Anar yaradıcılığı ilə
bağlı yeni tədqiqat əsəri
TƏDQİQATÇI PƏRVİN
NURƏLİYEVA YAZDIĞI ELMİ İŞİ AMEA
NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNDAKI
DİSSERTASİYA ŞURASINDA UĞURLA MÜDAFİƏ
EDİB
İyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya üzrə elmlər doktoru və Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının növbəti iclası olub.
İclası
giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
açaraq, əvvəlcə gündəlikdə duran cari məsələlər
haqqında Şuranın üzvlərinə məlumat verib,
iki dissertasiya işinin müdafiəsinin nəzərdə
tutulduğunu bildirib. Sonra ADPU-nun doktorantı,
AYB-nin üzvü, Prezident təqaüdçüsü Pərvin
Ələmdar qızı Nurəliyevanın "Anar nəsrində
tale və zaman kataklizmləri axarında dəyişən və
dəyişməyən insan" mövzusunda
yazdığı dissertasiya işinin müdafiəsinə
başlanıb.
Əvvəlcə Dissertasiya Şurasının elmi katibi
filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı
iddiaçının tərcümeyi-halı və onun
müdafiəyə təqdim etdiyi dissertasiya haqqında məlumat
verərək bildirib ki, bütün sənədlər
qaydasındadır. İddiaçının indiyə kimi
mövzu ilə bağlı bir kitabı və 13 məqaləsi
(9-u ölkə, 4-ü xarici mətbuatda) çap olunub.
Elmi rəhbər Himalay Qasımlının, aparıcı təşkilatın
- ADU-nun, rəsmi opponentlərin və eləcə də bir
çox tanınmış alimlərin müsbət rəyləri
var. Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra
elmi iş Müdafiə Şurasının üzvlərinin və
tədbir iştirakçılarının müzakirəsinə
verilib.
İddiaçı P.Nurəliyeva müdafiəyə təqdim
olunan tədqiqat işi haqqında çıxış edib. Bildirib ki,
dissertasiya giriş, hər biri müxtəlif yarımfəsilə
bölünməklə iki fəsil, nəticə və istifadə
olunmuş ədəbiyyat siyahısından ibarətdir. "Giriş"də araşdırılan
mövzunun aktuallığı, elmi yeniliyi, məqsəd və
vəzifələri, tədqiq tarixi, obyekti, praktik əhəmiyyəti,
nəzəri-metodoloji əsasları və digər məsələlər
yığcam şəkildə öz əksini
tapmışdır. Mövzu ilə
bağlı məlumat verən P.Nurəliyeva tədqiqat
işinin elmi yeniliyini ümumiləşdirərək qənaətə
gəldiyi nəticəni diqqətə çatdırıb.
Bildirib ki, tədqiqat işinin predmetini Anarın
nəsr əsərlərinin qarşıya qoyulmuş məqsəd
və vəzifələr kontekstində
araşdırılması məsələsi təşkil
edir. Araşdırma zamanı əsasən
tarixi-tipoloji, tarixi-müqayisəli metodlardan istifadə olunub.
Həmçinin, iddiaçı qeyd edib ki,
dissertasiya işinin "Anar nəsrində tale və zaman
kataklizmləri axarında dəyişən və dəyişməyən
insan" adlandırılması yazıçının
yaradıcılığında tamamilə yeni bir sahənin nəzəri-estetik
keyfiyyətlərin araşdırılıb ortaya
çıxarılmasına imkan verib. "Anar nəsri
XX və XXI əsr Azərbaycan ədəbiyyatı kontekstində"
adlanan birinci fəsildə problem - "Anar nəsrinin
özünəməxsusluğu", "Anar nəsrində
yeni insan konsepsiyası və tənhalıq fəlsəfəsi"
başlıqları altında iki yarımfəsildə təhlil
olunur. Burada "60-cılar" Azərbaycan ədəbi
mühitinin tarixinə, ictimai-siyasi hadisələrə
qısa nəzər salınır, Anarla yanaşı, onun nəsildaşlarının
da bəzi əsərlərinə diqqət çəkilir,
Anar yaradıcılığının onlardan fərqi
müqayisəli şəkildə araşdırılır.
"Anar nəsrində insan xarakterləri tale və zaman
müstəvisində" adlanan ikinci fəsildə problem
"Dəyişən və dəyişməyən obrazlar aləmi"
və "Müstəqillik dövrü Anar nəsrində
milli problemlərin təcəssümü və yeni dövr
insanın iç dünyası" başlıqları
altında iki yarımfəsildə ümumiləşdirilir.
İddiaçı Dissertasiya Şurasının üzvlərinin
işlə bağlı ona ünvanladıqları sualları
cavablandırıb.
Daha sonra
söz nüfuzlu alim, P.Nurəliyevanın elmi rəhbəri,
ADPU-nun "Azərbaycan və dünya ədəbiyyatı"
kafedrasının müdiri, filologiya üzrə elmlər
doktoru, professor Himalay Qasımlıya verilib: "Mən Pərvinin
çıxışından qürurlandım,
çıxış və suallara verilən cavablar gənc
araşdırmaçının həm Anar, həm də
ümumən Azərbaycan bədii nəsrinə bələdliyindən
soraq verir. Pərvin xanım Anar nəsrinə
müxtəlif rakurslardan yanaşır. Dünya
şöhrətli yazıçı Anarın
yaradıcılıq yolunu nəsr kontekstində izləmək
heç də asan deyil. Bəzən
"60-cılar" barədə söz düşəndə
onları ideallaşdırırlar. O zaman yazarlar çox
olub, ancaq heç birisi Anar səviyyəsinə yüksələ
bilməyib. Anar Tanrının
varlandırdığı Anardır. O, Məmməd Arif Dadaşzadədən
üzü bəri ədəbiyyatşünaslıq
düşüncəsində özünə yer tutmuş
müstəsna müəllifdir".
Elmi rəhbər
deyib ki, P.Nurəliyeva gənc olsa da, kifayət qədər zəngin
elmi təfəkkürə malikdir: "Sabir Rüstəmxanlının
sözüdür, deyir, Pərvin elə bir düşüncə
sahibidir ki, ona bir ipucu versən, bütöv bir dastan yaradacaq. Çünki onun istedadının mayası
Tanrıdan gələndir. Pərvin
xanımın şəxsində mən özüm də heyrət
edirəm ki, bir gənc həm elmi, həm də bədii
düşüncə mənasında belə bir səviyyəyə,
erudisiyaya malikdir".
Mövzuyla
bağlı məqamlara toxunan alim deyib ki, burada kataklizm təbəddülat
mənasındadır: "Bəzən kataklizmi, təbəddülatı
zaman yaradır, ancaq o, içimizə təsir edə bilmir. Anar müəllim isə sənəti və şəxsiyyəti
ilə zamandan yüksəkdə dayanır. Zaman bəzən Anar nəsrinə, Anar
dünyasına çatmaq üçün boylanır, ancaq
bacarmır. Pərvin xanım Anar nəsrinin
elə qaynaqlarına nüfuz edib ki, o qaynaqlar indiyə kimi
çözülməyib. Pərvin
xanımın bu dissertasiyasında iki yaradıcılıq məktəbi
- Anar bədii düşüncə məktəbi və
akademik İsa Həbibbəylinin şəxsində ədəbiyyatşünaslıq
məktəbi birləşib və bir məqsədə
doğru yönəlib. Bu dissertasiyanın iç
qatında kifayət qədər qloballıq var. Fəsillər
və yarımfəsillər öz içində bir-birini
tamamlayır, biri digərinə müəyyən ideyalar verir.
Pərvin xanım təkcə Anar nəsrini
deyil, Anarı nəsrə gətirən amilləri də
araşdırır. Onun toxunduğu məsələlər
elə iç qatlardır ki, onlar hələ bu vaxta qədər
ədəbiyyatşünaslığımıza gətirilməyib.
Pərvin xanım hörmətli akademik İsa Həbibbəylinin
ədəbiyyatşünaslıq konsepsiyasına əsaslı
şəkildə istinad edir. Mövzuya
münasibətdə deyərdim ki, mən Anar
yaradıcılığındakı dəyişməyən
insana üstünlük verirəm. O, əsaslandırır
ki, insan nəyə görə dəyişə bilmir. O,
insanın iç dünyasını elə açıb
göstərir ki, heç istəmirsən ki, o dəyişsin.
"Ağ liman", "Beşmərtəbəli evin
altıncı mərtəbəsi", "Ağ qoç,
qara qoç", "Otel otağı", "Göz
muncuğu"ndakı obrazlar dəyişə bilməz. Bu dəyişməzliyin səbəbini Anar müəllim
kifayət qədər aydın izah edir".
Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə
elmlər doktoru İsmixan Osmanlı aparıcı təşkilatın
və avtoreferatlarla bağlı rəyini diqqətə
çatdırıb. Deyib ki, iş üzrə aparıcı müəssisə
Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı
kafedrasıdır, dissertasiya işi və avtoreferatlara
ümumilikdə beş rəy verilib. Millət
vəkili, akademik Nizami Cəfərov və Əlyazmalar
İnstitutunun direktoru, akademik Teymur Kərimli dissertasiya
işinə, filologiya elmləri doktorları Vaqif Yusifli,
Paşa Kərimov, Qəzənfər Paşayev avtoreferatlara rəy
veriblər. Bütün rəylərdə
müsbət fikirlər səsləndirilib, iradlar yoxdur.
İş üzrə təyin olunmuş opponentlər -
professorlar Rüstəm Kamal və Rafiq Əliyev
çıxış edərək mövzunun
aktuallığını qeyd etməklə yanaşı, əsaslandırılmış
şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı
opponentlərin, aparıcı təşkilatın və
avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı
cavab verib.
İşlə
bağlı çıxış edən Şuranın
üzvləri - professorlar Mahirə Quliyeva, Qəzənfər
Paşayev, Cahangir Məmmədli, Vaqif Yusifli müəyyən
təkliflərini bildirməklə yanaşı, mövzunun
aktual olduğunu, işin Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə
tam cavab verdiyini qeyd ediblər.
Xalq yazıçısı Anar Şura üzvlərinə, çıxış edənlərə təşəkkürünü bildirib: "Mən bu gün burada çox mehriban, səmimi, qayğıkeş münasibət gördüm. Mənim haqqımda müxtəlif zamanlarda çox yazıblar. Bu yazıların hamısı mənim özümü özümə tanıdıb. Pərvin xanım dissertasiya işini yazmaq fikri olduğunu deyəndə bu, mənə maraqlı gəldi. Çünki yeni nəslin münasibətinin necə olacağı maraqlı idi mənə. Yeni nəsildə inkarçılıq da, razılaşmamaq da var. Biz bununla bağlı dəfələrlə Pərvinlə söhbətlər, müzakirələr etdik. Mən həmişə ondan bir şeyi xahiş edirdim: tərif olmasın, təhlil olsun. Kitabı və sonradan dissertasiyanı oxuyanda gördüm ki, burada həqiqətən də çox ciddi təhlil var. Pərvin mənim yaradıcılığımı özümdən yaxşı bilir. Bəzən nə isə yadımdan çıxanda Pərvindən soruşuram. Həm də Pərvin mənim yazdıqlarıma ümumi şəkildə baxa, paralellər yarada bilir. Bunun üçün ona təşəkkür edirəm və düşünürəm ki, fəlsəfə doktoru adına layiqdir".
Sonda dissertant Pərvin Nurəliyeva,
sədr akademik İsa Həbibbəyli başda olmaqla, Şura
üzvlərinə, Xalq yazıçısı Anara,
dissertasiya işinin müdafiəsində əziyyəti olan rəyçilərə,
opponentlərə, eləcə də müdafiədə
iştirak edən elm və ictimaiyyət nümayəndələrinə
öz təşəkkürünü bildirib:
"Haqqımda söylənən xoş sözlərin,
müdafiəmin sevincini bölüşdüyüm insanlar
var. Hər şeydən əvvəl elmi rəhbərimə və
aid olduğum kafedraya təşəkkür edirəm. Himalay
müəllimin mənim yaradıcılığımda,
elmi-pedaqoji fəaliyyətimdə xidməti çox
böyükdür. Onun mənə ən böyük yaxşılığı
isə tapşırdığı bu dissertasiya mövzusudur.
Burada mənim yazılarımda publisistik üslubun bəzən
bədii üslubu üstələməsi məsələsi
qeyd olundu. Bununla bağlı mən etiraf etmək istəyirəm
ki, bəli, mənim bütün yazılarım "525-ci qəzet"in
materialıdır. Bu qəzetin mənim yetişməyimdə,
ədəbi mühitdə tanınmağımda xidməti
çox böyükdür. Buna görə, başda Rəşad
Məcid olmaqla, Seyfəddin Hüseynliyə, Yusif Rzayevə, qəzetin
əməkdaşlarına təşəkkür edirəm. Mənə
oxutdurduqları kitablara, verdikləri təhsilə, məni zəhmətə
alışdırdıqlarına, məndə iradə,
dözüm aşıladıqlarına, hər bir işimdə
yanımda olduqlarına görə valideynlərimə, ailəmə
təşəkkür edirəm. Həmçinin,
onu da söyləyim ki, atamın evindən xoş bir səbəbdən
ayrılanda bircə bakalavr diplomum vardı, bütün digər
uğurlarımı düşdüyüm ocaqda, Nurəliyevlər
ailəsində qazanmışam, bu gün də burda
yanımdadırlar, onlara da hər şey üçün təşəkkür
edirəm. Dissertasiya mövzuma gəlincə,
etiraf edirəm ki, bəli, mən fəlsəfə doktoru elmi
dərəcəsi almaq, daha çox kitabların müəllifi
olmaq istəyirəm, ölkənin ən böyük
yazıçılarından biri haqqında tədqiqat işi
yazmağımla qürur duyuram. Ancaq Anar müəllim
haqqında yazdıqlarımın, işlərimin mahiyyətində
ayrı bir səbəb də durur. Bu da ondan ibarətdir ki, mənim
Anara borcum valideynlərimə borcum kimidir. Bu baxımdan
bir kitab, bir tədqiqatla bu borcu ödəyib bitirə bilmərəm.
Ona görə də hər kəsin
qarşısında Anar müəllimə söz verirəm
ki, ardı olacaq. Və bugünki
uğurumu ən böyük əsərimə, ən ciddi elmi
araşdırmama, ən vacib işimə - oğlum Anara həsr
edirəm!"
Keçirilən gizli səsvermə nəticəsində
Pərvin Nurəliyevanın filologiya üzrə fəlsəfə
doktoru adı alması üçün Ali Attestasiya
Komissiyası qarşısında vəsatət
qaldırılması qərarı yekdilliklə qəbul
edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 13 iyul .- S.8.