Gözlənilməz görüş, yaxud misilsiz söz və düşüncə süfrəsi

 

XƏLİL RZA ULUTÜRK, AKADEMİK ASLAN ASLANOV, RƏFİQ ZƏKA XƏNDAN VƏ ƏHMƏD ELBRUSUN UNUDULMAZ XATİRƏSİNƏ

 

 

 

Doğru deyirlər ki, zaman ən ədalətli hakimdir. Bəzən böyük şəxsiyyətlərlə eyni dövrdə yaşamağımızın, təmasda olmağımızın fərqinə varmırıq. İyirmi dörd il əvvəl gözlənilməz bir görüşün səs yazısını bu gün də dinlədikcə, nə gizlədim qürur hissi keçirdirəm...

 

Daha dəqiq desəm, 1993-cü il iyul ayının 9-u idi. O vaxt AMEA Nizami adına Ədəbiyyat İnstitutunun İçərişəhərdə yerləşən Folklor Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun - A.R.) direktoru idim. İş yerim şair Əhməd Elbrusun evi ilə üzbəüz olduğundan onunla tez-tez görüşərdik. Həmin gün səhər Elbrus müəllim gəlib, salam-kəlamdan sonra mənim gənclik dostum Səfər Nəbiyevin əhvalını soruşdu. Dedim ki, dünən ona evlərində baş çəkdim, futbol oynayarkən zədə alıb, ayağını gipsə salıblar... Çox təəssüfləndi, elə həmin gün axşam onu yoxlamağın zəruriliyini vurğuladı, hətta dostları ilə - akademik Aslan Aslanov, Xəlil Rza Ulutürk, Rəfiq Zəka Xəndanla birlikdə getməyi təklif etdi. "Yaxşı olar" - desəm də, belə yüksək tərkibli nümayəndə heyətinin Həmkarlar sahəsində çalışan, ixtisas etibarilə iqtisadçı olan Səfərlə görüşə gedəcəyinə inamım çox az idi. Səfəri heç Elbrus müəllim də yaxşı tanımırdı... cəmi iki dəfə Səfər mənim iş yerimə gələndə onunla görüşmüş, hər görüş də qonaqlıqla nəticələnmişdi. Etiraf edim ki, bu təmaslar onları xeyli yaxınlaşdırmışdı. Hər görəndə Elbrus müəllim Səfəri, Səfər də Elbrus müəllimi məndən soruşurdu... Əhməd Elbrusun amiranə səsi məni xəyaldan ayırdı: - Zəng vurub Səfərə deyərsən ki, axşam ona baş çəkməyə gələcəyik - deyib xudahafizləşdi. Səfərin mənzilində telefon olmadığından bütün digər cəhdlərim uğursuzluqla nəticələndi. Axşam saat 6-da Əhməd Elbrus iş otağıma zəng edərək məni AMEA Rəyasət Heyətinin binasında gözlədiklərini bildirdi. Doğrusu, məsələnin bu qədər ciddiliyini düşünmürdüm. AMEA Fəlsəfə, Hüquq və İqtisadi Elmlər bölməsinin akademik katibliyində Elbrus müəllim məni akademik Aslan Aslanovla tanış etdi. Görüş üçün Xəlil Rza Ulutürk, Rəfiq Zəka Xəndan, türkiyəli araşdırmaçı Yusif Gədikli, tədqiqatçı Elşən Əbdülhəsənli də hazır idi. İlk baxışdan mənə elə gəldi ki, Əhməd Elbrus görüşün məramını, xəstəyə baş çəkəcəyimizi heç kimə deməyib. Ən azı bu hissim ümumi əhval-ruhiyyəyə əsaslanırdı. Əhmədliyə yola düşməzdən öncə Elbrus müəllim məni kənara çəkib, ürəyinə daman narahatçılığa son qoymaq üçün bir daha soruşdu:

 

- Deyirsən Səfər mütləq evdə olacaq?

 

- Ayağı gipsli adam hara gedə bilər?

 

- Birdən olmadı?

 

Əhməd Elbrusun öncəgörücülüyündən məlumatım var idi, amma buna rəğmən Səfərin evdə olacağına əminliyimi bildirdim. Çünki bir gün əvvəlki görüşümüzdə onun harasa getmək niyyəti yox idi.

 

Beləliklə, avtomobillərimiz Əhmədlidə Səfər Nəbiyevin yaşadığı doqquzmərtəbəli binanın giriş qarşısında dayandı. Maşından düşən böyük alim və şairlərimizi burada yaşayanlar yüksək sevgi və çoşqu ilə qarşıladı. Elbrus müəllimin təklifi ilə mən 3-cü mərtəbəyə - Səfərin mənzilinə qalxıb, qonaqların gəlişini xəbər verməli idim. Pilləkənləri qalxarkən dostumun qonşusu ilə üz-üzə gəldim. Qısa dialoqumuz oldu:

 

- Səfər evdədirmi?

 

- Yox, Lənkərandan bir dostu gəlib, ailəsi ilə birlikdə İstisuya apardı.

 

Tutulduğumu görüb evə dəvət etsə də, razılaşmayıb geri qayıtdım. Bu xəbəri qapıda gözləyən qonaqlara çatdırmağın nə qədər ağır olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Əhməd Elbrus üzümdəki cizgilərdən ürəyinə daman narahatçılığın gerçəkliyə çevrildiyini birinci duydu. Dünya yaranandan indiyədək aktuallığını heç vaxt itirməyən bir sualla hamı üzümə baxdı: - Nə etməli? Bu suala uzun oniliklər Əhmədlidə yaşayan bir sakin kimi qürurla cavab verdim: - Bizim evə gedəyin, buradan çox da uzaqda deyil. İndiyədək nə bizim mənzil, nə də bizim bina sizin kimi yüksək titullu qonaqları qarşılamayıb. Bu sevinci bizdən əsirgəməyin...

 

Etiraf edim ki, təklifim hamının ürəyincə oldu. Bəlkə də, onları mən başqa bir zaman qonaq dəvət etsəydim "vaxt tapmaq" müşkülə çevriləcəkdi.

 

Evimizdə yeddi nəfər qonaq üçün geniş süfrə açıldı... Bundan da geniş və zəngini söz, düşüncə süfrəsi oldu. Söz söyləmək üçün elə bil hamının köksü qabarmışdı, ürəyi dolu idi. Öncədən duyduğum məzmunlu söhbətləri diktafona yazmaq təşəbbüsümə əvvəlcə etiraz olsa da, Xəlil Rza Ulutürkün hökmlü səsi, qəti qərarı ilə icazə verildi. Məclisdə təqdimat xarakterli ilk sözü Rəfiq Zəka Xəndan dedi:

 

 "Bu gün bizim gənc alim, gözəl insan, ömrünü Məhəmməd Əmin Rəsulzadəyə bağlayan və Türkiyə təəssüratı ilə türk oğlu türk kimi çağlayan Asif Rüstəmlinin ocağındayıq, evindəyik. Bu məclisdə bizim ustadımız Aslan Alp Arslan oturmuş. Məlum və məşhur şair, mücahid Xəlil Rza Ulutürk oturmuş. Türkiyədən gələn qardaşımız, böyük alim, böyük araşdırmaçı Yusif Gədikli oturmuş. Orijinal şair, orijinal alim, orijinal insan Əhməd Elbrus buradadır. Aslan bəyin ən çox sevdiyi qardaşı Muğbil (Aslan müəllimin sürücüsü - A.R) buradadır, Elşən Əbdülhəsənli buradadır ki, o da, ömrünü türk ədəbiyyatı yolunda qoymuş, türk ədəbiyyatından, türk dilindən dərs demiş, Hüseyn Baykaranın kitabını bu yaxınlarda Azərbaycan türklərinə sunmuş bir oğul oturmuş burada.

 

Mən bizim dahi şairimiz Xəlil Rza Ulutürkə yazdığım, 1990-cı ildə yazdığım və keçən il "Seçilmiş əsərlərim"ə saldığım, eyni zamanda "Xəlil, hey" kitabında gedən Xəlil Rzanın özünün "Davam edir 37" kitabında yer alan bir şeirimi oxumaq istəyirəm:

 

Şair, vatanın bağrı yarılmış,

Lakin nə fəğan et, nə də ağla.

Kurtlar, çalağanlarla sarılmış

Şimşək kibi, vulkan kibi çağla!

 

Oldun can Azərbaycana qurban,      

Kurt azmini, kurt aşkını bildir.

Bildir ki, alevler kibi çarpan,

Zindanda Rza oğlu Xəlildir.

 

Ərdəmli igid, şanlı igidsin,

Duy aşkını yurtdaşlar içində.

Sən ölmeyecek canlı şehidsin,

Türk övkeli, türkdaşlar içində!

 

Andınla, inancınla, adınla,

Hər türküsü şimşək dolu türksən!

Yüksəl, sana layiq soyadınla,

Aşkın Atatürkdü, Ulutürksən.

 

Etsin yağılar qoy səni sürgün,

Kurtlar dolu dağlar duman olsun.

Türk millətinin şairi bir gün,

Türk dastanına kahraman olsun."

 

Rəfiq Zəkanın çılğın çıxışı, Xəlil Rzaya həsr etdiyi şeirinin məzmunu, pafosu, təsir gücü doğrusu, hamını heyran etdi.

 

Sonra Əhməd Elbrusa söz verildi. O dedi: "Bu günlərdə elə oldu ki, Ədəbiyyat İnstitutunda biz görüşdük. Rafiq bəy də orda oldu, Xəlil Rza Ulutürk də orda oldu, lakin, Aslan Alp Arslan orada yox idi. Azərbaycan xalqının şair oğlu, alim oğlu, eyni zamanda akademiki, zəkası, qeyrətini çəkən, təəssübünü çəkən qüdrətli bir oğul orada olmadığına görə Rafiq Zəka qəti sürətdə nahardan imtina elədi. Dedi ki, o məclisə mən getmərəm ki, orda Aslan Alp Arslan yoxdur. Mən indi demək istəyirəm ki, Aslan Alp Arslan həm estetikdir, həm filosofdur, həm şairdir, həm vətəndaşdır, həm alimdir. Bütün bunlarla yanaşı, Azərbaycan elminə, Azərbaycan beyninə nəzarət edən, rəhbərlik eyləyən bir dövlət xadimidir. Fəlsəfə, tarix, hüquq elmlərinə rəhbərlik eyləyən akademik katibdir ki, bu hər adama müəssər olmur. Bir dəfə yaxın vaxtlarda Tehrandan professor Qulamhüseyn Bəydli gəlmişdi. Bəydli Xəlil Rzayla, mənlə bir yerdə işləyib. Çox namuslu, ləyaqətli bir adamdır. İran şahı Məhəmməd Rza Pəhləvi ilə bir sinifdə oxuyub 10 il bir yerdə. Bəydlilərdən 3 cildlik bir kitab çıxıb, çox böyük nəsildirlər, xan nəslidirlər. Sözüm onda yoxdur, gəlmişdi bura və biz getmişdik İncəsənət İnstitutuna. Orda ən gözəl qadınlar böyük qardaş kimi atıldılar Aslan Aslanovun boynuna, onu öpdülər. Dedilər bu adam orada nə qədər təmiz işləyib, hamıya xeyirxahlıq eləyib. Nə qədər İncəsənət İnstitutunun rektoru olub, bir adamdan bir manat almayıb, kimsənin könlünə dəyməyib, haqqı nahaqqın ayağına verməyib, nahaqqı da, haqq yoluna döndərib. Belə bir şəxsdir, belə bir gözəl insandır. Oğlu da bugünkü gün əsirdir, nətəhər olub, huşsuz, yaralı şəkildə əsir düşüb. Onun oğlu da, könüllü surətdə döyüşə gedib. Elə bir qüdrətli insandır. Mən belə başa düşürəm ki, bizim böyük qardaşımız, bir daha necə deyərlər ağsaqqalımızın şərəfinə biz bir gözəl söz deyək. Biz çox xoşbəxtik ki, bizim xalqımızın Aslan Alp Arslan kimi böyük bir alimi, qüdrətli şəxsiyyəti, gözəl insanı var. Onun "Laləlar" şerini - mən onu 20 ildir bilirəm, təkcə o deyil, Allah qoysa, onun kitabını özümüz buraxacağıq, Rəfiq Zəka ilə biz. Mən nə demək istəyirəm, demək istəyirəm ki, bugünkü gün bizim üçün çox böyük gündür. Nəyə görə? Əvvəla xalqımızın uzun müddət başqanı olmadı, bir müddət başımıza bəlalar gəldi.

 

İndi xalqımızın böyük oğlu, atası Heydər Əlirza oğlu gəlibdir hakimiyyətə. O, bayaq televizorda gördünüz necə gözəl sözlər dedi, necə müdrik çıxış elədi. Aslan Alp Arslan gəlib buraya, bu məclisdə əyləşib. Mən demək istəyirəm ki, gəlin Aslan Alp Arslanın sağlını xüsusi qeyd edək".

 

(Ardı var)

 

Asif RÜSTƏMLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.- 6 iyul.- S.6.