Dərin hisslərdən doğulan poeziya
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın son illərin
seçilən ədəbi hadisəsi kimi diqqət- çəkən
“Dünya yuxutək əriyir” kitabını rus dilindən
tanınmış yazıçı Afaq Məsud tərcümə
edib.
“Professional”
pedantizmi bir kənara qoyub vəzn-qafiyə oyunları və
digər bu kimi forma xırdalıqlarına aludə olmayan tərcüməçi,
həmişə olduğu kimi, özünəməxsus
peşəkarlıqla ənənəsinə sadiq qalaraq,
orijinalın məna, məzmun, ideya, bir sözlə, ruhunu verməyi
başlıca məqsədə çevirib:
“Ne
verö”
Plevok v
duşu,
Opətğ plevok.
Provalilosğ
serdüe
Mejdu slomannıx strok.
Provalilosğ
serdüe,
Qlıbı stav təjeley.
Boje, kuda mne detğsə?
Boje, skaji, pojaley.
“İnanmıram”
Yenə
yara vuruldu,
Ruhum soluxdu gültək.
Qırıq
misralarımın
İçindən düşdü ürək.
Ürəyim
qaya kimi
Çırpıldı uçurumlara.
Sən
ruhuma rəhm elə,
İlahi, qaçım... hara?
“Dünya
yuxutək əriyir” kitabını mütaliə edən oxucu
gənc şairənin fikir və duyğuları, metaforalar aləmi ilə
yaxından tanış olur, onun şair obrazının əsas
cizgilərini görə bilir.
Leyla Əliyeva həm də rəsmlər çəkir və
onun şeirləri bəzən rəssam işini xatırladır:
“Qırıq misralarımın içindən
düşdü ürək”... Bu misranı
oxuyanda gözümüz önünə bir natürmort gəlir.
Özü də bu natürmortun mərkəzi
fiquru hansısa meyvə, yaxud gül-çiçək deyil.
Bu, əgər belə demək mümkünsə, psixoloji
natürmortdur: masanın ortasına qoyulan şam əriməkdədir; şamın bir
tərəfinə lələk,
o biri tərəfinə isə əzik vərəqlər
atılıb; yanan şam vərəqlərin ortasında
düşüb qalmış ürəyi
işıqlandırır; vərəqlərdən şairənin
misraları oxunur və bu misralar mürəkkəblə yox,
ürək qanı ilə yazılıb...
Leyla Əliyeva poeziyasının ana mövzusu - sevgi,
baş qəhrəmanı - ürək, əsas ritmi - şair
ürəyinin döyüntüləridir. Mövzusundan
asılı olmayaraq, bu şeirlərin hamısında mərhəmət
və sevgi dolu ürək çırpınır.
O,
bütün qəlbi, varlığı ilə yazır və
oxucunu da yaratdığı poeziyanın səmimiyyətinə
inandıra bilir.
Gənc şairənin poetik
dünyagörüşünü formalaşdıran əsas
amil gümüş dövr rus poeziyası, özəlliklə
də Aleksandr Blok, Andrey Belıy və digərləri ilə
təmsil olunan simvolistlərin
yaradıcılığıdır. Fəlsəfi idealizmə meyil, sənətin
məqsədini dünyanı və özünüdərkdə
görmək, insanın könül aləmini başlıca bədii
araşdırma predmetinə çevirmək, hansısa bir
olayın yox, ruhun, fikrin,
duyğunun süjetini vermək, simvolları estetik yox,
dini-fəlsəfi planda qəbul etmək kimi məqamlar gənc
şairəni simvolistlərə
yaxınlaşdırır. Belə
bir yaxınlıq təbiidir: o, Moskvada doğulub, ali təhsilini Avropada alıb, ana dili ilə
yanaşı, ingilis və rus dillərini də mükəmməl
bilir...
Gümüş dövr rus poeziyası ilə Leyla
Əliyevanın şeirləri arasındakı əlaqə
ruhi qatda baş verir və demək, təsirlənmə də
burada zahiridir.
Odur ki, məqalədə
əsas vurğunu gümüş dövr rus
poeziyasının üzərinə gətirmək fikrində
deyilik. Bizi maraqlandıran məsələnin
zahiri yox, batini qatı, ilk baxışdan gözlə
görünməyən tərəfləridir. Amma fikrimiz mücərrəd olmasın, konkret
faktlara söykənsin deyə rus simvolist şeiri ilə Azərbaycan
şairəsinin poeziyası arasında paralellər aparmalı
olacağıq.
Gümüş
dövr poeziyasının ünlü təmsilçilərindən
olan Blok özünün ən səciyyəvi şeirlərindən
birində yazırdı:
Gecə,
küçə, aptek, fanar,
Zərif, gücsüz, dumanlı nur.
Min il yaşa - nə xeyri var?
Bir axırı - sonu yoxdur.
Ölüb
getsən -
Yönün
bir də düşər geri,
Olar yenə
hər şey təkrar:
Kanalın
buz ləpələri,
Gecə, küçə, aptek, fanar.
(tərcümə Cabir Novruzundur)
Burada fanar simvoldur və öz kiçik
ağlının nuru ilə varlığın sonsuz
qaranlığını işıqlandırmağa
gücü yetməyən aqnostik insanı işarələyir. Rus şairinə
görə, dünya hər şeyin neçə milyon illərdir
ki, anlaşılmaz yerə təkrarlandığı bir
labirint, bir fəna mülküdür. Bu labirintdən
yalnız və yalnız bir çıxış yolu var -
ölüm! Beləliklə, gecədən,
küçədən, fanarlardan, aptekdən ibarət adi
şəhər mənzərəsi dünyaya rəmzi işarələr
sistemi kimi baxan, gerçəkliyi səma amfiteatrından seyr
edən Blokda qlobal və bədbin fəlsəfi ovqat
doğurur.
Leyla
Əliyevanın da eyni mövzuda şeiri var - “Fanarlar”:
Qaranlıq
küçədə yanır fanarlar,
Elə bil göylərdə ulduzdur onlar.
Görən gecə boyu nəyi dilərlər?
Bəlkə, fanarlar da sevmək arzular?
Sevgili qəlblərin
cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bəlkə, təbiətdən gəlir bu bölgü?
Sevməyən həmişə sevimli olur.
Qaranlıq
küçədə yanır fanarlar...
Bu işıqlı nuru unutmaq olmaz.
Onlar
ürəklərə nur çilər, ancaq
Öz sınıq qəlbləri heç vaxt ovunmaz.
Burada, göründüyü kimi, Leyla Əliyeva
amfiteatrdan parterə enir. O, eyni mənzərəyə yuxarıdan yox,
aşağıdan - fanarların yanından baxır. Bəlkə də, bu səbəbdən küçə
fanarları - bu adi urbanistik rekvizitlər onun şeirində
insaniləşir, cəfakeş, təvazökar, tənha
insanın obrazına çevrilir.
Bu iki şeir arasında predmet oxşarlığı
var. Amma oxşarlıq bununla da bitir və fərqlər
başlayır. Klassik rus şairi idrak, çağdaş
Azərbaycan şairəsi isə sevgi haqqında yazıb.
Bu, iki şeir arasındakı mövzu fərqidir.
Rus şairinə görə, insan ağlı
dünyanı dərkə qadir deyil. Gənc şairə isə
əsl aşiqin fədakarlığı, həqiqi sevginin təmənnasızlığından
danışır. Bu, iki şeir
arasındakı ideya fərqidir.
Rus şairi “küçə” deyəndə ümumən
məkanı, “gecə” deyəndə zamanı, “fanar” deyəndə
insanı göz önünə gətirir, amma onların
adlarını çəkmir. Söhbətin kimdən
və nədən getdiyini oxucu özü müəyyənləşdirir.
Gənc şairənin şeirində isə fanarlar insana məxsus
özəlliklərin daşıyıcısıdır -
onların da qəlbi və taleyi var, onlar da sevir və xiffət
çəkirlər... Yəni şeirdə
insanın adı çəkilməsə də, ona məxsus
özəlliklər yüksək bədii ustalıqla əks
olunur. Odur ki, Blokun şeirindən fərqli
olaraq, burada fanar və insan arasındakı əlaqə
simvolik yox, metaforik xarakterlidir.
Bu isə iki şeir arasındakı bədii-estetik
fərqin göstəricisidir.
Nəhayət,
fanarları nəzərdə tutaraq, “onlar ürəklərə
nur çilər, ancaq öz sınıq qəlbləri
heç vaxt ovunmaz”, - deyən şairə, bəlkə də,
intuisiya ilə “çıraq öz dibinə işıq
salmaz” Azərbaycan atalar sözünə istinadən şeirin
final akkordunu milli bədii düşüncə notları
üstündə vurur.
Bu fikirləri Leyla Əliyevanın təkcə bir
şeiri yox, təxminən bütün poeziyasına şamil
etmək olar.
Amma “Fanarlar” şeirində həm
gümüş dövr rus poeziyası, həm də milli bədii
düşüncə ilə əlaqə özünün daha
aydın ifadəsini tapır. Şairənin
yaradıcılığında ümumbəşəri və
milli bədii düşüncənin vəhdətinə
“Fanarlar”ın işığında baxmağımız bu səbəbdən
təsadüfi deyil.
Maraqlıdır
ki, Leyla Əliyevanın şeirlərinə milli ədəbi
qaynaqlara dayaqlanma baxımından yanaşılanda, onların
mövzu, fəlsəfə, obrazlar sistemi ilə
çağdaş şeirimizdən daha çox klassik divan ədəbiyyatı
ilə səsləşdiyini görə bilərik. Və bu, ilk baxışdan qəribə təsir
bağışlaya bilər. Müasir düşüncəyə
malik gənc şairə və klassik Azərbaycan şeiri!
Çağdaş zamanın başgicəlləndirici sürəti
və orta yüzil təkyələrinin səssiz, qaranlıq,
dar hücrələrində yaranan sufiyanə idrak! Bu müəmmanı yalnız psixoanalitik yanaşma
ilə çözmək olar. Yəni
şairənin orta çağ milli şeir və ümumən
Şərq poeziyası ilə bağlılığı sadəcə
mütaliə yox, genetik və ruhi əlaqə müstəvisindədir.
Burada genetik əlaqə şüuraltı, ruhi
bağlılıq isə şüurüstünə uyğun
gəlir.
Gənc şairənin klassik şeirlə əlaqəsinin
ilk baxışdan gözlə görünməyən bir səbəbi
də var. Belə ki, onun poetik
dünyagörüşünün formalaşmasına bilavasitə
təsir edən gümüş dövr rus poeziyası ilə
klassik Şərq şeiri arasında ümumbəşəri
doğmalıq mövcuddur. Fransız simvolistləri - Pol Verlen,
Artur Rembo, Şarl Bodlerin irsiylə bütün əlaqələrinə
baxmayaraq, gümüş dövr rus şeiri öz mənşəyi
etibarilə Qərb yox, Şərq hadisəsidir.
Belə
ki, rus fəlsəfi-estetik fikrinin patriarxı, ünlü
filosof Vladimir Solovyov İlahi çağırışa cavab olaraq, Şərqə üz
tutmuş, “Tövrat”
coğrafiyası ərazilərini, xüsusən də
Beytül-Müqəddəsi ziyarət etmiş, Misirdə
olmuş və bu zaman mistik-səmavi görüntülərlə
üzləşmişdi. Gümüş
dövr rus poeziyasının fəlsəfi-estetik əsasları
məhz bu görüntülərdən yarandı. Odur
ki, Leyla Əliyevanın şeirlərində Şərq bədii
düşüncə elementlərinin varlığı
qanunauyğun görünür.Ünlü alman filosofu Osvald
Şpenqler yazırdı: “Hər bir mədəniyyətin
yalnız bütün ruhu ilə bu mədəniyyətə mənsub
olanlara sonacan açılan sirli dünyaduyumu var”. “Dünya yuxutək əriyir” kitabı gənc
şairənin Şərq dünya duyumunun sirrinə vaqifliyini
göstərir. O, Qərb və rus poeziyasından
yaradıcı şəkildə bəhrələnsə də,
qəlbi və ruhu ilə Şərqə məxsusdur.
lll
“Dünya yuxutək əriyir” kitabını oxumağa
başlayanda qlobal səciyyəli şeirlərlə
rastlaşacağımı düşünürdüm və
gümanımda yanılmadığımı gördüm. Bu qlobalizm ilk
öncə zaman anlayışına yanaşmada
özünü göstərir. Kitabın
müəllifi hər şeyi aman vermədən vurub keçən,
həyatı süni qaçhaqaça çevirən
zamanın ağrılarını dərindən duyur. O
qədər dərindən ki, zaman onun şeirlərində
gözlə görünəcək qədər əyaniləşir,
əllə toxunulacaq
qədər maddiləşir, həyatın nəsə
yardımçı elementi, kənar atributu yox, canlı subyekti, fəal
iştirakçısı, hətta bəzən mənfi qəhrəmanı
kimi çıxış edir:
“Zamanla
döyüşə girirəm yenə”
Zamanla
döyüşə girirəm yenə,
Xəsis saatları lənətləyirəm.
Qırıb
dağıdıram saniyələri,
Qaçır dəqiqələr, yoxa çıxır
qəm.
Dağıdıb
yüzlərlə daş divarları,
Yaxşı,
buraxıram mən səni, Zaman!
Amma yeni
günü, yeni sabahı
Bil ki,
gözləyirəm mən usanmadan!
Gənc
şairənin poeziyasında məkan da qlobaldır - dumanlı London, qədim
Roma, doğma Bakı, yəni bütöv bir planet: London
yorulmayıb, sükut içində səslənir..., Romada
bulaşıq bir skamyada... və sair kimi fərqli şeirlərdən
gətirdiyimiz bu misralar da fikrimizi təsdiq edir. Amma
bütün planetarlığına baxmayaraq, şairənin
poeziyasının ana məkanı məhz Bakıdır:
“Bakı”
Xəzərin
qoxusu, İçərişəhər...
Abşeron
bürküsü, xəzri, gilavar...
Qəfil
qonaqların səsi, hay-küyü...
Mənim
doğma Bakım,
Darıxdım
yaman...
Hər nələrin
varsa, onlardan ötrü...
Göründüyü kimi, Leyla Əliyevanın
qlobalizmi daha çox görüntüdür. Gənc
şairənin poeziyasının batini qatında təkcə məkan
yox, zamana münasibət də milli və Şərq
poeziyası ənənələri ilə səsləşir.
Zaman fasiləsiz dövr edir və şairlər həmişə
bunu onun dönüklüyü kimi qavrayıb, sonsuz dövretmələrdən
qurtulmanın yolunu əbədi dəyişməzliyin hökm
sürdüyü metafizik aləmə, Tanrıya
sığınmaqda görüblər.
Zamanın dövr etməsi ölüm, bu dövriyyədən
çıxmaq əbədiyyət kimi anlaşılır. Leyla
Əliyevanın şeirləri üçün səciyyəvi
olan metafizik aləmə meylin əsasında əzəli insani
istək - əbədiyyət duyğusu dayanır. Bu duyğu olmayan yerdə isə hansısa ciddi sənətdən
danışmaq ümumən mümkünsüzdür.
Afaq Məsud “Dünya yuxutək əriyir” kitabına
yazdığı “Buludlardan yuxarı” adlı ön sözdə
Leyla Əliyevanın şeirlərinin əsas qəhrəmanının
Yer üzünə atılmış tənha mələk
olduğunu yazır. İstər
mələk, istər insan olsun, bəli, bu qəhrəman tənhadır,
çünki cismən bu dünyada, ruhən metafizik aləmdə
yaşayır. Lakin mənəvi tənhalıqdan, daxili
yadlıqdan, ekzistensial ögeylikdən doğan bütün kədəri ilə
birlikdə o, bədbin deyil.
Çünki onun üz tutduğu son ünvan, söykəndiyi
istinad nöqtəsi var. Bu, Tanrıdır...
“Gecə
Günəş səni tərk eləyəndə...”
Bu
kiçik dünyada tənha da olsan,
Qalsan da
dalanla yolayrıcında,
Görsən
kimsə yoxdu,
bomboşdu dünya,
Bil ki, tək deyilsən, O var yanında.
Tənhalıqdan çıxış üçün
içindəki ilahi zərrəyə qovuşmalısan. O zərrə apriordur, yəni
əzəldən insanın ruhuna qoyulub. Bu zərrəni
taparkən hamıyla və hər şeylə bir olduğunu
anlayırsan, çünki o, hamıda və hər şeydə
var. Lakin bu zərrəni rasional məntiqlə dərk etmək,
adi gözlə görmək olmaz. Bunun üçün
irrasional məntiqə keçməli, gözlərini dünyaya
qapamalısan. Yalnız bu zaman könlünün
gözü açılar, ilahi zərrəni görə bilərsən:
“Gözlərim
kor olub”
Tutulub
gözlərim... amma görürəm,
Hansı parlaq rəngdi, hansıdı qara.
Görmürəm...
həm də çox yazığım gəlir,
Qəlbləri kor olmuş bu insanlara.
Könlün gözünün açılması ilahi
sevginin oyanmasıdır. Bu oyanışla möcüzə baş verir - ilahi zərrə
qopub gəldiyi başlanğıcı duymağa
başlayır, insan özünü dünya, kosmos, Tanrı
ilə vəhdətdə görür:
Onlar hiss
etməzlər,
heç
vaxt duymazlar,
Sevgi nəfəsinin oyanışını.
Tutulub
gözlərim... amma olur ki,
Görürəm dünyanın lap o başını.
Allaha lap
yaxın olan vaxtlarda,
Göyləri ovcumla sığallayıram.
O an unuduram hiss-həyəcanı,
Möcüzə olanı mən anlayıram.
Şeir klassik irfan poeziyasının ana mövzusu olan bəsirət
gözünün açılması, özünü və
Tanrını dərkə həsr olunub.
Ünlü bir aforizmdə deyildiyi kimi, özünü dərk
et ki, Tanrını da dərk edəsən.
Bu proses üç əsas mərhələdən keçir:
cəmiyyətlə olmaq; özünlə olmaq; Tanrıyla
olmaq. “Gözlərim kor olub” şeirindəki insan
artıq cəmiyyətdən ayrılıb, amma hələ
Tanrıya da qovuşmayıb. O, indi özü ilə dialoqdadır və Tanrıya ən
qısa yol məhz buradan keçir. Rus filosofu
Vasili Rozanovun dediyi kimi, “təklik xoşdur, çünki tək
olanda Tanrıyla oluram”.
Bu mənada istənilən istedadlı
çağdaş şairin, o cümlədən, Leyla
Əliyevanın klassik mövzulara, eləcə də daxili məniylə
dialoqa müraciəti milli poeziya tariximizin inkişaf məntiqi
ilə təsdiqlənir.
lll
Eşq insanın içindəki ilahi zərrənin
oyanışıdır və bu üzdən onun subyektinin
ilahiləşdirilməsi məntiqidir. Eşq
möcüzədir və bu üzdən “niyə”, “nəyə
görə” tipli məntiqi-rasional suallar çərçivəsinə
sığmır. Eşq alın
yazısıdır və bu üzdən hər cür fərdi
seçimin xaricindədir. Eşq
şüuru rədd edir və bu üzdən aşiqin “sevgi
şərbətindən sərməst” olması təbiidir.
Bütün bu özəlliklər gənc şairənin sevgi
şeirlərini klassik eşq poeziyası ilə
doğmalaşdırır:
“Sənə
vurulmuşam”
Bütün
varlığımla sevirəm səni,
Axı nəyə görə... demə nahaqdan.
Sənə
ilk baxışdan vurulmuşam mən
Başqa cür vurulmur insana insan.
İstəyirsən
ağla, mən də ağlayım,
Gülmək istəyirsən, birlikdə gülək.
Sevgi şərbətindən sərxoşam indi,
Zülmətdən
həzz alan süd rəngli Aytək.
Leyla Əliyevanın orta çağ poeziyası ilə
ortaq və fərqli cəhətləri “Pərvanə”
şeirində daha qabarıq görünür.
Pərvanə klassik Şərq şeirinin gül, bülbül, şam və sair kimi ən səciyyəvi obrazlarından biridir. O, özünü sevgisi uğrunda oda yaxan fədakar aşiqin rəmzidir. Çağdaş şairənin də şeirində pərvanə və onun fədakarlığı belə təsvir olunur. Dəyişən sadəcə insan və onun münasibətidir. O, bu fədakar aşiqi öz təhlükəli sevdasından əl çəkməyə çağırır:
“Pərvanə”
Dayan, dur,
pərvanə, qanad saxla bir!
Niyə
can atırsan sən o işığa?..
Geri
dön, pərvanə, qorx ki o səni,
Sübh açılanacan yandırıb yaxa.
Qanadların
ipək, incə məxmərdən,
Görənlər vurular, heyran qalarlar.
İşıq
məkrlidi bu dünya kimi,
Bizi həm yaradar, həm də yandırar.
Klassik düşüncə ilə müasirimiz
arasında pərvanəyə münasibətdə ən
böyük fərq şeirin son bəndində üzə
çıxır. Gənc şairə min illərin aşiqi
olan pərvanəni öz sevgisini yaradıcı enerjiyə
çevirməyə çağırır.
Sən gəl
ayrı səmtə qanad çal, dostum,
Bilsən də, canını alov yaxacaq.
Bizə
misra dolu şeirlər bəxş et,
Məxmər qanadını qırma sən ancaq.
Bu sublimasiya baş tutsa, təbii instinkt etik don geyər,
sivil forma alar, fərdi olay ictimailəşər, ölüm təhlükəsi
aradan qalxar, nəticədə pərvanə daha
özünü oda yaxmazdı. Lakin bu qazancın itkisi də ola bilər.
Hər şeyin simulyakra, yəni gerçək əsası
olmayan sözə çevrildiyi postmodern erada pərvanəlik
də sadəcə oyuna dönər, əgər
özünü oda yaxmasa, sadəcə sənət faktına
çevrilərdi. O, daha şamın alovu yox, şairənin gecə
lampasının başına fırlanacaq, özünü oda
yaxmaq istəsə belə, hər dəfə lampanın ipək
örtüyünə dəyib yerə düşəcək və
hər şey yenidən başlayacaq.
lll
Alman filosofu Vilhelm Dilteyin fikrincə, poeziyanın vəzifəsi
metafizika ilə cəmiyyət arasında körpü
salmaqdır. Metafizik sirlərin sosial təcəllası
baxımından Leyla Əliyevanın “Romada” şeiri daha səciyyəvidir.
“Pərvanə”də
cəmiyyətə çıxış sənət, bu şeirdə
isə həyat faktı hesabına baş verir:
“Romada”
Romada
bulaşıq bir skamyada
Səssiz oturmuşam noyabr günü.
Böyrümdə
əyləşib miskin bir səfil,
Görən, nədi üzən onun könlünü?
Skamyanın bulaşıqlığı burada təsadüfi olmayıb, klassik şeirdəki “külxən”, yəni küllük obrazına uyğun gəlir.
Külxən maddi dünyanın acınacaqlı aqibətini, fənanı işarələyir. O, hər şeyin sonu, dünyanın dibi, axır məkandır. Hadisənin məhz noyabr günü baş verməsini də eyni məntiqlə yozmaq olar - payız ilin sonudur.
Beləliklə, adi bir payız günü, adi bir skamyada baş verən bu görüşdə esxatoloji ruh, qiyamət havası, nəsə qeyri-adi sirr var. Qiyamət ölüm yuxusundan ayılmaq və öz əbədiyyətini görməkdir. Romadakı görüşün başlıca sirri də məhz bundadır.
Görüşün məhz Romada baş tutması da təsadüfi deyil. Antik dövrdə özünü əbədi tanrılar şəhəri elan edən Roma, orta çağda dünyanın minillik külxəninə çevrilmiş və İntibah səməndəri bu küllükdən baş qaldırmışdı. Yəni Romanın bulaşıq skamyası dünyanın yuxarısı ilə aşağısının, bəqa ilə fənanın vaxtaşırı görüş yeridir. Ünlü bir aforizmdə deyildiyi kimi, bütün yollar Romadan keçir.
Əski inanca görə, sözün sirri onun anaqramında gizlənib. Roma sözünün anaqramı “amor”, yəni sevgi deməkdir. Belə çıxır ki, “bütün yollar Romadan keçir” ifadəsinin bir mənası da “bütün yollar sevgidən keçir” kimi anlaşıla bilər. Sözün anaqramında gizlənən sirrin həqiqiliyi məsələsində israrlı deyilik. Amma Leyla Əliyeva poeziyasının sevgidən keçməsinə şübhə yoxdur. Bu poeziyada hər şey -anilik və əbədiyyət, ölüm və həyat, iblis və mələk, şam və pərvanə... kimi əks qütblər və bütün bunların vəhdəti kimi Tanrıya gedən yol yalnız sevgidən keçir. Yəqin, elə bu səbəbdən də gənc şairənin kitabı “Mənə güc ver, İlahi! Güc ver, insanları, hamını sevim” misraları ilə başlayıb, “həyatı sevirəm... dəlicəsinə” sözləri ilə sona çatır. Sevginin və şeirin isə heç vaxt sonu olmur...
Əsəd
CAHANGİR
525-ci qəzet.- 2017.- 8 iyul.- S.14-15