Əziz Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş biblioqrafik informasiya nəşri
Görkəmli şəxsiyyətlərin həyat və
fəaliyyətinin araşdırılması, sistemləşdirilərək
ümumiləşdirilməsi demək olar ki, bütün
humanitar və sosial elmlərin aktual tədqiqat obyektlərindən
biri olub.
Əksər
humanitar və sosial elmlər, o cümlədən,
biblioqrafiyaşünaslıq sahəsində böyük elm,
maarif, mədəniyyət, ədəbiyyat, incəsənət,
siyasət və dövlət xadimlərinin keçdiyi həyat
yolu, fəaliyyəti, xidmətləri və digər aktual
problemlərə dair tədqiqatlar aparılıb, bunun nəticəsində
sanballı əsərlər nəşr edilib.
Azərbaycanda
M.F.Axundov adına Milli Kitabxana, AMEA Mərkəzi
Elmi Kitabxanası kimi böyük kitabxana-biblioqrafiya və
informasiya mərkəzlərinin biblioqrafik informasiya fəaliyyətinin
əsas istiqamətlərindən birini məhz şəxsi
biblioqrafik göstəricilərin hazırlanması təşkil
edir. M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri"
seriyası ilə, AMEA Mərkəzi Elmi Kitabxanası isə
"Azərbaycanın elm və mədəniyyət xadimləri"
seriyası ilə şəxsi biblioqrafik göstəricilər
hazırlayır. Bu vəsaitlər informasiya-soraq xarakteri
daşıyır və konkret şəxsiyyətin fəaliyyət
sahəsinin ən operativ, dəqiq, zəngin və sistemli
informasiya bazası rolunu oynayır.
M.F.Axundov
adına Milli Kitabxananın "Azərbaycanın görkəmli
şəxsiyyətləri" seriyası ilə
hazırladığı şəxsi biblioqrafik göstəricilər
sırasında cari ildə çap olunan, Azərbaycan
xalqının böyük oğlu, görkəmli elm, dövlət
və siyasi xadimi, qabaqcıl səhiyyə
və səhiyyə təhsili təşkilatçısı
Əziz Əliyevin həyat və fəaliyyətinə həsr
olunmuş "Əziz Əliyev" adlı şəxsi
biblioqrafik göstəricisidir. Əziz
Əliyevin anadan olmasının 120 illiyi münasibətilə
hazırlanan bu fundamental biblioqrafik göstəricini onun həyat
və fəaliyyətinə dair ən dolğun, sistemli, dəqiq
və orijinal informasiya məhsulu hesab etmək olar.
Biblioqrafik
göstəricinin tərtibçiləri M.Vəliyeva,
M.İbrahimova,
G.Misirova, ixtisas redaktoru və buraxılışa məxsul Əməkdar
mədəniyyət işçisi, professor K.Tahirov, redaktoru Əməkdar mədəniyyat
işçisi G.Səfərəliyevadır.
Biblioqrafik göstərici Azərbaycan və rus dillərində
tərtib edilib, materiallar bölmələr daxilində
xronoloji prinsiplə, daxildə isə əlifba sırasına
uyğun olaraq qruplaşdırılıb.
Biblioqrafik göstərici öz elmi-nəzəri, metodiki
və praktiki mahiyyəti etibarilə müasir
biblioqrafiyaşünaslığın müddəalarına
uyğun mükəmməl hazırlanıb, yüksək
dizayn və nəfis tərtibatla çap olunub. Biblioqrafik göstəricidə
ilk növbədə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin "Azərbaycanın görkəmli
dövlət və elm xadimi Əziz Əliyevin 120 illik
yubileyinin keçirilməsi haqqında" 18 noyabr 2016-cı il tarixli sərəncamının mətni
verilib. Daha sonra "Tərtibçidən" adlı hissədə
biblioqrafik göstəricinin strukturu, istifadə qaydaları və
s. haqqında məlumat təqdim olunub.
Biblioqrafik
göstəricidə xüsusilə diqqəti cəlb edən əsas
məqamlardan biri xalqımızın ümummilli lideri, ulu
öndər H.Əliyevin Əziz Əliyevin 100 illik
yubileyi gecəsində tarixi nitqinin mətninin verilməsidir.
Olduqca böyük
məntiqi, elmi-nəzəri və ideoloji mahiyyət
kəsb edən bu məruzənin verilməsi tərtibçilərin
və göstəricinin buraxılışına məsul olan
şəxslərin ciddi elmi-nəzəri və ideoloji
hazırlığından, yüksək peşə
kompetensiyasından xəbər verir.
Ulu
öndər H.Əliyevin 16 may 1997-ci il
tarixində Əziz Əliyevin 100 illik yubileyi gecəsindəki
bu tarixi nitqi böyük dövlət və elm xadiminin həyat
və fəaliyyəti, bütöv şəxsiyyəti
haqqında ən dolğun, mötəbər, obyektiv mənbə
kimi olduqca əlamətdardır. Bu, həm də, Əziz
Əliyevə - Azərbaycan və Dağıstan
xalqlarının elmi-pedaqoji, siyasi-ictimai həyatında
böyük rol oynayan, Azərbaycanda elmin, səhiyyənin,
dövlət idarəçiliyinin inkişafında müstəsna
xidmətləri olan, eləcə də Dağıstan
xalqının Böyük Vətən müharibəsində
düşdüyü ağır çətinliklərdən
xilas olmasında, Azərbaycan və Dağıstan arasında
dostluq və əməkdaşlıq münasibətlərinin
yaradılması və inkişaf etdirilməsində fədakar
əməyi olan, cənublu soydaşlarımızın
şimallı qardaşları ilə mədəni əlaqələrinin
yaradılmasında ciddi səylər göstərən
görkəmli şəxsiyyətin, humanist, sadə,
qayğıkeş, dəyanətli Vətən oğluna verilən
ən yüksək siyasi qiymət kimi də qiymətləndirilməlidir.
Deyilənlərə sübut kimi Ulu öndərin yuxarıda
qeyd olunan tarixi nitqindən kiçik bir parçanı misal
göstərmək olar: "...Bizim üçün xüsusi
əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının
oğlu Əziz Əliyev yüksək
bacarığını, fayda vermək qabiliyyətini
yalnız təkcə öz respublikasında, ölkəsində
nümayiş etdirməmişdir. O, müharibə illərində
İranda çox ağır işi uğurla yerinə
yetirmiş,
Dağıstanın rəhbəri kimi son dərəcə
məsuliyyətli işin öhdəsindən çox gözəl
gəlmiş, Moskvada - tərkibində
yaşadığımız Sovetlər İttifaqı kimi bir
dövlətin paytaxtında müvəffəqiyyətlə
çalışmışdır. Bizim
xalqımız üçün bunun xüsusi əhəmiyyəti
var, ona görə ki, xalqımız, Azərbaycanın ən
yaxşı oğulları təkcə öz ölkəsində
deyil, həm də başqa ölkələrdə,
respublikalarda layiqli yer tuta bilir. Bu, hər
bir azərbaycanlının qəlbində çox
böyük iftixar hissi doğurur".
Ulu
öndər H.Əliyev Əziz Əliyevin uşaqlıq, ilk gənclik,
tələbəlik illərinin olduqca qayğılı
keçməsini, həmin vaxtlarda kəskin hal alan erməni vəhşilikləri
səbəbilə ciddi sıxıntılara, repressiyalara, dərin
maddi və mənəvi sarsıntılara məruz
qalmasını, lakin heç vaxt sınmamasını, əyilməməsini,
hər zaman böyük çətinliklərə mətanətlə
sinə gərməsini, yorulmadan
çalışmasını, xalqının xoşbəxtliyi,
firavan həyatı naminə hər cür problemlərin həllinə
yönəlik məqsədyönlü, olduqca səmərəli
fəaliyyət göstərməsini bu hissədə
xüsusilə belə qeyd edir: " .....Əziz Əliyev
İrəvanda anadan olmuş və artıq 1918-ci ildə
özü və bütün ailəsi soyqırıma,
deportasiyaya məruz qalmışdır. O, ermənilərin Azərbaycan
xalqına qarşı törətdiyi soyqırımı
çox gənc yaşlarında özü görmüş və
doğma diyarını tərk edərək Naxçıvana,
oradan da Bakıya köçməyə məcbur olmuşdur.
O, çalışır, çox iş görürdü, əvəzinə
40-cı ildə ona töhmət elan edirlər ki, guya tibb
institutunu antisovet ünsürlərdən, millətçilərdən
və s. təmizləməmişdir. O, müharibə
vaxtı İranda, Dağıstanda nə qədər
böyük işlər görmüş, Moskvada müvəffəqiyyətlə
işləmiş, sonra Vətənə
qayıtmışdır. Bir il sonra isə
onu işdən çıxarmışdılar ki, guya valideynlərinin
sosial mənşəyini-bacısının İranda
olmasını gizlətmişdir. Bu paradoks indi
artıq bizə məlumdur. Əziz
Əliyevin heç bir günahı yox idi. Hamı yaxşı bilirdi ki, əri kimi özü də
İran təbəəsi olan böyük bacısı 1938-ci
ildə İran təbəəli azərbaycanlılar buradan
çıxarılan vaxt İrana köçməyə məcbur
olmuşdur. Bu məlum idi və heç kəs
bunu gizlətmirdi. Onun isə boynuna qoydular
ki, bu faktı gizlətmişdir. Onun ailəsinin
sosial mənşəyi də məlum idi. Onu
repressiyaya məruz qoymaq üçün sadəcə nəyəsə
öcəşmək lazım idi".
Biblioqrafik göstəricidə daha sonra "Vətənin
fəxri və vüqarı" başlıqlı məqalə
verilmişdir.
Böyük təhsil təşkilatçısı, ictimai xadim,
Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki, Milli Məclisin deputatı
Əhliman Əmiraslanov tərəfindən yazılan bu hissədə
Əziz Əliyevin zəngin həyatı, dolğun fəaliyyəti,
səmərəli xidmətləri, ilk növbədə,
görkəmli həkim, böyük tibb alimi, qabaqcıl səhiyyə
təşkilatçısı kimi kompleks peşə
kompetensiyasının başlıca nüansları olduqca həssas
şərh edilib. Burada akademik Əhliman
Əmiraslanov tərəfindən Əziz Əliyevin həm də,
bir müəllim kimi yüksək pedaqoji keyfiyyətlərindən,
humanizmindən, tələbələrə atalıq,
valideynlik qayğılarından ürək dolusu söz
açılır. O cümlədən, məqalədə
Əhliman Əmiraslanov Əziz Əliyevi qayğıkeş
ailə başçısı, övladları
üçün nümunəvi ata, eləcə də
bütün Azərbaycan övladları üçün əlindən
gəldiyi qədər atalıq qayğısını əsirgəməyən
sadə, səmimi, mehriban bir şəxsiyyət kimi dəyərləndirib.
Məqalədə
Əziz Əliyevin Moskvada və Bakıda oxuduğu vaxtlar, ilk əmək
fəaliyyəti, sonralar Azərbaycan Tibb Universitetinin
inkişafında xidmətləri,
eləcə də özünün bilavasitə təşəbbüsü
ilə yaradılan Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və
Bərpa Cərrahlığı İnstitutunun
inkişafındakı xidmətləri və s. geniş təhlil
edilib.
Məqalədə diqqəti xüsusilə cəlb edən
daha bir mühüm məqam məhz Əziz Əliyevin kitaba və
kitabxanaya yüksək qiymət verməsi, kitabı,
kitabxananı xalqın müstəsna milli sərvəti kimi dəyərləndirməsi,
kitabxanaların yaradılması və inkişafının cəmiyyət,
dövlət üçün prioritet istiqamət kimi qəbul
olunmasının vacibliyini qeyd etməsidir. Təsadüfi
deyildir ki, məhz Əziz Əliyev bilavasitə təşəbbüskarlığı,
fədakarlığı sayəsində o vaxtlar yenicə
yaradılan Azərbaycan Tibb İnstitutunun nəzdində elmi
kitabxananın təsis edilməsi və zənginləşdirilməsi
üçün böyük tədbirlərə imza atıb.
Akademik Ə.Əmiraslanov məqaləsində bu haqda belə
yazır: "...Odur ki, Əziz Əliyev ATİ-yə rəhbərlik
etdiyi ilk illərdə hər şeyi sıfırdan
başlamalı olurdu ki, bu da çox vaxt tələb edir,
alimin işlərini qat-qat çətinləşdirirdi. Heç bir çətinlikdən çəkinməyən
Əziz Əliyev möhkəm iradə və dözüm
nümayiş etdirərək Azərbaycan Dövlət Tibb
İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq
ideyasını reallaşdırmağa başlayıb.
Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi
altında "Kitabxana komissiyası" yaradılıb və
komissiya səmərəli fəaliyyət göstərərək,
1936-cı ildə oxuculara belə bir təlimat göndərib:
"Kitabxana plan üzrə SSRİ-də nəşr olunan
bütün təzə kitabları, o cümlədən,
dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi
və 87 xarici ölkə ilə kitab mübadiləsi
aparır". Bundan sonra kitabxananın
özülünün möhkəmləndirilməsində,
inkişafında və formalaşdırılmasında ciddi
dönüş yaranmışdır".
Göründüyü
kimi, Azərbaycan xalqının görkəmli alimi Əziz
Əliyev kitab və kitabxanaya böyük diqqət,
qayğı ilə yanaşmış, dərin hörmət və
məhəbbət bəsləmiş, kitabxana işinin elmin, təhsilin,
eləcə də mədəniyyətin, tərbiyə
prosesinin ən effektiv, optimal və səmərəli
informasiya bazası kimi mühüm əhəmiyyətini dəyərli
ziyalı, böyük elm və təhsil adamı, qabaqcıl
ictimai-siyasi xadim kimi dərindən dərk etmiş, əlindən
gəldiyi qədər bu sahənin inkişafına öz
töhfələrini əsirgəməmişdir. Mən qətiyyətlə
deyə bilərəm ki, məhz Əziz Əliyevin kitabxana
işi sahəsindəki fəaliyyəti, xüsusilə Azərbaycan
təhsilinin və səhiyyə sisteminin ən aparıcı
həlqələrindən biri olan Azərbaycan Tibb
Universitetinin Elmi Kitabxanasının yaradılması və inkişafındakı
xidmətləri müasir kitabxanaşünaslar, biblioqraflar,
informasiya mütəxəssisləri üçün əsaslı
elmi-tədqiqat obyekti kimi olduqca ciddi aktuallıq kəsb edir.
Burada, həmçinin
Əziz Əliyevin ailəsinin, övladlarının, bu ailənin
davamçılarının Azərbaycan xalqının həyatında
oynadığı rolundan geniş söhbət
açılmış, xüsusilə bu görkəmli şəxsiyyətin
qızı, ulu öndər, ümummilli lider H.Əliyevin
sevimli həyat yoldaşı, möhtərəm prezidentimiz cənab
İlham Əliyevin anası, dünyaşöhrətli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin,
keşməkeşli həyatından bəhs edilmiş, olduqca
böyük elmi-nəzəri və ideoloji-ictimai əhəmiyyət
kəsb edən mühüm məqamlara toxunulmuşdur.
Fundamental biblioqrafik göstəricinin "Əziz
Əliyevin həyat və fəaliyyətinin əsas tarixləri"
adlı bölməsində görkəmli ziyalının
anadan olmasından vəfatına qədərki bütün həyat
və fəaliyyətinin xronoloji prinsiplə sistemli biblioqrafik
repertuarı əks etdirilmişdir.
Göstəricinin
"Görkəmli şəxsiyyətlər Əziz Əliyev
haqqında" adlı bölməsində Azərbaycanın
və dünyanın böyük şəxsiyyətlərinin,
qabaqcıl elm, maarif, mədəniyyət, siyasət, ədəbiyyat,
incəsənət və ictimai xadimlərinin,
özünün yetirmələrinin onun haqqında dedikləri
xatirələri, örnək sözləri, təfərrüatları
geniş yer alır. Təkcə bu hissədə qeyd olunan
obyektiv fikirlər, xatirələr, təfərrüatlar
Əziz Əliyevin bütöv şəxsiyyəti,
insanlığı, humanizmi, ədaləti, obyektivliyi, səmimiliyi,
alimliyi, müəllimliyi, rəhbər işçi kimi
xarakteristikası, valideynliyi, ağsaqqallılığı
haqqında ən orijinal mötəbər mənbələr
kimi olduqca qiymətlidir. Vəsaitin mühüm
göstəricilərindən biri də bu hissəyə dair
materialların tərtibçilər tərəfindən gərgin
əmək, çətin axtarışlar nəticəsində
mükəmməlcəsinə ərzəyə gətirilib
sistemləşdirilməsidir.
Biblioqrafik göstəricinin növbəti bölməsi
"Əsərləri" adlanır. Bu hissə
"Kitabları", "Dövri mətbuatda və məcmuələrdə
dərc edilmiş məqalələri" adlı alt bölmələrdən
ibarətdir.
"Kitabları" adlı alt bölmədə alimin
müxtəlif illərdə qələmə
aldığı dərslik və monoqrafiyaları xronoloji
prinsiplə sistemləşdirilmiş, "Dövri mətbuatda
və məcmuələrdə dərc edilmiş məqalələri"
adlı alt bölmədə isə alimin dövri mətbuatda
və məcmuələrdə çap olunmuş
çoxsaylı məqalələrinin xronoloji prinsiplə və
daxildə əlifba sırası ilə sistemləşdirilmiş
biblioqrafik repertuarı yaradılmışdır.
Vəsaitin
"Əziz Əliyevin həyat və fəaliyyəti
haqqında" adlanan növbəti bölməsi
"Kitablar" və "Dövri mətbuatda və məcmuələrdə
dərc edilmiş məqalələri" adlı alt bölmələrdən
ibarətdir.
"Kitablar" adlı alt bölmədə
ayrı-ayrı vaxtlarda müxtəlif dillərdə Əziz
Əliyev haqqında yazılmış fundamental monoqrafik
kitabların, "Dövri mətbuatda və məcmuələrdə
dərc edilmiş məqalələri" adlı alt bölmədə
isə Əziz Əliyev haqqında dövri mətbuatda və
məcmuələrdə yazılmış çoxsaylı məqalələrin
xronoloji biblioqrafik repertuarı yaradılmışdır.
Biblioqrafik göstəricinin
sanballılığını, elmi-nəzəri və metodiki
fundamentallığını əsaslandıran başlıca
xüsusiyyətlərindən biri də burada materialların
Azərbaycan dili ilə yanaşı, rus dilində də verilməsidir.
Azərbaycan dilindəki materialların, yaradılmış biblioqrafik repertuarının eynilə rus dilində verildiyi bölmə və alt bölmələrdən sonra "Köməkçi göstəricilər" adlı bölmə gəlir. Ümumiyyətlə, köməkçi göstəricilər biblioqrafik göstəricilərdə başlıca əhəmiyyət kəsb edən əsaslı nəzəri-metodiki və praktiki müddəa kimi çox önəmlidir. Hətta obrazlı desək, "Biblioqrafik göstərici konkret şəxsin həyat və yaradıcılığının güzgüsüdürsə, köməkçi göstəricilər isə "Biblioqrafik vəsaitin güzgüsüdür". Köməkçi göstəricilər bilavasitə biblioqrafik göstəricidən istifadəni asanlaşdırmağa, yaradılmış biblioqrafik repertuarı təşkil edən biblioqrafik təsvirlərin daha operativ seçilməsinə xidmət edir. Eyni zamanda, köməkçi göstəricilərin hazırlanması da, tərtibçidən yüksək peşəkarlıq, dərin elmi-nəzəri, metodiki və praktiki peşə hazırlığı tələb edir.
Beləliklə, Azərbaycan xalqının görkəmli şəxsiyyəti, böyük elm, təhsil təşkilatçısı və ictimai-siyasi xadimi Əziz Əliyevin keşməkeşli həyatı və zəngin fəaliyyətinə dair mövcud ədəbiyyatın biblioqrafik repertuarını əks etdirən elmi-köməkçi xarakterli, əsaslı nəzəri-metodiki və praktiki müddəalar əsasında hazırlanmış bu biblioqrafik vəsait Azərbaycanda milli biblioqrafiyanın yüksək uğuru kimi qiymətləndirilməyə layiqdir.
İnanırıq ki, haqqında bəhs etdiyimiz biblioqrafik məhsul nəinki təkcə Əziz Əliyevin həyat və fəaliyyəti ilə maraqlanan, tədqiqat aparan, ümumiyyətlə, bu böyük şəxsiyyətlə yaxından tanış olmaq istəyən, Azərbaycanda elmin və səhiyyənin inkişafı tarixi ilə maraqlanan hər bir kəs üçün stolüstü kitaba çevriləcək.
Azad QURBANOV
BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,
dosent
525-ci qəzet.- 2017.- 6 iyul.- S.4.