Ah İstanbul...
Yanında hüzur, rahatlıq, dinclik tapdığın
sevgili kimidi İstanbul.
Zahirən
gözəldi, çox gözəl... Daxilən zəngindi,
çox zəngin! Sözlü, musiqili, nəğməlidi.
Amma bircə çatışmayan cəhəti
odur ki, uzaqdı, çox uzaq. Bəlkə
elə bu uzaqlıqdandı ki, İstanbula hər gediş
nağıllar aləminə səyahət kimi gəlir adama.
Dəfələrlə gəzdiyin küçələri,
dörd gözlə baxdığın görməli yerləri,
nəfəs dərmədən seyr elədiyin dənizi,
içdiyin acı tam verən qara çayı, yediyin qəribə
adlı şirniyyatları, daddığın lokumları həmişə
təzədi, tərdi. Hər halıyla
maraqlıdı bu şəhər. Səhər
erkən minarələrdən ucalan azan səsi bir cür sehrləyir
insanı, gecəyarısı restoranlardan qalxan musiqili
hay-küy ayrı cür. Bilmirsən qədimlərdən
gələn tarixə, təkrarsız memarlıq abidələrinə
heyrətlənəsən, ya elə üzünü
yana çevirincə gördüyün əsrarəngiz təbiət
mənzərələrinə. Bir sözlə, İstanbul
adamı nəhəngliyi və qeyri-adiliyi ilə, qədimliyi
və zənginliyi ilə çaşdıran şəhərdi...
Ən müxtəlif hissləri oyatması,
qüruru sevincə, heyrəti sevgiyə heyranlığa
qatması ilə düşündürəndi.
Hələ
neçə il əvvəl İstanbula ilk
dəfə getməyim yadımdadı... Litvanın
paytaxtı Vilnusda “Gənclər və Sosial media”
konfransına qatılmışdım. Geriyə
dönüşüm İstanbuldan olmalı idi. Hava limanına çatanda məlum oldu ki,
uçuşu təxirə salıblar və təxminən 12
saatdan çox zaman var. Bu fürsəti əldən verməkmi
olardı?! Az qala yeniyetmə həyəcanı
ilə tez metroya minib şəhər mərkəzinə gəlmişdim.
Şeirlərdən, kitablardan, dostlarımın
söhbətlərindən tanıdığım şəhəri
bir neçə saatlıq da olsa görmək, yollarını
addımlarımla yormaq istəyirdim. Təcrübəsiz
olduğumdan heç iri çemodanımı da saxlama
dolabına verməmişdim. Elə hara gedirdimsə
qaraçı uşağı kimi dartırdım dalımca
bu ağır yükü...
Və qəribədi ki, o zaman gəzdiyim məkanlar mənə
ilk dəfə gördüyüm yer təsiri bağışlamamışdı. Bəlkə
türk şairlərinin şeirlərindən, ümumiyyətlə
türk ədəbiyyatından, tarixindən bu şəhər
haqqında çox oxuduğum üçün, bəlkə
90-cı illərdə türk melodramlarında İstanbulun ən
gözəl yerlərini gördüyümüz
üçün, bilmirəm. Amma onu bilirəm
ki, Taksimdə satılan qovrulmuş şabalıd qoxusu da nədənsə
məni valideynlərimin uşaqlığına, yeniyetməliyinə
aparmışdı. O zamanlar Bakıda da küçələrdə
qovrulmuş şabalıd satılırmış... Atam bu qoxunun şəhərə ayrı bir ab-hava gətirməsindən,
qovrulmuş şabalıdın gənclərin sevimli
“muşqulat”ı olmasından o qədər şövqlə
danışmışdı ki, məni də o illərin
sakininə, o gənclərin yaşıdına
çevirmişdi. Hə, elə İstanbulda da
özümü bu şəhərə ilk dəfə gələn
gənc kimi yox, gəncliyini şabalıd qoxulu Bakıda
keçirən adam kimi hiss etmişdim. Həm
də bu qısa görüşümüzdən elə zəngin
təəssüratlarım qalmışdı ki...
Nazım Hikmətin “Yedi tepeli şehrimde burakdım
qonça gülümü”, Yəhya Kamalın “Sana dün bir
tepeden bakdım aziz İstanbul”, Orxan Vəlinin “İstanbulu
dinliyorum, gözlerim kapalı” misralarını “zümzümə”
edə-edə axı bu boyda səadəti necə əldən
buraxmaq olar, düşündüyüm də yadımdadı. Bəzi
avropalı turistlərin əlindəki şəhər xəritəsinin
üzərində hələ də Konstantinopol
yazılması da mənə sağalmaz yaranın,
böyük itkidən doğan təəssüfün ifadəsi,
işarəsi kimi görünmüşdü.
Şopinq
Festival... Alış-veriş, yoxsa SƏNƏT?
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət
və Tanıtma müşaviri, əziz dostumuz, gerçək
bir ədəbiyyat sevdalısı İrfan Çiftçinin
İstanbul Şopinq Festivalına qatılmaq təklifindən əvvəl
təəccübləndim. Axı adətən ədəbiyyat,
mədəniyyət tədbirlərinə, kitab təqdimatlarına
getməyə alışmışıq! Amma yenə də gərgin
iş həftəsinin sonunda azacıq da olsa, qayğılardan
qaçmaq perspektivi, üstəgəl sevimli şəhərimlə
növbəti görüş imkanı bu təklifi son dərəcə
səmərəli etdi məndən ötrü. Amma elə festivalın ilk günündən
anladım ki, çox yaxşı təşkilatçı və
işinin bilicisi olan İrfan bəy söz adamlarını,
jurnalistləri bu tədbirə göndərməkdə
yanılmayıb. Məsələ burasındadır ki,
artıq 7-ci dəfə düzənlənən festivalın
bu dəfəki şüarı “tasarım”, yəni
dizayndı... Və təşkilatçılar
məğzi, mənası alış-veriş olan bu tədbirə
ayrı bir rəng, ovqat qatmaq üçün sənətə,
musiqiyə, ədəbiyyata da müraciət ediblər. Bir sözlə, burda hər kəs öz maraq dairəsinə
uyğun nə isə tapa, görə bilər.
Festivalın açılış mərasimi Qapalı
Çarşıda nəzərdə tutulub. Hələ mərasim
başlamazdan öncə Çarşıda gəzib
dolanırıq. O qədər qeyri-adi aurası var ki,
buranın. Müxtəlif ədəvaların qoxusu Şərq
ab-havası yaradır, elə uzaqdan gəl-gəl deyən
türk şirniyyatları dietada olan adama kaloriləri ilə hədə-qorxu
gəlirlər, ən müasir Avropa brendlərindən olan
çantalar, ayaqqabılar isə bu mühitə uyuşmurlar
elə bil... Hələ üstəlik
xalçalar, əl işləri olan parça üzərində
tikmələr və s. Bir sözlə, ayrıca bir sənət
əsəridir Qapalı Çarşı. Elə açılış mərasimindəki
çıxışında da Fatih bələdiyyə
başqanı Mustafa Demir Qapalı Çarşının həm
dünyanın ən qədim alış-veriş mərkəzi,
həm də statistik göstəricilərə görə
dünyada ən çox turistin ziyarət etdiyi məkan
olmasından danışır. Qapalı
Çarşını gəzdikcə düşünürəm
bu statistik məlumatlar buranın sadəcə zəngin bir
bazar olması ilə bağlı deyil. Sənətin
müxtəlif növlərini özündə bu cür sadə,
rahat bir şəkildə birləşdirən məkana
heç bir turist biganə qala bilməz. Hələ
üstəlik dil-dil ötüb müştəri cəlb edən
koloritli satıcılarla söhbət etmək, millətin
psixologiyasını, adət-ənənələrini bir də
burda öyrənmək, müşahidə etmək imkanın
varsa... Bir sözlə, Qapalı
Çarşı türk ruhunu, düşüncəsini
özündə ən çox ehtiva edən məkanlardandır.
Hələ açılış mərasimi başlamazdan
öncə əsas girişin önündə davulçular,
musiqiçilər Osmanlıların marşlarını, qələbəyə
çağıran musiqilərini ifa edirlər. Burda
nağıl qəhrəmanlarını xatırladan milli geyimlərdə
artistlər, sirk ustaları, animatorlar da iştirak edir. Musiqi kollektivi öndə, qonaqlar da ardınca
Çarşının dolanbac yollarını gəzirik.
Sonra açıq hava altında kiçik bir məkanda
açılış nitqləri söylənir.
İstanbul Ticarət Odasının rəhbəri, Şopinq
festivalın təşkilat komitəsinin
başçısı İbrahim Çağlar, Fatih bələdiyyə
başqanı Mustafa Demir,
İstanbul Böyükşəhər Bələdiyyəsinın
baş katibi Hayri Baraclı və başqaları
çıxış edərək 7-ci İstanbul Şopinq
Festivalın həm ölkə turizminin inkişafında, həm
də ümumiyyətlə mədəniyyətin, sənətin
təbliğində, tanıdılmasında xidmətini
vurğulayırlar. Bu dəfə festivala 16
ölkədən 40 nəfərdən çox media mənsubu
qatılıb.
Çağdaş zamanın kriterilərinə, fərqli
sənətlərin sintezi prinsiplərinə uyğun gələn
festivalın əsas özəlliyi müxtəlif
alış-veriş mərkəzlərində konsertlərin təşkili,
fərqli brendlərin sifarişi ilə mağazalarda söz,
musiqi saatlarının keçirilməsidir. Yəni onsuz
da maraqlı, əyləncəli olan alış-verişi həm
də bu cür rəngarəng, türklər demiş “keyfli”
etmələri ayrıca bir hadisədir. Həmçinin,
jurnalistlərin tarixi məkanlara aparılması, şəhərin
keçmişi, bu günü haqqında məlumatların
verilməsi də son dərəcə faydalı oldu.
Sultan
Əhməd... Aya Sofya... Topqapı...
İstanbulun qədim bölgəsinə, Sultan Əhməd
adlanan hissəsinə yollanırıq. Yol boyu son dərəcə
səbrli və işinin bilicisi olan Sabih Cangil bəy şəhərin
tarixindən danışır. Deyir ki,
Konstantinopolun fəthinə qədər təxminən 20 dəfə
müxtəlif yadellilər şəhəri ələ
keçirməyə çalışıblar. Yəni 1453-cü ilə qədər ayrı-ayrı
zamanlarda avarlar, ərəblər, avropalılar və türklər
tərəfindən hücuma məruz qalan şəhər
möhkəm qala divarları və yunan odu sayəsində bu cəhdlərin
qarşısında duruş gətirə bilib. Şəhəri
fəth edən II Məhmət Fatehə qədər I Bəyazid,
Musa Çələbi, II Murad kimi sultanlar da İstanbulu
almağa çalışıblar, amma cəhdləri boşa
çıxıb. Nəhayət, 1453-cü ildən
İstanbulun fəthi ilə Bizans imperiyası
çöküb, Osmanlı dövləti isə imperiyaya
çevrilib.
Sabih bəy bütün bu tarixi məqamları o qədər
həvəslə danışır ki, Sultan Əhməd
bölgəsinə nə zaman
yaxınlaşdığımızın fərqinə belə
varmırıq. Amma bir məsələ var ki, turistlərin
çoxluğundan maşınları, avtobusları yaxına
buraxmırlar, xeyli aralıda düşüb piyada getməliyik.
İstanbulun 45 dərəcəyə çatan
istisində qəmbərlik yollarla getmək kələyimizi kəsir,
birtəhər Sultan Əhməd Camisinə çatıb
rahatlıq tapırıq. Amma bu sadəcə
qızmar günəşin istisindən xilas olmağın,
kölgəyə çəkilməyin gətirdiyi rahatlıq
deyil. Sultan Əhməd məscidində qəribə
bir hüzur tapır insan. Məscidin həyətinə
girişdə baş örtükləri,
açıq-saçıq geyimli turistlər üçün
uzun ətəklər təklif olunur. Daha
doğrusu, təklif olunmur, məscidi ziyarət etmək istəyən
adamların bunları geyinməsi məcburidir. Çünki bura sadəcə muzey, ya tarixi abidə
deyil. Hər gün minlərlə
adamın üz tutduğu, Allaha əllərini açıb
dualar etdiyi məkandır.
Sultan Əhməd Camisi 1609-1616-cı illərdə sultan
I Əhmədin əmrinə əsasən inşa etdirilib. Caminin interiyeri mavi,
yaşıl və ağ rəngli İznik çiniləriylə
bəzədildiyi və yarımqübbələrin,
böyük qübbənin içi mavi tonlu qələm
işləri ilə doldurulduğu üçün avropalılar
məscidi “Mavi Cami”, yaxud “Göy Məscid” adlandırırlar.
Cami şərti olaraq iki hissəyə
bölünüb, sadəcə ziyarətçilər və
namaz qılanlar üçün olan hissələrə.
Ən fərqli dillərdə danışan, müxtəlif
millətlərdən olan adamların
anlamadığımız sözlərlə əl
açıb dua etmələrini,
pıçıltılarını eşitmək o qədər
təsirlidir ki...
Elə bu ovqatla Sultan Əhməddən ayrılıb Aya Sofyaya gedirik. Aya Sofyanı dünyanın 8-ci möcüzəsi adlandıranlar da var. Məbədin inşasına 532-ci ildə başlanılıb, tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. İlk əvvəl, yəni hələ Bizans dövründə məbəd provoslav kilsəsi olub. Daha sonra Osmanlılar dövründə imperiya məscidinə çevrilib. 1935-ci ildə Mustafa Kamal Atatürkün qərarı ilə muzey statusu alıb və hal-hazırda da muzey kimi fəaliyyət göstərir. Elə ona görə də Aya Sofyada hər iki dinin, hər iki mədəniyyətin izlərini görmək olar. Bir tərəfdə Məryam ananın rəsmi, bir yanda ərəb hərfləri ilə quran ayələrinin əksi... İnsanın beyninə süzülən rahatlıq!
Topqapı sarayında isə qürur hissi bütün digər duyğuları üstələyir. Bax bu böyük mədəniyyət, sarsılmaz gücü ifadə edən möhtəşəmlik sənin millətinə, türklərə aiddir. Bu düşüncə elə böyük güc verir ki, insana... Həm də sadəcə pafoslu qürur yox, sarayı otaq-otaq, qapı-qapı, xanə-xanə gəzərək, kimliyini dərk edərək keçirdiyin fərəh təkrarsızdır.
Sultan İkinci Mehmedin dövründə inşa edilən saray 400 il ərzində Osmanlı sultanlarının iqamətgahları olub. Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4000-dən çox insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edir. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. Osmanlı memarlığının ən gözəl nümunələrini özündə birləşdirən sarayda geyim, odlu silah, zireh, qalxan, Osmanlı miniatürləri, İslam əlyazmaları və divar rəsmləri, həmçinin Osmanlı xəzinəsinə aid olan zinət əşyaları nümayiş olunur. Bunların hamısını görmək, addım-addım kəşf etmək üçün uzun-uzun saatlar kifayət etməz. Ona görə qısa zamanı dəyərləndirməyə çalışırıq, imkan daxilində gəzib baxırıq. Xoş bir yorğunluq gətirən, qarışıq duyğular oyadan ekskursiyadan sonra saray həyətindəki kafelərdən birində əyləşmək, boğaza açılan əsrarəngiz mənzərəyə tamaşa etmək, hələ üstəlik Osmanlı şərbəti adlanan darçınlı, zəncəfilli sərin içkidən dadmaq da ayrı bir zövqdür...
İstinye Park, Kanyon, Zorlu...
Hələ bir neçə il öncə ilk dəfə
Moskvaya gedəndə bələdçimiz “Sizə hansı
Moskvanı göstərim? Moskva-tarix, yoxsa Moskva-qadını?”
- soruşmuşdu. Sualdan
çaşdığımızı görən xanım bir
az aydınlıq gətirmişdi dediyinə... Moskva-qadın
deyəndə mağazaları, ticarət mərkəzlərini
nəzərdə tutduğunu söyləmişdi. Axı
doğrudan da, bu alış-veriş məsələləri
daha çox qadına aid işdir. Mağaza gəzməyi, pal-paltar axtarmağı sevən
kişi nadir hallarda olar. Amma qadının
xislətində var bu, axtarmaq, almaq, geyinmək, bəzənmək...
Təşkilatçılarımız da bizi
İstanbul-Qadınla tanış etmək,
festival çərçivəsində Mallarda, ticarət mərkəzlərində
olan yeniliklərlə tanış etmək istəyirlər. Şəhərin ən məşhur AVMlərindən
olan İstinye Parkı, Kanyonu, Zorlunu gəzirik. Bu alış-veriş mərkəzləri həm də
festivalın sponsorlarıdır. Ona görə
satış menecerləri qonaqları qapıda
qarşılayıb özləri haqda geniş məlumat verir,
fürsətdən yararlanıb reklam edirlər. Elə əsas giriş önündə sərgilərdə
müxtəlif qida məhsulları, geyim, zinyət əşyaları
nümayiş olunur. Bir yanda da yerli və
xarici musiqiçilər ifalarını edib, qonaqları əyləndirirlər.
Reklam menecerləri Avropa səviyyəli türk brendlərindən
danışırlar. Bu yerdə türklərin təəssübkeşliyi,
yerli firmalara fayda vermək istəkləri son dərəcə
xoşdur. Avropa markaları ilə rəqabətə
girən və hətta bəzi şeylərdə onları
üstələyən Vakkodan, Netvörkdən, Mustafa
Kığılıdan uzun-uzun danışırlar.
İstanbulda hər cibə uyğun mağazalar olsa da, bu
gəldiklərimiz əsasən qalın ciblərə
hesablanmışlardandı deyəsən. Bapbalaca bir
çantanın üzərindəki qiyməti, daha doğrusu
yan-yana düzülmüş sıfırları görüb
gülümsəyirəm. Görəsən,
bunların qələm adamlarının qazancından xəbəri
varmı - düşünürəm. Amma əgər
o məbləği qazanmaq sadə olsa belə, kiçicik bir
çantaya bu qədər xərclənməyi anlamıram.
Əgər eyni məbləğlə 3-5 adamı sevindirmək,
ya da göz deşən bir brend adını qoltuğunda gəzdirmək
seçimi verilsə, əlbəttə birinci hamısından
sərfəlidir... Çünki mənə görə insan
sevinci heç vaxt itməyən, devalvasiyaya, iflasa uğramayan
kapitaldır!
İki
qitə bir şəhərdə...
Proqramımızda İstanbulun Asiya tərəfini də
gəzmək var. Amma bundan əvvəl Qalata
körpüsünün altındakı balıq
restoranlarından birində nahar edirik. Bu həmin körpüdür ki,
burda aclıq aksiyası elan etmiş Nazım Hikmətin
anası, artıq yaşlı vaxtı, gözləri tutulmuş
Cəlilə xanım oğlunun azad olunması
üçün imza toplamışdı... İndi
bu körpünün altında oturub firuzəyi sulara
baxıram və Cəlilə xanımı
düşünürəm, Nazımın həsrətini “məni
o limana çıxaramazsın” - deyib həzin-həzin nalə
çəkməsini fikirləşirəm. Bütün böyük sevgilər əlçatmaz
olanda ağrıya, əzaba çevrilir görünür.
Fərqi yoxdu, vətən sevgisidi, ya... Bu məqamda
yuxarıdan suya qarmaq atıb bəxtini sınayan
balıqçılar da elə qəribə
görünürlər ki... Tutduqları balaca
balıqları yuxarı dartanda adama elə gəlir ki, bu balıqlar
qanad açıb uçurlar.
Bosfor kənarında bir gəmiyə minib qarşı tərəfə üzürük. Ətrafdakı mənzərələrin əsrarəngizliyi, üstəgəl göz yaşı kimi dumduru su. Bir sözlə, burda bütün günün yorğunluğu çıxır canımızdan. Martı quşları suya baş vurub yemək əldə edirlər, yenidən qanad açıb göy üzünə qalxırlar. Bütün bunlar sənədli filmi xatırladır insana. Sanki Bosfor haqqında çəkilmiş bir televiziya filminə baxırıq. Bələdçimiz Sabih bəy - “Siz heç Avropadan Asiyaya bircə dəqiqəyə keçdinizmi? Bax, bu, İstanbulda mümkün olur!” - deyir...
Şəhərin Asiya tərəfini də gəzib dolaşırıq, burdakı ticarət mərkəzlərinə baxırıq. Axşamüstü bir italyan restoranında xüsusi hazırlanmış kofedən dadırıq. Geriyə, otelimizin də yerləşdiyi Avropa tərəfinə qayıdanda artıq hava qaralıb. Bələdçimiz “bir dəqiqədən sonra gözlərinizi yumun, bu bir dəqiqədə Asiyadan Avropaya keçmiş olacaqsınız” - deyir. Və mənim bir vaxtların məşhur müğənnisi Yasəmin Qumralın mahnısı yadıma düşür:
Nə olacaq bu halımız belə bilməm,
Əriyirəm, bitirəm həsrətindən
İki qitə İstanbulda körpülərlə qovuşdu
Mən sənə qovuşamadım...
Bax, İstanbulun belə birləşdirici, qovuşdurucu “funksiyası” müxtəlif sənət adamlarını ilhamlandırıb, şəhərdən ruhlanıb əsərlər yazıblar, şeirlər qoşublar, mahnılar bəstələyiblər... Böyük türk şairi Yəhya Kamal Bayatlı isə “Ankaranın nəyini sevirsən?” - sualına, “İstanbula dönüşünü” - deyə cavab veribmiş...
Əlbəttə, dünyada İstanbuldan da başqa maraqlı şəhərlər var, ondan gözəlləri də var, şübhəsiz. Amma bütün şəhərlərin İstanbula dönüşü də gözəldi!
PƏRVİN
525-ci qəzet.- 2017.- 8 iyul.- S.10-11.