Böyük yaradıcılığın
zirvəsində
Əli İldırımoğlu bizim yeniyetməlik və
gənclik illərimizin yaradıcı insanlarındandır. Mətbuatda
daim və yaddaqalan imzası olan bir jurnalistdir və həm də
yazıçıdır.
Əli müəllim araşdıran, bütün
detallarıyla mətləbləri açmağı bacaran və
bəzən də bunu oxucunun ixtiyarına məharətlə
buraxmağı bacaran jurnalistdir, yazıçıdır. Onun
haqqında təkcə jurnalist kimi danışmaq olmur.
O, yazıçıdır, hekayə ustasıdır, romanlar
müəllifidir. Yaradıcılığı
genişdir, əhatəlidir, insanı çəkib uzaqlara
aparır, onları oxuyanda bir anlıq uşaq da olursan, gənc
də, qoca da. Əli
İldırımoğlu hadisələrin lap içinə
girir və səni də ora aparmağı bacarır. Yaşayırsan o hadisələrlə, o adamlarla birgə
və sonda düşünürsən, yazarın
böyüklüyünə, həssaslığına,
müşahidə qabiliyyətinə heyran olursan. Felyetonlarının, oçerklərinin
sayı-hesabı yoxdur, eləcə də hekayələrinin.
Əli müəllim romanlar, povestlər müəllifidir.
Bütün bunlar onun on iki cildliyində
toplanıb. Bu, uzun illərin
yaradıcılığıdır. 70 ildən
çox qələmi əlindən yerə qoymayan bir
yazarın yaradıcılığıdır. Bu, yazıçının dəyanətidir, yazmaq
yanğısıdır.
Bu uzun illər
ərzində "Dərd", "Çinarlı",
"Mayaklar", "Silinməz izlər" və digər
kitabları çapdan çıxıb, eyni zamanda müəllifin
"Daş yağan gün", "Aqibət", "Zorən
jurnalist", "Mənim rəncbər atam" və
başqa romanları çapdan çıxmışdır. Əslində, siyahı çox uzundur, yazmaqla bitmir.
Müəllif cildlərinin birində yazır:
"Yazıb-yaratdıqlarım mənim sevincim, kədərim,
giley-güzarım, sevgim, nifrətim, etirazım, istehzam və
tövsiyələrimdir.... Onu qələmimin
dili ilə kağızlara nəql etmişəm".
Əli İldırımoğlunun qəminin dili
kağızları yandırıb-yaxıb, ürəklərə
yol açıb. Müşahidə qabiliyyətinin yüksək
olması, böyük həssaslığı nəticəsində
meydana çıxan hər bir əsəri həcmindən
asılı olmayaraq insanı cəlb edir, ona görə ki, bu
adamları biz hər gün görürük. Müəllifin məhəbbətini, kinayəsini,
nifrətini də bu yazılarda tapa bilirik. Onun
istehzasına, kinayəsinə tuş gələn hadisələr,
adamlar yaşadığımız dövrdən də əvvəllərə
gedib çıxır, müəllifin özünün
uşaqlıq, gənclik illlərinə, lap özündən
əvvəlki dövrləri əhatə edir. Bu
onun istedadının böyüklüyündən, hadisələri,
insanları hamıdan daha çox fərqli müşahidə
qabiliyyətindən irəli gəlir. Ona görə də
xalq yazıçısı Anar Əli
İldırımoğlunu Azərbaycan nəsrində realist
yönün ən fəal və usta təmsilçilərindən
biri kimi dəyərləndirib.
Əli İldırımoğlu ömrünün
böyük bir hissəsini mətbuata həsr edib. O, Sovet dövrünün ən
məhşur qəzetlərindən olan "Kommunist"də
çalışıb. Jurnalistikaya yenilik gətirən,
cəsarətli, söz deməyi bacaran, qorxmaz, iradəli yazar
olub. Amma ədəbi fəaliyyət onu daim müşayiət
edib, özü də ardıcıl şəkildə bədii
yaradıcılıqla məşğul olub və romanlar, povestlər , hekayələr yazıb. Əli İldırımoğlunun yazdığı
olduqca zəngin və maraqlı xatirələr kitabı əlindən
yerə qoymağa imkan vermir. Onun
yaddaşına, həssaslığına heyran olursan. Əli İldırımoğlunun bədii
yaradıcılığında elə sırf bədiilik var,
publisistika bura qarışmır. Bəzən
elm adamı və ya jurnalist bir bədii əsər yazanda hiss
edirsən ki, əsərdə bədiilik bəzən önə
çəkilir, bəzən heç olmur, ya da orta vəziyyətdə
olur ki, bu da əsərin məziyyətlərini heçə
endirir. Amma Əli
İldırımoğlunun yaradıcılığında
romanlar, hekayələr, povestlər elə sırf bədii əsərdir.
Bu da onun böyük istedadının nəticəsidir.
Bu əsərlərdə Qarabağ var, bu əsərlərdə
itirdiyimiz torpaqların həsrəti var. Elə bil bu həsrət
ağrı-acıya dönüb canımıza hopur. Bu gün bu əsərlər daha da qiymətlidir,
daha da düşündürücüdür. Keçilən yolun böyük xatirələridir
bu əsərlər.
Yaradıclığının mahiyyətini təşkil
edən bu xatirələr sevinci, kədəri, kinayəsi ilə
də oxucunu cəlb etməyi bacarır. Bu xatirələr
şirindir, acıdır, amma həyatın özüdür,
dilimizin rəngarəngliyidir, gözəlliyidir. Əli İldırımoğlunun romanlarından,
povestlərindən çox yazmaq olar və yazıblar da.
Onun əsərləri təhlil olunub, qiymətini
də alıb. Əsərləri barədə
2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin,
2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun
"Milli-mənəvi dəyərlərin bədii salnaməsi"
monoqrafiyası nəşr olunmuşdur.
Onun əsərlərində hər sənət sahibi
mütləq nəsə tapa bilir. Xalq artisti Rasim Balayev
Ə.İldırımoğlunun
yaradıcılığına belə yanaşır:
"Əli müəllim mənə "Mənim rəncbər
atam" kitabını verdi. Mən də
düşündüm ki, kitabı yavaş-yavaş oxuyaram.
Amma kitabın ilk vərəqini çevirdiyim
andan məni elə çəkib apardı ki, əlimdən
yerə qoya bilmədim. Əli müəllimin
bir yazıçı kimi uğuru da məhz elə bundadır
- yazı dilinin axıcı olmasında, əsərlərinin
oxunaqlı alınmasında. Əli müəllimin
əsərlərində mən həm də kino sənəti,
rəssamlıq sənəti görürəm. O,
istedadlı yazıçı olmaqdan başqa, şəxsiyyət
kimi də mükəmməl bir insandır. Onun
həyat, insanlar haqqındakı dərin bilgiləri hər
birimiz üçün bir məktəbdir. Mən çox istərdim ki, Əli müəllimin əsərlərindən
ssenarilər hazırlansın və filmlər çəkilsin".
Və mən fikirləşirəm ki, bu əsərlərdən
çəkilən filmlərdə Azərbaycan bütün adət-ənənəsi
ilə, itirdiklərimizlə, Qarabağı ilə, zəngin
dili ilə gözümüz önündə bir daha canlanar.
Onun təsvir etdiyi çöllər, bulaqlar,
yollar, ağaclar bu gün dil açıb danışır,
bizdən imdad diləyir. Əli
İldırımoğlunun doğulduğu torpaq bu gün
düşmənin işğalındadır. O filmlər də gərək o
torpaqlarda çəkilsin. Qarabağımız
düşməndən azad olandan sonra yəqin ki, bu mövzu
aktual olacaq.
"Mənim rəncbər atam", "Zorən jurnalist", "Aqibət" və başqa əsərləri haqqında dəyərli fikirlər yazılıb. Tərcüməçi Rövşən Qafarovun yazdıqlarından: "Milli söz sənətimizin ustadlarından biri olan Əli İldırımoğlunun "Aqibət" romanının tərcüməsini öhdəmə götürüb əsəri mütaliə etməyə başlayanda, açıq desəm, bir az məyus oldum. Məni pərt edən, hər şeydən öncə, yerinə yetirəcəyim işin çətinliyi idi, çünki xalq dili stixiyasının sadəcə dekorativ bir ibarəpərdazlıq deyil, əsərin birbaşa mahiyyətini təşkil etdiyi bu qədər təkmil mətnin tərcüməsi ilə ilk dəfəydi ki, rastlaşırdım. Mətnin formal quruluşu da işimi bir yandan məhdudlaşdırırdı. Müəyyən standart düşüncəyə malik bir adam kimi, mən romandakı hərəkətin "kitab" sistemi ilə təşkilinə vərdiş etmişəm - "hissə", "fəsil" və sair və ilaxır. Kifayət qədər mürəkkəb məzmunlu və elə bir onca da böyük həcmə malik "Aqibət" romanından belə bir bölgünü gözləməkdə haqlı idim. "Aqibət"in strukturu isə fərqli ölçülərdə olan, ulduzlarla ayrılmış başlıqların sadə zəncirindən ibarət idi. Yalnız mətnlə dərindən tanış olduqdan sonra başa düşdüm ki, müəllif "xətası", Qorkinin təbiri ilə desək, "müəllif etinasızlığı" ilə bağlı əvvəlcədən gəldiyim qənaət, əslində, əsərin orijinal üslubi priyomu imiş. Ona görə də, "Aqibət"in ruscaya tərcüməsi ("Vozdayanie") işıq üzü gördükdən sonra Əli müəllim özünün digər romanının - "Zorən jurnalist"in şərhini mənə etibar edəndə, qeyd etdiyim məsələ ilə bağlı heç bir şübhəyə yol vermədən işə başladım". Əli İldırımoğlunun yaradıcılığı o qədər zəngin, o qədər dərin, özəl xüsusiyyətlərə malikdir ki, romanları dünya ədəbiyyatının məşhur yazarları ilə müqayisə olunur: "Fikirlərin sərbəst uçuşuna imkan vermək - Əli müəllimin bədii metodunun əsasında bu dayanır. Buna görə, əgər ciddi desək, ustadın roman mətnlərinin hətta ən sadə sistemləşdirilməsini belə qaydaya uzaqbaşı könülsüz güzəşt kimi qiymətləndirmək lazım gəlir. Əgər belə demək mümkünsə, o, hər hansı əsərini bircə abzasa "yerləşdirə" bilər. Amma yazıçı özünün bu hipotetik, xəyali abzasını müəyyən hissələrə bölməklə müəllifi cəlb edən "marafon məsafəsinə" çatmaqda oxucuya, elə bil ki, nəfəsdərmə imkanı verir. Roman nəsrinə məxsus bu özəlliyi Əli İldırımoğlunu Ceyms Coys və Tomas Vulfa yaxınlaşdırır və bu, şübhəsiz ki, Azərbaycan yazıçısının sözügedən yazıçıların roman dərslərini mənimsəməsi və həyata keçirməsini göstərir".
Təbiət təsvirləri, özü də necə təsvirlər... adama elə gəlir ki, bu saat təbiətin qoynundasan, hardansa bir şirinlik, nostalji hisslər bürüyür səni. Bu yazıçının ustalığıdır, bir rəssamın fırçasıdır bu sanki, özümüzü təbiətin qoynunda hiss edirik:
"Nazim İlham prokurordan ayrıldıqdan sonra adəti üzrə əlini belinə vurub tək-tənha şəhərdən xeyli aralandı. Qızlarquşunun və göy qarğaların dəlmə-deşik etdikləri yarğanların dibindən axan çayın sahilinə endi. Onsuz da həmişə bulanıq axan çay, yazqabağı olduğundan indi çamır gəlirdi. Quzey tərəfdəki daşların arasından pıqqıldayıb çıxan bulağın dumduru suyu çaya qarışanda öz şəffaflığını itirirdi. Nazim bu qovuşan suların təzadını öz romantik aləmində başqa cür yozurdu. Bulaq sanki sahilə yayılan ləpələri durultmaq istəyir, lakin məcrasına sığmayan çayın girdabında burularaq, saflığını itirib özü də çirkablaşırdı. Neçə-neçə büllur çeşmə qızmış nər kimi ağzı köpüklənə-köpüklənə aşıb-daşan bu xırsız selin burulğanında necə də bulanıb çirkab olurdu..." ("Zorən jurnalist").
Bu il Əli İldırımoğlunun 12 cildlik "Seçilmiş əsərləri" çapdan çıxıb. Oxuculara təqdim olunan bu cildlərdə yazıçı-jurnalistin müxtəlif illərdə qələmə aldığı felyetonları daxil edilib. Şair, tərcüməçi Əhəd Muxtarın yazdığı "Reallıq və mübarizlik mövqeyindən" adlı məqaləsində Əli İldırımoğlunun jurnalistlik yaradıcılığına bir daha nəzər salınır və yüksək dəyərləndirilir. Müəllif qeyd edir ki, "Əli İldırımoğlu qələm əhlidir. Özü də qələminə hörmət edən jurnalistlərdəndir. Odur ki, ömrü boyu yaza-yaza - uğurlardan danışanda da, nöqsanları tənqid edəndə də bir məqsədə, müqəddəslik axtarışına xidmət etmişdir. Qurani-Kərimin İbrahim surəsində deyilir:"Kökü yerə möhkəm işləyən, budaqları göyə ucalan bir ağac kimidir gözəl kəlam. Vaxtə çatanda rəbbinin iznilə meyvə verər o ağac". Bax, Əli İldırımoğlu kəlamı da belə bir köklü-köməcli, qollu-budaqlı bar verən ağacdır. Əli müəllimin məqalələri, oçerkləri, felyetonları, povestləri, romanları zaman-zaman insanların qəlbini xilas edir, ömür yoluna işıq salır, onların milli mənlik hissini, vətəndaşlıq duyğularını oyadır, bəşər övladını müqəddəs amallara səsləyir".
Əli İldırımoğlunun müxtəlif illərdə yazdığı bu felyetonları oxuduqca görürük ki, o zamankı hadisələr elə indi də baş verir. İnsanlar da zamanın dəyişməsindən asılı olmayaraq, elə həmin insanlardır. İnsan cəmiyyətində baş verən eybəcərliklər elə indi də baş verir:
"Bünövrəsi əyri qoyulan evin,
Bir gün dörd divarı uçacaq, yəqin".
Bütün yaramazlıqların, eybəcərliklərin bünövrəsi əyri qoyulur və bir gün mütləq bu bünövrə uçub dağılır. Əli İldırımoğlu bunu müxtəlif məzmunlu felyetonlarında yerli-yataqlı sübut edir. "Qızım, səni ərə verim" felyetonu 1972-ci ildə yazılıb. Əli müəllim elə bil bu günü görüb yazmışdı o felyetonu. 13 yaşlı məktəbli qızını güclə ərə verən valideynlərdən söhbət açılır. Bu qısa felyetondakı hadisələr bu gün də öz qüvvəsində qalır. Məktəbli Fəridə ilə anası arasındakı dialoq bu gün də davam edir və günümüzün aktual məsələlərindəndir:
"-Yəni Bürcəli əmini deyirsən?
-Əmi yox, o, sənin ərin olacaq! Aranızda elə bir fərq yoxdur. Bir də ki, elə ər yaşlı olsa yaxşıdır. Eşitməmisən ki, cahıla gedən yumruq yeyər, ahıla gedən quyruq".
Qızlarına təhsil verib ləyaqətli, millətin gələcəyi üçün savadlı ana yetişdirmək əvəzinə onları kor-koranə böyüdüb savadsız, səviyyəsiz vəziyyətdə ərə vermək bu gün də ölkəmizdə problem olaraq qalır. Savadlı ana savadlı, səviyyəli bir vətəndaş yetişdirib cəmiyyətə verə bilər. Vaxtilə Nəriman Nərimanov da bu barədə çox yazırdı. Əli İldırımoğlunun felyetonlarında cəmiyyətimizdə tüğyan edən eybəcərliklər bu gün də, sabah da olacaq. Bu gün də Əli müəllimin felyetonları üzərində düşünmək lazımdır. Əli İldırımoğlu Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin davamçısıdır. Onun felyetonları heç vaxt bir-birini təkrarlamır. "Ağcaqanad", "Tərif pərdəsi", "Kiçik müdir", "Yazım, yazmayım!", "...Hər cürə böhtan olsun", "Tərif pərdəsi", "Balıq başdan iylənər", "Millətin "öndərləri", "Telepat", "Bir telefon, bir möhür", "Nazir gəlir", "İyirmi bir cib" və s. felyetonları hər zamanın səsinə səsə verən əsərlərdir. Əli İldırımoğlunun satira yaradıcılığında felyetonlar önəmli rol oynayır. Bu felyetonları oxuyanda görürsən ki, Əli müəllim üçün mövzu qıtlığı yoxdur. Çoxlu sayda satirik lövhələrlə zəngin olan bu felyetonlarda cəmiyyətdə baş verən mənfiliklərin mənzərəsini yaradır. Əli İldırımoğlu yazdığı felyetonlarla bağlı belə deyir: "Düzü, felyeton yazıb birinin qəlbinə toxunanda ürəyim ağrıyır. Ancaq təsəllim odur ki, bir neçə nəfəri narazı salsam da, minlərlə adamın mənafeyinə xidmət edirəm". Bu cəmiyyətdəki naqisliklərlə, eybəcərliklərlə barışmayan mübariz bir qələm sahibinin etirafıdır.
Bu cildlərdə məni cəlb edən "Əmrahsız qalan dağlar" (XI cild) romanıdır. Bu əsər Qarabağdır, işğal olunmuş Azərbaycan torpaqlarıdır, bu torpağın naləsidir, şəhidlərimizdir. Bu romanda erməni xisləti, uğurlarımız, səhvlərimz və daha nələr yoxdur: "Əmrahın qayğılı baxışları bir anlığa ətrafı dolaşdı. Yaxınlıqdakı Çopur qayanın çuxurunda pərgarı pozulmuş qartal yuvası diqqətimi cəlb etdi. Qartal həftələrlə dərələri, təpələri, çölü, çəməni cövlan edib çör-çöp toplayıb, nə zillətlə özünə yuva qurub. Ancaq onun da taleyi bəd gətirib. Zavallı quşcığazın yuvasından əsər-əlamət qalmayıb. Andranikin, Dronun, Nijdenin silahlıları bu yerlərə hücum çəkib, atdıqları topun qəlpələri qatratın yuvasından da yan keçməyib, hamısını tar-mar eləyib. Pərgarı pozulub qartal yuvasının, Qartal, üstündə əsim-əsim əsdiyi balaları ilə birlikdə al-qana boyanıb. Göyə sovrulmuş yuvada bir neçə çör-çöp və bir də ki, uzun lələklər görünürdü. Erməni qəddarlığının ucbatından daha o yuvadan qartal pərvazlanmayacaq, dağlar qartalı bir də Əliqulu uşağının səmasında qanad çalmayacaq".
Bu münaqişəyə, erməni qəddarlığına
dərindən bələd olan Əli
İldırımoğlu hadisələri bütün
reallığı ilə təsvir edir və burada insanı
kövrəldə, ağrılı-acılı çox həqiqətlər
vardır. Burada öz doğma torpağına sevgi və bu
sevgidən doğan böyük bir həsrət,
ağrı-acı var. O, tariximizin qanlı-qadalı illərini,
günlərini vərəqləyir. Onun bütün əsərlərində
olduğu kimi burada da Vətən, onun övladları,
dağı, çəməni, bulağı ön
plandadır. Əsər boyu işğal edilmiş
torpaqların həsrəti duyulur, hadisələr dərindən
təhlil edilir. Bu romanda tarix var, bu romanda üzə
çıxarılan həqiqətlər var.
Dünyagörmüş, Vətəninin hər
qarışına bələd olan bir
yazıçının bu romanında tarix də var, siyasət
də, bədiilik də. Sonralar başa düydüyümüz həqiqətlər
açılır bu əsərdə:
"Bu süfrənin başınada nə kimi məkrli
söhbətlər gedirdi - onu bir Xaçaturyanlar, bir də
ki, Gevorkovla Fransadan təşrif gətirən erməni
daşnakları bilirdi. Bəli. Əslində, saman
altından yeridilən sudan xəbərsiz
idik, çox xəbərsiz!! Bir də ki, sadəlövhcəsinə
başa düşdüyümüz bu sakitlik heç də
Boris Gevorkovun ədalət naminə dəridən-qabıqdan
çıxıb, erməni millətçilərini yerində
oturmaq hesabına deyildi. Bu zahiri sakitlik, əslində
erməni araqızışdıranlarının nazı ilə
oynamağımız hesabına başa gəlirdi.
-Stepanakertə
dəmir yolu çəkilməlidir!!
-Baş
üstə!
-Vilayətdə
pedaqoji məktəb açılsın!!
-Baş
üstə!
-Azərbaycan
radiosunda və televiziyasında erməni dilində verilişlərə
geniş yer ayrılsın!!
-Baş
üstə!
-Əsgəran
ayrıca rayon olsun!!
-Baş
üstə!
Bu müti "baş üstə"lər, güzəştə
getmələr mühitində "Krunq" mahnısı
balayanların, siva kaputikyanların tərəfindən məharətlə
improvizasiya olunurdu".
Əli İldırımoğlu içəridən gələn
yanğı ilə hadisələri təsvir edir. "Baş
üstə"lərin faciəsini açıq-aydın, sadə
dillə oxucuya çatdırır. Bu
"baş üstələr" bizi ancaq böyük faciələrə
aparıb həmişə. Elə indinin özündə
də bəzi adamlar ermənini əzizləyib gətirirlər
ölkəyə, erməni üçün dəridən-qabıqdan
çıxırlar az qala. Elə
bil ki, qəbahətli işimiz var onların yanında. Sonra başlayırlar danışmağa ki, nə
bilim erməni xalqı neyləsin, bunu edən erməni millətçiləridir.
Bəs o millətçilər kimin
övladıdır? Onlar da xalqın içindən
çıxıblar da... Əslində, bu, sadəlövh
adamların fikridir, bu, o milləti tanımayanların fikridir.
Romanda çox məsələlərə
toxunulur, amma bütün bunlar hər bir halda işğal
olunmuş torpaqlarımızla bağlıdır, bütün
hadisələrin bir ucu Qarabağa çatır,
başımıza gətirilən fəlakətlərə
çatır. Ermənilərin boş hay-küyünə
inananlar da az deyildi. Hətta
bundan istifadə edib xırda bir hadisəni dramatikləşdirirdilər.
Guya Azərbaycanın bütün əraziləri sosial-iqtisadi
baxımdan güclü inkişaf etmişdi, təkcə
Dağlıq Qarabağ yaddan çıxmışdı, əhali
xoş güzaran içində üzürdü, təkcə
ermənilər acından ölürdü və s. Halbuki o
zamanlar da Ermənistan bütün Sovet İttifaqi kimi elə də
xoş güzaran görmürdülər. Bütün
o boyda nəhəng dövlətin yaşayış tərzi
çox aşağı idi. Bunu statistik rəqəmlər
də göstərirdi. Bu erməni hiyləsinin
məkrli şüarı çox uzaqlara gedib
çıxmışdı. İş orasındadır
ki, buna inananlar da vardı və "sosial-iqtisadi vəziyyətlə"
bağlı çox sözlər deyilirdi, əslində isə
çox yanlış bir fikir idi bu. Kimlərinsə hakimiyyətdə
qalıb guya ermənilərin yaşadığı bu ərazini
cənnətə döndərməsi haqqında çox mənasız
və gülün fikirlər dolaşırdı. Əli İldırımoğlu bu əsərdə
sual yeri qoymur, hamısını cavabını verir,
hamının qiymətini çox ustalıqla verir. Kimin kim olduğunu məharətlə açıb
göstərir. Bu əsəri oxuyanda
düşünürsən ki, qoy indiki nəsillər bu
kitabı oxusunlar ki, gələcəkdə bu səhvlər
olmasın, bu dərəcədə sadəlövh
olmasınlar. Nəticəsi ağır
olur, çıxılmaz vəziyyət yaranır,
torpaqlarımız basqı altında qalır. Azərbaycan əleyhinə olan hər bir şey, ən
xırda hadisə belə, xəyanətdir. Müəllif
bunu sübut edir, başa salır, təki başa düşən
olsun: "Gülməlidir, həm də ağlamalı... Bir nəfər naxələf, nakəs barədə
qanuni tədbir görmək istəyəndə, okeanın o
tayında, bəzi Avropa ölkələrində haray-həşir
salırlar ki, qoymayın, Azərbaycanda insan haqları pozulur.
Bəs onda özünü insan
azadlığının sipəri kimi təqdim edənlər
bir milyondan artıq azərbaycanlı qaçqının məruz
qaldığı müsibəti niyə qulaqardına vurur?
Məgər onlar insan deyil?! Dünyanın
taleyini həll edənlər yüzlərlə Azərbaycan kəndinin
viranəyə çevrilməsindən niyə narahat olmur?
Ancaq respublikanın imicinə zərər vurmaq
istəyən nakəs adamlar barəsində qanuni tədbir
görəndə onu insan haqlarının pozulması kimi dəyərləndirir
və bu barədə aləmə car çəkib əsassız
ittihamlar irəli sürürlər".
Azərbaycan Əli İldırımoğlunun baş qəhrəmanıdır. Dövlətçilik,
xalq, Qarabağ onun bu əsərində əsas amildir. Əli müəllim xalqımızın mentalitetinə
yad ünsürlərin soxulmasına dözə bilmir. Nəyinsə təbii və ya qeyri-təbii
olub-olmaması barədə danışmırıq, amma bu məsələlərin
şişirdilib yüksək həddə
çatdırılması dözülməzdir. Əli
müəllim bunlara etiraz edir: "...eyni cinsdən
olanların nikah kəsdirməsini insan
azadlığının təntənəsi kimi təqdim edənlərdən
bundan artıq nə gözləmək olar?!
İlahi,
hifz et bizi, insan əxlaqsızlığını
insan azadlığı kimi başa düşənlərdən.
İlahi, hifz et bizi, azərbaycanlı
adını daşıdığı halda, əcnəbi
ölkələrdən "qrant" alıb, xaricdəki bədxahlarımızın
çırağına yağ tökən "həmvətənlərdən"!!!
O həmvətənlərdən ki, Bakıya ayaq basan əcnəbi
nümayəndələrini yanlayıb, onların
qulağına doldururlar ki, Azərbaycanda insan haqları
tapdanır, demokratik qaydalara əməl edilmir. Yaxşımızı
isə dilə gətirmirlər".
"Əmrahsız
qalan dağlar"da maraqlı bir başlıq altında
Əli İldırımoğlunun maraqlı kəlamları
var: "Hər bir adamın təbibi onun dərrakəsidir",
"Əl tutanda xeyli yüngülləşirəm. Əlimdən
tutanda arzumca olmayan minnət yüküm
ağırlaşır və qəlbimin həssaslığında
əzaba çevrilir", "Çəkdim cəfasın səfasın
çəkdiklərimdən, Gördüm səfasını
cəfasını çəkmədiklərimdən",
"İnsan üçün ən müqəddəs olan
vicdan qanunudur. Yalnız o qanunla gedənlər
Tanrıya yaxınlaşırlar", "Var-dövləti dərrakəsindən
artıq olanların axır-aqibəti faciədir".
Bu kəlamların
içində belə bir kəlam da var: "Həyatdan gələn
ədəbiyyat kitablardan törəyən ədəbiyyatdan mənalı
və məzmunludur".
Bəli, Əli İldırımoğlunun
yaradıcılığı birbaşa həyatdan gəlib, bu
yaradıcılıq Vətən torpağının
gülündən, çiçəyindən, insanından gəlib. Orda süni, bəzək-düzəkli
heç nə yoxdur. Bu əsərlərdə
yazıçı səni danışdırır, səni
dinləyir, bu əsərlərdə canlı həyat var,
insanpərvərlik var, torpağa, elə-obaya sevgi var və
bunu elə ilk andaca hiss edirsən. Əli
İldırımoğlu yazır: "Ömrümün
ahıllıq yoxuşunu qalxdıqca taqətim tükənir,
qəm yüküm ağırlaşır, kədərim
artır, sevincim qeybə çəkilir. Ancaq
dayanmadan gedirəm. Qocalığın dözümünə
bax e....".
Qocalığın dözümü də hamıda
olmur. Müdrik qocalıq da hamıda olmur, bu da bir xoşbəxtlikdir.
Qoca keçdiyi şərəfli yollara baxanda o
şərəf də, o vüqar da onun xoşbəxtliyidir.
Əli İldırımoğlu sonra yazır: "Bəzən
yazı masamdan uzaq düşürəm. Bir ay, beş
ay... Masam mənə baxır, mən də ona.
Küsgün, qəmgin, nisgilli. Bizi qovuşduran qüvvənin rəhmini gözləyirəm.
O qüvvəni hiss etməsəm, masama səmtiyə bilmirəm.
Yaxınlaşsam nə fayda?!
Gözəgörünməz qüvvə axır ki, dadıma yetir. Məni qələm-kağızla ünsiyyətə sövq edir. Onda sevinirəm, rahat nəfəs alıram. Gözümə işıq, qoluma qüvvət, dizimə taqət, qəlbimə təpər gəlir. Düşünürəm ki, yaşamağa dəyər".
Bəli, yaşamağa dəyər Əli müəllim, qələm-kağızı ilə rahat nəfəs alan bir yazıçı-jurnalist kitablarına baxanda yaşamağa dəyər. Yazıçı bunu özü də hiss edir ki, bu kitablar onun həyatıdır, onun qoyub getdiyi böyük izdir. Hiss olunur ki, Əli İldırımoğlu poeziyaya da biganə qalmayıb:
Həyatda qalmadım heç vaxt nagüman.
Ümid ulduzumun sönsə birisi,
Günəştək nur saçar o dəm qeyrisi.
Bir yandan
bağlayan, bir yandan açar,
Tanrı yaratdığın qoyarmı naçar?!
Kitabın sonunda müəllif mərd, ellər oğlu,
igid Əmrahın ruhuna dua oxuyur. Bu, Əli
İldırımoğlunun torpaq nisgilli duasıdır, Vətən
nisgilidir: "Bir də ki... Bir də ki... bizim el-obanı tərk
edib xan Araza qovuşanda Çay bağlarında
budaqdan-budağa qonan rəngbərəng quşların nəğməsini,
ətir saçan gül-çiçəklərin rayihəsini
Tinli çöllərinə ərmağan et
ki, Əmrahın ruhu şad olsun! Qoca dağlarımıza
nusgil olan Əmrahım!..."
Əzəmətli yaradıcılıq yolunda qolunuza
qüvvət, gözünüzə işıq Əli müəllim.
Həlimə
MEHDİYEVA
Mehdi MEHDİYEV
525-ci qəzet.- 2017.- 6 iyul.- S.7.