Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
NƏ
“KÜBRƏ”, NƏ DƏ “MƏLZƏMƏ”
(KERENSKİLƏRƏ CAVAB)
Nə
“kübrə”, nə də “məlzəmə”!..
Böyük cahan hərbi müxtəlif siyasi sistemlərin
bünyəvi qüdrətlərini sınayan pək
böyük bir imtahan oldu. Bu imtəhandan parlaq
müvəffəqiyyətlə çıxan siyasi bünyələr
ancaq milli vücuda malik təşəkküllərə,
milliyyət məsələsinə şu və ya bu şəkildə
qiymət verən dövlətlər olmuşlar.
Rusiya,
Avstriya və Osmanlı imperatorluqlarının bu böyük
çəkişmədə inqiraza uğradıqları əlbətdə
tarixi bir təsadüf əsəri degildir! Qaliblərin
başında bulunan İngiltərə sistemində belə,
müharibədən əvvəlki qiymətlərə nisbətlə,
milliyyət məsələsi nöqteyi-nəzərindən
çox bəyük dəgişikliklər hüsula gəlmişdir.
Kəndi arzularına rəğmən millətləri cəbrən
kəndi idarəsi altında tutan bir imperializmin bundan sonra təəssüs
edəmiyəcəgi artıq hər kəscə mühəqqəqdir.
Fəqət nə yaparsınız ki, tarixin hər kəs
tərəfindən anlaşılmış olan bu təbii
seyrini dərk etməyən və onun sürətlə
dönən çarxına dəyənək soxmaq istəyən
bir taqım xəyalçılar hala mövcuddur.
Bu xəyalçıların kimdən ibarət
olduğunu bəlkə də təxmin ediyorsunuz. Rusiya əhvalına
aşina və əzcümlə bəyaz rus mühacirləri
arasındakı siyasi ümid və cərəyanlarla əlaqədar
olanlar heç şübhəsiz bu xəyalçıları
kəşifdə pək də müşkülat çəkməzlər.
Bu növdən rus siyasilərinə baxılırsa cahan
tarixi seyrinin ümumi qanunlarına Rusiya tabe degildir. Onun kəndinə məxsus
yolu vardır! Hər millətin kəndi müqəddəratını
təyində bizzat səlahiyyətdar olduğunu müdafiə
edən müasir şüar, sosialist məfkurəçiləri
tərəfindən dəxi qəbul edilmiş ikən, kəndilərinə
sosialist deyən rus firqələri bu prinsipin eynilə Rusiyaya
tətbiqini qətiyyən qəbul etmiyorlar. Bu xüsusda ən ziyadə təəssüb
göstərən sabiq Rusiya müvəqqəti ixtilal
hökuməti rəisi Kerenski ilə onun qrupudur. Kerenski bu təəssübünün kəskin tərəfini
bilxassə Sovetlər ittihadındakı türk cümhuriyyətləri
və ələlxüsus milli Azərbaycan
istiqlalçılığına qarşı tövcih etməkdədir.
Kerenski yalanından Hondkaryanın bu xüsusda nə kibi
bir provakasyona müraciət etdigi keçən nüsxəmizdə
qeyd olunmuşdu. Bu dəfə də Kerenskinin imzası ilə
vüqu bulan bir çıxışından (“Dni” ¹ 64-də
basılmış Kerenski məqaləsi) bəhs etmək məcburiyyətindəyiz.
Kerenski,
qismi məxsusumuzda dərc olunan kazanlı türk komunistləri
arasında açılan “Milli firqə” təşkilatından,
Sultan Əliyevçilikdən tutaraq “pantürkizmə” gəliyor
və bütün bu “təhlükələr”
qarşısında qara basan bir adam kibi sayaqlıyor. Məgərsə “Sultan Əliyevçilər” Sovetlər
ittihadı bayrağı altında daimi olmayan “Rusiya
topraqlarını sabiqdə məhkum və məğdur deyə
adlanan millətlər arasında böləcəklərmiş”.
Kəndisinə demokrat, radikal və sosialist deyən
Kerenskinin düşdügü şovenlik dərəcəsini
görünüz ki, Rusiya monarşisində məğdur millətlər
mövcud olduğunu belə, məşrut olaraq, kinayə ilə
qəbul ediyor.
“Məğdur deyə adlanan” və böyük
bir tədəhhüşlə “Rusiyayı bölüşmək
istiyorlar!” - deyə fəryad
qoparıyor. Şöylə ki: “Qafqasiya - gürcü,
dağlı və azərbaycanlılara. Kiçik Rusiya -
ukraynalılara. Sibirya - yakut, buryat və
sair qeyri cinslərə. Volğa nəhri
maverasındakı bütün Rusiya Orenburğ və Sibirya
çöllərindən tutaraq Türkistanda vaqe Pamir
yaylalarına qədər - pantürkistlərə, yəni
Kazan tatarları ilə kəmalistlərdən mütəşəkkil
bir ittihada” keçəcək. Rusiya
parçalanacaqdır.
“Pamir
yaylaları - kazanlılarla kəmalistlərdən mütəşəkkil
bir ittihada!”. Bu, hər dürlü siyasi və
coğrafi mənadan məhrum bir cümlənin altında insan
vaxt ilə qoca bir məmləkətin başında
bulunmuş və şimdi də bu sövdadan
daşınmamış bir zatın imzasını
görüncə həqiqətən də kerenskilərə ariz olan siyasi kabusun nə müdhiş bir xəstəlik
olduğunu təsəvvür edə biliyor.
Kerenskidəki
fikir şaşqınlığı bu qədərlə
qalmıyor, ona görə bolşevizm ruslarda milliyyət fikir
və hissini hər dürlü vasitələrlə
öldürdügü halda, rus olmayan millətlərdə,
biləks bu hissi təşviq ediyormuş ki, hal-hazırda
qüvvətlənən “Separatizm hərəkatı” da bu
siyasətin “təbii nəticəsi” imiş!
Kerenskilər həyatdan və zamanın istəklərindən
nə qədər uzaqlaşmışlardır. Sanki nə cahan hərbi
olub-keçmiş, nə mozayik imperatorluqlar
çökmüş, o cümlədən nə də Rusiya
çarlığı yıxılmışdır! Tipqi
çar rejimi dövründə hər türlü milli hərəkatda
bir “yabançı əli” və hər türlü siyasi hərəkatda
bir “yəhudi intiriqası” görən reaksioner rus şovenləri
kibi kerenskilər də “seperatizm” namilə tövsif etdikləri
milli hərəkatları yabançı əllərin əsərilə
hərəkət edər birər qüvət kibi göstəriyorlar.
Kerenskiyə görə “Rusiya daxilindəki
separatistlər bila istina şu və ya bu əcnəbi dövlətlərlə
mərbutdurlar”.
Eyni görüş kəndi hakimiyyətlərinin məhkum
millətlər üzərində zəifləməsinə zərrə
qədər təhəmmül etməyən bütün
imperialistlərin görüşü degilmidir? Və bu gün Kerenskinin
ağzında təsrif olunan “pantürkizm” vaxtilə “Novoye
Vremya” mühərriri Menşikovun ağzından düşməyən
“panislamizm” arasında nə fərq vardır?
Şövənlikdə
degil Menşikov, məruf reaksionerlərdən Markova belə
daş çıxardacaq qədər hərarət kəsb edən
Kerenski “seperatistlərin Rusiyayı parçalamaq təşəbbüsləri”
qarşısında təcəllüt göstəriyor və
“inanmalıdır ki, Momzenin dedigi kibi rus xalqı heç bir
zaman əcnəbi kültürlər üçün kübrə
və yabançı dövlətlərin binası
üçün məlzəmə rolunu oynamayacaqdır” -
diyor. Böylə olması üçün də
o, rus xalqını “Sovetlər ittihadındakı digər
bütün millətlərin tutuşmuş olduqları milli
etiraz atəşilə yanmaya” davam ediyor.
Kerenskilərə deməliyiz ki, bir kərrə nə
“separatizm”, nə də “Rusiyayı parçalamaq” mövzu bəhsi
degildir. Bizcə bu kəlimələr heç də yerində
qullanılmamışdır.
Bir kərrə cahanın və demokrasinin ən yüksək
məfhumuna mütabiq kəndi istiqlalını elan etmiş ikən
yabançı bir qüvvət tərəfindən
istilayı uğrayan bir millətin kəndi hürriyyət və
istiqlalını istirdad yolundakı hərəkata “seperatizm”
demək caiz olamaz. Fərza cahan hərbi əsnasında alman
istilası altından qurtarmaq üçün vuruşan
Belçika hərəkatını kimsə seperatist bir hərəkat
kibi tələqqi etmək haqqında degildir. Bunun kibi bir
Azərbaycan, bir Gürcüstan, bir Ukrayna hərəkatları
dəxi Rusiyaya qarşı seperatist bir hərəkat mahiyyətində
tələqqi ediləməz! Avstriya imperatorluğuna
qarşı kəndi istiqlalları üçün cidala
girişən Çeko-Slavakya, Xırvatstan və sairə kibi
hərəkatları kerenskiçilər heç də mənfi
bir ayrılma hərəkatı kibi görməmişlərdi,
o halda nədən Şimali Qafqasya, Türkistan, Kazan, Krım
və sairə kibi hərəkatlar mənfi bir seperatizm kibi
görülüyor!
Biz, seperatizm degil, bütün mənasilə bir istiqlal
davasında olan bu millətlər qətiyyən Rusiyayı
parçalamaq niyyətində də degildirlər.
Biləks, Rusiyanın kəndi milli
hüdudları daxilində mülki tamamiyyətini tamamilə
mühafizə edərək, tərəqqi etməsini təmənni
edəriz. Fəqət kerenskilər də bu həqiqəti
qəbul etməlidirlər ki, Qafqasiyanın - gürcü,
dağlı və azərbaycanlılara keçməsi qətiyyən
Rusiyayı parçalamaq degildir, nitəkim Ukrayna ilə
Türkistanın dəxi Rusiya ilə əlaqəsi yoxdur. Bu
millətlərin təbii haqları olan istiqlallarına
qovuşmaları ilə kəndi topraqlarına bizzat sahib
olmaları, bilməliyiz nədən Rusiyayı parçalamaq
olsun! Böylə bir fikir ancaq sabiq Rusiya
imperatorluğu daxilində yaşayan qeyri-rus millətlər
üzərində rus millətinin mütləq bir hakimiyyət
haqqına malik olduğu haqsızca dava edilmək surətilə
bəyan edilə bilir.
Şübhəsiz, kimsəyə istədiyi fikri bəyan
etmək mən edilməmişdir. Bu cümlədən
münqəriz rus imperializmini ənqaz altından
çıxararaq təkrar ayaqda tutmaq istəyənlər dəxi
istədikləri fikri bəyan edə bilirlər. Etsinlər!
Fəqət nə olur bir az da münsif
olsunlar! Kamalizmdən və onun mütəcaviz
bir siyasət fikri daşıdığından bəhs
ediliyor. Halbuki nə görüyoruz: Kamalizm “Misaqi milli”
xaricində qalan bilcümlə Osmanlı ərazisindən qəti
surətdə və səmimiyyətlə əlaqəsini kəsmiş,
bu tarixi zərurəti olduğu kibi qəbul etmişdir. Ona
istinad olunan mütəcaviz “panturanizm” davaları dəxi
“panrusizm” əkməginə yağ sürtənlərin
hiyləli taktikindən başqa bir realiteyə malik degildir. Bugünkü realist türkizm Sovetlər
ittihadına məhkum türk cümhuriyyətlərindəki
istiqlalçılıq və milliyyətçilik hərəkatlarını
qüvvətləndirən bir fikir həmləsi olmaq etibarilə
şübhəsiz “panrusizm”in düşmənidir.
Avstriya imperatorluğunun ənqazında panslavizmin
oynadığı rolu ehtimal pantürkizm də Sovetlər
ittihadı şəklindəki rus imperializminə qarşı
oynar, yəni müstəqil türk cümhuriyyətlərinin
təşəkklülünü mucib olur.
Fəqət bir Avstriyanın parçalanması ilə əski
romantik panslavistlərin bəklədikləri “Böyük
Slavya” təəssüs etmədi. Daha az real imkan və
şəraitə malik olan dünkü romantiq pantürkizmin də
təhəhqüq etmək niyətində və imkanında
olmadığını pək əla bilən Hondkaryan-Kerenski
ittihadının çevirdikləri manevranın mənası
məlumdur. Qafqasiyadakı türk olmayanları qorxutmaq və
rus xalqında milli şovenlik qeyrətini qıcıqlamaq!
“Prometee”
rəfiqimizin dedigi kibi millətləri təhdid məqsədilə
rus xalqına təcavüzkar fikirlər təlqin edən
kerenskilər bilməlidirlər ki, sadə bizləri degil,
Rusiyadan daha yeni ayrılmış millətlərlə birlikdə
daima rus imperializminin təhdidi altında bulunan bütün
millətləri dəxi yarınki Rusiyaya qarşı mütəyəqqiz
və ehtiyatlı bulunmaq zərurətində bulundurur,
çünki bunlardan heç biri “rus kültürünə
kübrə və rus dövlətinə məlzəmə”
olmaq istəməzlər!
M.E.Rəsulzadə
”Odlu-Yurd”,
ikinci kanun (yanvar) 1930, ¹ 11
Bünyəvi
- təbii halı
Məşrut
- şərtli
Tədəhhüşlə
- təşvişlə
Məlzəmə
- zəruri olan şeylər
Fərza
(fərzən) - fərz edək ki, tutaq ki
Münqəriz
- nəsli kəsilmiş, məhv edilmiş
Ənqaz
- sökülmüş binanın qalıqları
Mütəyəqqiz
- oyanmış, ayıq-sayıq
AZƏRBAYCAN
CÜMHURİYYƏTİ HANKI SİSTEM ÜZƏRİNƏ
QURULMUŞDU?
1918 sənəsindən
1920 sənəsi 27 nisanına qədər yaşayan Müstəqil
Milli Azərbaycan Cümhuriyyəti, gərək şəkli-idarəsi
və bu idarənin mütəvəccehi olduğu istiqamət
etibarı ilə, gərəksə xarici siyasəti
nöqteyi-nəzərindən siyasi tariximizdə pək
mühüm bir yer işğal edəcəkdir.
Bir dəfə bu böyük siyasi təcrübənin
müstəqbəl təşkilatı-əsasiyyəmizin təəyyün
etməsində mühüm rolu olacağı mühəqqəqdir. Sonra Azərbaycanda
nədən böylə tam demokratik bir rejim təəssüs
etmiş olduğunu araşdıracaq olan istiqbalın alim
müdəqqiqlərinə 28 Mayısdan əvvəlinə
doğru bir əzimət nöqtəsi olacaqdır.
Azərbaycanın
28 Mayıs 1918 istiqlal bəyannaməsində şəkli idarənin
Xalq Cümhuriyyəti olduğu müsərrəh olmaqla bərabər
6-cı maddədə denilməkdə idi ki:
- “Maddə 6 - Məclisi-Müəssisan toplanıncaya qədər
Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə
intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə
qarşı məsul hökuməti-müvəqqətə
durur”.
İştə bu Məclisi-Müəssisan Azərbaycanın
şəkli-idarə və təşkilati-əsasiyyəsini
surəti qətiyyədə təyin və təsbit edəcəkdi. Fəqət
Azərbaycanı Xalq Cümhuriyyəti şəklində
müstəqil bir dövlət elan edən Şurayi-Milli və
ona qarşı məsul bulunan hökuməti-müvəqqətə,
istila və anarşi içərisində bulunan məmləkəti
qurtarmaq, məmləkətin vəhdətini, daxilən əmniyyət
və asayişini təmin eyləmək kibi pək mühüm
vəzifələr qarşısında qalmaqda idilər.
15 eylül 1918-ə qədər davam edən istiqlal hərbi
aylarında və ondan sonra eyni sənənin 16 ikinci təşririnə
qədər tətil edən Şurayi-Milli 17 həziran 1918-də
icra səlahiyyətini kabinəyə tərk edərkən
Bakının xilasilə bərabər 6 aydan gec olmamaq şərtilə
Məclisi-Müəssisan dəvətini də hökumətə
əmr etmişdi.
Bilaxirə
16 ikinci təşrindən etibarən iş başına gələn
Şurayi-Milli Məclisi-Müəssisan dəvətilə
bizzat mışğul olmağa başlamışdı.
Fəqət
1920 sənəsi nisanında qızıl rus istilasına qədər
bu Müəssislər Məclisinin dəvəti, bəklənilməyən
mühüm səbəblər və Azərbaycan istiqlal və
hürriyyətilə əlaqədar vüquat və hadisat
dolayısı ilə, mümkün olmadı.
Bu dövrdə həyat kəndi məcrasına
girmiş, istiqrar peyda etmiş, daxili asayiş və əmniyyət
təmin edilmiş və xarici beynəlmiləl münasibat
başlamışdı. Və bütün bu işləri idarə
və tənzim edən Şurayi-Milli və ona qarşı məsul
hökumət də müstəqir bir rejim və sistem mahiyyətini
iqtisab edərək yaşamaqda davam etdi.
lll
İstiqlal Bəyannaməsinin 1-ci maddəsində “Bu
gündən etibarən Azərbaycan xalqının hakimiyyət
haqqına malik olduğu” zikr edilməkdədir.
Fəqət haqları hakimiyyətlərinə malik olan
müxtəlif millətlərdə hakimiyyətin tərzi
icrası müxtəlif surətdə olmuş və bunun nəticəsi
olaraq müxtəlif şəkildə dövlətlər
vücuda gəlmişdir.
Xalqın doğrudan-doğruya və bizzat hakimiyyətini
icra etməsinə müqabil bu hakimiyyətin vəkillər
vasitəsilə, niyabi və nim niyabi hökumət şəklində
icrası daha ümumidir.
Azərbaycan Cümhuriyyətinin arayi-ümumiyyə ilə
intixab edilmiş bir şura tərəfindən idarə edilməsi
hökumətin niyabi bir şəkil ərz etdigini göstərməkdədir.
Fəqət təşri, icra və qəzayi qüvvətlərin
tənzim və münasibəti nöqteyi-nəzərindən
Azərbaycan xüsusi bir şəkil icra etməkdə idi.
Biliyoruz
ki, niyabi hökumətlərdə, təfriqi qüva, təvazünü
qüva və tövhidi-qüva kibi 3 tərzi-idarə, 3
baxış, 3 nəzəriyyə və 3 sistem vardır.
Amerika kibi prezidensiyel bir sistemdə qüvveyi-icraiyyə
ilə, qüvveyi-təşriyyə tam bir təfriqə
tutulmuş olduğu halda, İsveçrə kibi direktorial (məclisi)
hökumət sistemində tam tövhidi-qüva yaradılaraq təşrii
və icra səlahiyyətləri məclisdə
toplanmışdır. Birincidə qüvveyi-icraiyyə məclis
qarşısında məsul degil, hətta məclisə daxil
bulunmaz ikən, 2-cidə, icra qüvvəti hakimiyyətin
sahibi olan məclisin bir məmurudur.
Bunların arasında isə təvazünü qüva əsasına
müstənid parlamentar hökumət sistemi vardır ki,
hakimiyyəti icra edən siyasi üzvlər arasında bir ahəng
vücuda gətirir. Amerika, İsveçrə və Rusiya
xaric olmaq üzrə həmən hər yerdə hakim olan bu
sistemdə təşrii səlahiyyət parlamanda, icra səlahyyəti
isə rəisi dövlət olan şəxsdədir. Bu şəkli hökumətdə dövlət rəisinin
parlamandan təşkil etdigi kabinə əzası məclisə
daxil olub qanun təklif eyləmək hüququna haiz bulunurlar.
Bunun müqabilində parlaman dəxi hökuməti müraqibə
və isqat haqqına malikdir...
lll
Azərbaycanın iki sənəlik həyatındakı
dövləti təcrübələri, onun icra və təşri
qüvvətlərin kəffəsini məclisdə
toplanmış olması həsəbilə İsveçrə
tipində bir məclis hökuməti olduğunu göstərməkdədir.
İstiqlal mücadiləsi zamanı təşri və
icra səlahiyyətlərini Böyük Millət məclisində
toplanmış olan Türkiyə dəxi, bugünkü
partlamentarizmə mütəvəcceh Məclis hökumətindən
fərqli olaraq tam bir direktorial sistemlə idarə olunuyordu.
Fəqət Azərbaycan digər Məclis hökumətlərindən
fərqli çox mühüm bir xüsusiyyət ərz etməkdə
idi. Bir dəfə bu sistemdə bütün təşri
və icra səlahiyyətlərinin Şurayi-Millidə
olması ilə bərabər, Şurayi-Milli icra səlahiyyətini
məmurları vasitəsilə degil, parlaman qarşısında
məsul bir kabinə vasitəsilə tətbiq edirdi.
Saniyən:
bu kabinə Şurayi-Milli qarşısında məsul olmaqla bərabər
parlaman xaricindən dəxi içərisinə nazir ala
bilirdi. Və kabinənin təşkili, tam
parlamentar hökumətlərdə olduğu kibi, parlaman əzalarından,
əksəriyyət firqəsinə və ya pıarlamanda əksəriyyət
təşkil edən firqələrin koalisyonuna istinad edən
bir zatə mühəvvəl edilmək surətilə vüqu
bulurdu. Fəqət kabinənin təşkili
üçün baş vəkili təyin edən məqam, tam
parlamentar hökumətlərdə olduğu kibi dövlət
rəisi və ya risi cümhur degil, bizzat parlaman kəndisi idi.
Azərbaycan parlamanı (Şurayi-Milli) bu icra səlahiyyətini
hər ayrı hallarda rəisi vasitəsilə tətbiq etməkdə
idi.
Azərbaycan parlamanı müxtəlif firqələrə səhnə idi. Sağda “İttihadi-islam” və “Əhrar” firqəsi oturuyordu. Solda müstəqil, ixtilalçı və demokrat olmaq üzrə 3 qrup sosialistlər vardı. Ortada Milliyyətçi radikal-demokrat “Müsavat” firqəsi münəvvər sərbəst məslək ərbabı kibi zəvatdan mürəkkəb “bitərəf demokrat qrup” oturmaqda idi. Bunlardan əlavə əqəliyyət millətlərin müməssilləri vardı. Əksəriyyət mərkəzdə idi.
17 həziran 1918 irtica hərəkatı kabinəyi sağa doğru əgmişdi. Halbuki, elani istiqlal üzərinə təşəkkül edən ilk kabinə isə mərkəzdən təşəkkül etmişdi.
1919 və 1920 sənələri ibtidalarına qədər kabinə sollarında iştirakı ilə mərkəzdən vücuda gəlmişdir. Və hər daim baş vəkil mərkəz fraksiyonuna məncub olmuşdu.
lll
Görüyoruz ki, Azərbaycan Məclis hökuməti şəkli ilə tam parlamentar hökumət sistemini məzc etmişdir. Burada parlamentarizmə mütəvəccih bir məclis hökuməti görülməkdə idi.
Təşri və icrai səlahiyyətləri kəndisində toplamaqla bu sistem məclis hökuməti idi. Fəqət digər tərəfdən məsul kabinə, kabinə əzasının parlaman xaricindən belə alınması, nazirlərin qanun təklif etmək haqları, sorğular, tənqidlər, nazirlərin müdafiəsi, kabinəınin düşməsi, yeni kabinə təşkili üçün parlaman rəisinin firqə liderləri ilə müzakirələri, yeni kabinə təşəkkülü, hökumətin proğramı, sağ cinahın daimi ədəmi etimadı, mərkəz fraksionların hərarətli alqışları, parlaman xaricində müxtəlif firqə və zümrələrin qəzetələri arasında münaqişələr, polemiklər və s. və s.
Bütün
bunlar rəisi cümhursuz tam parlamentar bir hökumət
sisteminin varlığını hiss etdiriyordu.
Azərbaycan xarici diplomatik səlahiyyətlərin
icrasında da orta bir sistem yaratmışdı. Bu səlahiyyət
nə məclis hökumətlərində olduğu kibi tamamilə
Şurayi-Millidə, nə də prezidensiya hökumətlərdə
olduğu kibi tamamilə icra qüvvətində, nə də
parlamentar sistemdə olduğu kibi Məclisi təmsilən
dövlət rəisində idi.
Burada səfirləri qəbul etmək hökumətə,
xaricə müməssil göndərmək isə bəzi əhvalda
məclisə aid idi.
Paris Sülh Konfransına heyət mürəxxəsə
bu surətlə göndərilmişdi.
Bu nədən nəşət ediyordu əcəba? Hər
şeydən əvvəl bunun səbəbi istiqlal və milli
hakimiyyəti hər türlü şəxsi ehtiraslardan
qorunmaq, milli iradənin məhsulu olan istiqlal və cümhuriyyəti
xalqın daha sıxı müraqibəsi altında bulundurmaq əndişəsindən
doğduğuna şübhə yoxdur. Hər
yerdə bu böylə olmuşdur. Türkiyə
təcrübəsi bu inqilab zamanlarına məxsus şəklin
aydın bir misalıdır. Şübhə
yoxdur bu rejim qüvvətlərin təvazünü üzərinə
qurulu tam bir parlamentarizmlə təkmil olunacaqdı. Bunu cümhuriyyət idarəsinin seyri təkamülü
göstərməkdə idi. Azərbaycan Məclisi-Müəssisanı
təşkilati əsasiyyəyi tənzim etdigi zaman bu
dövrün təcrübəsindən çox böyük
qüvvət alacaqdı. Və Azərbaycan
ideal və modern tam demokratik bir cümhuriyyət olacaqdı.
Gələcək müstəqil milli dövlət həyatı
üçün bu dövrün daha bir çox cəhətdən
tədqiq, tənvir və tənqidi lazımdır. O cümlədən olaraq
hakimiyyəti milliyyəmizi təmsil edən parlamanın daxili
tənzimat və fəaliyyəti, hökumətin ammə hizmətlərinə
görə tərzi-təqsimi, qəzayi-qüvvətin surəti-təşəkkülü
tədqiq üçün birər mövzu təşkil etməkdədir.
Bu kibi fəaliyyət istiqlal mücadiləmizin
nəticəsində təəssüs edəcəgi mühəqqəq
olan Milli dövlətin quruluşu üçün faydasız
olmuyacaqdır.
Mirzə
Bala (Məmmədzadə)
“Odlu-Yurd”,
həziran (iyun) 1931, ¹ 4(29)
Mütəvəcceh
- üz tutan, yönələn
Təəyyün
- meydana çıxması
Müstəqbəl
- gələcək, irəlidə olan
Müsərrəh
- açıq, aydın
Niyabət
- vəkillik, naiblik, əvəzləmə
Təfriq
- fərqləndirmə, ayırma
Quva -
qüvvələr
Təvazün
- tarazlıq
Tövhid
- birləşdirmə
Təşri
- izah etmə, şərh etmə
Müraqibə
- nəzər salma, baxma
İsqat
- düşürmə, hüquqdan məhrum
Qafilə
- dəstə
Məzc -
qarışdırma
Kəffə
- ovuc, əlin içi
VAXTINDA
BİR ƏSƏR
Milli Azərbaycan
nəşriyyatının 8-ci sayısını təşkil
edən bir əsər Rəsulzadə Məhəmməd Emin tərəfindən
verilmiş və “Yeni Qafqasiya” ilə “Azəri Türk” məcmuələrində
təfriqə edilmiş iki böyük və mühüm
konfransdan ibarətdir.
“İxtilalçı
sosyalizmin iflası və demokrasinin gələcəyi”! İki
sistem ki, bu gün əski monarşi və məşrutiyyət
rejimlərinin ənqazi üzərində yekdigərilə,
biri-birini inkar edərək rəqabət ediyorlar: iki sistem ki,
ümumi bəşəri səadətin və mədəniyyətin
kəndilərində olduğunu iddia ediyorlar...
Monarşizmi və sosyalizmi, bilxassə ixtilalçı
sosalizmi rədd və inkar edən demokrasi, yalnız siyasi həyatları
ehtiva edən bu günün halı ilə, böhran
keçirməkdədir.
Monarşizm ilə bərabər demokrasini, hətta
mötədil sosyalizmi də inkar edən ixtilalçı
sosyalizmin dəxi, pək qanlı və fəci təcrübələrindən
sonra nasıl iflasa uğradığını hərbi-ümumini
mütəaqib sənələrin inqiyadları açıq
göstərdi.
Rusiyada fəci bir iflasa uğrayan ixtilalçı
sosyalizm Almaniyada, demokrasiyə doğru əsaslı bir islahat
və tədilata məruz qaldı. Eyni zamanda kəndi daxilində dərin
bir böhran hiss edən parlamentarizm və demokrasi, XIX əsrdən
qalan dar çərçivələrini aşaraq yeniləşməgə,
gəncləşməgə başladı.
Demokrasi kəndi-kəndini tənqidə girişdi. Xəstəliklərini
təşhiz etdi və tədavisi üçün zəruri
olan iclasları buldu.
Süqut edən monarşizm və sosyalizmin iflas etmiş
ənqazı üzərində daha böhrandan xilas
olmamış demokrasi tamamilə gəncləşib, həyəcan
və əndişələr içərisində olan bəşəriyyətin
əmniyyətlə mədəniyyətin yüksəlməsi
yolunda irəliləməsini təmin edəcəkmi?
Demokrasi dövrünə daha yeni girən Türk və
İslam Şərqinə bu məsələyi bilmək,
böhranından bəhs edildigi bir zamanda, qəbul etdigi
demokrasinin halı və gələcəyi ilə əlaqədar
olmaq bilxassə lazımdır.
Azərbaycan gəncligi isə bu məsələlərlə,
komunizm və demokrasi mücadiləsilə üz-üzə
bulunuyor. Demokratik bir Cümhuriyyət olan Milli Azərbaycanı
qan və atəşlə istila etmiş olan qızıl Rusiya
orada sosyalizm tətbiqatı yapmaqdadır.
Süngüsünə, Çeka və terroruna baxmayaraq
bu sosyalizm rejimi iflas etmədədir. Demokrasinin əhəmiyyət və
qüvvəti getdikcə daha bariz hiss ediliyor.
Ona görə Rəsulzadə Məhəmməd Emin bəy
əfəndinin bu əsəri tam vaxtında və zamanında
çıxmış, hər kəsi yaxından əlaqədar
edəcək çox qiymətli bir əsərdir.
Onu hər kəs oxuyacaq. Bilxassə Azəri gəncligi məmləkətlərinin
istiqlalı üçün ondan pək böyük dərslər
alacaqdır.
M.B.Məmmədzadə
”Odlu-Yurd”, 1 mart 1929, ¹ 1
Təfriqə
- hissə-hissə çap olunan
İnqiyad
- ram olma
Tədil
- mötədilləşmə
BAKIDA
MƏTBUAT SƏRGİSİ
Mayısın 8-də Bakıda Azərbaycanı ögrənmə
dərnəgi binasında bütün cahan millətlərinin
mətbuat sərgisi açılmışdır. Sərgidə
150 məmləkətin 140 lisanında qəzetə və məcmuələri
təşhir edilmişdir. Sovet Rusiyasında
çıxan qəzetələr 61 lisanda təmsil olunmuş,
Rusiyadan sonra 2-ci yeri Hindistan tutmuş, Hindistan mətbuatı
16 lisanda təmsil olunmuşdur. Hindistandan sonra
Əfqanıstan, Avstraliya, Avstriya, Yaponiya və s. gəliyordu.
Şərq mətbuatı nöqteyi-nəzərindən
Bakı sərgisi keçən il Kölndə
açılan mətbuat sərgisini geridə buraxıyordu. Sərgi zamanı bilxassə ədəbi əsərlərə
həvəs olduğu meydana çıxmışdır.
“Odlar
Yurdu”, Temmuz (iyul) 1929, ¹ 5
Təşhir - nümayiş
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 8 iyul.- S.20-21.