Azərbaycançılıq ideologiyasının "Açıq kitab"ı - Mir Cəlal yaradıcılığı

 

Azərbaycan ədəbiyyatının ideya-məzmun bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal (1908-1978) yaradıcılığının istisnasız özünəməxsus yeri var.

 

XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynayıb. Onun qələmindən çıxan zəngin yaradıcılıq nümunələri Azərbaycan xalqının müxtəlif ictimai-tarixi mərhələlərdə psixoloji-mənəvi yaşantılarını, üzləşdiyi tarixi hadisə prosesləri öyrənmək üçün qiymətli bədii məxəz rolunu oynayır. Görkəmli yazıçı "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır" (1952-1957) kimi sanballı romanların müəllifi olduğu kimi, "Badam ağacı", "Vətən yaraları" kimi ciddi üslubda yazılmış hekayələrin, "Həkim Cinayətov", "Anket Anketov", "İclas qurusu" kimi satirik-yumoristik əsərlərin müəllifi kimi böyük şöhrət qazanıb. Onun çoxsaylı əsərləri həmişəyaşar sənət nümunələri olaraq ədəbiyyat tariximizi bədii söz xəzinəmizi zənginləşdirib.

 

Görkəmli yazıçı əvəzsiz alim Mir Cəlal bütün ruhu ilə milli məfkurəli bir şəxsiyyət idi. Xalqının faciəli həyatını özünün şəxsi həyatında yaşayan ədib bu faciələri ədəbi yaradıcılığında mükəmməl şəkildə əks etdirib, onu doğuran səbəbləri tənqid ifşa edərək xoşbəxt gələcəyini arzulayıb. Baxmayaraq ki, sovet dövrünün ən görkəmli yazıçı alimlərindən biri idi, Mir Cəlalın elmi bədii yaradıcılığında milli mündəricə başlıca yer tutur, onun üslubunun nüvəsində dayanırdı.

 

Görkəmli ədibin milli məfkurəli bir yazıçı olması onun yaratdığı obrazların mənəviyyatında, ruhunda, ideyalarında, əxlaqı dəyərlərində, vətənə, xalqa, ölkəyə münasibətində, dilində, dinində, imanında özünü əks etdirirdi. Vətənə dərin məhəbbət bəsləyən böyük yazıçının "Dirilən adam", "Açıq kitab", "Yaşıdlarım", "Yolumuz hayanadır" kimi romanlarında, "İnsanlıq fəlsəfəsi", "Vicdan mühakiməsi", "Ərik ağacı", "Vətən yaraları", "Badam ağacları" kimi çoxsaylı hekayələrində vətənə xalqa məhəbbət, onun gələcəyinə cavabdehlik, ümummilli taleyüklü mətləblər başlıcalıq təşkil edir. Böyük yazıçımızın qələmindən çıxan "Kəmtərovlar ailəsi", "Həkim Cinayətov", "Bostan oğrusu", "Təzə toyun nəzakət qaydaları", "Özündən naxoş", "Xarici naxoşluq", "İclas qurusu" başqa əsərləri satira yumorun ən uğurlu nümunələrini yaratmaqla bərabər bir sıra aktual məsələ mətləbləri tənqid ifşa edib. XX əsrin 30-cu illərindən yeni ictimai-iqtisadi formasiya siyasi ideologiyanın fəal həyat mövqeyi qazanması ilə əlaqədar yeni insan surəti, yeniləşdirici, qurucu insan xarakteri yaratmağa başlayan görkəmli yazıçı öz obrazlarını yaradarkən onun milli mənsubiyyətindən irəli gələn keyfiyyətləri əks etdirməyi qarşısına məqsəd qoyub öhdəsindən müvəffəqiyyətlə gəlmiş, ən tipik yaddaqalan insan xarakterləri yaratmağa nail olub.

 

Görkəmli yazıçı bütün varlığı ilə millətinə bağlı ədəbiyyat nəhəngi idi ideologiyanın tələb etdiyi insan surətlərini yaradarkən milli keyfiyyətlərə həssas münasibət göstəriridi. Yazıçının yaradıcılığında şəxsi tərcümeyi-halına yaxınlığı ilə seçilən, əsl sənətkarlıq məharəti ilə ərsəyə gəlmiş "Bir gəncin manifesti" (1938) əsəri XX əsrin 17-20-ci illərində Azərbaycanda baş verən ictimai-tarixi hadisələrə həsr olunmuş yazıçıya böyük şöhrət qazandırmışdır. Ədibin çox böyük ustalıqla yaratdığı Bahar surəti nəinki Azərbaycan ədəbiyyatı tarixində, həm dünya ədəbiyyatında yaradılmış uşaq obrazları arasında öz estetik təsiri ilə qəlbləri fəth edən əbədiyaşar bir surətdir. Mir Cəlalın Baharı ədəbi yaddaşda öz mükəmməl bədii-estetik səciyyəsi ilə Viktor Hüqonun Qavroşu Kozettası ("Səfillər") qədər bitkin, emosional təsir iz buraxır. Bu əsərin digər tərəfdən əhəmiyyəti ondadır ki, Azərbaycan xalqının milli istiqlaliyyət mücadilə əzminin nailiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti onun süqutu, sovet istilası əsas yaradıcılıq obyektidir.

 

İlk baxışdan "sovet yazıçısı" kimi davrandığı sezilən Mir Cəlal əsərdə həmin dövrlə əlaqədar bir sıra gerçəkləri əks etdirməklə bərabər faciəvi həyat yaşayan, aqibəti ilə ürəkləri göynədən talesiz Bahar surəti ilə milli dövlətçilik tarixində xüsusi yeri olan, Şərqdə ilk demokratik, respublika tipli müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq nakam taleyi və yaddaşlardakı həzin izlərini əks etdirmişdir. Fikrimizcə, adından tutmuş yaşı və taleyinə qədər Bahar cəmi 23 aylıq qısa bir "bahar ömrü" yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyini, Azərbaycan xalqının qəlbinə çəkilən müstəqillik duyğularının solan aqibətini əks etdirir. Böyük ustadı Mirzə Cəlil kimi sətiraltı məna və metaforik obrazlardan məharətlə istifadə edən görkəmli yazıçı Mir Cəlal başda "Bir gəncin manifesti" əsəri olmaqla bir sıra irili-xırdalı əsərlərində "qadağan olunmuş duyğuları" ifadə etməyə, milli kimliyi eybəcərləşdirən sovet maşınının mənfi tərəflərini tənqid etməyə müvəffəq olmuşdur. Böyük yazıçının təqiqatçılarından olan F.Mədətovun yazdığı kimi: "Onun əsərlərini oxuyan hər bir kəs ədibin xalq üçün yanan nurlu qəlbinin arzu və istəklərini sətiraltı mənalarda, metaforik qatlarda məharətlə yerləşdirdiyinin şahidi olur. ...Azadlığın rəmzi kimi düşünülmüş Bahar obrazının ...taleyini izlədikcə Baharın bir azadlıq simvolu olduğunu başa düşməkdə çətinlik çəkmir".

 

Görkəmli ədibin yaradıcılığında sovet ictimai-tarixi inkişafının anti-milli siyasəti və vurduğu zərərlər konkret və cəsarətlə əks və ifşa olunmuşdur. Yazıçı konkret düşüncələrini uğurla təqdim etməklə cəmiyyət üçün ciddi təhlükə mənbəyi olan insan xarakterlərini, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olmuş, dövrün çox dolğun xarakterlər panoramasını əks etdirmişdir. Əgər diqqətlə fikir verilsə, ədibin konkret ictimai-tarixi şəraitdə psixoloji-mənəvi eybəcərlik kimi təhlil və təqdim etdiyi bürokratçılıq, inzibatçılıq və sair xarakter xüsusiyyətlər, ümumiyyətlə, sovet ideologiyasının - "sovetizm"in tipikliyi kimi nəzərə çarpır. Bütün həyati məsələləri, hətta ailə-məişət məsələlərini inzibatçılıqla həll və idarə etməkdən zövq duyan sosial-psixoloji xəstələr - psixopat "iclas quruları" ("İclas qurusu") mətn- altında fikirlərini uğurla nümayiş etdirməyə müvəffəq olan Mir Cəlal yaradıcılığında dövrün ideoloji inkişaf tezisinin yaratdığı ictimai-mənəvi naqislik kimi səciyyə tapır.

 

"Təzə toyun nəzakət qaydaları" əsərində yazıçı "Məhv olsun köhnə qaydalar!" şüarı ilə milli davranış, xarakter, adət-ənənə, hətta ana dilinin daşlaşmış ifadələrinə qarşı amansız və kor-koranə mübarizə səylərini yanğı ilə ifşa və tənqid etmişdir. "Allah sizdən razı olsun" yerinə "Təbiət sizdən razı olsun", ümumən "Allah"ın əvəzinə "Təbiət", "Təbiətin gizli qüvvələri" sözünün işlənməsi, habelə milli adət-ənənələrə zidd davranışların "təzə nəzakət qaydaları" olaraq kodekslərə çevrilməsi milli ruhlu yazıçı tərəfindən ikrahla qarşılanmış, yeni qurulmuş Şura cəmiyyətinin yeni dəbi "təzə toy" olaraq adlandırılmış və bu "yeniliklər"in gətirəcəyi pozğunluq dilimizdəki "toy tutmaq" anlamında mənalandırılmışdır. Ümumiyyətlə, həmişə öz estetik idealına sadiq sənətkar sovet cəmiyyətinin ictimai eybəcərliyi olan ideoloji robotluğa tənqidi münasibət bəsləmiş, bədii problem səviyyəsinə qaldırmağa nail olmuşdur. Əlbəttə, yazıçı onun əleyhinə getmirdi ki, bütün cəmiyyətlər və dövrlər üçün quruculuq və yeniləşmə prosesində fəal iştirakçılıq edə bilən ictimai fəal adamlar lazımdır. Amma ictimai vəzifəsinə də xor baxan, eqoist adamların mövcudluğu da cəmiyyət üçün "sosial patalogiya", "ictimai xəstəlik" təzahürüdür. Sənətkar "Özündən naxoş" hekayəsində məhz belə insanları tənqid hədəfinə çevirib, onları cəmiyyət üçün "hazıra nazir fəlsəfəsi" ilə yaşayan "harınxorlar" kimi qiymətləndirib və qınayıb.

 

(Ardı var)

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet  2017.- 12 iyul .- S.4.