilmiş, qısa müddət ərzində Dumanın Müsəlman fraksiyasını yaradıb ona rəhbərlik etməyə başlamışdı. Bir il sonra ilk müsəlman siyasi partiyasının - “İttifaqi-Müslim”in sədri olmuşdu. Duma üzvlərinin çara etirazını bildirən məşhur Viborq bəyannaməsini imzalaması, ardınca isə əqidəsi uğrunda  məşhur Kresti  həbsxanasında yatması adının ətrafında qəhrəmanlıq haləsi yaratmışdı. Ümumrusiya hərəkatının - imperiyanın qeyri-rus xalqlarına muxtariyyət hüququ tələb edən “Muxtariyyətçilər ittifaqının” sədr müavini (sədr - polyak P.Lednitski) idi. Seçilmək hüququnu itirsə də, Dumanın sonrakı çağırışlarında Müsəlman fraksiyası Bürosunun işinə rəhbərlik etmişdi.

 

Adı Rusiya imperiyasının hüdudlarından kənarda da məşhurlaşmışdı. 1909-cu ildə İran hökuməti ölkənin hüquq sistemini müasir tələblər əsasında qurmaq üçün onu təxminən ədliyyə naziri statusunda Tehrana dəvət etmişdi. Təkliflə  bağlı məsləhət almaq istədiyi böyük dostu İsmayıl bəy Qaspralı 14 mart 1910-cu il tarixli məktubunda Əlimərdan bəyə yazırdı: “Tehranın adam axtarması məni çox sevindirir. Nəhayət, başa düşüblər ki, xilas yolu diplomatik dəftərxanalarda deyil, insanlardadır. Mən, əlbəttə, səni Tehranda görmək istərdim, indi orada elə bir fəaliyyət meydanı var ki, hələlik bizdə yoxdur və yəqin ki,  bir müddət də olmayacaq. Orada iş çoxdur, həm bu işlər bizə yad deyil. Dəvəti qəbul edib-etməmək bütün yaxşı və pis nəticələri ilə birlikdə şəxsi qərarınla olmalıdır. Lakin bir şey deyə bilərəm -orada sənin üçün yüksək  və tarixi işlər var”.

 

Lakin artıq doğma xalqının və Rusiya türklərinin azadlıq mübarizəsinin lideri statusunu qazanmış Ə.Topçubaşov Tehran sarayının cazibədar görünən və doğrudan da fəaliyyət üçün geniş meydan açan dəvətindən boyun qaçırmışdı.

 

Əhməd bəy isə həmin dövrdə həyatının “qara zolağını” yaşayırdı. Erməni millətçilərinə qarşı söz, mətbuat vasitəsi ilə ideya mübarizəsinin bütün ağırlığını üzərinə götürdüyündən panislamizm və pantürkizmdə günahlandırılaraq öz  sözləri ilə desək,  “şiddətli təqib” olunurdu. “Rusiyada pantürkizm və islam” kitabının müəllifi, britaniyalı tarixçi S.Zenkovskinin yazdığına görə bəzən günlərlə dostlarının evində gizlənməli olurdu. Eyni zamanda, məşhur Lütfəli bəy Behbudov hadisəsindən sonra milli ictimai fikrin və mətbuatın gündəmini zəbt etmiş bədnam, ikrah doğurucu  “bakılı-qarabağlı davasından” da mənəvi əzab çəkirdi. (Aradan illər keçəndən sonra Yusif Vəzir Çəmənzəminli Məhəmməd Əmin Rəsulzadə ilə şəxsi söhbət zamanı ona guya Əlimərdan bəydə “qarabağlı fobiyası” olduğunu demişdi!). Hətta İctimai Yığıncaqlar Zalında (indiki Filarmoniya binası) Bakı qoçularının üstünə tapança ilə gəldikləri haqda da məlumat dolaşmaqdadır.

 

Bir sözlə, uğursuzluqlarında Əlimərdan bəyi nə dərəcədə günahkar sayıb-saymamasından asılı olmayaraq, 1908-ci ildə Ə.Ağayev həqiqətən də Bakıdan getmək istəyirdi. Hənifə xanımın məktubunda toxunulan Misir söhbəti də qətiyyən havadan götürülməyib, əksinə, onun kifayət qədər məlumatlı olduğunun göstəricisidir. Həqiqətən də Qahirədə Sultan Əbdülhəmid rejiminə qarşı “İctihad” dərgisini nəşr edən doktor Abdullah Cövdət (onun haqqında Səməd Ağaoğlunun türk memuar ədəbiyyatının diqqətəlayiq nümunələrindən biri sayılan “Atamın dostları” kitabında “Dinsiz mütəfəkkir” adlı ayrıca oçerk verilmişdir) 1906-cı ildən başlayaraq köhnə dostları Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağayevi inadla Misirə dəvət edir, burada ortaq nəşriyyat şirkəti qurub fikirlərini yayan qəzet, kitab və məcmuələr buraxmağa çağırırdı. Bəlkə də 1908-ci ilin yazında Türkiyədə bir çox ideya dostlarının rəhbərliyində təmsil olunduğu İttihad və Tərəqqi partiyasının hakimiyyətə gəlişi ilə nəticələnən “gənc türklər” inqilabı baş verməsəydi, Əhməd bəy həqiqətən də Misirə gedərdi.

 

Nəhayət, nə qədər xoşagəlməz olsa da, məktubda keçən “psixopat” məsələsinə aydınlıq gətirmək istərdim. Təbii ki, Əhməd bəyin bəzi məqamlardakı ifrat çılğınlığını nəzərdə tutan Hənifə xanım burada da tam haqsız deyil. Əhməd  Ağayev Şuşada, özünün dediyi kimi “pədərşahi” (patriarxal) ailədə böyümüşdü. Həmin ailədə isə “qəbilənin rəisi” sayılan böyük əminin qohumlar arasında istənilən adamı tək sözlə, danlaqla deyil, həm də fiziki mənada cəzalandırmağa ixtiyarı və hökmü çatırdı. Nə rus gimnaziyası, nə də Sorbonna təhsili süd və qanla gələn bu patriarxal genetik kodu dəyişdirə bilmişdi. Atasının onu 20 yaşlı universitet tələbəsi olana qədər döydüyünü etiraf edən Səməd Ağaoğlu xatirələrində Əhməd bəyin çılğınlıq və hövsələsizliyinin bəzən ailə ocağında necə ağrılı, tragik məqamlara yol açdığını gizlətməyi də lazım bilməmişdi: “Doğrudan da atam anamın qarşısında günahkar idi. Çünki əsəbi, çılğın, davakar təbiəti hər kəsdən daha əvvəl və hər kəsdən  daha çox anamın başında çatlayırdı. Nəşə içərisində oturduğumuz yemək masasında kiçicik bir ehtiyatsızlığın atamı nə hallara saldığını, boşqabların, stəkanların yerə çırpıldığını, şorba kasalarının üstümüzə-başımıza dağıldığını sanki indi də görürəm... Hətta bu dava-dalaşlardan hafizəmdə gülməli səhnələr də qalıb. Havada uçaraq düz qarşımıza qonan soyutma toyuq indi də gözlərimin qabağından çəkilmir. Bişmiş toyuğun bu canlı duruşu süfrədəki hiddəti bir anlıq yox etmişdi. Biz uşaqlar qəhqəhə ilə gülərək atamızdan şapalaq yeməmək üçün hərəmiz bir tərəfə qaçıb-dağılanda onun fikirli-fikirli otaqdan çıxdığını xatırlayıram. Yalnız anam həvəslə hazırladığı süfrənin pərişanlığı içərisində səssizcə oturub ağlayırdı...

 

Sonra lüzumsuz qısqanclıqlar, siyasi həyatın atamın daxilində topladığı mənfi hissiyyatın, hərəkətlərin, şikayətlərin, sözlərin evin işində boşaldılması, biri-birini təqib edən həyəcan və təhlükə dolu hadisələr - bütün bunlar anamı sürətlə əridir, çökdürürdü”.

 

Doğma oğlunun etiraflarından da göründüyü kimi, Əhməd bəy təbiət etibarı ilə asan adam olmamışdı. Bu çətinlikdən isə ətrafındakıların hamısına, ilk növbədə yaxınlarına və dostlarına yetərincə pay düşmüşdü. Və aydın məsələdir  ki, onların arasında sakit təbiətli Əlimərdan bəy də istisna deyildi...

 

lll

 

Əgər 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunmasaydı, köhnə həmkarların yolu yəqin ki, bir daha kəsişməyəcəkdi. Hər halda yazışmaları, məktub vasitəsi ilə əlaqə saxlamaları barədə heç bir məlumat yoxdur. Əlimərdan bəy 1911-ci ildə İsmayıl Qaspralı ilə birlikdə İstanbula səfər etmişdi. Osmanlı paytaxtında olduqları günlərdə onlar Türkiyənin hərbçi Əsəd Paşa, filosof Rza Tofiq, həkim və ictimai xadim Cəlal Muxtar kimi tanınmış adamları ilə görüşüb fikir mübadiləsi aparmışdılar. Lakin həmin dövrdə İstanbul darülfünunuda türk-tatar tarixi və rus dili-ədəbiyyatı müəllimi olan Əhməd Ağaoğlu ilə hər hansı şəkildə ünsiyyət saxladıqları barədə xəbərə, işarəyə təsadüf edilmir. Eyni zamanda,  yazılı mənbənin olmaması ümumiyyətlə belə bir görüş və ünsiyyəti tam şəkildə istisna etmək üçün  də qətiyyən yetərli deyildir.

 

1918-ci il iyunun ortalarında Osmanlı Məclisi-Məbusanın (Parlament) üzvü Əhməd Ağaoğlu V Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın siyasi məsələlər üzrə müşaviri kimi on illik ayrılıqdan sonra vətəninə gəldi. Həmin günlərdə Bakıdakı daşnak-bolşevik cəhənnəminin dəhşətlərindən bir möcüzə sayəsində xilas olmuş Əlimərdan bəy Topçubaşov da Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtında - Gəncədə idi. Heç şübhəsiz, vətənin, soydaşlarının taleyinin tükdən asılı olduğu bu məqamda onlar görüşmüş, gələcəyə baxışlarını ortaya qoymuşdular. Məsələ açıq konfrontasiya səviyyəsinə qalxmasa da, burada iki köhnə həmkarın Azərbaycanın dövlət müstəqilliyinə münasibətdə fərqli mövqelərdə dayandıqları aşkara çıxmışdı. Şəxsi münasibətlərdəki anlaşılmazlıq və bəyənməzliklərə ictimai-siyasi çalar da əlavə olunmuşdu. Əslində, bu çalar 1905-ci ildən sonrakı mövqe və münasibətlərində özünü davamlı şəkildə, həm də artan xətt üzrə göstərməkdə idi.

 

İyunun 4-də Osmanlı hökuməti ilə imzalanmış dostluq anlaşmasına görə, Nuri Paşa torpaq bütünlüyünün təmin etməyə və Bakını işğaldan qurtarmağa  can atan Azərbaycana yardım göstərməli idi. Lakin Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ilk hökumət kabinəsinin tərkibi Nuri Paşanın xoşuna gəlməmişdi. Türk alimi, “Ağaoğlu Əhməd bəy” kitabının müəllifi Fəxri Sakal yazır: “Paşa solçu, müsavatçı və rus tərəfdarı olaraq gördüyü şəxsləri idarəçiliyə gətirmək istəmir, panislamist və pantürkist kişilərlə bir Azərbaycan Cümhuriyyəti qurmağı düşünürdü. 1918-ci il iyunun ortalarında Nuri Paşa aralarında xoşlanmadığı nazirlər olan Xoyski kabinetini təsdiq etməyincə ciddi bir böhran yaşandı. Böhranı həll etmək üçün gələn Azəri liderlərini dinləyən Paşa özünün əsgər olduğunu və siyasətdən çox da baş çıxarmadığını bildirərək onları siyasi müşaviri Əhməd Ağaoğlu ilə görüşməyə göndərmişdi”. Nuri Paşa məramını açıq  bildirməsə də, Azərbaycanı gələcəkdə çağdaş və demokratik dəyərlərə söykənən müstəqil türk dövləti kimi yox,  Osmanlı imperiyasının  bir vilayəti kimi görmək istəyirdi.

 

Hadisələrin canlı şahidlərinə əsaslanan “Azərbaycan istiqlal mücadiləsinin tarixi” kitabının müəllifi, mühacir-tarixçi Hüseyn Baykaranın yazdığına görə, həmvətənləri Ağaoğlundan yardım görəcəklərini düşündükləri halda tamamilə əks mənzərə ilə üzləşmişdilər - Əhməd bəy onlara istefaya getməyi və Nuri Paşaya hökuməti  istədiyi şəkildə formalaşdırmağa imkan yaratmağı məsləhət görmüşdü.

 

Nəhayət, kompromis variant kimi Milli Şura buraxılmış və Fətəli xan Xoyskinin rəhbərliyi ilə yeni kabinə qurulmuşdu. Avqustun 18-də Əlimərdan bəy Azərbaycan Cümhuriyyətinin Osmanlı dövləti yanında fövqəladə və səlahiyyətli naziri kimi İstanbula yola düşmüşdü. Baş nazir Fətəli xan Xoyskinin imzası ilə ona verilmiş təlimat məktubunda qarşısında istər Osmanlı sarayında, istərsə də digər ölkələrin təmsilçiləri ilə görüşlər zamanı Azərbaycan Cümhuriyyətinin müstəqil daxili və xarici siyasət yürüdən, heç kimin tərkibinə qatılmaq istəməyən azad, suveren dövlət olduğunu bütün mümkün vasitələrlə diqqətə çatdırmaq vəzifəsi qoyulmuşdu. Əslində, Əlimərdan bəy də bu düşüncəni tam şəkildə paylaşırdı. Və Birinci rus inqilabından sonra Əhməd bəy Ağayevlə siyasi fikir ayrılıqlarının mərkəzində də liberal-demokratik düşüncənin tərəfdarı olması dayanırdı.

 

Fikrimcə, Hüseyn Baykaranın aşağıdakı müşahidələri ilə razılaşmaq lazımdır ki, “Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, Ə. Topçubaşov islamçılıq və türkçülük kimi utopik axınların heç birində iştirak etməmişdi. Dərin bilikli hüquqşünas olan Əlimərdan bəy bütün həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır”, yaxud “Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın uğurla başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə də o, 1905-ci il inqilabının gətirdiyi nemətlərdən Azərbaycan xalqı üçün daha çox pay qoparmağa çalışmışdı”.

 

Nəticədə ilkin mərhələdə bir qədər üstüörtülü şəkildə də olsa, İstanbuldan Azərbaycanı Osmanlı imperiyasına ilhaq etmək təlimatı ilə göndərilən Əhməd bəy Ağayevdən fərqli olaraq Əlimərdan bəy Topçubaşov İstanbula azərbaycanlıların bundan sonra da Anadolu türkləri ilə qardaş, lakin müstəqil Cümhuriyyətin vətəndaşı kimi qalmaq niyyətini, əzm və iradəsini bəyan etmək üçün getmişdi.

 

lll

 

1925-ci ilin aprelində Parisdə yaşamağın günü-gündən çətinləşdiyini görən Əlimərdan bəy kürəkəni Ələşrəf Sultanovu (Kürdəmir), qızı Saranı, sevimli nəvələri Gülnar və Zərifəni Türkiyəyə, İstanbula göndərmək qərarına gəlmişdi. Əgər uğurla yerbəyer ola bilsəydilər, 3-4 aydan sonra ailənin qalan üzvləri də  onların yanına gedəcəkdi. Son mərhələdə isə şəraitdən və yaranmış vəziyyətdən asılı olaraq özünün də birdəfəlik İstanbula köçüb ictimai-siyasi fəaliyyətini orada davam etdirmək imkanını istisna etmirdi. Bu barədə dostu Əli bəy Hüseynzadəyə 28 aprel 1925-ci il tarixli məktubunda məlumat vermişdi.

 

Türkiyəyə köç ideyası birdən-birə yaranmamışdı. Vətənə qayıtmaq imkanlarının get-gedə xəyala çevrildiyini görən Əlimərdan bəy  övladlarının və nəvələrinin dil, din, mentalitet baxımından daha uyğun, doğma mühitdə yaşamaları üzərində ciddi düşünürdü. Eyni zamanda, özünün siyasi mübarizəsinin uzaq və yad Parislə müqayisədə Azərbaycanla həmsərhəd Türkiyədə səmərəli effekt verəcəyi qənaətində idi. Aralarındakı münasibətin çox da sıcaq olmadığını bildiyi halda bu düşüncələri barədə hələ 1923-cü ilin avqustunda Ankaraya, Əhməd bəyə yazmışdı. Lakin Əli bəy Hüseynzadəyə 28 aprel tarixli məktubunda da şikayətləndiyi kimi doqquz ay ərzində ondan heç bir cavab almamışdı.

 

Müraciətinin Əhməd Ağaoğluna ünvanlanması təsadüfi deyildi. Əhməd bəy 1923-cü il avqustun 11-də Karsdan II dönəm Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdi. Hakim elitaya və Qazi Mustafa Kamal Paşaya yaxınlığı ilə tanınırdı. Yeni türk cəmiyyəti ilə müəyyən əlaqələr qurmuşdu. Başqa sözlə desək, real kömək göstərməyə, işgüzar məsləhət verməyə qadir idi. Bu dünyanın adamı olmayan Əli bəylə müqayisədə konkret yardım edə bilərdi.

 

Amma həyati əhəmiyyətli bir məsələ ilə bağlı dostcasına müraciətinə uzun müddət cavab almadığına görə inciyən, əsəbiləşən Ə.Topçubaşov Əli bəyə 14 may 1924-cü il tarixli məktubunda Əhməd Ağaoğlunu “prinsipsiz adam” adlandırmışdı. Əli bəy isə nədənsə “məktubun məzmununu hələlik heç kimə açıqlamaq lazım deyil” - xəbərdarlığına baxmayaraq,  onu oxumaq üçün “prinsipsiz adamın” özünə, habelə bəzi başqa tanışlara vermişdi. Haqqında işlədilən xoşagəlməz ifadə Əhməd bəy üçün ünvanına göndərilən məktubu nə üçün cavabsız qoymasının alibisinə çevrilmişdi. Səni açıq şəkildə “prinsipsiz” hesab edən birisinə, hətta köhnə dost olsa belə, nəyə görə cavab yazmalısan?

 

Sual oluna  bilər - Ə.Topçubaşov məsləhət, kömək üçün müraciət etdiyi adamı nə üçün “prinsipsiz” adlandırırdı? Tutarlı bir əsası vardı, yoxsa sadəcə incikliyini bu yolla bildirirdi? Əlimərdan bəyin Ə. Ağayevə məktubunun mətni əldə olmadığından ortaya çıxan suallara dəqiq cavab vermək mümkün deyil. Lakin Əli bəyə yazdığı sətirlər bəzi mətləbləri aydınlaşdırmağa kömək edir.

 

“...İkincisi, deyirsən ki, Əhməd bəy özü də inciyib, amma yenə də xeyirxahım olaraq qalır. Üçüncüsü  (özü də bu əsas məsələdir!), həmin 15 may tarixli məktubda belə münasibətimin səbəbini izah etmişdim və yazmışdım ki, Əhməd bəy hamıdan əvvəl və çox asanlıqla haqqında sənin məktubunda söz açılan şayiələrə inanmışdır. Mənə münasibətdə məhz belə hərəkət etməsinin dəlil-sübutu əvvəla, səndən aldığım axırıncı (28 noyabr 1924 tarixli) məktubdur, digər tərəfdən isə indiyə qədər cavab verməməsidir. Burada iki məsələdən biridir -ya haqqımda xüsusi məkrliliklə yayılan söhbətlərə əsaslanıb məni prinsip etibarı ilə  həqiqətən də heç bir fəaliyyətə qabil olmayan  adam sayır, ya da deyilənlərə inanıb... Əgər prinsipial və xeyirxah münasibət bəsləsəydi, əvvəlcə hər şeyi özü yoxlamalı, ilk növbədə isə mənim fikrimi soruşmalı idi. Bu prinsip pozulubsa, deməli açıq-aşkar prinsipsiz adamdır. Bir də hər kəs “prinsipial” olmağa borclu deyil. Uzun illər birgə fəaliyyətimiz əsnasında həmin Əhməd bəy dəfələrlə prinsipiallıqla bir araya sığmayan oppotunizm meyllər nümayiş etdirib. Bu barədə daha danışmaq istəmirəm, mövzunu qapanmış  sayıram. Yeganə olaraq yalnız Əhməd bəy istərsə məndən bəzi mətləbləri aydınlaşdırmaqla bağlı izahat tələb edə bilər...”

 

Yalnız iki nəfərə bəlli olan məsələlər haqqında, həm də müəyyən dərəcədə Ezop dili ilə yazılmış məktuba aydınlıq gətirməyə çalışaq.  Belə məlum olur ki, kimsə və ya kimlərsə Türkiyədə Əlimərdan bəy haqqında xoşagəlməz şayiələr yayır, onu dünəndə qalmış, fəaliyyət limiti tükənmiş adam kimi qələmə verməyə çalışır.  Şəxsini uzun illər birgə fəaliyyət nəticəsində çoxlarından yaxşı tanıyan köhnə dostu Əhməd bəyin “prinsipsizliyi” isə bu şayiələrin qarşısını almamaqda, hətta daha pisi - ola bilsin ki, onlara inanmaqdadır.

 

Türkiyə Cümhuriyyət elan olunandan sonra yalnız Əhməd Ağaoğlu, yaxud Yusif Akçura kimi “köhnələr” deyil, bolşevik inqilabının vətənlərindən didərgin saldığı bir sıra “yeni”  türk-tatar əsilli ictimai-siyasi xadimlər, öz sahələrində ad çıxarmış görkəmli mütəxəssislər, ziyalılar yeganə türk cümhuriyyətinə xidmət amalı ilə Atatürkün çevrəsində yer almışdılar, yaxud buna can atırdılar. Görünür, ailəsinin ardınca Türkiyəyə gəlməyi düşünən Əlimərdan bəy də burada bilik və təcrübəsinin imkan verəcəyi bir sahədə çalışmaq niyyətində imiş. Lakin hələ hansısa konkret bir işlə bağlı namizədliyi ortaya qoyulmamış onu qaralamağa başlamışdılar. Əhməd bəy isə həqiqi prinsipiallıq göstərərək nəinki köhnə dost və həmkarını müdafiə etmiş, hətta müraciətinə  cavab verməyi lazım bilməmişdi.

 

Əli bəyə məktubdan sitat gətirəcəyim aşağıdakı sətirlər hadisələrin daha çox  belə bir məcrada cərəyan etdiyini  inamlı söyləməyə əsas verir:

 

“Səni və Əhməd bəyi əmin edə bilərəm ki, onun xeyirxahlığına zərrəcə şübhəm yoxdur. Çünki məni tanıyan adamlardan, xüsusən də dostlarımdan özümə başqa cür münasibət gözləmirəm və başqa münasibət ümumiyyətlə olmamalıdır. Çünki heç bir fövqəladə hal və çətin şərait doğma xalqımın yolunda bacardığım xidmətləri göstərmək işində əngəl ola bilməz. Düşünürəm ki, məni tanıyan adamlardan, xarakterimə bələd olan dostlardan mənəvi yardım gözləməyə haqqım var. Sədri Maksudovun nümunəsi gözünüz önündədir və Yusif  bəy Akçuranın ondan ötrü elədiklərindən də xəbərdarsınız. Sədri Maksudova görə çox sevinirəm, o, siyasətdə mənim tələbəm olub. Yusif bəy Akçuraya da çox minnətdaram”.

 

Bəlkə də dostlarından yardım umurdu, onlara S.Maqsudovun  (Türkiyəyə yerləşdikdən və soyadı qanunundan sonra Sədri Maksudi Arsal kimi tanınırdı) nümunəsini buna görə misal gətirirdi. Kazan tatarı, Sorbonna məzunu, hüquqşünas S.Maksudov  (1878-1957) II və III Dövlət Dumasına seçilmişdi. Dumanın Müsəlman fraksiyası və “İttifaqi-müslimin” partiyasının MK üzvü kimi Əlimərdan bəyin yanında ikinci rollarda çalışmışdı. Kazan tatarlarının qısa ömürlü İdil-Ural Cümhuriyyəti adından Paris sülh konfransına gəlmiş, bolşevik işğalından sonra Fransada mühacir həyatı yaşamağa başlamışdı. 1924-cü ildə Yusif Akçuranın  binagüzarlığı ilə Atatürk onu Ankaraya dəvət etmişdi. Burada Əhməd Ağaoğlu ilə birlikdə Ankara Hüquq Məktəbinin təşkilində çalışmış, İstanbul Universitetində türk hüququ professoru olmuşdu. Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi elmi cəmiyyətlərin yaradılmasında  yaxından iştirak etmişdi. IV, V və IX dönəm TBMM üzvü seçilmişdi. Bu nümunə təsadüfi gətirilməmişdi. Çox güman ki, Əlimərdan bəy hansısa bir yolla Türkiyədəki dostlarının, ilk növbədə isə Əhməd bəyin də onu Atatürkə təqdim etmələrini istədiyinə işarə vururdu...

 

Amma nəzərə almaq lazımdır ki, Əhməd Ağaoğlu da hər şeyə qadir deyildi. Üstəlik, bəzən məzələnmək üçün onu “Ağayof”  çağıran, hətta əsəbi vaxtlarının birində Türkiyəyə sığındığını üzünə deyən Atatürkdən qürurunu ayaqlayaraq nə isə xahiş etmək də görünür, onun üçün asan deyildi...

 

Yaxşı münasibətləri, birgəlik illərinin xoş xatirələrini qorumaq isə mümkün idi. Parisin gözdən uzaq, yoxsul Sent Klu adlı ucqarında kədərli mühacir həyatı keçirən Əlimərdan bəydən ötrü bu mənəvi amil, dostlarının, həmkarlarının diqqətli münasibətini hiss etmək, onu xoş bir sözlə andıqlarını bilmək hər şeydən vacib idi. Əli bəyə ünvanlanan və Azərbaycanda bolşevik işğalının 5-ci ildönümünə təsadüf edən 28 aprel 1925-ci il tarixli məktub da həmin hisslərin öz əksini tapdığı kədərli sonluqla bitirdi: “Yazmasan da, məlumatım var ki, indi əvvəlki ilə müqayisədə xeyli yaxşılaşmısan, özünü normal hiss edirsən. Sağlamlığının tam bərpasını  ürəkdən arzulayıram. Yəqin, Ankara yaxınlığında, kənddə olmağın faydası dəyib. Əgər oradan ikiniz də - həm sən, həm də Əhməd Ağaoğlu məni xatırladığınız, məni də yanınızda görməyi istədiyiniz haqda bir-iki kəlmə yazsaydınız çox məmnun qalar, sevinərdim. Bu müddət ərzində mən də xəstə olmuşam - daimi baş ağrılarından, ürək çatışmazlığından, qara ciyər fəsadlarından, barmaq (xüsusən də sağ əl barmaqları) əzələlərindəki revmatik ağrılardan əzab çəkmişəm”.

 

1925-ci il Əlimərdan bəyin onsuz da çətinliklərə dolu həyatının nisbətən sakit keçən sonuncu ili idi. Növbəti, 1926-cı il fəlakətlərlə dolu oldu. Nümayəndə heyətində şəxsi katibi, oğlu Rəşid Topçubaşov 26 yaşında vəfat etdi. Yaxın dostu, mühacirətdəki Gürcüstan hökumətinin başçısı N.S.Çxeidze həyatına intiharla son qoydu. Milli mühacirət hərəkatında qopma və parçalanmalar, ziddiyyət və qarşıdurmalar davam edirdi. Maddi ehtiyac Damokl qılıncı kimi hər zamankından daha kəskin şəkildə başı üzərindən asılmışdı. Xəstəliklər onu üzüb əldən salırdı. Ailəsinin, uşaqlarının təmin olunmamış həyatı ən böyük iztirab mənbəyi idi...

 

1925-ci ildən sonra Əhməd bəylə münasibətlərini qaydaya salmağa bir də heç vaxt cəhd göstərməmişdi. Ən gözlənilməzi və yəqin ki, ən ağrılısı isə çox vaxt iki köhnə dostun qarşılaşmaları zamanı ildırımötürən funksiyasını üzərinə götürən, hər iki tərəfi dinləməyə və ziddiyyətləri yumşaltmağa çalışan Əli bəy Hüseynzadə ilə də bütün əlaqələrinin kəsilməsi idi...

 

Budapeşt

525-ci qəzet $g 2017.- 1 iyul.- S.16-17.