Mühacir ədəbiyyatımızın
tədqiqi
Bu
yaxınlarda ədəbiyyatşünas Nikpur Cabbarlı
filologiya üzrə elmlər doktoru elmi dərəcəsi
almaq üçün “XX əsr
Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli
örnəklər əsasında)” mövzusunda dissertasiyasını uğurla
müdafiə etdi və mən onun opponenti idim.
Emiqrantologiya,
misal üçün, rus ədəbiyyatşünaslığından
fərqli olaraq, bizim ədəbiyyatşünaslığın
son iyirmi-iyirmi beş ildə
yaranmış, inkişaf edərək formalaşmağa
başlamış bir sahəsidir və onun elmi-nəzəri təsnifatı
yalnız bizim ədəbiyyatşünaslığımızda
deyil, ümumiyyətlə, ictimai fikrimizdəki layiqli yerini
tutmaq üzrədir. Bu işdə bizim Ş.Qurbanov, V. Quliyev,
V.Sultanov, A. Bayramoğlu, B.Əhmədli, A. Tahirli və
başqa ədəbiyyatşünaslarımızın xidmətini
xüsusi qeyd etmək istəyirəm - onlar zəhmət, səriştə
və yaradıcı enerji ilə bu yeni sahənin elmi-nəzəri
təməl daşlarını qoyurlar və Nikpur Cabbarlı
da artıq 20 ildən çoxdur ki, Azərbaycan mühacirət
ədəbiyyatını ardıcıl və sistemli şəkildə
araşdırır. Yadıma gəlir, hələ neçə
il bundan əvvəl unudulmaz Bəkir Nəbiyev onu “mühacirətşünaslıqda
mötəbər söz sahibi” kimi təqdim edirdi və
Nikpurun yeni və əhatəli tədqiqatı bunu bir daha təsdiq
edir.
Bu tədqiqat
müəllifin, dediyim kimi, uzun illərdən bəri səy və
inadla apardığı araşdırmaların məntiqi
yekunu kimi meydana çıxmışdır və bir tərəfdən
mövzusunun aktuallığı, elmi yeniliyi, nəzəri-təcrübi
əhəmiyyəti ilə konseptual dəyər
daşıyır, o biri tərəfdən
isə - bu da indi təəssüf ki, vacib bir cəhətə
çevrilmişdir - təhkiyənin təmizliyi və dəqiqliyi
ilə razılıq doğurur. Eləcə də
bu əsərin strukturu elə qurulub ki, elmi probemlərin həllini
şərtləndirə, ümumi ədəbi mənzərəni
isə yarada bilir və bütün bunlar bir küll halında
konseptuallığını təmin edir. Müəllif
Azərbaycan mühacirət ədəbiyyatının elmi-nəzəri
statusunu və xronoloji sərhədlərini müəyyənləşdirməyi
zəruri sayır və sinkretik elm kimi formalaşmağa
başlayan emiqrantologiyanın nəzəri müddəalarını
əsas götürərək, diqqəti Azərbaycan siyasi
mühacirətinin, o cümlədən də mühacirət ədəbiyyatının
təşəkkülünü şərtləndirən
amillərin müxtəlifliyinə yönəldir və bununla
da “mühacir” və “mühacirət”
sözlərinin, müxtəlif lüğət və
ensiklopediyalardakı izahlarından daha geniş məna
yükü daşıdıqlarını göstərir.
Mühacirət ədəbiyyatının
çağdaş emiqrantologiyada təsbit olunmuş universal
xüsusiyyətlərini təqdim edən Nikpur Cabbarlı
onları bizim mühacirət ədəbiyyatımıza
müəyyən qeyd-şərtlə aid etməkdə də
haqlıdır və bu mövqeyini konkret faktlarla əsaslandıra
bilir.
Azərbaycan
mühacirət ədəbiyyatının XX əsr hadisəsi
olması qənaətini də müəllif kifayət qədər
ciddi polemika zəminində müdafiə edir və
mühacir qələm sahiblərinin
yazdıqlarından tutmuş, bu mövzu ilə bağlı
son araşdırmalara qədər ədəbi və elmi-nəzəri
ədəbiyyatı nəzərdən keçirir. Xüsusi
qeyd etmək istəyirəm ki, Nikpur Cabbarlı özündən
əvvəl və
onunla eyni vaxtda mühacirət ədəbiyyatına
dair yazılanlara qədirşünaslıqla yanaşır və
mən bunu tədqiqatın yaxşı cəhətlərindən
biri hesab edirəm.
Nikpur Azərbaycan mühacirət ədəbiyyatının
statusunu və tarixi sərhədlərini müəyyənləşdirərək
tədqiqatı janrlar üzrə aparır və bəhs etdiyi
bədii təsərrüfatın təşəkkül və
inkişafının özəlliklərini
araşdırır, bu prosesin spesifik məqamlarına diqqət
yetirir, misal üçün, belə bir qənaətə gəlir
ki, “mühacirət poeziyamızın simasını daha
çox beş şairin - Məhəmməd Sadıq Aranan (Sənan),
Müseyib Zəyəmin, Almas İldırımın, Alazan
Bay-canın və Teymur Atəşlinin
yaradıcılığı müəyyənləşdirir”.
Bu şairlərin poetik irsindən təhlilə cəlb edilən
örnəklərin timsalında mühacirət şeirimizin ideya-estetik dəyəri
barədə ətraflı və obyektiv təsəvvür
yaranır və biz burada
mühacirət poeziyasının aşıq şeiri ilə
(M.Zəyəmin timsalında), S.Vurğun poeziyası ilə
(A.Baycan və T.Atəşlinin timsalında), M.Hadi, Ə.Cavad,
Gültəkin yaradıcılığı ilə (M.S.Aran,
A.İldırım və T.Atəşlinin timsalında) irs-varis
əlaqələrini də görə bilirik.
Müəllif
mühacirət ədəbiyyatının bu qolunu beş
müxtəlif problem (“Milli istiqlal hərəkatının
inikası”, “Azərbaycanlıların soyqırımı
ümumbəşəri faciə kimi”, “Totalitar sovet rejiminin
ifşası”, “Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi
dərki”, “Atatürkün bədii-sənədli obrazı”) ətrafında
qruplaşdıraraq təhlil edir və vətəndə
yaranan nəsrlə müqayisədə sənətkarlıq
baxımından zəif görünsə,
qeyri-professionallıq təsiri bağışlasa da, bu nəsrinin
milli ədəbiyyatımıza bir sıra yeni mövzular gətirdiyini
görürük: azərbaycanlıların
soyqırımı (M.Altunbayın “Hürriyyətə
uçan türk” əsəri əsasında), “düşərgə
mövzusu” (A.Dağlının “Onlar türklərdi” və
B.E.Ağaoğlunun “Solovkidə gördüklərim” əsərləri
əsasında), vətəndaş cəmiyyəti
quruculuğu problemləri (Ə.Ağaoğlunun “Sərbəst
insanlar ölkəsində” bədii-fəlsəfi essesi və
“Sərbəst firqə xatirələri” əsasında) və
s. ilə bağlı mövzular bu qəbildəndir. Təbii
ki, bütövlükdə mühacirət ədəbiyyatının
ana mövzusu olan
milli istiqlalın inikası da tədqiqatın əsas
mövzularından biri, hətta birincisidir və M.B.Məhəm-mədzadənin,
F.Əmircanın hekayələri, M.Ə.Rəsulzadənin,
N.Şeyxzamanlının, T.Atəşlinin bədii-sənədli
nəsri kontekstində araşdırılır.
Nikpur
Cabbarlının mühacirət ədəbiyyatında
dramaturgiyanın zəif inkişaf etməsini teatr problemi,
yazılacaq pyeslərin səhnə taleyinin sual altında
olması, digər tərəfdən isə iri həcmli dram əsərlərinin
çapı üçün maddi-texniki imkanların məhdudluğu
ilə əlaqələndirməsində hansısa bir həqiqət
ola bilər, ancaq söhbət ilk növbədə, aydın məsələdir,
istedaddan və bu istedadın yönündən, təmayülündən
gedir və güman edirəm ki, Azərbaycan ədəbiyyatında
yalnız elə M.F.Axundzadə hadisəsini xatırlamaq kifayətdir.
Nikpurun
mühacir dramaturq Abay Dağlı haqqında
yazdıqlarını oxuduqda bir xatirə mənim yadıma
düşdü.Yaş fərqinə baxmayaraq, rəhmətlik
Abbas Zamanovla aramızda çox isti, hətta mən deyərdim
ki, doğma bir dostluq münasibəti var idi və təsadüf
elə gətirdi ki, mən 1979-cu ildə Əziz Nesinin dəvəti
ilə SSRİ Yazıçılar İttifaqı xətti ilə
ilk dəfə Türkiyəyə getmək üçün
Moskvaya yollananda, qatarda Abbas müəllimlə yol
yoldaşı olduq. İki gecə uzanan yol boyu vaqon
çayını çay hesab etməyən Asya xalanın
(Abbas müəllimin həyat yoldaşı) termosda dəmlədiyi
çaydan içə-içə Abbas müəllimlə
ilk Respublikamız haqqında, o Respublikanın mühacirət
etmiş işıqlı və başları qalmaqallı rəhbərləri
haqqında, eləcə də adını eşidib
üzünü görmədiyimiz müəmmalı (və o
zaman üçün sirli-sehrli!) “Əli və Nino” romanı
haqqında xeyli söhbət etdik və Abbas müəllim ərkyana
bir sifariş də verdi ki, gərək
romanın türk dilində nəşrini tapıb gətirəsən.
Uzun sözün qısası, mən bu romanın iki nüsxəsini
əldə edə bildim və Abbas müəllim də borclu
qalmaq istəmədi, o da hardansa əldə etdiyi mühacir
dramaturq Abay Dağlının İstanbulda nəşr
olunmuş “Füzuli” pyesini mənə hədiyyə verdi.
İndi, əlbəttə,
bu xatirədə heç bir fövqəladə cəhət
yoxdur, ancaq o zaman belə bir kitab mübadiləsi (və
ümumiyyətlə, belə bir söhbət!)
qarşılıqlı etibara söykənən tamam məxfi
bir şey idi və o məxfilikdə fəxarət və təəssüf,
kədər və romantika, ruh düşgünlüyü ilə
ruh yüksəkliyi, məhkumluq və inam - bütün bu
hisslərin hamısı bir-birinə
qarışmışdı. Onda mən ilk dəfə Abay
Dağlının imzasını tanıdım, pyesini oxudum və
dediyim həmin hisslər toplusu “Füzuli” pyesinin zəifliyini,
bədii-estetik sadəlövhlüyünü üstələyirdi...
Ancaq mən, deyəsən, çox uzaqlara getdim.
Abay
Dağlını Azərbaycan mühacirət
dramaturgiyasının hələlik yeganə təmsilçisi
kimi təqdim edən Nikpur Jabbarlı yazarın həyat və
yaradıcılıq yolunu müxtəsər nəzərdən
keçirdikdən sonra onun dramaturji irsini 5 problem
baxımından (sənətkar və zaman, Anadolu istiqlal
savaşının inikası, türk ellərinin istiqlalı,
stalinizmin ifşası kontekstində, milli-mənəvi dəyərlər,
Şimali Kipr hadisələrinin dramatik dərki) təhlilə
cəlb edir və bu mühacir dramaturqun irili-xırdalı 11
pyesini təhlil edərək, onların hər birinin məziyyəti
(güzəştli məziyyəti!), bəzilərinin isə
qabarıq nəzərə çarpan qüsuru barədə
fikir yürüdür ki, bunu da mən elmi obyektivlik
baxımından tədqiqatın özünün məziyyəti
(güzəştsiz məziyyəti!) hesab edirəm.
Nikpur
folklor, klassik ədəbi irs, həm sovet dövrü ədəbiyyatımız,
həm Cənubi Azərbaycan ədəbiyyatı (M.Şəhriyarın
yaradıcılığı əsasında) problemləri ilə
bağlı mühacirət elmi
fikrini, nəzəri baxışlarını təhlil edir və
görünür, mühacirət ədəbiyyatşünaslığında
klassik irs problemini vaxtilə nəşr olunmuş, mənim də
yazılarımdan birində bəhs etdiyim “Mühacirət və
klassik ədəbi irs” monoqrafiyasında əhatəli
araşdırdığı üçün, burada həmin
problemin üzərində dayanmamışdır. Şəhriyar, aydın məsələdir ki, öz
doğma yurdunda anadan olmuş, yazıb-yaratmışdır,
ancaq bizim mühacir qələm sahiblərimizin onun
yaradıcılığı haqqında yazdıqları -
mühacirət ədəbiyyatşünaslığının
mühüm tərkib hissəsidir və Nikpur da tədqiqatını
məhz bu istiqamətdə aparır. O, mühacirət ədəbiyyatşünaslığının
Sovet dövrü Azərbaycan ədəbiyyatı ilə
bağlı, yaxud da M.Şəhriyar
yaradıcılığı ilə bağlı elmi-nəzəri
baxışlarını M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə,
Ə.Yurdsevər, Ə.Cəfəroğlu kimi nüfuzlu
müəlliflərin araşdırmaları əsasında tədqiq
edir və onları Şimali Azərbayjan ədəbiyyatşünaslığındakı
müvafiq tədqiqatlarla müqayisəli şəkildə dəyərləndirir.
Nikpur Cabbarlı tədqiqatında Azərbaycan, türk və
rus dillərində xeyli adda ədəbiyyatdan istifadə
etmişdir və bunların da böyük bir qismi Azərbaycan,
Türkiyə və Almaniyanın müxtəlif kitabxana və
arxivlərindən (o cümlədən, şəxsi arxivlərdən)
əldə edilmişdir. Azərbaycan ədəbi-elmi ictimaiyyəti bəzi
mühacir yazarların adı və əsərləri ilə,
bəlkə də, ilk dəfə məhz bu tədqiqatda tanış olur. Doğrusu, mənim
xoşuma gələn cəhətlərdən biri də budur
ki, elmi səliqə-sahmanı, istifadə olunmuş ədəbiyyata
istinadlarındakı dəqiqlik və polemika mədəniyyəti
sonuna kimi gözlənilir.
Mən bu
tədqiqatın elmi-nəzəri dəyərini qeyd etməklə
yanaşı, onun ictimai-siyasi əhəmiyyətinə də
toxunmaq istərdim, çünki əslində elmi monoqrafiya
olan bu əsər Azərbaycan siyasi mühacirətinin
M.Ə.Rəsulzadənin öndərliyi ilə milli istiqlal
uğrunda qürbət ellərdə apardığı ədəbi
mücadilənin elmi-nəzəri tədqiqi kimi azərbaycançılıq
məfkurəsinin, milli dövlətçilik
düşüncəsinin təbliğinə yaxşı bir
töhfədir. Bu əsər dünyanın müxtəlif
ölkələrinə səpələnmiş
soydaşlarımızı və bu gün də vətən
naminə birliyə, mücadiləyə səsləyir,
çünki hələ 1980-ci illərin sonlarında yazdığım kimi, “Vətən
elə məhz ona görə Vətəndir ki, o öz
övladlarını unutmur, əksinə, harda
yaşamasından, necə güzəran keçirməsindən
asılı olmayaraq onlardan sədaqət, etiqad umur və bu sədaqətin,
bu etiqadın ən yüksək insani mərtəbədə
dayanması üçün övladlarından əyani
iş, fəaliyyət tələb edir. Və Vətən
məhz ona görə Vətəndir ki, qürbət ellərdə
həyat sürən, üzünü görmədiyi, əməyindən
bəhrələnmədiyi övladlarını da unutmur,
onları da özünün bir zərrəsi, hissəsi hesab
edir. Belə bir Vətən vəfadarlığı, əlbəttə,
böyük məsuliyyət hissi, borc duyğusu yaradır: həmvətənlər
Vətənin vəfadarlığına eyni vəfadarlıqla
da cavab verməli, Vətənə yaxınlaşmaq, Vətənin
sevincini bölüşmək, kədərinə şərik
çıxmaq naminə vətəndaşlıq qeyrəti
göstərməlidirlər”.
Nikpur Cabbarlının bu tədqiqatı da
hay-küylü və bəsit patriotluqdan uzaq, elmi dəyərlərə
və nəticələrə söykənən belə bir vətəndaşlıq
təəssübkeşliyin yaxşı nümunəsidir.
Bütün bunlarla bərabər, Nikpurun tədqiqatının
bir sıra çatışmazlıqları və qeyri-dəqiqlikləri
də var ki, əsəri kitab kimi işləyərkən - belə
bir kitaba isə ehtiyac var - onları nəzərə almaq, elə
bilirəm ki, xeyirli olar.
Tədqiqatda “Əli və Nino” romanından tamamilə sərf-nəzər
edilməsi, doğrusu, mənə qəribə gəldi. Olsun ki, “türkdilli örnəklər
əsasında” yazıldığı üçün bu
roman mövzuya bir o qədər də uyğun gəlmir, ancaq
“Əli və Nino” və onun müəllifi, eləcə də
Azərbaycan dilinə ilk tərcüməçisi
haqqındakı elmi (bəzən isə qeyri-elmi!) mübahisələr
əsas verirdi ki, Nikpur bu məsələyə öz
münasibətini bildirsin və güman edirəm ki, o zaman əsərin
elmi ehtiva dairəsi daha geniş olardı. Mən 1991-ci ildə
yazdığım silsilə məqalələrin birində
(“Ədəbi proses: Olum, ya ölüm?”,
Üçüncü məqalə, “Ədəbiyyat qəzeti”,
18 oktyabr 1991) bu romanın müəllifinin kimliyi barəsindəki
versiyalar haqqında ətraflı yazmışdım, ancaq
baxın, aradan düz iyirmi altı il keçib, tam şəkildə
əsaslandırılan və ijtimai fikirdə, əfkari-ümumidə
yekdilliklə qəbul edilmiş dəqiq elmi nəticə hələ
də yoxdur.
Bir folklorşünas və publisist kimi Ceyhun bəy
Hacıbəylinin yaradıcılığı və fəaliyyəti
də Nikpurun tədqiqatdan kənarda qalmışdır. Ceyhun bəy
Qarabağ folklorunu toplamış, sistemləşdirmiş,
şərhlərini yazmış və fransız dilinə tərcümə
edərək çap etdirmişdir. Onun
gündəlikləri, məktubları, puplisistikası da tədqiqini
və təhlilini tapsaydı, məncə, elmi baxımdan
maraqlı və faydalı olardı. Düzdür,
Nikpurun tədqiqatı “türkdilli örnəklər əsasında”
yazılmışdır, Ceyhun bəyin mühacirət
dövrü irsi isə əsasən fransız, qismən də
rus dilindədir (Azərbaycan dilli emiqrasiya mətbuatında da
bəzi məqalələri var), ancaq buna baxmayaraq, mühacirət
ədəbiyyatının monoqrafik tədqiqində ictimai
fikrimizin, ədəbi-mədəni tariximizin Ceyhun bəy
miqyaslı ədəbi fiqurunun üzərindən sükutla
keçmək düz olmaz.
Banin
(Ümmülbnu) tədqiqatda haqlı olaraq fransız
yazıçısı kimi təqdim edilir - dil bədii ədəbiyyatın
əsas faktorlarından biri, bəlkə də birincisidir, eyni
zamanda Banin yaradıcılığının bədii-estetik
ab-havası da fransız ab-havası, ədəbi fakturası
da fransız fakturasıdır - ancaq bununla bərabər, Banin
yaradıcılığına münasibətdə bir-iki kəskin
cümlə ilə kifayətlənmək, elə bilirəm
ki, tədqiqatda kiçik də olsa, hansısa bir boşluq təəssüratı
yaradır. Mən 1988-ci ildə Parisdə Banin ilə
görüşmüş, iki gün geniş söhbət
etmiş, evində onun qonağı olmuş, sonralar onunla məktublaşmış
və bu barədə, eləcə də onun
yaradıcılığı barədə yazmışam ( Baninin min bir gecəsi, “525-ci qəzet”, 1 aprel
2006; rusca: “Literaturnaya qazeta”, 26 iyul 1989) və o zaman dediklərimi
təkrar etmirəm, yalnız onu demək istərdim ki, hər
halda XX əsr Azərbaycan ədəbiyyatından yazanda Banin
faktorundan sərf-nəzər etmək ümumi bədii mənzərənin
tamlığına xələl toxundurar.
Nəhayət,
bir faktiki
yanlışlığa da toxunmaq istəyirəm: tədqiqatda göstərilir ki, M.Ə.Rəsulzadənin
Stalin haqqındakı xatirələri Azərbaycanda ilk dəfə Nəsib
Nəsibzadə tərəfindən hazırlanaraq, 1991-ci ildə
nəşr olunub. Bu nəşrin əhəmiyyətini
azaltmadan deməliyəm ki, mən 1989-cu ildə Ankarada olarkən,
Azərbaycan Kultur Dərnəyinin mətbu orqanı “Azərbaycan”
jurnalının redaktoru, Azərbaycan Milli Mərkəzinin
nüfuzlu nümayəndələrindən biri və məşhur
anti-sovetçi ideoloqu, rəhmətlik Əhməd
Qaracanın köməkliyi ilə əldə etdiyim həmin
xatirələri “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetinə
təqdim etdim və xatirələr Ramiz Əsgərlə
Əfqan Fərəcbəyli tərəfindən çapa
hazırlanaraq, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin mart
ayına qədər hissə-hissə dərc olundu.
Qeyd etdiyim, eləcə də bu
tipli başqa çatışmazlıqların bir qismi istək,
məsləhət, tövsiyə xarakterlidir, o biri qismi isə
düzəlsə işin xeyrinə olar, ümumilikdə isə Nikpur Cabbarlının “XX əsr Azərbaycan mühacirət ədəbiyyatı
(türkdilli örnəklər əsasında)” monoqrafik tədqiqatı
ədəbi mühacirətşünaslığımız
sahəsində vaxtında meydana çıxmış aktual və
əhəmiyyətli elmi əsərdir
ELÇİN
525-ci qəzet.- 2017.- 8 iyul.- S.8-9.