"Füyuzat"ın iki yazarı haqqında orijinal tədqiqat

 

Abid TAHİRLİ

 

 

(Əvvəli ötən sayımızda)

 

Professor Vilayət Quliyevin yazdıqlarına əsasən, Hasan Səbri Ayvazovun yaradıcılığını 4 dövrə bölmək olar: "Füyuzat"a qədərki, "Füyuzat", 1937-ci il həbsinə qədərki və həbsxana dövrü.

 

Monoqrafiyanın əvvəlində Vilayət Quliyev haqlı olaraq belə bir fikir irəli sürür ki, ədəbiyyat və mədəniyyətimizə xidmət edən, onu bəlli bir ölçüdə zənginləşdirən ədəbi simaların, o cümlədən, qədirşünaslığı ilə seçilən, mədəniyyətimizin zənginliyinə və uğurlarına heyranlığını gizlətməyən Hasan Səbri Ayvazovun şəxsiyyət və yaradıcılığının Azərbaycan ədəbiyyatı konteksində əhatəli öyrənilməsinə, qarşılıqlı əlaqələrini, ədəbi irslərini müqayisəli araşdırmağa ehtiyac var. Düşünürəm ki,  sanballı tədqiqat əsəri ilə Vilayət Quliyev örnək addım atmışdır və bu istiqamətdə daha dərin və əhatəli tədqiqatlar aparılmalıdır.

 

Hasan Səbri Ayvazovla bağlı V. Quliyev əsərin sonunda indiyə qədər adı İsmayıl Qaspiralı ilə bir sırada Krım-tatar ədəbiyyatının klassikləri sırasında çəkilən Asan Səbriyə formal bəraət verilmədiyini qeyd edir və yazır ki, əslində isə onu və yüz minlərlə insanları məhvə sürükləyən sovet rejiminin özü biabırçı şəkildə tarixin arxivinə atıldığından, belə bəraətə indi ümumiyyətlə, lüzum qalmayıb. Bu sətirləri oxuyarkən xatırlayıram ki, bir neçə il əvvəl-1937-ci il repressiya qurbanları haqqında məqalə yazarkən biz də eyni ürəkağrıdıcı məlumatla rastlaşmışdıq: Ömər Faiq Nemanzadə başda olmaqla  bu qəbildən  bir neçə tanınmış xadimimiz də bu günədək bəraət almamışdır...

 

Qeyd etdiyimiz kimi, monoqrafiyanın 2-ci hissəsində "Osmanlı türklərinin ən mükəmməl mühərrir və şairlərindən" (Əli bəy Hüseynzadə)  Əhməd Kamalın həyat və yaradıcılığından söz açılır. Səriştəli tədqiqatçı Vilayət Quliyev  Əhməd Kamalın Bakıya gəlişinədək həyat və fəalliyyətinə nəzər salır, ilk təhsili və ilk yaradıcılıq nümunələri  barədə məlumat verir, Sultan istibdadına  qarşı mübarizəyə qoşulduğunu, bunun nəticəsi kimi bir müddət mühacir  həyatı yaşamağa məcbur olduğunu, nəhayət Əli bəy Hüseynzadənin dəvəti ilə "Füyuzat"da işə başladığını, məcmuə qapandıqdan sonra Balaxanıda pedaqoji fəaliyyətlə məşğul olduğunu təfsilatı ilə yazır. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, Vilayət Quliyev Ankaradakı Qazi Universitetinin dosenti Metin Kayahan Özgilin Əhməd Kamalın irsi ilə bağlı tədqiqatlarını təqdir edir, onun qələmə aldığı "Son Jon Türk Kalesi Ahmed Kamal Akünal" adlı əsərini (İstanbul, 2010, Kitab evi yayınları, 436 səh.) yüksək dəyərləndirir, eyni zamanda müəllifin müəyyən mülahizələri, tarixi həqiqəti əks etdirməyən fikirlərini tutarlı mənbələrlə inkar edir. Əhməd Kamalın "Füyuzat"a dəvəti, onun məcmuədə iştirakı olmadığı dövrlərdə "Füyüzat"ın  maraqsız və solğunluğu, Əhməd Kamalın  həbsinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "İttihad" fraksiyasının rəhbəri doktor Qara bəy Qarabəyovun xəyanəti ilə əlaqələndirilməsi kimi məsələlərdə V. Quliyev Kayahan Özgülün iddiaları ilə razılaşmadığını bildirir və mülahizələrini əsaslandırır.

 

"Füyuzat"da həm şair, həm də publisist-tənqidçi kimi çıxış edən Əhməd Kamalın yaradıcılığından söz açan V. Quliyev göstərir ki, şairin məcmuədə dərc olunan poetk nümunələri daha çox fərdi həyəcan və duyğularının ifadəsi təsiri bağışladığından, ictimai məna kəsb etmədiyindən, xüsusən isə dilinin ağırlığından şeirlərinin oxucu dairəsi məhdud idi. Bununla belə, tədqiqatçının fikrincə, şairin "Füyuzat"ın 18-ci nömrəsində  "Gözəlim, açma maziyi" misraları ilə Şekspirin bir sonetinə yazdığı nəzirə Azərbaycan ədəbiyyatında yeni hadisə olmaqla yanaşı, Fars poeziyasında da bu janrın yaranmasına zəmin olmuşdur: Səid Səlmasi bu nümunədən təsirlənib fars dilində bir sonet yazmışdır.

 

Əhməd Kamalın publisistikasını gözdən keçirən Vilayət Quliyev onun Əli bəy Hüseynzadənin yazdığı "Qaf və Simurq" məqaləsindən təsirlənərək qələmə aldığı və məcmuənin 18-ci nömrəsində çap olunan "Simurqun qanadları altında" adlı yazısını gələcək fəaliyyətinin proqramı, yaradıcılığının ideya-istiqaməti, arzularının anonsu adlandırır. Əhməd Kamal Bakıda mədəniyyət və azadlıq mübarizəsi aparmaq,  Qərbdə olduğu kimi ədəbi tənqiddə fikir rəngarəngliyini, müxtəlifliyini formalaşdırmaq niyyəti ilə gəldiyini bəyan edir. Əhməd Kamalın "Füyuzat"dakı fəaliyyətini izləyən V.Quliyev onun milli ədəbiyyatdan, çağdaş ədəbi mühitdən xəbərsiz, müraciət etdiyi əsər və müəlliflərin əhatə dairəsinin isə məhdud olduğunu, tənqidin vəzifəsinin yetərincə bilmədiyini, yalnız Osmanlı türkcəsini, Osmanlı ədəbiyyatını qəbul etdiyini vurğulayır, bu qənaətə gəlir ki, bütün bunlara görə Əhməd Kamal "dövrün ədəbi-bədii fikrinin dərinliklərinə nüfuz edərək ümummilli mahiyyət qazana bilməmişdi". Bununla yanaşı, V. Quliyev Əhməd Kamalın uğurlarını da  qədirbilənliklə təqdir edir. Tədqiqatçı Əhməd Kamalın  günümüzlə  səsləşən və çox aktual olan Avropa ilə münasibətlər mövzusuna həsr etdiyi "Avropalılarla anlaşalım" adlı məqaləsinin təhlilinə xeyli yer ayırır və yazır: "Əhməd Kamal milliyyətçi və türkçü kimi Qərb dəyərlərini qeyd-şərtsiz qəbul etmir, Qərb qarşısında dilsiz heyranlıq ona yad idi. Türklərin tarixdəki yerini bilir və bundan qürur duyurdu. Lakin eyni zamanda, Avropa xalqlarının keçdiyi tarixi inkişaf yolunun uğurlarını mənimsəmək, köhnə qitədə meydana gəlmiş dünyəvi, mütərəqqi meylləri öyrənmək və onları milli həyata gətirməyin qızğın tərəfdarı kimi çıxış edirdi". Tədqiqatçı bu fikri əsaslandırmaq üçün məqalədən yerli-yerində sitatlar gətirir, dediklərini konkret nümunələrlə əsaslandırır. Əhməd Kamalın publisistikasında səciyyəvi  məqamlara diqqəti çəkən V.Quliyev  müəllifin həyəcanının, nigarançılığının mənbəyi haqqında fikirlərini də bölüşür. Qeyd edir ki, "Əkinçi"ni yaşada bilməyən, onilliklər boyu yalnız iki vərəqlik "Tərcüman"ın ümidinə qalan çoxmilyonluq türk-müsəlman xalqlarının dünyada böyük dəyişikliklər baş verdiyi bir dövrdə də mətbuata laqeyd münasibət, "Mətbuat bir millətin lisanı, samiəsi, nəzəri, beyni deməkdir, mətbuatsız millət söyləyəməz, eşidəməz, görməz" deyən Əhməd Kamalı dərindən qayğılandırırdı. Əhməd Kamal problemi göstərməklə kifayətlənmir, o, Avropa qapısını açmaq yollarını da göstərirdi. Yazırdı ki, biz bağıra-çığıra bu həriflərin aralarına, qaibeyi-ictimaiyyələri içinə hər nə sürətlə olursa olsun, girməyə çalışmalıyız. Bizi aləmdə istədikləri kimi tanıtmamaları üçün daima gözlərinin önündə olmalıyıq.

 

Kitabda Əhməd Kamal-İbrahim Tahir münasibətlərinə xeyli yer ayrılmışdır. İlk baxışda elə görünə bilər ki, daha çox şəxsi-qərəzlikdən, bəyənməzlikdən yaranan və dedi-qodu təəssüratı  yaradan, bəzən də əndazəni aşan, etik çərçivədən, ədəbi diskussiyadan uzaq "qələm dueli"nin  bir elmi-tədqiqat əsərində geniş işıqlandırılmasına ehtiyac yoxdur. Amma məlum olur ki, iki yazar arasındakı kəskin münasibət heç də yalnız şəxsi münasibətlərdən qaynaqlanmır, digər tərəfdən isə onların "söz davası"ı dövrün ədəbi, mədəni, mətbu mənzərəsini, bir sıra ağrılı problemləri ilə dərindən tanışlığa imkan verir, ictimai məzmun daşıyır:

 

- bu yazılar həm Əhməd Kamala, həm də İbrahim Tahirə xas bir sıra şəxsi xüsusiyyətləri üzə çıxarmaqla yanaşı, həm də onların dilə, ədəbiyyata, sənətə münasibətlərini ortaya qoyur, əsərlərinin mövzu, üslub, sənətkarlıq problemləri haqqında təəssüratı genişləndirir, zənginləşdirir;

 

- ictimai-siyasi mövzularda çox ayıq-sayıq olan senzuranın şəxsi təhqirlər, təhdidlər zamanı susması, bir növ qızışdırıcı mövqedə olması faktı kimi, bu yazıları dərc edən "Füyuzat"ın mövqeyi də diqqəti çəkir;

 

- yazışmaların təhqirlərlə dolu dili, bayağı üslubu dövrünün bir sıra xadimlərinin, o cümlədən, İsmayıl Qaspiralının və Sənəttüla İbrahimovun kəskin etirazlarına səbəb olur və onlar bu gün də çox aktual olan prinsipə - mətbuat polemikası zamanı tərəfləri ədəb və mərifətə riayət olunmasına  dəvət edirlər.

 

Əsərin sonunda Vilayət Quliyev  araşdırma zamanı "Son Jon Türk Kalesi. Ahmet Kemal Akünal" kitabına dönə-dönə müraciət etdiyini göstərir,  kitabın müəliffi M.Kayahan Özgilin Əhməd Kamal haqqında pərişanlıqla yazdığı  "Böyle biri hiç yaşamadı ki... Onu ne Türkiye tanıyor, ne de Azerbaycan... Ne edebiyyat tarihlerine girdi, ne de siyasi tarihlere... Ne mezar taşı var, ne de ölüm tarihini hatırlayan" - cümlələrini  üzülərək sitat gətirir və qədirbilənliklə bildirir ki, bu unutqanlığın aradan qaldırılmasında, fikrimcə, türk müəllifi öz kitabı ilə mövcud boşluğu xeyli doldurmuşdur. Əsər V. Quliyevin öz tədqiqatına təvazökarlıqla işarə vuraraq yazdığı bu cümlə ilə bitir "Əhməd Kamalın Azərbaycanla əlaqələrinin aşkara çıxarılması və müəyyən sistemə salınması baxımından isə təqdim olunan araşdırmanın müəyyən təsəvvür yaradacağına ümid etmək istərdim".

 

Şübhəsiz ki, görkəmli alim V,Quliyevin bu araşdırması iki tanınmış yazarın - Hasan Səbri Ayvazovun və Əhməd Kamalın həyat yolu və yaradıcılıq yolunun, "Füyuzat" məcmuəsinin, ümumiyyətlə mətbuat tariximizin öyrənilməsinə, mövcud tədqiqatların daha da zənginləşdirilməsinə böyük və təqdirəlayiq töhfədir. "Füyuzat"ın öyrənilməsi isə Ofelya Bayramlının sözləri ilə desək, xalqın milli istiqlal uğrunda mübarizə tarixini, azadlıq, həqiqət yollarını, böyük bir millətin təfəkkür xəzinəsini öyrənməkdir.

 

525-ci qəzet  2017.- 5 iyul.- S.4.