Azərbaycançılıq ideologiyasının "Açıq kitab"ı - Mir Cəlal yaradıcılığı

 

Azərbaycan ədəbiyyatının ideya-məzmun bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal (1908-1978) yaradıcılığının istisnasız özünəməxsus yeri var. XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynayıb.

 

Onun qələmindən çıxan zəngin yaradıcılıq nümunələri Azərbaycan xalqının müxtəlif ictimai-tarixi mərhələlərdə psixoloji-mənəvi yaşantılarını, üzləşdiyi tarixi hadisə prosesləri öyrənmək üçün qiymətli bədii məxəz rolunu oynayır.

 

Görkəmli yazıçı "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır" (1952-1957) kimi sanballı romanların müəllifi olduğu kimi, "Badam ağacı", "Vətən yaraları" kimi ciddi üslubda yazılmış hekayələrin, "Həkim Cinayətov", "Anket Anketov", "İclas qurusu" kimi satirik-yumoristik əsərlərin müəllifi kimi böyük şöhrət qazanıb. Onun çoxsaylı əsərləri həmişəyaşar sənət nümunələri olaraq ədəbiyyat tariximizi bədii söz xəzinəmizi zənginləşdirib.

 

(Əvvəli ötən sayımızda)

 

Görkəmli yazıçı Mir Cəlalın dövrün aktual ictimai problemlərinin qaldırılması baxımından "Açıq kitab" (1941) romanı ədəbi tənqiddə "həqiqətin üzünə dik baxan əsər" kimi yüksək qiymətləndirilirdi. Akademik Məmməd Cəfər roman haqqında yazırdı: "Xalqımızın öz doğma milli mədəniyyətini sürətlə inkişaf etdirməyə başladığı bir zaman, onun xoşbəxt həyatını öz dar, şəxsi mənfəətləri xatirinə içəridən zəhərləməyə çalışan adamların üzünü bütün çılpaqlığı ilə açıb meydana qoyur". Müəllif tərəfindən çox uğurla yaradılmış "Əzməsən, əziləcəksən, ayaqlamasan, ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində olsa enməyi bacar" kimi həyat fəlsəfəsi ilə yaşayan Gəldiyev obrazı onun kimi insanların varlığı işığında əslində, "ali insan" yaratmaq vəzifəsini həyata keçirərkən "naqis insan" yaratmış konkret ideologiyanın ortaya çıxardığı ictimai naqisliyi, şikəstliyi ictimai-mənəvi problemləri təqdim edirdi. İctimai mühitdə Gəldiyevlərin var olması nəhəng yazıçı tərəfindən həm ən qorxulu hal olan mövcud ictimai tərbiyə qanunlarına münasibəti ifadə edirdi. Çünki Kəmtərovlar ailəsini, Anket Anketov, Qədir, Kərim Gəldiyev kimi "ideorobotları", dayaz adamları ailələri mövcud cəmiyyətin özü, onun tərbiyə təlim dəyərləri, ideoloji tələbləri yaradırdı. Bununla da Mir Cəlal, əslində, müasir cəmiyyətin tərbiyə maşınının yaratdığı şil-şikəst, inzibatçı, hissiz, duyğusuz, altruist "sovet insan tipi"nə qarşı tənqidi münasibəti ifadə edir, Gəldiyev kimi insanların baş alıb getməsini cəmiyyət üçün ciddi təhlükə hesab edir, belə insanları yetirməkdə olan sovet cəmiyyətinin özünü isə "eybəcərlər anası" kimi qiymətləndirirdi. Akademik Məmməd Cəfər yazırdı ki: "Açıq kitab" canlı bir insan kimi dilə gəlib var səsilə ən gözəl bədii əsərlərə xas olan coşğun bir ehtiras həyəcanla oxucularını xəbərdar edir: Gəldiyevləri tanıyın, bizim azad həyatımızı mədəniyyətimizi bu canavarlardan qoruyun, Gəldiyevlərə hər zaman, hər yerdə amansız olun, mərhəmətsiz olun!" Göründüyü kimi, görkəmli yazıçının bu şüarı əslində, yeni cəmiyyət, ictimai quruculuq dövrü üçün həmişə aparıcı olan zəruri bir şüardır bu gün üçün aktualdır. Görkəmli yazıçı sanki bu fikrilə yaşadığı konkret dövrün ümumən yeni cəmiyyət quruculuğunun hərəkət proqramı vəzifələrini elan etmişdir. Çünki yazıçı yeni cəmiyyət ictimai quruluş quruculuğuna "gəldi-gedər" kimi yanaşıb şəxsi mənfəəti ilə münasibət bəsləyən adamları zərərli düşmən görürdü. Dünən olduğu kimi, bu günümüz üçün aktual əhəmiyyətli olan bu ictimai fəlsəfə düzgün yeni milli cəmiyyət qurmaq üçün ən doğru doktrina olduğu açıq ortadadır.

 

Milli ruhlu yazıçının əsərlərində xalq həyatı milli mənəviyyatı, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini tapmaqla Azərbaycançılıq mövqeyini qətiyyətlə nümayiş etdirirdi. Totalitar sovet rejiminin milli xarakterə zidd, assimilyator xüsusiyyətləri nəhəng söz ustadının böyük ustalıqla yaratdığı Sona ana ("Bir gəncin manifesti"), Qədir ("Dirilən adam"), Vahid ("Açıq kitab"), Qocaman müəllim ("Xoşbəxtlik barəsində") başqa milli xarakterləri işığında təkzib olunurdu. Dövrün tərbiyə edib ortaya çıxardığı Kərim Gəldiyev obrazının simasında yazıçı bu cür insanları yaradan hər yerdə onların dayaz fikirlərini, duzsuz çıxışlarını, mülahizələrini təqdir edən, Kərim Gəldiyev, Verdiyev Qədir Qurd oğlu kimi sırtıq, dayaz ictimai "qurdlar"ı rəhbərliyə gətirən onların əlilə baş kəsən, taleləri həll edən tipləri göstərməklə qorxunc ictimai-siyasi qüvvəni təqdim etmişdir. Mir Cəlal öz sənətkar ustalığı ilə bu mənfi tendensiyanı, zərərli tərbiyəni, "37-ci il patalogiyasını" ortaya çıxaran tendensiya olaraq təqdim edərək cəmiyyətə ciddi xəbərdarlıq ünvanlamışdır. Böyük yazıçı, fikrimizcə, yaradıcılığında zahiri planda sovetizmin tələblərinə xoş gələn ideoloji məsələləri qaldırsa da, alt planda daha çox özünəməxsus millilik amilini irəli çəkmişdir. Bu mənada da milli hissiyyatlı yazıçımız kosmopolit sovet xarakterini darmadağın edərək milli insan xarakterini təqdir etdiyini öz əsərlərinin mətnaltı anlamında ifadə etmişdir. Akademik İ.Həbibbəli haqlı olaraq yazırdı ki: "Mir Cəlal Paşayev sovet rejiminə dəyib toxunmadan təbii olaraq gerçək həyatı sadə, sıravi, adi insanların mənəvi aləminin incəliklərini ifadə etməyə üstünlük verirdilər. Bu isə onların yaradıcılığında həyatın, millilik amilinin... qüvvətlənməsinə şərait yaradırdı".

 

Realizmin nəhəng tədqiqatçılarından olanböyük ədəbiyyatşünas alim kimi geniş şöhrət qazanan Mir Cəlal satirik-yumoristik nəsrin inkişafında böyük xidmətlər göstərmiş, "İclas qurusu", "Həkim Cinayətov", "Anket Anketov" və b. əsərlərilə bədii nəsrdə gülüşün yeni məzmunda zənginləşməsi və ictimai mübarizə qüdrəti qazanmasına öz töhfələrini vermişdir. Adından tutmuş ideyasına, surətlərindən tutmuş dilinə qədər ən incə şəkildə ictimai-tənqidi gülüş yaradan qüdrətli sənətkar ciddi ictimai əhəmiyyət kəsb edən mətləbləri əks etdirmişdir. Özünəməxsus ciddiyyəti ilə tanınan "Bir gəncin manifesti" əsərində olduqca təsirli gülüşdən istifadə edən yazıçının məharətlə yaratdığı Misterin ceyran əvəzinə uzunqulağı bərk-bərk tutub göbəyini iyləməsi, müşk-ətir iysi əvəzinə "turş qatıq iyi" alması səhnəsi böyük ictimai-tənqidi məzmuna malik təbii gülüş-yumor nümunəsidir. Bu nümunədə Azərbaycan neftinə göz dikmiş ingilislərin işğalçılıq niyyətləri Mir Cəlal yumoru ilə sanki "neft əvəzinə zəhər alarsan" mənasında tənqid və ifşa olunmuşdur. Böyük ustadı Mirzə Cəlilin dediyi kimi, "xalqın psixologiyasını bilməyən, hər addımda bir səhvə yol verən" işğalçıları qüdrətli yazıçı xalqın ən adisinin vətənpərvərliyi və qətiyyəti qarşısında acız və xəcalətli qoyur. Misterin həm sürücü tərəfindən ələ salınması, həm də Sona arvad tərəfindən bazarda qətiyyətlə rədd edilməsi kasıbçılığa və gözüqıpıqlığa məhkum edilməsinə baxmayaraq, Azərbaycan insanının vətənpərvərliyi, oyanıqlığı, cəsarəti və yadellilərə qarşı nifrəti kimi təcəssümünü tapır. "Əli şiəsi" inancı ilə xalqın qəlbinə girməyə çalışan yadelli işğalçı və onun nökərinə Sona ana özünün qətiyyətli, vətənpərvər "itə ataram, yada satmaram", - cavabı ilə böyük vətəndaşlıq dərsi vermiş olur.

 

Mir Cəlalın özünəməxsus yaradıcılıq dili, bədii manerası vardır. Azərbaycan dilini mükəmməl bilən və ana dilinin zənginliyinə arxalanan sənətkarın yaradıcılıq diliolduqca sadə, yığcam, dolğun və məzmunludur. O, hər şeydən əvvəl yaratdığı və başlıca tədqiqat obyekti olan insanın bütün varlığı, bitkindolğun xarakterimalik olduğu psixoloji-mənəvi aləmi ilə təqdim etməyə diqqət yetirib. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və Azərbaycançılıq amilini həmişə izləmiş, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərin poetik qüdrətindən bəhs etmiş, Mirzə Cəlilin və onun davamçılarının vətənpərvər fəaliyyətindən yazmış, ana dilinə məhəbbət hisslərini sözünün başında və ayağında ifadə edərək xalqına ləyaqətlə xidmət etmişdir.

 

Bir sözlə, Mir Cəlal səmimi sevgi ilə sevilən, oxunan və həmişə təsiri duyulan bir sənətkardır. Onun sənətkarlığı bədii təhlilə sığmayacaq dərəcədə zəngin və peşəkar, inadla təsdiqini tapacaq qədər dəqiq və danılmazdır. Mirzə Cəlil məktəbini özünün məharətli yazıçılıq qabiliyyəti və sənətkarlığı ilə inkişaf etdirən böyük yazıçımız Mir Cəlal həm də Azərbaycançılıq ideyalarına da uğurla xidmət göstərmiş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini həmişə uca tutmuşdur. Onun əsərləri Azərbaycan xalqına sevgini və Azərbaycançılığı təlqin və təbliğ etdiyinə görə Azərbaycançılığın açıq kitabı olaraq gələn hər nəsillər tərəfindən sevilərək məhəbbətlə oxunacaqdır.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet  2017.- 13 iyul .- S.4.