Milli mətbuat və maarif tariximizin
işıqlı səhifəsi: "Yeni yol"
Filologiya
üzrə fəlsəfə doktoru Mehriban Sultanın "Elm
və təhsil" nəşriyyatında çapdan
çıxmış "Milli mətbuat tarixində "Yeni
yol" qəzeti" adlı kitabı 140 ildən artıq bir
yol keçmiş Azərbaycan mətbuatının
araşdırılması istiqamətində uğurlu tədqiqatlardan
biridir.
Kitab akademik İsa Həbibbəylinin elmi redaktorluğu,
filologiya elmləri doktoru Hüseyn Həşimli və
filologiya üzrə fəlsəfə doktoru İman Cəfərovun
rəyləri əsasında işıq üzü
görmüşdür. Öz mənbəyini "Əkinçi"- dən
götürən Azərbaycan milli mətbuatının zəngin
və çoxsaylı sırasında "Yeni yol" qəzetinin
özünəməxsus yeri var. Mətbuat tariximizdə
latın qrafikası ilə dərc olunan ilk türk qəzeti -
"Yeni yol" fəaliyyəti dövründə (1922-1939)
böyük missiyanın daşıyıcısına
çevrilmiş, Azərbaycanda aparılan yeni əlifba
islahatının önündə getmiş, bu taleyüklü
məsələnin həyata keçirilməsində, kütləvi
savadsızlığın aradan qaldırılmasında
müstəsna rol oynamışdır. Kitabda bu qlobal problemlərə
xüsusi diqqət yetirilmiş, milli mətbuat tariximizdə
"Yeni yol" qəzetinin mövqeyi, əsas ideya istiqamətləri,
məqsəd və vəzifələri geniş şəkildə
təhlilə cəlb edilmişdir.
"Yeni yol" qəzeti indiyədək ciddi şəkildə
araşdırılmamış, onun başlıca prinsipləri,
cahanşümul xidmətləri, qəzetin
yaradıcıları, əməkdaşları, əsas müəllifləri
haqqında geniş, dəqiq və hərtərəfli tədqiqat
aparılmamışdır. Tədqiqatçı
Mehriban Sultan bütün bu önəmli məsələləri
diqqət mərkəzində saxlamış, sanballı və
dəyərli bir kitab yazıb ərsəyə gətirmişdir.
Mehriban Sultan bu qəzetin fonunda XX əsr milli mətbuatının
əsas konturlarını müəyyənləşdirmiş,
"Yeni yol"a dövrün ümumi kontekstindən
yanaşaraq inandırıcı faktlar əsasında obyektiv qənaətlərə
gəlmişdir. Bununla yanaşı, dövrün
bütün gerçəkliklərini,
paradoksallığını, regional və lokal hadisələri
nəzəri-tipoloji aspektdən araşdırmış,
problemin dərin köklərini üzə
çıxarmağa müvəffəq olmuşdur. Eyni zamanda, tədqiqatda "Yeni yol" qəzeti
ümumbəşəri problemlərin ayrılmaz tərkib hissəsi
kimi alınmış və məsələlərə milli və
bəşəri dəyərlər prizmasından
yanaşılmışdır. XX əsrin
mövcud durumu, onun mətbuata təsiri, insan təhtəlşüurunun
dərinliklərində ehtiva olunan bütün qatların
açılmasında, elmin, maarifin təkamülündə
bu qəzetin əhəmiyyətli rolu tarixi fakt və sənədlər
fonunda izlənilmişdir.
Yeni Əlifba Komitəsinin orqanı olan "Yeni yol"
qəzeti komitənin sədri, Azərbaycan MİK-in sədri Səməd
ağa Ağamalıoğlunun təşəbbüsü ilə
nəşrə başlamışdı. İlk sayı 1922-ci ilin 21
sentyabrında işıq üzü görən "Yeni
yol" qəzeti öz ətrafında Cəlil Məmmədquluzadə,
Fərhad Ağazadə, Mirzə Cabbar Məmmədzadə,
Abdulla Tağızadə, Vəli Xuluflu kimi böyük
ziyalıları toplamışdı. Bu mətbuat
orqanının yaradılmasında əsas məqsəd yeni əlifbanı
xalq arasında geniş yaymaq, maarifləndirmə işi aparmaq
idi. Elmi-mədəni tərəqqiyə,
milli intibaha, türkçülük ideologiyasına söykənən
"Yeni yol" qəzeti çətin və
enişli-yoxuşlu mərhələlərdən
keçmiş, nəşr olunduğu illərdə ciddi
müqavimətlə üzləşmişdir. Buna
baxmayaraq, on yeddi il fəaliyyət göstərən
"Yeni yol" bu zaman kəsiyində milli mətbuatımızın
yeni səhifələrini yazmış və qlobal problemlərin
həllində əhəmiyyətli rol oynamışdır. Mütərəqqi ənənələrin
daşıyıcısı olan "Yeni yol" qəzeti sovet
rejiminin, repressiyaların tüğyan etdiyi bir dövrdə fəaliyyətini
başa vurmuşdur. Azərbaycan
xalqının, onun ziyalılarının həyatında dərin
şırımlar açan, sağalmaz yaralar vuran totalitar
rejim milli mətbuatımızdan da yan keçməmişdir.
1939-cu ildə "Yeni yol", "Kommunist"
qəzeti ilə birləşdirilmiş və bununla da nəşrini
dayandırmışdır. "Yeni
yol"un "Kommunist"in içərisində əridilməsi
sovet rejiminin planlı şəkildə həyata keçirdiyi
ideoloji mübarizənin tərkib hissəsi idi. Türk
dünyası arasındakı mənəvi bağları
möhkəmlətməyə çalışan "Yeni
yol"un turançılıq ideologiyası
rus hökumətinin maraqları ilə üst-üstə
düşmürdü. O, keçmiş SSRİ məkanında,
Türkiyədə, Orta Asiya respublikalarında, Krımda,
Kazanda və digər türkdilli xalqlar arasında vahid əlifbadan
istifadə yolu ilə milli ideologiyanın təbliği
missiyasını yerinə yetirirdi. Kitabda bu
problemləri ön plana çəkən Mehriban Sultan
"Yeni yol" qəzetinin tarixi inkişaf mərhələlərini,
onu yetişdirən ictimai-siyasi və sosial mühiti, təşəkkül
və təkamül prosesini ardıcıl və diqqətlə
izləmişdir. Dövrün real mənzərəsini,
tarixi gerçəklikləri faktlar əsasında şərh
edən müəllif milli mətbuatımızın
maraqlı səhifələrindən birini yazan "Yeni
yol"- un mövqeyini və ideya xəttini
obyektiv qiymətləndirmişdir. Qəzetin
yaranma zərurətini, hansı mənbə və ənənələrdən
bəhrələndiyini xüsusi vurğulamışdır.
Tədqiqatçı "Molla Nəsrəddin" ədəbi
məktəbinin görkəmli nümayəndələri C.Məmmədquluzadə,
M.S.Ordubadi, Ə.Nəzmi, B.Abbaszadə kimi sənətkarların
"Yeni yol"la sıx əməkdaşlığına
kitabda geniş yer vermişdir. Eyni zamanda, böyük realist ədibimiz
"Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil
Məmmədquluzadənin "Yeni yol"da da bu fəaliyyətini
davam etdirməsi, satirik jurnalda qazandığı təcrübəni
burada uğurla tətbiq etməsi məsələləri
kitabda geniş şəkildə əksini tapmışdır.
Akademik
İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin zəngin
fəaliyyətinin bu istiqamətini ön plana çəkərək
yazır: "C.Məmmədquluzadə yeni əlifba
yollarında çoxcəhətli iş aparmağı vətəndaşlıq
işi hesab etmişdir. "Yeni yol" qəzetinin
redaktorluğunu öz üzərinə götürməsi,
Əlifba Komitəsinin fəaliyyətinə diqqət yetirməsi
də buradan irəli gəlmişdir. Tərəddüdsüz
demək olar ki, həmin sahədə apardığı
mübarizənin bütün yönləri ilə C.Məmmədquluzadə
yeni əlifbanın həyata keçirilməsinin ideya və əməli
generatoru vəzifəsini uğurla yerinə yetirmişdir.
(Cəlil Məmmədquluzadə: mühiti və müasirləri.
"Əcəmi", Naxçıvan, 2009, səh.365)
Cəlil Məmmədquluzadənin "Yeni yol"la
bağlılığı müxtəlif parametrlərdə təzahür
etmişdir. Müəyyən müddət qəzetin redaktoru
olmaqla yanaşı, yazıçı həm maraqlı
publisistik əsərlərini, həm də bir sıra hekayələrini
məhz ilk dəfə "Yeni yol"da dərc etdirmişdir.
Bütövlükdə bu mətbu orqan C.Məmmədquluzadə
ideyalarını həyata keçirən əhəmiyyətli
bir vasitəyə çevrilmişdi.
Tədqiqatçı
kitabda "Molla Nəsrəddin"lə "Yeni yol"
arasında paralellər aparır, onları bir-birinə
yaxınlaşdıran ideya, məfkurə, əqidə
birliyini konkret nümunələr əsasında təhlilə
cəlb edir. Mehriban Sultan bu iki mətbu orqan arasındakı
bağlılığı şərh edərək yazır:
"Yeni yol" qəzeti yeni əlifbanı tətbiq və təbliğ
etməklə "Molla Nəsrəddin" jurnalının
milli tərəqqiyə nail olmaq məramını davam
etdirmiş, Azərbaycan dili və ədəbiyyatını,
maarif və mədəniyyətini inkişaf etdirmək vəzifələrini
uğurla həyata keçirmişdir. "Yeni
yol" totalitar sovet rejimi dövründə milli-mənəvi
dəyərlərimizi cəsarətlə təbliğ
etmişdir. Qəzet öz ideya istiqaməti ilə "Molla
Nəsrəddin" ənənələrinə sadiq qalmış və bu ənənələri
mollanəsrəddinçilərlə birlikdə
yaradıcı şəkildə davam etdirmişdir. Beləliklə
də, "Yeni yol" qəzeti və "Molla Nəsrəddin"
jurnalı arasında "əməl dostluğu"
formalaşmış, bu mətbu orqanlar ümumxalq mənafeyinə
xidmət etmək kimi vahid bir cəbhədə birləşmişlər.
(Milli mətbuat tarixində "Yeni yol" qəzeti.
"Elm və təhsil", Bakı-2015, səh.
29)
"Tərcüman"
qəzetinin naşiri və baş redaktoru İsmayıl bəy
Qaşpıralı Əli bəy Hüseynzadəyə
ünvanladığı məktubunda yazırdı: "... hər
nə yazacaq isən qələmi üç qəpiklik qara
mürəkkəbə batırma, ürəyinə
batırıb qanı ilə yazı yaz. Sözün
ötər, vicdanlar yetər. Əks halda
bisəmərə gələr, keçər, gedər".
Türk dünyasının böyük ziyalısının
bu dərin hikmətamiz "ricası" XX əsrin əvvəllərində
yaşayıb-yaradan Azərbaycan publisistlərinin, xüsusilə
də Cəlil Məmmədquluzadənin yaradıcılıq
kredosuna çevrilmişdi. Bu amala sadiq qalan Mirzə
Cəlil "Molla Nəsrəddin"dəki missiyasını
"Yeni yol"da da davam etdirdi. Onunla birlikdə digər
mollanəsrəddinçilərin - M.S.Ordubadi, Ə.Nəzmi,
B.Abbaszadə və başqalarının bu ədəbi cəbhədə
birgə əməkdaşlığı səmərəli nəticəsini
verdi. "Yeni yol" həmin tanış imzalarla minlərlə oxucunu öz
arxasınca apara bildi.
Kitabda C.Məmmədquluzadədən
sonra ayrı-ayrı vaxtlarda qəzetin digər baş
redaktorları - Bəhram Bəhramov, Məmməd Səid
Ordubadi, Zinyət Nuşirəvanov, Əhməd Triniç,
Əli Aslanov, Ağahüseyn Rəsulzadə, Qulam Məmmədli,
Hüseyn Şahgəldiyev haqqında müfəssəl məlumatlar
da yer almış və onların bu sahədəki xidmətlərindən
ayrıca bəhs olunmuşdur. Dövrün tanınmış
ziyalıları, dilçi alimləri Fərhad Ağazadə,
Məhəmməd ağa Şahtaxlı haqqında geniş
söhbət açılmış, onların Yeni Türk
Əlifba Komitəsi və "Yeni yol" qəzetindəki
ardıcıl və prinsipial fəaliyyəti, Şərq aləmində,
hətta Avropada tanınmış türkoloq, dilçi alim
kimi şöhrət qazanması faktlarına da kitabda
xüsusi diqqət yetirilmişdir. Tədqiqatçı
kitabda Fərhad Ağazadənin "Yeni yol" qəzetində
Azərbaycan dilinin saflığı uğrunda apardığı
mübarizəni işıqlandırmış, görkəmli
türkoloqun yaratdığı proqram və dərsliklərdən
bəhs etmişdir. 1926-cı ildə keçirilmiş I Türkoloji qurultayın
iştirakçısı olan Fərhad Ağazadənin əlifba
islahatı ilə bağlı polemikalarda fəal
iştirakı və bununla yanaşı Azərbaycan dilinin ərəb,
fars, rus dillərindən alınma sözlərdən təmizlənməsinin
labüdlüyü fikrini dəstəkləməsi məsələləri
də kitabda xüsusi vurğulanmışdır.
Kitabın
önəmli cəhətlərindən biri də əsrin
dörddə birini yaşamış "Molla Nəsrəddin"
jurnalının təsiri ilə intişar tapmış "Azərbaycan",
"Bəhlul", "Zənbur", "Mirat", "Arı", "Kəlniyyət",
"Leylək", "Tuti", "Məzəli",
"Babayi-Əmir", "Məşəl" kimi satirik
orqanların "Yeni yol"la bərabər xalqın tərəqqisində,
elm və maarif yolunda göstərdiyi fədakarlıqların
qabarıq nəzərə çatdırılmasıdır. Müəllif haqlı olaraq "Yeni yol"u zəngin
və çoxçalarlı milli mətbuatımızdan təcrid
etməmiş, problemə qlobal prizmadan yanaşmış və
maraqlı bir tədqiqat əsəri yazıb oxucuların
ixtiyarına vermişdir. Əsərin müsbət tərəflərindən
biri də odur ki, müəllif mollanəsrəddinçilərin
"Yeni yol"dakı ədəbi, publisist fəaliyyətinə
ayrı-ayrı fəsil və yarımfəsillərdə
geniş yer vermiş, onların bu sahədəki uğurlu xidmətlərini
aşkara çıxararaq yaradıcılıqlarının
çoxşaxəliliyini müəyyənləşdirmişdir.
Mehriban
Sultan "Yeni yol"un tarixin dərin
qatlarında gizlənən, kölgədə qalan məqamlarına
işıq salmış, oxuculara az məlum olan faktları
üzə çıxarmışdır ki, bu da təkcə
sözü gedən qəzetin deyil, bütövlükdə
milli mətbuatımızın öyrənilməsində
önəmli məsələlərdən biridir. Tədqiqatçı
1925-1928-ci illərdə "Yeni yol"un redaktoru vəzifəsində
çalışan M.S.Ordubadinin bu qəzetdə dərc olunan
23 felyetonunu və 3 məqaləsini aşkarlayaraq "Mollanəsrəddinçilər"
"Yeni yol"da" adlı kitabına daxil etmişdir.
Bununla yanaşı, müəllif "ikinci Sabirimiz" olan
Əli Nəzmi yaradıcılığının "Yeni
yol"la bağlılığına fərqli aspektdən
yanaşmış, şairin əsərlərinin poetik ruhunu,
üslubunu açmış, realist sənətkarın qəzetdə
dərc olunmuş 6 satirasını ilk dəfə üzə
çıxararaq oxucuların, geniş ədəbi ictimaiyyətin
ixtiyarına vermişdir.
Filologiya
üzrə fəlsəfə doktoru Mehriban Sultanın
"Milli mətbuat tarixində "Yeni yol" qəzeti
adlı metodik vəsaiti həm ali məktəblərin
jurnalistika fakültəsinin tələblərinə, həm də
Azərbaycan milli mətbuatının tarixini öyrənənlərə
dəyərli töhfədir.
Gülbəniz
BABAYEVA
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və
publisistika şöbəsinın aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 11 iyul.- S.6.