Gözlənilməz görüş, yaxud
misilsiz söz və düşüncə süfrəsi
XƏLİL RZA
ULUTÜRK, AKADEMİK ASLAN ASLANOV, RƏFİQ ZƏKA
XƏNDAN VƏ ƏHMƏD ELBRUSUN UNUDULMAZ
XATİRƏSİNƏ
Asif RÜSTƏMLİ
AMEA Nizami adına
Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor
(Əvvəli ötən sayımızda)
Məclis get-gedə qızışır,
çıxışlarda akademik Aslan Aslanovun elmi, bədii və
tərcümə yaradıcılığı geniş təhlil
olunur və yüksək qiymətləndirilirdi.
Məndə elə təəssürat
yaranmışdır ki, Aslan müəllimin bu xudmani
"yaradıcılıq gecəsi"ndə ən
yaxşı, mükəmməl məruzəni Xəlil müəllim
etdi. Onu
fikrindən yayındırmağa, durna qatarı
kimi sıralanmış poetik düşüncələrinin səfini
pozmağa cəhdlər olsa da, Xəlil Rza təmkinini sonadək
qoruyub saxlaya bildi. Canlı nitqin üslubuna, intonasiyasına
toxunmadan onun çıxışını olduğu kimi təqdim
edirəm:
Xəlil
Rza Ulutürk: "Bu il, 1993 elə gətirmişdir ki, biz
Aslan müəllimlə, Aslan Alp Arslanla dönə-dönə
görüşmüşük, dönə-dönə onun
çöhrəsindən, əziz, doğma çöhrəsindən
bizim ürəyimizə şölə düşüb. Bu gün də Asif bəy Rüstəmlinin evində
elə bir bəxtiyar gündü.
Akademik
Aslan Alp Arslan, şair Rafiq Zəka, dahiliyə namizəd
sürücü Müğbil, dahiliyə namizəd Əhməd
Elbrus, türkoloq Elşən Əbülhəsənli,
qüdrətli ədəbiyyatşünas Yusif Gədikli bir
süfrənin başındayıq, Asif bəyin evində. İndi burada uzun-uzadı nitqlər söyləməyə
böyük ehtiyac yoxdur. Aslan həm
şairdi mənim gözümdə, həm də böyük
alimdir. Beynəlxalq aləmdə,
respublikada və respublikanın xaricində Azərbaycanı təmsil
eləyən elm əhlidir, sənət adamıdır və
birinci növbədə mənim üçün şairdir.
Mən tələbəliyə
başladığım illərdə Aslan bəy
tanınmış şair idi. O zamanın şairləri
mən universitetdə tələbə ikən Bəxtiyar
Vahab, Hüseyn Arif (o zaman Hüseyn Hüseynzadə adlanan),
İslam Səfərli, Novruz Gəncəli gözdə olan
şairlər idilər. Kimsə Nəbi Babayev
söylədi. Və biz onların
yaradıcılıqlarını diqqətlə izləyirdik.
Aslan müəllimin poeziyası xalq ədəbiyyatı
qaynaqlarından su içir, folklorun dərin çeşmələrindən
gəlir, ümumən XX əsrin biz yaşayan günləri
Azərbaycan xalqının millətə çevrilməsi
çağlarıdır. Bu onun
poeziyasında da özünü göstərir. Biri var
klassik irs, şərti olaraq dediyimiz saray ədəbiyyatı.
Məsələn, yuxarı dairələrdə
əruz vəznli şeir, biri də var, əruz vəznli
şeirə meydan oxuyan aşıq şeiri, xalq ədəbiyyatı.
Onu mən Hüseyn Arifin xatirə gecəsində
də söylədim. Məsələn, Məhəmməd
Füzuli dahi şairdir, amma hər halda o, ədəbiyyatın
bir qütbüdür, ədəbiyyatın heç də
bütün qütblərini əhatə edən bir qüdrət
deyil:
Mənəm
ki, qafiləsalari-karivani-qəməm,
Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm.
Həqir
baxma mənə, kimsədən sağınma kəməm,
Fəqiri-padişahasa, gədayi-möhtəşəməm.
Sirişk
təxti-rəvandır mənə, bu ah, ələm,
Cəfavü cövr - mülazim, bəlavü dərd -
həşəm.
Nə
mülkü mal mənə çərx versə, məmnunəm,
Nə mülkü maldan avarə qılsa məhzunəm.
Hə, bu
ədəbiyyat əruz ədəbiyyatıdır və fars şeirinin əsarəti altındadır. Bu şeir göstərir ki, hələ Azərbaycan
xalqı tam azadlığa çıxmayıb, milli müstəqilliyə
qovuşmayıb, ona hələ millət demək olmaz. Amma həmin dövrdə başqa bir poeziya da
yeraltı axar kimi yaranır.
Getmə-getmə
görüm kimin yarısan,
Hansı
bəxtəvərin vəfadarısan,
Kölgədə
bəslənmiş quzey qarısan,
Sabahın yelləri tez dəyər sənə.
Və ikinci bir qüdrət yetişir. Xalq ədəbiyyatı,
folklor üstü aşıq ədəbiyyatı, saz ədəbiyyatı.
Aslan bəyin qüvvəti ondadır ki, o,
Füzuliyə idrak elmində sədaqətli qaldı. İdrakda, genişlikdə, fəlsəfi qüdrətdə,
məhəbbətin böyük tərənnümündə.
Amma dildə, sədada o, saza sədaqət
göstərdi, Tufarqanlı Abbasa sədaqət göstərdi.
Və onun, Aslan bəyin şeirlərini biz
oxumuşuq, hətta divar qəzetindən oxuyub öyrənmişik.
Sədəfdəndir
köynəyinin düyməsi,
Min aləmdi
dodağının gülməsi,
Oxu gülüm, qoy ucalsın xoş səsin.
Lay-lay
dedim, bal yuxuya bat, balam,
Noğul balam, şəkər balam, qənd balam.
Bu Tufarqanlı Abbasın birbaşa davamıdır. Ələsgər
sədaları gəlir, Vaqif sədaları gəlir, doğma
şeirin gözəllikləri, rayihəsi duyulur bu şeirdə
və bu yola və özünə daim sədaqətli
qalır Aslan müəllim. Aslan müəllim
gözəl şairimizdir, böyük mahnılar müəllifidir.
Elə Rafiq Zəka onun "Lalələr"
mahnısını hər yerdə car çəkir. Yusif Gədikli o misraları əzbər bilir və
bütün Azərbaycan dünyası əzbər bilir.
Bu əzbərlənməyinin səbəbi
bundan ibarətdir ki, Aslan müəllim həqiqi poeziya
xiridarıdır, həqiqi poeziya yaradıcısıdır.
Aslan müəllim yalnız gözəl şair
deyil, eyni zamanda tərcüməçidir və rus ədəbiyyatından
və bizim klassik irsimizdən və ərəbcə-farsca
poeziyamızdan ən yaxşı tərcümələr onun
qələmindən çıxmışdır. Məsələn,
"Vasili Tyorkin"in tərcüməsi misilsiz bir hadisədir,
Azərbaycan ədəbiyyatı tarixində. Çünki
"Vasili Tyorkin" tərcüməyə çətin
yatan bir əsərdir. Spesifik, milli
xüsusiyyətlərə malik şairdir A.Tvardovski. Amma Aslan müəllim onun öhdəsindən gələ
bilmiş, rus şeirinin ən mürəkkəb, ən incə
məqamlarını Azərbaycan türkcəsində səsləndirə
bilmişdir. Bu əsər sanballı bir əsər
kimi rus həyatının, II Dünya savaşının zəngin
lövhələrini nəzərdə canlandıran, rus
xarakterinin dərinliklərini göstərən bir əsər
kimi oxucuların yaddaşındadır. Elə
bilirəm yaşarı əsərdir. Həm
rus ədəbiyyatında, həm də cahan ədəbiyyatında
qalası bir nümunədir.
Rafiq Zəka:
Orada bir yer var. Bomba əhvalatı...
Əhməd
Elbrus: Şeir demək o qədər də zəruri deyil.
Xəlil
Rza: Nolar, demək də olar. Əsgərlər
dincəldikləri yerə bomba atırlar. Hamı
qaçır. Hələ bomba
açılmayıb, fışıldayır, tüstülənir.
Əsərin qəhrəmanı Vasili Tyorkin
qaçmır. Bombanın o yan-bu yanına
baxır.
Tərcümə
belədir:
Axı
İvan nə bilir,
Alov nədir, tüstü nə.
Çıxardıb
şalvarından,
Tutuzdurdu üstünə.
Bu, əsl
rus dünyagörüşü, rus xarakteridir...
Aslan müəllimin ən gözəl tərcümələri
sırasında Mirzə Şəfidən edilən tərcümələr
mənim yadımdadır. Mirzə Şəfi
irsi ilk dəfə Aslan müəllimin qələmi ilə Azərbaycan
oxucusuna çatdırılıb. Bunların
bir hissəsi orijinaldan çevrilib, bir hissəsi almancadan.
Bodenştedt (Fridrix fon Bodenştedt-A.R)
vasitəsilə gələn tərcümələrdir.
Yeri gəlmişkən deyim ki, biz Bodenştedtə minnətdar
olmayıq ki, o asarı qoruyub saxlayıb. Əlbəttə,
o nümunələrin hamısı Mirzə Şəfinin
deyil. Ola bilsin ki, orada Sədi Şirazi, Hafiz, Azərbaycanın
başqa klassikləri, fars ədəbiyyatının
başqa dühalarının əsərləri də var.
Onların hamısını özününküləşdirib
və Mirzə Şəfi irsi altında toplayıb. Əgər arxivi açılsa, onun arxivinin
açılması yaxın günlərin işidir. Bəlkə də artıq açılıb, bu həqiqətlər
bizə məlum olacaq. Aslan müəllim
böyük Azərbaycan alimidir, estetikanı təmsil edən
qüdrətdir, beynəlxalq simpoziumlarda, fəlsəfəni
gözəl bilən fəlsəfə
yaradıcısıdır. Spinozadan (Benedikt Spinoza (1632-
1677) yəhudi əsilli niderland filosofu - A.R.) tutmuş, Helvetsidən
(Klod Adrian Helvetsi (1715-1771) - Fransa filosofu -A.R.) tutmuş, Hegeldən
(Georq Vilhelm Fridrix Hegel (1770-1831) alman filosofu - A,R.)
tutmuş, Dekartdan (Rene Dekart (1596 - 1650) fransız filosofu - A.R.)
tutmuş nə qədər dühalar öz varidatını bəxş
edib onun zəkasına. Aristoteldən tərcüməsi
"Poetika" kitabı böyük bir nailiyyətdir. Çünki şərhlərlə bərabər təqdim
olunub. Və o şərhlər özü
ən ağır, ən sanballı elmi işdir. Bütün bunlardan əlavə Aslan müəllim
gözəl insandır, gözəl həmdəmdir, bir
çocuq qədər pak qüdrətdir, onunla bir süfrə
başında çörək kəsmək, duz yemək
özü səadətdir. Biz onun
oğluna, bizim vətən müharibəsində rəşadət
göstərmiş oğlu Zahid bəyə, düşmən əlinə
əsir düşmüş oğluna həyat arzulayaq,
sağlamlıq arzulayaq. Arabir sədalar gəlir ondan ki, Şuşa zindanında saxlanılır,
sağdır. O gün olsun ki, Zahid bəyin gəlişi
bayramını qeyd edək. Vətənimiz yad əsatirindən
qurtulsun. Aslan müəllim
sağlığını elə bir məqamda qeyd edirik ki,
telegüzgüdən Azərbaycanın dahi oğlu Heydər
Əlirza oğlu boy göstərir, jurnalist Telli Pənahqızının
suallarına cavab verir. Azərbaycanın
poetik dühaları çoxdur, sənət dühaları
çoxdur, amma siyasi dühası XX əsrdə nadir hadisədir.
Mən Heydər Əlirza oğlunun zəkası
işığında, rəhbərliyi
işığında, dahiyanə
çıxışları işığında bu badəni,
bu müqəddəs badəni Azərbaycanın müdrik
oğlu Aslan bəyin, Aslan Alp Arslanın
sağlığına qaldırıram". Bir neçə saat davam edən poeziya, söz,
düşüncə məclisini şair, filosof Aslan Aslanov
özü yekunlaşdırdı. O, sözə
"Dağlar" qoşması ilə başladı:
Yenə
gördüm apardınız ağlımı,
Min-bir çiçəklərlə bəzəli
dağlar.
Axşam-səhər
göy sinəniz günəşdən,
Görünər narıncı, qızılı
dağlar.
Ətəyindən
bulaqları çağlayan,
Zirvələri
buludları haqlayan,
Əsirlərlə
qıvırını saxlayan,
Nizamlı, cərgəli, düzülü dağlar.
Aslan gəldi,
baş çəkməyə sizlərə,
Meşələrə,
cığırlara, izlərə,
Məcnun
kimi nə düşmüsüz düzlərə,
Taleyi çöllərə yazılı dağlar.
Asif bəy, mən bir dənə də şeir demək
istəyirəm, onu elə hər yerdə, həmişə
oxumuşam, Şəhidlər Xiyabanına həsr etmişəm. Sevgilisinin qəbri
üstündə dayanan bir qızın dilindən
yazmışam. Qəbir elə bir
şeydir ki, bu dünya ilə o biri dünya arasında məqamdır,
sərhəddir.
Külək
telimi darayır,
Gözüm
yerini arayır,
Bir sən,
bir sonsuz qara yer,
Dayanmışam sahilində.
Sərvdəki
civiltilər,
Nələr
deyər, nələr dilər,
Ürəyimdə
iniltilər,
Dayanmışam sahilində.
Arayaram yarım hanı?
İgid-vəfadarım hanı?
Unudaraq bu
dünyanı,
Dayanmışam sahilində.
Xiyabanı qar bürüyər,
Qış gedər, bahar bürüyər,
Yenə ürəyim üşüyər,
Dayanmışam sahilində.
Çox sağ olun. Mən bu evin sahibinin sağlığına badə qaldırıram. Sənin o gözəl balalarının sağlığına, yoldaşının sağlığına, bu evin işığının sağlığına...
Biz çox təəssüf ki, özümüzün igid, qəhrəman, cəfakeş alim oğullarımızın adını eşidirik, amma üzdən bəzilərini tanımırıq. (Üzünü Asif Rüstəmliyə tutaraq) Mən çox fəxr edirəm ki, bu gün sizlə üzbəüz tanış oldum.
Əsərlərinizi əvvəl də
oxumuşduq, eşitmişdik. Rəfiq Zəka da bu barədə bir
balaca danışdı. Sizin çox böyük xidmətləriniz
var ədəbiyyatımız qarşısında, xüsusən
müasir ədəbiyyatımız, müasir publisistikamız
qarşısında. Mən sizə can
sağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm.
Bu gün də bizim ən əziz günlərimizdəndir
ki, bizim dostumuz, ulu türkümüz və əziz
qonağımız Yusif Gədikli bəy bizimlə bir yerdədir,
Rafiq Zəka bizlə bir yerdədir. Əziz
dostlarımız hamısı bir yerdədir. Sizə mən
can sağlığı, xoşbəxtlik və daima evinizdə
bayaqki kimi günəş olsun, işıq olsun".
Böyük ustadların, görkəmli alimlərimizin,
şairlərimizin səs yazılarını təkrar-təkrar
dinlədikcə xəyalən 1993-cü ilin 9 iyul gününə
qayıdıram. Akademik Aslan Aslanov, filologiya elmləri doktoru,
"İstiqlal" ordenli şair Xəlil Rza Ulutürk,
türk dünyasına atəşin sevgisi ilə rəğbət
qazanan Rəfiq Zəka Xəndan, filologiya elmləri doktoru,
Şəhriyarşünas-alim Yusif Gədikli, fəlsəfə
doktoru, şair Əhməd Elbrus və b. işıqlı
simalar, müdrik şəxsiyyətlər,
respublikamızın qənimət insanları... Maraqlıdır, indi də, bu böyük
dühaların evimizin əziz qonağı olması mənə
röya kimi, möcüzə kimi görünür.
Söz,
fikir sıxlığından gərginlik, təzyiq altında
çırpınan, həssas, duyğusal ürəyi
boşaltmaq, mənəvi rahatlıq tapmaq, ədəbi-bədii
əsərlərə münasibət bildirmək, qənaətləri
bölüşmək üçün belə bir
görüş nə qədər də zəruri imiş...
Poetik
düşüncəli mütəfəkkir Aslan Aslanovun elmi, ədəbi-bədii
yaradıcılığı üzərində köklənən
Xəlil Rza Ulutürkün, Rəfiq Zəka Xəndanın,
Əhməd Elbrusun söhbətləri, fəlsəfi
mülahizələri, fərdi-psixoloji yanaşmaları, nəzəri
dəyərləndirmələri, hətta səs
yazıları, deyim tərzləri və intonasiyaları
yalnız bugünümüz üçün deyil,
bütövlükdə gələcək nəsillər
üçün də, qiymətli mənəvi sərvətdir.
525-ci qəzet 2017.- 7 iyul .- S.4.