Xortlamış - Hekayə
Şahnaz ŞAHİN
"... Gəlib çatan, adamı yaşayan ölüyə çevirən
ölüm, əslində,
Allahdan qafil, xəbərsiz olmaqdır..."
Mövlana Cəlaləddin Rumi
... Qışın oğlan çağında
qəfildən kəndə
xəbər yayıldı
ki, uzun zamandı xəstə yatağında "can vuruşduran"
Səlimə arvadın
halı yaxşı deyil.
Bu gün rayon mərkəzindən
gələn həkim də baxıb resept yazsa da,
ümidsiz halda başını yelləyib,
yəni "iş bitib"... Hələ bir az qabağa
gedənlər də danışırdılar ki,
həkim deyib qohum-əqrəbası hazırlıq
görsün, bu çətin ayılar.. Elə həmin gündən
tanış-biliş, qohum-qonşu
xəstəyə son borcunu
ödəmək üçün
ona dəyməyə gəlir, gedəndə də halal-hümbət edib gedirdilər. Kəndin ölüm xəbərlərini
"AZAN" səsinin möhtəşəm
kədəri ilə camaata həvəslə çatdıran mollasının
da qulağı səsdə idi. Artıq evdə gələcək hüzr məclisi üçün
hazırlıq görülməyə
başlanmış, bundan
ötrü meşədən
odun gətirilib doğranmış, qonşulardan
qab-qacaq tədarük
edilmişdi... Gecələr
səhərəcən növbə
ilə kəndin dünya görmüş yaşlı qadınları
xəstənin yastığının
yanını kəsdirib
otururdular, amma yazılan dərmanlar da verilir, iynələr
vurulurdu, deyirdilər çıxmayan cana
ümid çoxdu, Allahın işini bilmək olmaz, ölüyə can verən
Allahdı...
Bu, o Səlimə arvad
idi ki, gəncliyində
çox oğlanların
yuxusunu qarışdırmış,
qapısını elçilər
yağır eləmişdi. Nəhayət,
Qərib adlı biri ilə ailə
qurmuş, ev-eşik, övlad sahibi olmuşdular. Həyətində oğul-qız toyu
çaldırmış, evinə
gəlin gətirmişdi.
Allah verən dörd oğlunun biri anadangəlmə şikəst doğulduğundan
kənddən evləndirə
bilməsə də, uzaq kəndlərin birindən dul gəlin alıb gətirmişdi, xoşbəxtlikdən
doğulan uşaqları
sağlam idi. Özü də onlarla birgə öz halal yurdunda yaşayırdı. Dörd
oğlundan biri, şəhərdə yaşayan
Rəsul on səkkiz il irəli
qəfildən dünyasını
dəyişmiş, iki
azyaşlı övladı
yetim qalmışdı.
Onda dərdin ağırlığına dözməyən
Səlimə baş gözünü yolmuş,
sifətini cırmışdı,
əri ölüb bala dağı görmədiyi üçün
ona bəxtəvərlik
oxumuşdu... Bir il sonra
Rəsulun ölümündən
özünə gəlməyən
qadının ürəyinə
bir dağ da çəkilmişdi, kiçik oğlu Elyar avtomobil qəzasında faciəvi şəkildə həyatdan
getmiş, onun da bir oğlu
ana ümidinə qalmışdı... Bu dərd altında beli bükülən Səlimə arvadın indiyəcən heç kimin güman etmədiyi xasiyyətləri
çıxmışdı ortaya, hərəsi bir şəhərdə yaşayan gəlinlərini
qanadına alıb təsəlli verməkdənsə
onlara şər-böhtan
atmağa başlamışdı.
O, gecə-gündüz işləyib
yetimlərini bir tərəfə çıxarmaq
hayında olan gəlinlərini pis gəzməkdə suçlayır,
gendən genə asıb kəsirdi. Geydiyi geyimə, işlədiyi işə qısqanırdı
onları. Ağlı
kəsənlərin verdiyi məsləhəti
də eşitmək istəmir, gəlininin tərəfini tutduqlarını
düşünürdü. Bundan incik düşən
gəlinlər də ondan uzaqlaşır, ehtiyac olmasa heç kəndə gəlmirdilər, öz dərdlərini tək çəkir, çətinliklə
də olsa balalarını böyüdürdülər...
İllər öz işini görmüş, Səlimə arvad da yersiz şübhələri içərisində qocalmışdı... daha o hayı da qalmamışdı, indi bir vaxt dediyi, danışdığı sözlərin acısını çəkirdi, ayaq tutmayan yalanlar isə dul qalan gəlinlərin ürəyində sağalmaz çapıq qoymuşdu. Nəvələri də böyüyüb təhsil almış, ailə qurmuşdular, indi artıq onun nəticələri böyüyürdü... Nənələrinin xəstə yatdığını eşidib onlar da yığılıb gəlmişdilər. Can şirindi, Səlimə arvad indi gözünü dolandırıb balalarının üzünə ümid uman nəzərlərlə baxır, onlardan imdad gözləyirdi. Araya salıb gəlinlərdən bağışlanmaq da istəmişdi, onlar da Allah bağışlasın desələr də, ürəklərilə bacara bilmirdilər ki, bilmirdilər. Elə bil onların üzə gətirməyə çalışdığı yaranı qəfildən kimsə dırnağını ilişdirib qoparır, qanını tökürdü... Amma qadının müalicə olunması üçün əllərindən gələni edirdilər.
... Son dəfə həkimin gəldiyindən xeyli vaxt keçmişdi, müalicələrmi nəticəsini vermiş, Yaradanın möcüzəsindədimi artıq ölüm mələyi xəstədən yan keçmişdi deyəsən. Ta hamı yığışıb otumuşdu evində, xəstənin sağalıb ayağa qalxacağına şübhə edənlər də inanmağa başlamışdı. Yenidən çağrılan həkim də gözlərinə inanmayıb bunu elə Allahın bir lütvü adlandırmış, bu dəfə inamla yenə bir resept yazıb vermiş, müalicəni davam etdirməyi məsləhət görmüşdi. Artıq Səlimə arvad evdə özü gəzir, yeyib-içir, gecə də rahat yatırdı...
...Kənd camaatı Səlimə arvadı küçədə görəndə əvvəlcə təəccübləndilər, sonra sağaldığına şükür elədilər, daha sonra narahat olmağa başladılar. Narahatlığın səbəbi o idi ki, o hər gün sübh tezdən oyanıb kənd yoluna çıxır,yorulmadan, hansısa vacib işin arxasınca gedirmiş kimi axşama qədər kəndarası yollarda dolaşır, mənzil başına çatmamış geri qayıdır və bu dövrə ta qaranlıq düşənəcən qapanmırdı. Görənlər əvvəlcə zənn elədilər ki, o doğrudan da harasa gedir, sonra gördülər yox... Səlimə arvad sanki iki dünya arasında vurnuxur, amma heç kim ona qapı açmırdı! Üzündə mənasız ifadə, baxışlarından əzab oxunan bu qadın hər gördüyü maşının yanında ayaq saxlayıb zəndlə içəri boylanır, adamların yanında dayanıb diqqətlə baxır və sonra yenə sakitcə yoluna davam edirdi...
...İndi kənddə daha heç kim onunla maraqlanmır, görənlər dindirmədən yanından ötüb keçir, elə o özü də heç kimlə danışmaq həvəsində deyil.
Kənd adamları öz aralarında onu "Xortlamış" adlandırır, səbəbini də etdiyi günahlarda, danışdığı böhtanlarda görür və əllərini Göyə qaldırıb dodaqaltı: Allah adamı son eyibindən saxlasın! - pıçıldayırlar.
525-ci qəzet 2017.- 4 iyul.- S.7.