Qorqudşünaslıqda fərqli bir kitab  

 

 

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Kamal Abdulla ilə görüş-dialoq keçirib.

 

Tanınmış alimlərin iştirak etdiyi görüşdə Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı müzakirə olunub. Müzakirədə akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Muxtar Kazımoğlu, Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Kamran Əliyev, professorlar Nazim İmanov, Füzuli Qurbanov, Tahirə Məmməd, fəlsəfə doktorları Rasimə Abdullayeva, Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayev çıxış ediblər. Kamal Abdulla müzakirədə ortaya çıxan suallara ətraflı cavab verib. Görüş-dialoqdan hazırlanmış materialı oxuculara təqdim edirik.

 

Muxtar Kazımoğlu: Hörmətli tədbir iştirakçıları! Görüşümüzün məqsəd və məramı hamınıza bəllidir - tanınmış alim və tanınmış yazıçı Kamal Abdullanın yenicə çapdan çıxmış “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” kitabını müzakirə edəcəyik. Müzakirəmiz dialoq şəklində nəzərdə tutulub. Yəni biz mümkün qədər yığcam formada öz fikrimizi bildirib, suallarımızı verəcəyik. Kamal Abdulla da  dərhal həmin suallara cavab verəcək, oxucularla öz fikirlərini bölüşəcək. Mən özüm kitab haqda bir-iki kəlmə danışıb, hər şeydən qabaq, onu diqqətə çatdırmaq istəyirəm ki, müzakirə etdiyimiz kitab qorqudşünaslıq tarixində bu vaxta qədər yazılan başqa kitablardan, o cümlədən, Kamal Abdullanın “Gizli Dədə Qorqud”larından fərqli bir əsərdir. Başlıca fərq - araşdırma müstəvisini dəyişməkdə, dastana tam yeni baxış bucağından yanaşmaqdadır. Yenilik ondadır ki, Kamal Abdulla “Dədə Qorqud”u tarixəqədərki dövr, yəni dillərin, irqlərin, mifoloji şüurun formalaşdığı dövr müstəvisində araşdırır.

 

Mifoloji şüurun, ilkin mədəniyyətin, “Gilqameş”, “Bievulf”, “Nibelunqlar” kimi dünya dastanlarının yaranma tarixinə dərindən bələd olan Kamal Abdulla kifayət qədər cəsarətli addım atır - “Dədə Qorqud”da Mağara mədəniyyətinin ruhunu axtarır; anaxronik bir mətn olan “Dədə Qorqud”da Kahin (Müəllim) Dədə Qorqudu məhz Mağara mədəniyyətinin, Mağara ruhunun daşıyıcısı sayır və onu Ozan Dədə Qorquddan fərqli bir obraz kimi səciyyələndirir. Nəticədə Kamal Abdulla “Dədə Qorqud”la bağlı iki sfera müəyyənləşdirmiş olur, həmin sferaları özünün yaratdığı terminlərlə belə adlandırır: Dəşti-Müstəqimiyyə və Dəşti-Məcaziyyə. Kamal Abdulla Kahin Dədə Qorqudu Dəşti-Müstəqimiyyənin, Ozan Dədə Qorqudu isə Dəşti-Məcaziyyənin təmsilçisi sayır və araşdırmada əsas diqqəti birinci sferaya, yəni Dəşti-Müstəqimiyyəyə yönəldir. Sözlərin müstəqim məna daşıdığı, tutalım, “adamı sındırmaq” ifadəsinin “adamı ağac kimi sındırmaq” mənasında başa düşüldüyü ibtidai mifoloji dövrə aid elementləri “Dədə Qorqud”da tapmaq və tapdığına oxucunu inandırmaq çox çətindir. Kamal Abdulla bu çətinliyin öhdəsindən gəlib və oxucunu öz tapıntılarına inandıra bilib. Kamal Abdulla proza ilə poeziyanın ayrılmadığı, bədiiliklə poetikliyin bir yerdə olduğu “Dədə Qorqud” mətnində ibtidai bədiipoetikliyi aşkar edə bilib. Məlum olub ki, milyard illər bundan əvvəl kainatda baş vermiş Möhtəşəm Partlayışın əks-sədası indinin özündə bizə gəlib çatdığı kimi, “Dədə Qorqud” mətnində də Mağara ruhundan gələn işartılar, əlamətlər var. “Çıxan can geri qayıdarmı, ölən adam dirilərmi?” “Düşmən nə deməkdir, onu öldürmək olarmı?” Bu kimi sadəlövh suallar; “babanı ağlatmagil”, “ananı bozlatmagil” deyib kişi dilini qadın dilindən fərqləndirmək; “görəlim nə soylamış” deyib sözü gözlə görünən cisim kimi təsəvvür etmək, adı, məzmun-mahiyyəti gizlətmək üçün yasaqlardan istifadə etmək; mətnin sürətini azaltmaq üçün sinonimlər işlətmək; sinonimlərdən doğacaq partlayışın qarşısını almaq məqsədilə təkrarlar işlətmək; mətni xaosdan qurtarmaqdan ötrü sahmanlayıcı ünsürlərdən (məgər, bu mahalda, bu yana) yararlanmaq və s. Kamal Abdullanın müəyyən etdiyi ilkin bədiipoetiklik əlamətləridir. Bütün bu əlamətlər əsasında Kamal Abdulla “Dədə Qorqud” dastanının ibtidai mifoloji dövrə xas arxitektonik sistemini üzə çıxara bilib.

 

Kitab haqqında akademik İsa Həbibbəylinin fikirlərini bilmək maraqlı olardı. Buyurun, İsa müəllim.

 

İsa Həbibbəyli: Eposşünaslıqda dastan poetikasının öyrənilməsi mühüm yerlərdən birini tutur. Bizim ədəbiyyatşünaslıq elmi XX əsrdə bu məsələ ilə, kifayət qədər olmasa da, xeyli dərəcədə məşğul olub. Burada görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasibin adını çəkmək və onun “Azərbaycan  xalq dastanları. Orta əsrlər” əsərindən danışmaq istəyirəm. Həmin əsərində professor Məmmədhüseyn Təhmasib bizim ədəbiyyatşünaslıqda ilk dəfə olaraq dastan poetikasını sistemli şəkildə dövriyyəyə gətirib, bu sahədə öz konsepsiyasını yaradıb. Təhmasib müəllimin yaratdığı konsepsiya daha çox dastanların janr baxımından təsnifatına aiddir. Azərbaycan dastanlarının elmi təsnifatını birinci dəfə məhz Təhmasib müəllim aparıb. Dastanda milli simvolika, məsələn, buta kimi məsələlərdən də əsaslı şəkildə ilk dəfə Təhmasib müəllim yazıb. Azərbaycan dastanlarının Təhmasib müəllim tərəfindən əsası qoyulan təsnifatı olmasaydı, məncə, dastanşünaslıqda ikinci yeni mərhələ yaranmazdı. Birinci böyük mərhələnin qüdrətli yaradıcısı professor Məmmədhüseyn Təhmasibdir.

 

Sonralar dastan poetikası, o cümlədən, “Kitabi-Dədə Qorqud” dastanlarının poetikası ilə bağlı müəyyən tədqiqatlar aparılmışdır. Xüsusən, ulu öndərimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin fərmanı ilə Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin keçirildiyi illərdə dastanın tədqiqi, nəşri, toponimikası ilə bağlı müxtəlif və yeni tədqiqatlar meydana çıxdı. Azərbaycan qorqudşünaslığı o vaxt ən yüksək səviyyəyə qalxdı və o zaman dastanın poetikası haqqında da müxtəlif fikirlər irəli sürüldü. Həmin dövrdə dastan poetikası haqqında deyilən fikirlərin Təhmasib müəllimin yazdıqlarından fərqi ondan ibarət idi ki, burada məsələyə daha çox dilçilik aspektindən yanaşılırdı və ən yaxşı halda dastandakı orijinal bədii təsvir və ifadə vasitələrindən bəhs edilirdi. Beləliklə, Azərbaycan dastan poetikası, eləcə də “Kitabi-Dədə Qorqud”un poetikası ilə bağlı araşdırmalar iki mərhələni - Təhmasib mərhələsini, bir də “Kitabi-Dədə Qorqud” yubileyi dövrünün tədqiqatları mərhələsini yaşayıb.

 

Hesab edirəm ki, Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”a münasibəti “Kitabi-Dədə Qorqud” dastanlarının  poetikası ilə bağlı bu iki mərhələnin hər ikisi ilə bağlıdır. Amma heç biri deyildir, tamamilə yenidir və Kamal Abdullanın özünə məxsusdur. Diqqətlə fikir versək, görərik ki, “Dədə Qorqud” dastanlarının poetikası məsələsi Kamal Abdullanın elmi fəaliyyətinin bütün dövrlərində onu müşayiət edən məsələ olub. Kamal Abdulla 1973-1975-ci illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda “Kitabi-Dədə Qorqud” dastanlarının əsasında “Sintaktik paralelizm” mövzusunda  dissertasiya yazarkən dastanlardakı mifoloji qat haqqında sözünü ilk dəfə o vaxt deyib. Sonra 1987-ci ildə “Ulduz” jurnalında Kamal müəllimin “Kitabi-Dədə Qorqud” dastanlarının dili və mifoloji təfəkkür” adlı məqaləsi çap olunub. Türkoloqların Bişkekdəki konfransında Kamal Abdulla bu məsələyə bir də qayıdıb və dastanın mifoloji qatı haqqında bir qədər geniş auditoriyada söz deyib. Mən belə hesab edirəm ki, Kamal Abdulla “Kitabi-Dədə Qorqud”un mifoloji qatının öyrənilməsiylə yarım əsrdən çoxdur ki, məşğuldur. Bu sahədə apardığı tədqiqatlar  əsasında onun “Gizli Dədə Qorqud”, “Sirr içində dastan”, sonra isə “Mifdən yazıya, yaxud gizli Dədə Qorqud” kitabları çap olunub. Bu gün müzakirə etdiyimiz kitab Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”a həsr etdiyi dördüncü monoqrafiyadır. Kamal Abdullanın bu kitabına qiymət vermək üçün mütləq əvvəlki üç kitabı nəzərə almaq lazımdır. Kamal Abdullanın yarım əsrdə izlədiyi konturların bir piramida şəklində inkişafı bu kitabda qabarıq görünür. Kamal Abdulla bu kitabında “Kitabi-Dədə Qorqud”un poetika tərəfini sistemləşdirib və konseptual səviyyəyə gətirə bilib. O, dastanın mifoloji qatını indiki halda daha dərin və daha aydın görür. Kamal Abdullanın Dəşti-Müstəqimiyyə və Dəşti-Məcaziyyə bölgüsü onun özünə məxsus olan elmi təsnifatdır. Bu bölgü ədəbiyyatşünaslıq terminlərindən, ədəbiyyat nəzəriyyəsi anlayışlarından gəlmir. Dastan poetikasında indiyə qədər belə bir bölgü olmayıb.

 

Etiraf edək ki, dastan poetikasından yazanlar Kamal müəllimin müəyyən etdiyi Dəşti-Məcaziyyə tərəfindən xeyli yazıblar. Amma Dəşti-Müstəqimiyyədən, mifoloji qatın poetikasından birinci dəfədir ki, akademik Kamal Abdulla yazır. Kitab ona görə “Dansökülən”dir ki, müəllif qaranlıqlar içindən mifdən gələn işığı tapıb, onu müəyyən bir sistemə gətirə bilib. Bu bölgü də, bu sistem və yanaşma da akademik Kamal Abdullanın modelidir. Kamal Abdulla öz poetikasını bir neçə açar söz üzərində qurub. Kamal Abdulla “kimi” qoşmasının dastandakı özünəməxsusluqlarını, fərqliliklərini, poetika baxımından səciyyəvi əlamətlərini tapıb üzə çıxarıb. “Kimi”ni bəlkə biz hamımız da görə bilirik. Daha maraqlısı dastandakı “məgər”in funksiyalarını görməkdir. Çünki “məgər”i heç də hamı bədii ifadə vasitəsi kimi görə bilmir. Kamal Abdulla “məgər”in ətrafında elə təhlil aparır ki, bu təhlil “Kitab-Dədə Qorqud”da dastan poetikasının mühüm bir tərəfinin açılmasına yönəlmiş olur. Yaxud təkrarları götürək. Bədii təkrarlar bizim ədəbiyyat nəzəriyyəsində məlum məsələdir və mövcuddur. Amma Kamal Abdulla təkrarlar sistemini ortaya qoymaqla, təkrarların müxtəlif növlərini tədqiqata cəlb etməklə  Kitabi-Dədə Qorqud”u mifoloji düşüncəyə bağlayan mühüm xətlərdən birini diqqətə çatdırıb. Bundan başqa, bizim ədəbiyyat nəzəriyyəsində, dastan poetikasında yasaqlar məsələsinə toxunulmayıb. İlk dəfə Kamal Abdullanın tədqiqatından görürük ki, “Kitabi-Dədə Qorqud”un mətnində yasaqlar özünəməxsus bədii təqdimatı olan məqamdır. Yasaqlar və bədiilik məsələsinin,  yasaqlarla bağlı poetik sistemin təqdimatı da Kamal Abdullaya məxsus işdir. Beləliklə, akademik Kamal Abdulla bu dastanı öz baxış bucağından görüb. Buradakı dastan poetikası yalnız onun özünə məxsus olan poetik təlimdir. Bəlkə bu cəhətdən folklorçular, yaxud da biz hər birimiz Kamal Abdulla ilə mübahisə də edə bilərik. Amma inkar etmək olmaz ki, bu, Kamal Abdullanın irəli sürdüyü sistem yeni elmi yanaşmadır. Bu yanaşma, bu sistem “Kitabi-Dədə Qorqud”un tədqiqat tarixində Kamal Abdulla mərhələsinin çox aydın və bütöv ifadəsidir.

 

Kamal Abdulla sual verir ki, mif nədir? Cavabında bildirir ki, mif kollektivdir. Mif bir cəmiyyətdir və Dədə Qorqud elmi, Dədə Qorqud nəslini,  Qorqud Ata arealını birləşdirən bir düşüncə sistemidir. Akademik Kamal Abdulla bu qənaətdədir ki, mifin ifadə vasitəsi sözdür. Kamal Abdullanın fikrincə, dastanda mifin daşıyıcısı və rəmzi Dədə Qorquddur. Kamal Abdulla Dədə Qorquddakı mifoloji qatı ön mövqeyə çəkməklə onu bağlı olduğu daha qədim dövrlərə aparmaq niyyətindədir. Kamal Abdullanın araşdırmaları Dədə Qorqudun müqəddəsliyini, ucalığını göstərməyə də xidmət edir ki, bu istiqamət Azərbaycançılıq ideologiyası ilə tamamilə üst-üstə düşən əhəmiyyətli bir yanaşmadır.

 

Mən Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”un poetikasına həsr olunmuş tədqiqatlarını poetika haqqında  yeni elmi-nəzəri baxışların ifadəsi hesab edirəm. Mən hesab edirəm ki, Kamal Abdullanın bu kitabı, içərisində gizli heç nə, heç bir elmi məsələ qalmayan mükəmməl sistemli bir tədqiqatdır. Bu kitabdakı “Dədə Qorqud” Kamal Abdullanın 50 il ərzində  gizlindən aşkara çıxardığı “Dədə Qorqud”dur. Mövcud tədqiqat isə bundan sonra Kamal Abdullanı  Kitabi-Dədə Qorqud”u yeni gizlinlərə və dərinliklərə doğru araşdırmaq zərurəti qarşısında qoyur.

 

Muxtar Kazımoğlu: Kamal Abdulla kitabın əvvəlində akademik İsa Həbibbəyliyə istinad edib “Dədə Qorqud” poetikasını öyrənməyin zəruriliyini diqqətə çatdırır. Düzdür, “Dədə Qorqud”un poetikasına həsr olunmuş bir neçə əsərin adını çəkmək olar. Amma həmin əsərlərdə poetika klassik poetik qat şəklində nəzərdən keçirilir. Başqa sözlə desək, “Dədə Qorqud”dakı poetiklik klassik Azərbaycan şeirinin poetik sistemi əsasında, tutalım, Füzuli poeziyası ilə müqayisələr fonunda öyrənilir. “Dədə Qorqud”un poetikasına həsr olunan əsərlərdə çatışmayan əsas cəhət arxaik düşüncə tərzinin, mifoloji qatın nəzərə alınmaması, klassik poetikliklə ibtidai “bədiilik” sistemi  arasındakı bağlılığın diqqətdən kənarda qalmasıdır. İndicə İsa müəllim “kimi” bənzətmə qoşmasının “Dədə Qorqud”dakı yerindən danışdı, Kamal Abdullanın həmin qoşma ilə bağlı bəzi mülahizələrini xatırlatdı. İsa müəllimin sözünə qüvvət olaraq bildirim ki,  elə bu faktın, yəni “kimi” qoşmasının əsasında Kamal Abdulla klassik poetikliyə qədərki ədəbi mənzərəni oxucuya təqdim edə bilir. Aydın olur ki, “Dədə Qorqud”da “yay dayanıb durmaq”, “mənim kimi oğul bulmaq” ifadələrində heç də iki predmet müqayisə edilmir, bir predmet o biri predmetə bənzədilmir. Xatırlatdığımız nümunələrin birincisində insanın gərilmiş yaya bənzəməsindən yox, yaya dönməsindən bəhs olunur. Nümunələrin ikincisində isə oğulun başqa bir oğula bənzəməsindən deyil, oğulun dirilib təzədən ata-anasına oğulluq edəcəyindən bəhs olunur. Yəni “Dədə Qorqud”dakı bu cür nümunələr klassik təşbehlərdən fərqlənən və kökü etibarilə mifə, mifoloji düşüncə tərzinə gedib çıxan nümunələrdir.

 

Klassik poetik sistemin xiridarı olan akademik Teymur Kərimliyə söz vermək istəyirəm. Buyurun, Teymur müəllim.

 

Teymur Kərimli: Kamal müəllim kitabda dəfələrlə vurğulayır ki, o mətnə hərtərəfli deyil, immanent şəkildə yanaşır. Yəni mətnin içərisindən gələn mətləblərdən bəhs edir. Bu vədinə iyirmi çap vərəqi həcmində olan üç yüz iyirmi səhifəlik kitabda axıra qədər sadiq qalır və immanent təhlil üsulundan bir addım da kənara çıxmır. Bu da  Kamal müəllimin bir araşdırıcı, bir alim kimi nə qədər kamil olduğunu, öz adı ilə desək, kamala çatdığını göstərən bir əlamətdir. Mən burada Kamal müəllimin təvazökarlığını vurğulamaq istəyirəm. Onun istifadə etdiyi mənbələr arasında D.S.Lixaçovun qədim rus ədəbiyyatının poetikasından bəhs olunan “Poetika drevnerusskoy literaturı”, E.M.Meletinskinin miflərin poetikasına həsr olunmuş “Poetika mifa” əsərləri də var. Kamal müəllim isə təvazökarlıq edərək kitabını “Dədə Qorqud poetikasına giriş” adlandırır. Doğrudan da, bütöv bir əsərin, bütöv bir dövrün, bütöv bir ədəbiyyatın poetikasını işləmək asan bir iş deyil. Məhz buna görə Kamal müəllim burada “giriş” sözünü işlədir, bu da yerinə düşür. Digər tərəfdən, İsa müəllimin dediyi kimi, bu əsər Kamal müəllimin nəzərdə tutduğu trilogiyanın birinci kitabıdır. Yəni əvvəl Dansökülən gəlir, sonra Günortac, axırda isə Qürub gələcək. Bütün bunları Kamal müəllim işləməyi nəzərdə tutubdur. Bu əsər, doğrudan da, bir girişdir.

 

Mən bilirəm ki, Kamal müəllimin autentik mif və immanent təhlil üsullarını bir çox oxucularımız dərinliyinə qədər qavraya bilməyəcəklər. Amma burada başqa bir termin işlətmək çətindir. Başqa termin işlətmək üçün gərək bir neçə Azərbaycan sözündən istifadə edəsən. Halbuki bir terminlə onu ifadə etmək mümkündür və Kamal müəllim bunları çox səmərəli şəkildə işlədibdir.

 

Bir məsələni də nəzərə çatdırmaq istəyirəm. Xaosdan Kosmosa keçid məsələsini akademik Kamal Abdulla çox səmərəli şəkildə qoyubdur və bunu əsaslandıra bilibdir. Xaosdan Kosmosa keçidin sərhədlərini müəyyənləşdirmək çox çətindir. Xaos harada qurtardı, Kosmos haradan başladı? Təbiətdən cəmiyyətə keçid necə baş verdi? Bunları əsaslandırmaq çox çətin məsələdir. Akademik Kamal Abdulla bunların öhdəsindən çox uğurla gələ bilibdir. Bu əsərdə cisim, ruh, mif məsələsi çox yüksək şəkildə qoyulubdur. Dəşti-Müstəqimiyyə dövrünə görə əvvəl ruh var idi, ondan sonra ruh cisimləşir və mif onları birləşdirir. Dəşti-Məcaziyyədə isə əvvəl cisim gəlir, sonra cismin ruhu olur. Bütün bu problemlər Kamal müəllimin dərin nəzəri biliklərindən xəbər verir. O, dünya ədəbiyyatında, dünya mifologiyasında mövcud olan fikirləri tam mənimsədikdən sonra “Kitabi-Dədə Qorqudun poetikasına giriş” əsərini ərsəyə gətiribdir.

 

O da maraq doğurur ki, Kamal müəllim akademik D.S.Lixaçovla polemikaya girir. D.S.Lixaçov deyir ki, qədim rus ədəbiyyatı ilə yeni rus ədəbiyyatı arasında sanki bir uçurum var. Kamal müəllim “Dədə Qorqud kitab”ı və sonrakı dövr Azərbaycan ədəbiyyatı əsasında bunu sübuta yetirir ki, Azərbaycan ədəbiyyatında belə bir uçurum yoxdur. Bu, məncə, Kamal müəllimin kəşfidir, tapıntısıdır. Akademik D.S.Lixaçovla mübahisəyə girmək və rus ədəbiyyatında olan belə bir presedentin Azərbaycan ədəbiyyatında olmadığını sübut etmək bir ədəbiyyatşünas, mifoloq, dilçi kimi Kamal müəllimin qələbəsi sayıla bilər.

 

Məncə, kitabın ən böyük uğurlarından biri kahin-şaman-müəllim-müəllif konsepsiyasıdır. Kamal müəllim burada Dədə Qorqud dərslərini, mağaradaşlara verilən dərsləri nəzərdə tutur. Bu, əslində, genetik inkişaf kodudur, milli inkişaf kodudur, milli mentalitetin yüksələn xətlə getməsini göstərən bir koddur. Yəni necə oldu ki, mağaradaşlar arasından biri seçildi, üzə çıxdı və öz yoldaşlarına, mağaradaşlarına, müasir dillə desək, vətəndaşlarına, millətdaşlarına dərs verməyə başladı? Bu, Dədə Qorqud fenomenidir. Əgər biz Əlyazmalar İnstitutunun iclas salonunu bir mağaraya bənzətsək, Kamal müəllimi, məncə, Dədə Kamal kimi təqdim etmək olar. O, Dədə Qorqudu burada təmsil edir və öz mağaradaşlarına, vətəndaşlarına, millətdaşlarına öz kitabı ilə dərs verir. Bu, əlbəttə ki, Nizamidən, Füzulidən gələn ənənələrdir. Bunları bu gün bizim böyük şəxsiyyətlərimiz - İsa müəllim, Kamal müəllim kimi böyük akademiklərimiz davam etdirir. Bu gün bizim vətəndaşlarımıza öz əsərləri ilə dərs deyirlər.

 

Bir məsələni də nəzərə çatdırmaq istəyirəm. Klassik ədəbiyyatda - istər Füzulidə, istər Nizamidə, istər Caviddə, başqa böyük sənətkarlarımızda həmişə ictimai proseslər təbii proseslərlə üzləşdirilir və əsaslandırılır. Amma Kamal müəllimin ştil-qabarma-partlayış nəzəriyyəsini öz əsərinə, öz tədqiqatına gətirməsi, kosmik bir prosesi Dədə Qorqudda tapması, məncə, çox böyük bir uğurdur, Kamal müəllimin əldə etdiyi böyük nəticələrdən biridir.

 

Dansökülən artıq yazılıb, Günortac yazılmaqdadır, Qürub da yəqin ki, yazılacaqdır. Mən elə bilirəm ki, Kamal müəllimin növbəti əsərləri bizim böyük klassiklərimizə, özü yazdığı kimi Füzuliyə, Cavidə həsr olunacaqdır. Füzuli deyir:

 

Lövhi-aləmdən yudum əşkilə

Məcnun adını,

Ey Füzuli, mən dəxi aləmdə

bir ad eylərəm.

 

Kamal müəllim bu kitabı ilə aləmdə ad eylədi.

 

Muxtar Kazımoğlu: Teymur müəllimin Dmitri Lixaçovla bağlı qeyd elədiyi məqam bu kitabın ciddi məqamlarından biridir. Dmitri Lixaçov rus ədəbiyyatını qədim və yeni dövrə ayırır və həmin dövrlərin sərhədlərini göstərir. Kamal müəllimin fikrincə, bizim bu abidəmiz, yəni “Dədə Qorqud” elə bir anaxronik mətndir ki, burada qədim dövrlə yeni dövr, köhnə ədəbiyyatla yeni ədəbiyyat bir yerdədir. Yəni bu abidə ən qədim zamandan tutmuş Dəşti-Məcaziyyə dövrünə qədər hər şeyi öz mətninə hopdura bilib.

 

Biz çalışmışıq ki, bu tədbirdə yalnız filoloqlar deyil, başqa sahələrin alimləri də iştirak eləsin. Bu məqsədlə İqtisadiyyat İnstitutundan professor Nazim İmanovu və fəlsəfə doktoru Rəsmiyyə Abdullayevanı, Fəlsəfə İnstitutundan professor Füzuli Qurbanovu dəvət eləmişik (Ola bilər nəzərimdən qaçan başqa həmkarlarımız da var). Onları bu tədbirə dəvət eləməkdə məqsəd ondan ibarətdir ki, digər sahələrdə çalışan alimlərin də “Dədə Qorqud”a, həmçinin Kamal Abdullanın kitabına münasibətini öyrənək. Yığcam şəkildə danışmaq şərtilə sözü Rəsmiyyə Abdullayevaya verirəm.

 

Rəsmiyyə Abdullayeva: Mənə elə gəlir ki, hər bir millətin mənəvi dəyərlərindən olan dastanlarla bağlı monoqrafiyalar təkcə ədəbiyyatşünasların, folklorşünasların, dilçilərin müzakirə mövzusu olmamalıdır. Bu, həm də, elmin digər sahələrinin mütəxəssislərini (o cümlədən də iqtisadçıları) da düşündürməyə bilməz. Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası da bu qəbildəndir.

 

Zaman-zaman “Kitabi-Dədə-Qorqud”la bağlı özümə verdiyim bir sıra cavabsız suallar olub. “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyasını oxuyarkən mən bu sualların bəzilərinə cavab tapa bildim. Ümumiyyətlə, düşünürəm ki, hər bir tədqiqat əsəri elmin qarşısında dayanmış müxtəlif sualların cavablarının axtarışına həsr olunur.

 

Məsələn, məni düşündürən məsələlərdən biri - “Necə olur ki, təxminən eyni əqli və mənəvi potensialın daşıyıcısı olan mağaradaşların ümumi arasından bir nəfər sıyrılıb çıxa bilir? Əvvəlcə Müəllimə, sonra isə Ozan və ya Müəllifə çevrilir?” sualı idi. Müəllif bu sualın cavabını açıqlaya bilir. Mağaradaşlarının Müəllimə olan ehtiyacı Dədə Qorqudun özü-özünü yetişdirməsinə səbəb olur. Əvvəlcə Müəllim, sonra isə Ozan və ya Müəllifə çevrilir. Ozan - klassik poetik dövrün məhsuludur. Müəllim - mifoloji dövrün atributudur.

 

Digər bir sual isə “Qarşı yatan Ala dağ” ifadəsidir. Mən hər dəfə bu ifadəni eşidəndə təəccüblənirdim. Nə üçün Dastanda “ucalmış” ifadəsi deyil, məhz  yatmış” ifadəsi işlədilmişdir. Müəllif  Qarşı yatan Ala Dağ” ifadəsinin bir neçə semantik layının olduğunu qeyd edir və izahlarını verir:

 

- “Dağın yatması” - semantik layın ən dərin qatı - qədim insanın dağın yatmasına inanması anlamındadır. Çünki qədim insanlar inanırdılar ki, onlara aid xüsusiyyətlər təbiətə də aiddir. Əgər o yatıb-dura bilirsə, dağ da eyni hala düşə bilər.

 

- “Dağın yatması” - dağın ucalması (nisbətən üst qat) anlamındadır.  O zaman dilin kifayət qədər inkişaf etməməsi və ya “dil xəstəliyi” ilə əlaqəlidir. Yatan yerinə ucalan ifadəsi işlədilə bilərdi.

 

- “Dağın yatması” - ən üst qatda isə, bədi-ipoetikliyin zühurudur. “Hər hansı halda heç cür bədii-poetiklik əlaməti saya bilməyəcəyimiz məqam ilkin yarandığı an məhz bədii-poetikliyin işarəti idi”. 

 

Mənim üçün cavabsız suallardan biri də, Banuçiçəklə Beyrəyin birləşməsinə Mifin mane olmasıdır. Bildiyimiz kimi, onların görüş səhnəsində aralarında bir dialoq keçir.

 

Banuçiçək soruşur:

 

- “Ya nə məsləhətə, nəyə gəldin, yiğit? - dedi.

 

Beyrək aydır:

 

- Baybecan bəyin bir qızı varmış, onu görməyə gəldim, -dedi.

 

Banuçiçək:

 

- Ol qız elə adam deyildir ki, sənə görünə - deyir”.

 

Bu dialoq oxucunu düşündürməyə bilmir. Necə olur ki, Banuçiçək “Ol qız elə adam deyildir ki, sənə görünə” deyir. Müəllif monoqrafiyada oxucuda yaranan bu sualı cavablayır: “Banuçiçək bu epizodda özünü Beyrək önündə, bəlkə də Mif önündə Mifin qadağalarına riyaət edən, itaətkar bir cəmiyyət üzvü kimi təqdim etmək istəyir “.  “Ol qız elə adam deyildir ki, sənə görünə” deyimindəki “Adam” - Mif, onu deyib Beyrəklə yarışan qız isə - Reallqdır. Yəni burada Miflə reallığın mübarizəsindən söhbət gedir.

 

Ancaq mənim üçün cavabsız olan suallar hələ də qalmaqdadır. Adətən dastanlardakı boyların, nağılların sonu xoşluqla bitir.  “Kitabi-Dədə Qorqud”da isə  Banuçiçəklə Beyrəyin birləşməsinə Mif tərəfindən real maneə törədilir. Beyrəyin ölümü Mifin reallığa qalib gəlməsidir. “Niyə? Niyə? Niyə?” Haqlı olaraq müəllif də bu sualları verir. Düşünürəm ki, bu və buna bənzər suallara cavabların tapılması istiqamətində tədqiqatlar davam etdirilməlidir. Mən bu işdə hörmətli Kamal müəllimə və onun davamçılarına uğur arzu edirəm.

 

(Ardı var)

 

 

525-ci qəzet.- 2017.- 8 iyul.- S.16-17.