Vaqif şəxsiyyəti və irsi Nizami adına Ədəbiyyat Muzeyinin ekspozisiyasında

 

 

Molla Pənah Vaqif XVIII əsr Azərbaycan poeziyasının ən qüdrətli simasıdır.

 

Görkəmli dövlət xadimi, bir sıra elmlərə bələd olan Vaqif bir şair kimi şöhrətlənib, ədəbiyyat tariximizdə əvəzsiz irsi ilə iz qoyub. Bu amil nəzərə alınaraq, Prezident İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı əsasında Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunur. Eyni zamanda, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə keçirilir.

 

Bu çərçivədə iyunun 21-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Molla Pənah Vaqifin söz dünyası və məktəbi” mövzusunda elmi sessiya təşkil olunub. Muzeyin direktoru, akademik Rafael Hüseynov “Azərbaycanın bədii sözündə Vaqif mərhələsi” mövzusunda məruzə ilə çıxış edib, dahi sənətkarın Azərbaycan bədii söz və fikir tarixindəki rolundan danışıb.

 

1940-1943-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin göz oxşayan binasının eyvanında altı heykəl yerləşdirilib. Onlardan biri heykəltəraş Cəlal Qaryağdının ucaltdığı Molla Pənah Vaqifin heykəlidir. Bununla yanaşı, muzeyin maraqlı ekspozisiyasında “gözəllik və həqiqət” şairi M. P. Vaqifin həyat və yaradıcılığını əks etdirən ekspozisiya nümayiş olunur. Ekspozisiyada M. P. Vaqifin şairanə büstünü heykəltəraş Q. Sücəddinov və A. Mustafayev işləyib. Ekspozisiyada Vaqifi mədrəsədə şagirdlərlə birgə təsvir edən rəssam Həsən Haqverdiyevdir. Məlumdur ki, Rusiya ilə yaratdığı əlaqələrə görə minnətdarlıq əlaməti olaraq II Yekaterina Vaqifə üstü qiymətli daşlarla bəzədilmiş əsa hədiyyə göndərmişdi. Həmin görüşü rəssam Davud Kazımov qrafik üslubda işlədiyi illüstrasiyada - “Vaqif gürcü çarı II İraklinin sarayında” təsvir edib.

 

1795-ci ildə Şah Qacarın Qarabağa hücumu zamanı Vaqif özü də Şuşanın müdafiəsinə qoşulub. Həm də Qarabağ xanı adından Qacara məşhur cavabı yazıb. “Vaqifin Qacara cavabı” rəssam Nadir Qasımov özünəməxsus sənətkarlıqla təsvir edib. Ekspozisiyamızın maraqlı və tamaşaçıların diqqətini cəlb edən eksponatlarından biri də Qarabağ xanı Pənahəli xanın gülləbatmaz köynəyi və XVIII əsr Qarabağ xanlığına məxsus fərmanlardır. Hörmətli akademik, muzeyimizin direktoru, eyni zamanda tamaşaçılar tərəfindən heyranlıqla seyr edilən ekspozisiyanın yaradıcısı Rafael Hüseynovun 2009-cu ildə “525-ci qəzet”də silsilə yazıları dərc olunurdu. “Bələkdən başlanan fərq” başlıqlı məqaləsində Rafael müəllim milli geyimlərimizin tarixindən danışıb. Akademik qeyd edib ki, “dünənimizdən bugünə bir cazibədar köynək də yetişib. Qarabağ xanlığının banisi, Şuşa qalasının yaradıcısı Pənahəli xan Cavanşirin (1760-da vəfat edib) “gülləbatmaz” köynəyidir. İndi N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanan o köynəyin üzərinə naxışa bənzəyən gözəl xətlə “Quran”dan ayələr yazılıb və Pənahəli xan o ayələrin, bu köynəyin onu güllədən qoruyacağına inanırmış. Hər halda xanın təhlükəli günlərdə geydiyi həmin gözəl köynəyə güllə heç vaxt tuş düşməyib”. Eyni zamanda, bu məqalədə Rafael müəllim qeyd edir ki, “Pənahəli xanın xırda və rəngbərəng muncuqlarla bəzədilmiş nəfis bir əl ağacı da varmış, o əl ağacı yaraşığı ilə bu köynəklə ahəngdarlıq yaradırmış”.

 

Vaqifin ölümündən sonra onun yazıları yandırılır. Şairin bu günümüzə qədər gəlib çatmış poeziya nümunələri xalqın yaddaşında hifz olunmuş əsərlərdir. Onun yaradıcılığında “Badi-səba, bir xəbər ver könlümə”, “Bayram oldu”, “Görmədim”, “Gözlərin cəlladdır, baxışın yağı”, “Durnalar”, “Heyran olmuşam” və digər şeirləri xüsusi yer tutur. Vaqif irsini toplamaq işini ilk dəfə Mirzə Yusif Nersesov görüb. Şairin Qarabağ dövrü haqqında XIX əsr tarixçi və təzkirəçilərindən Mirzə Cəlal, Mir Mehdi Xəzani, Əhmədbəy Cavanşir məlumat veriblər. 1908-ci ildə Haşım bəy Vəzirov Vaqifin məlum şeirlərindən ibarət kitabça nəşr etdirib. Şairin əsərlərinin tədqiqi və nəşri sahəsində F.Köçərlinin, H. Araslının, S. Mümtazın əvəzsiz xidmətləri vardır. A. Dadaşzadə Vaqifin həyat və yaradıcılığı haqqında monoqrafiya çap yazıb. Ə. Şərif, A.Zamanov kimi alimlərin şairin əsərlərinin nəşri və xarici mətbuatda çapı işində böyük rolu olub. H.Ə.Qayıbov şairin şeirlərini toplayıb. Görkəmli ədəbiyyatşünas F. Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində Vaqif poeziyasından nümunələr verib. XX əsrin əvvəllərində N.Vəzirov şairin şeirlərini ayrıca kitab halında çap etdirib. Ekspozisiyanın kitab vitrinində adını sadaladığım ziyalılarımızın kitabları ilə yanaşı, professor A. Zamanovun imzası ilə muzeyə təqdim etdiyi, tədqiqatçı S. Mümtazın müəllifi olduğu “Azərbaycan Ədəbiyyatı Molla Pənah Vaqif” (Bakı, üçüncü beynəlmiləl Dövlət mətbəəsi, 1925) kitabı da nümayiş olunur. Yubiley günlərində də bir çox kitablar çap edilmişdir. Bunlardan akademik Nizami Cəfərovun şairin 300 illik yubileyi ilə əlaqədar “Molla Pənah Vaqif “ adlı yeni kitabını qeyd etmək istərdim. Vaqif dovrü və yaradıcılığı, dil-üslub texnologiyaları bölmələrindən ibarət bu kitab M. P. Vaqifin yubileyinə dəyərli töhfədir. Vaqif irsi hər zaman öz dünyəviliyi, xəlqiliyi, nikbin ruhu, realizmə güclü meyli ilə seçilib. Azərbaycan şeirində tam bir mərhələ olub.

 

Eyni zamanda, poeziyamızın inkişafına əhəmiyyətli təsir göstərib. M. P. Vaqif Şərq poeziyasının əksər klassik formalarından istifadə edib. Onun irsi heca vəznli şeirin inkişafında xüsusi əhəmiyyəti olan qoşmalardan, eyni zamanda təcnislərdən, əruz vəznində yazdığı qəzəl, müxəmməs, müstəzaddan ibarətdir. Özündən əvvəlki ənənələrə çox bağlı olsa da, Vaqif poeziyası özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yaradıcılığında əsasən qoşmalara üstünlük verən şairin şeirlərində təbiilik, səmimilik, obrazlılıq daha çox diqqəti çəkir. Vaqif şeirlərində həyata vurğundur, gözəlliyə vurğundur. Şair Azərbaycan gözəllərini vəsf edir. Onların görkəmini, geyimini, davranışını, əxlaqi normalarını, estetik baxışlarını dövrə uyğun formada təqdim edir. Vaqif şeirlərində zahiri gözəllik daxili gözəlliklə birgəlik təşkil edir. Vaqifin poeziyasında təsvir olunan gözəl real və həyati olduğu kimi, onun hissləri də tamamilə real və həyatidir. Onun şeirlərinin hər misrası xalq ruhundadır. Məhz buna görə də klassik irsdən bəhrələnən Vaqifin poeziyası bir çox rəssamların, heykəltəraşların, tətbiqi sənət ustalarının diqqətindən yayınmamışdır. Bizim ekspozisiyanı M.P.Vaqifin qəzəllərinə - gözəllərinə rəssam Nəcəfqulu və Fəxrəddin Əliyev tərəfindən çəkilmış göz oxşayan illüstrasiyalar bəzəyir. Bunlarla yanaşı, rəssam Mikayıl Hüseynov “Pəri” qoşmasına çəkdiyi illüstrasiyada şairin misralarındakı gözəli gözlərimiz önündə əlvan boyalarla canlandırır.

 

Vaqifin qoşmalarına müraciət edən rəssamlar istədikləri obrazı yaratmaqda, demək olar ki, çətinlik çəkmirlər. Saray əyanı olmasına baxmayaraq, Vaqif öz şeirlərində xalqın istək və arzularını, yoxsulların zəmanədən şikayətini də ürək ağrısı ilə təsvir edir. “Bayram oldu” şeiri buna misal ola bilər. Şair humanist insan idealını bir çox şeirlərində əks etdirir. Onun “Bax” rədifli qəzəli şərin acınacaqlı məhvinə bir işarədir. “Görmədim” müxəmməsi də Vaqif yaradıcılığında xüsusi seçilir. Fəlsəfi məzmuna malik olan bu əsərin Azərbaycan ədəbiyyatında öz yeri var. Vaqifin ictimai məzmunlu əsərləri içərisində onun böyük müasiri, özündən yaşca çox böyük olan Molla Vəli Vidadiyə yazdığı məktublar da var. Rəssam Davud Kazımov həm dost, həm də qohumluq əlaqələri olan bu iki sənətkarı  “Kür sahilində” durnaları seyr edərkən təsvir edib.

 

1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyi geniş miqyasda keçirilmişdi. Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli 29 nömrəli qərarına əsasən Qazax rayonunda M.P.Vaqifin xatirə muzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey “M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi” adlandırılmışdı. Nizami muzeyində də M. P. Vaqifin 250 illik yubileyi ərəfəsində işlənmiş müxtəlif əl işlərindən ibarət hədiyyə guşəsi və şairin surəti işlənmiş medalyon tamaşaçılarımızın diqqətindən yayınmır. Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı sevən, dərindən bilən və qiymətləndirən böyük şəxsiyyət idi. Heydər Əliyev hələ 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarətə getmiş, lakin məzarı tapa bilməmişdi. Sonradan onun göstərişi ilə məzar tapılmış və Ulu Öndər tanınmaz halda olan dağılmış məzarı ziyarət etmişdi. Ulu Öndər nitqlərinin birində isə gördüyü bu məzarın Vaqifə layiq olmadığını bildirmişdi. Sonralar Ulu öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə-türbə tikilib. 1982-ci ilin soyuq, şaxtalı qış günündə, yanvar ayının 14-də Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Açılışda ulu öndərlə yanaşı Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər. Məqbərənin açılışı ilə yanaşı, Ulu Öndər H. Əliyev Şuşada Poeziya Evinin ac?ılışında və orada keçirilən “Vaqif poeziya günləri”ndə də olub.

 

Məhz həmin tarixdən etibarən hər il avqust ayında “Vaqif poeziya günləri” keçirilirdi. Vaxtilə bu bayram tədbiri Qazaxdan başlayıb Şuşada yekunlaşardı. Lakin mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, bu tədbiri Şuşada keçirmək olmur. 1992-ci il may ayının 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrini, tarixi-memarlıq abidələrini dağıdıb məhv etmiş, eləcə də Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar. Təəssüf hissi ilə deyərdim ki, həmin məqbərəni seyr etmək indi yalnız ekspozisiyada mümkündür. Vaqifin Şuşada Cıdır düzündə qəbri üzərində tikilmiş məqbərənin maketinin müəllifi Əbdülvahab Salamzadədir. Böyük ümid və inam hissi ilə qeyd etmək istərdim ki, yaxın zamanlarda torpaqlarımız düşmən tapdağından azad olacaq, Vaqifin də narahat ruhu dinclik tapacaq.

 

Sevinc AYAZQIZI (HEYDƏROVA)

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı

 

525-ci qəzet.- 2017.- 8 iyul.- S.23.