Alınma terminlər problemi
VƏ YA NADİR MƏMMƏDLİNİN
"AZƏRBAYCAN DİLİNDƏ ALINMA TERMİNLƏR"
KİTABI HAQQINDA
Nizami CƏFƏROV
Professor
Nadir Məmmədlinin "Azərbaycan dilində alınma
terminlər" monoqrafiyası, hər şeydən əvvəl,
ona görə dəyərlidir ki, birincisi, Azərbaycan
dilçiliyində bu sahədə aparılmış
araşdırmaların, qazanılmış təcrübənin
ən mühüm uğurlarını özündə ehtiva
edir; ikincisi, mövzuya münasibətdə onun
(terminologiyanın) ümumnəzəri, metodoloji problemləri
səviyyəsinə yüksəlir və nəhayət,
artıq demək olar ki, uzun illər apardığı həm
praktik lüğətçilik, həm də nəzəri tədqiqatların
bilavasitə yekunu kimi müəllif mövqeyini sistemli şəkildə
nümayiş etdirir.
Əlbəttə,
"alınma terminlər"dən bəhs edərkən əsas
məsələlərdən birincisi "alınma
söz", ikincisi isə "termin"
anlayışlarını müasir elmi-intellektual, analitik-funksional
təfəkkür mövqeyindən dəqiqləşdirməkdən
ibarətdir ki, fikrimizcə,
monoqrafiyanın "Giriş"ində müəllif buna
kifayət qədər nail olmaqla yanaşı, öz
müvafiq interpretasiyalarını bütün əsər boyu daha da inkişaf
etdirərək zənginləşdirə bilmişdir.
Hər
bir dilin terminologiyasının formalaşması tarixinin həmin
dilin elmi üslubunun təşəkkülü tarixinin
üzvi tərkib hissəsi
olması barədəki ümumelmi təsəvvür, prinsip
etibarilə, ciddi mübahisə doğurmasa da, elmi təfəkkürün
digər təfəkkür formaları, məsələn, bədii,
publisistik və s. ilə müqayisədə daha çox
ümumbəşəri xarakter daşıması, haqqında
söhbət gedən təsəvvürü, ilk növbədə,
o baxımdan şübhə
altına alır ki, bu və ya digər dilin
daşıyıcıları üçün elmi- intellektual
təfəkkür, heç də həmin dilin miqyası ilə
məhdudlaşmayıb, çox hallarda onun hüdudlarından
kənara çıxaraq, bir növ, transmilli məzmuna malik
olduğundan terminologiyanın ümumbəşəriliyi ilə
elmi üslubun milliliyi arasında
müəyyən ziddiyyət və ya diskomfort
mövcuddur. Azərbaycan dilinin XIX əsrin sonu XX əsrin əvvəllərində
təşəkkül tapmağa başlayan, təxminən XX əsrin
ortalarına doğru həm humanitar- ictimai, həm təbiət,
həm də texniki elmlər üzrə kifayət qədər diferensial bir səviyyədə təzahür
edən elmi üslubunun istər türk, istər Şərq,
istərsə də Qərb mənşəli əsas
terminoloji materialının, yaxud
bazasının daha əvvəllərdən Azərbaycan
elmi-intellektual təfəkkürünün istifadəsində
olduğunu göstərən xeyli mənbələr
mövcuddur ki, onların meydana çıxdığı
tarix və ya tarixlərlə Azərbaycan dilinin elmi üslubunun
təşəkkül tarixi arasında müəyyən fərq olduğunu etiraf etməmək
mümkün deyil. Lakin fakt faktlığında qalır ki, terminologiya
yalnız o zaman bir dilin kontekstində
onun linqvistik əlaməti olaraq təhlilə cəlb
edilə bilər ki, həmin dilin elmi üslubunun az-çox
stabil faktına- materialına çevrilmiş olsun.
Elmi təfəkkürün
ümumdünya miqyası aldığı və ya
universallaşdığı XIX əsrin əvvəllərindən
etibarən elə bir xalq təsəvvür etmək
mümkün deyil ki, onun dilinin elmi üslubunda leksik
alınmalar ya olmasın, ya da əksər hallarda
üstünlük təşkil etməsin. Çünki
dünya xalqlarının, demək olar ki, əksəriyyətinin
təfəkkürü kimi dili də elmi anlayışı (və
termini) ümumi tarixi mənbələrdən alır ki, buraya
Qərb mədəniyyəti üçün yunan, latın,
Şərq mədəniyyəti üçünsə eyni
zamanda ərəb, müəyyən qədər isə fars mənbələri
daxildir. Azərbaycan dilinə gəldikdə isə
Şərq və Qərb mənşəli terminologiyanın
funksional paralelliyinin mövcudluğu nəinki elmi üslubun, hətta
milli elmi təfəkkürün təbiətinə, yaxud
tipologiyasına təsir edəcək bir səviyyədədir.
Monoqrafiyanın
birinci fəsli ərəb və fars, ikinci
fəsli rus, üçüncü fəsli Avropa mənşəli
alınma terminlərə həsr olunmuşdur.
Dördüncü fəsil isə hər üç mənşə və ya mənbədən
gələn terminoloji leksikanın
azərbaycandilli təfəkkür kontekstində mənimsənilməsi
prosesindən və ya texnologiyalarından bəhs edir ki, fikrimizcə, həm nəzəri, həm
də praktik baxımdan çox aktualdır.
Nadir Məmmədlinin
monoqrafiyasında mövzu ilə ya birbaşa, ya da
dolayısı ilə bağlı araşdırılan problemləri xülasə etsək,
təxminən aşağıdakı mənzərə alınar:
1) ərəb
və fars mənşəli terminlər - bu terminlərin Azərbaycan
dilində funksional tarixi mövqeyi və XX əsrin 20-ci ilərindən
etibarən həmin mövqeyə elmi-nəzəri, eləcə
də ideoloji münasibət; xüsusilə ərəb mənşəli
terminlərin elmi üslubun müxtəlif sahələri
üzrə işlənmə dairəsi; ərəb və fars
mənşəli terminlərin fonoqrafik "milliləşmə"si
və ya assimilyasiya-unifikasiyası; Avropa dillərindən
alınmış ərəb və fars mənşəli
terminlərin spesifikası və həmin terminlərin "hərəkət
trafektoriyası"; Azərbaycan dilində işlənən ərəb
və fars mənşəli terminlərin struktur və semantik
interpretasiyası və s.
2) rus mənşəli
terminlər - bu alınmaların Azərbaycan dilindəki
xüsusilə bilinqvizmdən irəli gələn
spesifikası; rus mənşəli terminlərlə rus dili
vasitəsilə keçən Avropa mənşəli terminlərin
fərqləndirilməsi; rusizm və sovetizmlər; rus mənşəli
terminlərin Azərbaycan dilindəki əhatə dairəsi; həmin
alınmaların semasiologiyası və s.
3) Avropa mənşəli
terminlər - bu terminlərin müxtəlif prinsiplərlə
təsnifatı; internasional terminologiya problemi; Avropa mənşəli
terminlərin Azərbaycan dilində funksional yayılma sahələri;
həmin terminlərin geneoloji təsnifi; termin-elementlər və
onların semantik funksiyaları və s.
4) dilxarici və dildaxili amillər -
terminalmanın sosiolinqvistikası; alınma terminlərin mənimsənilməsi
məsələləri və s.
Bu
ümumi mənzərə, başqa sözlə, əsərin
sxemi, hələ məzmun- mündərəcəsinə o qədər
də dərindən müdaxilə etmədən
öz-özlüyündə, aparılan araşdırmaların ciddi
intellektual- metodoloji struktura, yaxud modelə əsaslandığını
göstərir. Və həmin əsaslılıq, bir tərəfdən,
müəllifin elmi təfəkkürünün
konseptuallığını nümayiş etdirirsə, digər
tərəfdən, monoqrafiyanın akademik dilçilik
mühitində adekvat dərk olunmasını, bu cür hallar
üçün heç də az
səciyyəvi olmayan pərakəndə, yaxud ziddiyyətli
mülahizəçilikdən, artıq təfərrüatdan
qaçılmasını təmin edir.
Məlum olduğu kimi, Azərbaycan dili türk dillərindən
biri olmaqla ümumtürkcənin təbii diferensiasiyasının
məhsuludur.
Və heç bir şübhə yoxdur ki, Azərbaycan dilində
işlənən ərəb, yaxud fars mənşəli
sözlər, eləcə də terminlər ümumtürkcədən
gəlməklə bütün türk dilləri
üçün bu və ya digər dərəcədə
xarakterikdir. Lakin
Azərbaycan xalqı (və dili) o türk xalqlarındandır
(və dillərindəndir) ki, ərəb müsəlman
dünyası ilə daha çox bağlı olduğundan
milli elmi- mədəni təfəkkür, ümumən
dünyagörüşü həmin dünyanın bilavasitə
tərkib hissəsi kimi çıxış etmişdir.
Türk dilləri tarixinin görkəmli tədqiqatçısı
Prof. Dr. Əhməd Cəfəroğlu Səlcuq türklərinin, demək
olar ki, bütün müsəlman dünyasına hakim
olduqları XI- XIII əsrlərdə öz saraylarında ərəb,
fars dillərinə türkcədən daha çox önəm
verdiklərini "naxələflik" kimi qınayır.
Burada
müəyyən həqiqət olsa da, etiraf etmək
lazımdır ki, həmin əsrlərdə türklərin
elmi- intellektual, mədəni səviyyəsi, onların hərbi-
siyasi qüdrətindən geri qaldığına görə,
əgər belə demək mümkünsə, intibah dövrü yaşayan müsəlman
cəmiyyətin bir üzvünə çevrilməsi tamamilə
təbii idi. Hətta iş o yerə çatmışdı
ki, türk dövlət xadimləri, hərbçiləri, ziyalıları
yalnız bir türk kimi deyil, həm türk, həm ərəb,
həm də fars olaraq düşünmək,
"üçayaqlı" bir düşüncə mədəniyyətinin
daşıyıcısı olmaq iddiasında idilər. Bu isə o deməkdir ki, ərəb, eləcə
də fars mənşəli sözlər türk dilinə (və
onun formalaşmaqda olan Azərbaycan təzahürünə)
"kənar"dan yox, "daxil"dən gəlirdi, hətta
bir qədər obrazlı desək, "dil"ə yox, "təfəkkür"ə
gəlirdi. Və həmin faktın nə qədər dəqiq
olduğunu o da sübut edir ki, nəinki orta əsrlərdə,
bütün yeni dövr boyu belə, türkcəyə meylli
olan, bu və ya digər sözü (termini) ərəbcə,
farsca yox, məhz türkcə
işlətməyə çalışan ziyalılar onlara
daha yaxşı məlum olan ərəb, yaxud fars
sözünün qarşılığını axtarmalı
olmuşlar. O mənada ki, həmin türk ziyalılarının
təfəkküründə həm təhsildən, həm də
qulluq, yaxud yaradıcılıq praktikasından irəli gələrək,
ümumiyyətlə, normativ, ənənəvi olan söz
(termin) türk yox, ərəb və ya fars
mənşəli idi.
Nadir Məmmədli
orta əsrlərdə Azərbaycan dili terminologiyasının
təşəkkülündə ərəb dilinin təsirini, tamamilə
doğru olaraq, fars dilinin təsirindən daha güclü (hətta
əlavə etmək olar ki, müqayisə edilməyəcək
qədər güclü) olduğunu göstərir. Və
yazır:
"Azərbaycan
dilinə, xüsusilə ərəb mənşəli terminlərin
keçməsini təbii hal hesab edirik. Bu, əvvəla, elm və
mədəniyyət anlayışları ilə əlaqədar ərəb
dilində hazır terminlərin
mövcudluğu (qədim yunan, hind elmi traktatları ərəb
dilinə tərcümə olunmuş, hələ orta əsrlərdə ərəb
terminologiyası formalaşmışdı), ərəb, eləcə də fars
dilinin yeganə alınma mənbəyi olması, ikincisi və
ən başlıcası, ərəb dilinin müsəlman aləmində
"Qurani-Kərim" - din dili hesab edilməsi (əslində,
olması! - N.C.) ilə
bağlı idi".
Türk
dillərində, eləcə də Azərbaycan dilində orta
əsrlərin ortalarından başlayaraq ərəb
terminologiyasının nəinki geniş yayılması, hətta
mütləq hakim olması, monoqrafiya müəllifinin göstərdiyi
kimi, bir tərəfdən, "Qurani-Kərim"in
güclü (və çoxmiqyası) təsirinin nəticəsi
idisə, digər tərəfdən (və doğrudan da), ərəb
elmi təfəkkürünün (və dilinin) beynəlxalq
hadisəyə çevrilməsi, milli (və dini)
hüdudları aşaraq həm Şərq, həm də Qərb
dünyasının intellektual- mədəni, xüsusilə fəlsəfi
düşüncə potensialını özündə kifayət
qədər dolğun bir şəkildə ehtiva eləməsi idi. Və təsadüfi
deyildi ki, qədim
dünyanın ən möhtəşəm mütəfəkkirlərinin
əsərləri yalnız həm müsəlman, həm də
xristian ərəblər tərəfindən deyil, eyni zamanda
müsəlman hindlilər, farslar, türklər tərəfindən
də ərəbcəyə çevrilmiş, onlara geniş
(və mükəmməl) şərhlər
yazılmışdı. Bu tərcümələrin,
xüsusilə şərhlərin müəlliflərindən
biri Türküstan müdriki Əbu Nəsr əl-Fərafi
ət- Türki (XI əsr) idi.
Nadir Məmmədlinin
belə bir fikri ilə
də razılaşmamaq mümkün deyil ki, "islam dini bu
gün də kifayət qədər güclüdür,
dünyanın ictimai- siyasi hadisələrində mühüm
rol oynayır. İslam dini qayda- qanunları Azərbaycanın
ideya mövqeyinə, sivilizasiyasına, xalqın mənəvi
həyat səviyyəsinə öz təsirini göstərmişdir.
Burada, ələlxüsus, müsəlman dini
ideya ənənələrinin və bu ənənələrin
ictimai- siyasi anlayışlarının Azərbaycan dilinə
təsirini qeyd etmək lazımdır. Azərbaycan dilində İslam dini,
onun əmələ gəlməsi, prinsipləri, təriqət
və cərəyanları, modernləşdirilməsi,
siyasi və sosial rolu ilə bağlı külli miqdarda termin
işlənməkdədir"... Bu isə o deməkdir ki,
müasir Azərbaycan dil təfəkküründə ərəb
mənşəli terminologiyanın mövqeyi o qədər
güclüdür ki, bir tərəfdən, milli (türk mənşəli),
digər tərəfdən isə modern (beynəlmiləl) terminologiya ilə
rəqabətdə çox zaman
öz tarixi üstünlüyünü qoruyub saxlayır. Və həmin
üstünlük ən azı üç səviyyədə
təzahür edir:
1) ərəb mənşəli söz- termin
mütləq üstündür; məsələn: alim,
hüquq, din, müəllim, kitab və s.;
2) ərəb
mənşəli söz- termin həm milli, həm də beynəlmiləl
sözlə paralel işlənsə də, daha populyardır:
dövr- dönəm, əsr- yüzillik, şeir- poeziya, həkim-
doktor, təcrübə- praktika və s.;
3) ərəb mənşəli söz- termin
arxaikləşsə də, ən azı ekzotik- üslubi
funksionallığını mühafizə edir: əfkari-
ümumiyyə, mükəlləfiyyət, müfəssəl,
mürşid, müsamirə, mütəvaze və s.
Artıq
bir əsrdir ki, nə ərəb, nə də fars dilindən
Azərbaycan dilinə, demək olar ki, heç bir söz-
termin keçmir, lakin Azərbaycan- türk dili təfəkkürünün
təxminən min il ərzində mənimsədiyi ərəb
və fars alınmalarına müasirlik mövqeyindən
koqnitiv müdaxilə olduqca fəaldır.
Nadir Məmmədlinin
monoqrafiyasında rus mənşəli terminlərə xüsusi yer
ayrılması, onların, ənənəvi olaraq,
rus-Avropa mənşəli
terminlər daxilində deyil, ayrıca
araşdırılması, əlbəttə,
düzgündür. Müəllif yazır:
"Rus mənşəli
terminlərin alınma prosesinin izlənməsi və
ictimai-siyasi, sosial amillərinin izah olunması Azərbaycan dilçiliyində
aktual problemlərdən biridir. Azərbaycan dilində rus mənşəli
terminlərin alınma yollarının mənimsənilməsi
dərəcəsinin müəyyənləşdirilməsi ciddi axtarışlar tələb
edir".
Məsələnin
mahiyyəti bundan ibarətdir ki, XIX əsrin ortalarından
etibarən rus mədəniyyəti Rusiya tabeliyindəki xalqlara
birbaşa (və əhəmiyyətli) təsir göstərməyə
başlayır ki, həmin təsir, əslində,genetik
baxımdan yalnız rus mədəniyyətinin hadisəsi
deyildi. Rusiyanın özü Qərbi Avropanın ciddi mədəniləşdirici
təsiri altında olduğundan imperiyanın
"ucqarlar"ına rus mədəniyyəti qiyafəsində Qərbi Avropanın həm maddi, həm
də mənəvi texnologiyalarının nüfuzuna start verilmişdi. Və
o da təsadüfi sayıla bilməz ki, həmin dövrü (və vəziyyəti)
təhlil edən Avropa mütəfəkkirləri bu fikirdə
idilər ki, Rusiya əsarət altına aldığı
xalqlara (bunların əksəriyyəti türk xalqları idi)
münasibətdə "bütün alçaqlığına və
slavyan çirkabına baxmayaraq mədəniləşdirici rol oynayır"... Əlbəttə,
Rusiya və ya rus dili vasitəsilə gələn həm maddi, həm də mənəvi
terminologiyanın, eləcə
söz- terminlərin ilk mərhələlərdə Qərbi
Avropa, yaxud rus- slavyan mənşəli olduğunu müəyyənləşdirmək
"ucqarlar" üçün nə maraqlı, nə də əhəmiyyətli
deyildi. Lakin XX əsrin əvvəllərindən,
xüsusilə həmin əsrin 20-ci illərindən
başlayaraq məsələyə diferensial yanaşmaq
üçün intellektual- mədəni şərait
yarandıqda rusizmlərə (və sovetizmlərə)
ayrıca münasibət meydana çıxdı.
Nadir Məmmədli,
fikrimizcə, haqlıdır ki, "rusizm milli, sovetizm isə
sosial, ideoloji işarədir. Rus dilindən alınan terminlərin
hamısı rusizm deyil: rusizm dedikdə rus məişətini
və tarixi dünyagörüşünü ifadə edən leksik vahidlər nəzərdə
tutulur; rusizmlər tarixən formalaşmış rus sözləridir.
Sovetizmlər isə sovet gerçəkliyini əks etdirən söz-
terminlərdir. Bunlar müəyyən ictimai
quruluşun terminoloji fondudur və sovet həyat tərzini,
varlığını əks etdirən sözlərdir".
Müasir
Azərbaycan dilində işlənən rus sözlərini ilk
dəfə bütün miqyası ilə
araşdıran müəllif belə bir qərara gəlir ki,
"Azərbaycan dilində rus mənşəli
terminlərin bir qismi ( fikrimizcə, çoxu - N.C.) artıq
müəyyən sahə terminologiyasından daha çox,
ümumədəbi dil sözləri hesab edilir". Və əlavə etmək
lazımdır ki, çoxlu sayda rusizmlər mövcuddur ki,
heç zaman ədəbi dilə daxil olmamış, lakin
danışıq dilində o qədər böyük populyarlıq qazanmışdır
ki, bəzi azərbaycanlılar həmin sözlərin ədəbi
qarşışılığını ya bilmir, ya da çətinliklə tapırlar; məsələn:
semiçka, balnisə, priyamoy, çesni, obayatelnı,
minitelni, solidnı, vorzakon, kvartirant, xazeyn və s.
Görünür,
bu cür sözlərin Azərbaycan dilində bir vaxtlar daha
geniş yayılması, ilk növbədə, rus dilinin Azərbaycan
dilinə hərtərəfli təsirilə bağlı idisə,
digər tərəfdən, məişət dilində ədəbi
normativliyin zəifliyindən irəli gəlirdi. Və XX əsrin
sonlarından etibarən həmin vəziyyətin sürətlə
aradan qalxdığı, yeni nəslin dil təfəkküründə
bu cür alınmaların meydanının
daraldığı müşahidə edilməkdədir.
Ümumiyyətlə,
Azərbaycan dilinin söz və ya termin alma mənbələri
içərisində rus dilinin
mövqeyi xeyli məhdudlaşmışdır. Ona
görə də monoqrafiya müəllifinin "rus mənşəli
terminlər alınması dilimizin indiki mərhələsində
də ictimai, siyasi, mədəni məzmuna uyğunlaşaraq
davam edir. Rus dili yeni realiyaların nominasiyasını
intensiv əks etdirən əsas alınma mənbələrindən
biri kimi
qalmaqdadır" qənaəti bizə mübahisəli görünür.
Nadir Məmmədli
yazır:
"Azərbaycan dili lüğət tərkibinin zənginləşməsi
mənbələrindən biri də rus dili vasitəsilə və
vasitəsiz başqa dillərdən və ilk növbədə
Avropa dillərindən alınan sözlərdir".
Ümumiyyətlə, doğru olan bu fikrin dəqiqləşdirilməsinə ehtiyac vardır... Hər şeydən əvvəl, bu gün Avropa dillərindən Azərbaycan dilinə sözlər, prinsip etibarilə, vasitəsiz keçir, yəni rus dilinin tarixi vasitəçi rolu nəzərə alınmayacaq qədər cüzidir. İkincisi, Avropa dilləri Azərbaycan dili lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri yox, birincisidir. Və nəhayət, qloballaşan dünya ingilis dilinin bütün dünya dilləri üçün söz- termin alma, eyni zamanda vasitəçilik rolunu o qədər gücləndirmişdir ki, bu dil, bir növ, koordinatora çevrilmişdir. Əslində, monoqrafiya müəllifi dövrümüzün həmin reallığını kifayət qədər düzgün dəyərləndirdiyini konkret şərhlərində təfsilatı ilə əks etdirmişdir. İstər qədim yunan, latın, istərsə də müasir Avropa dillərinə aid terminlərin bütöv (qlobal) bir funksional sistem olaraq ortaya çıxdığı müasir mərhələdə "qarşı tərəf"in (milli mədəni subyektin!) reaksiyasını izah etməyə çalışan müəllif yazır:
"...Dilimizin leksik- terminoloji qatında daim təkmilləşmə və inkişaf prosesi baş verir. Avropa mənbəli terminlərin bu prosesdə fəal iştirakı Avropa ölkələri ilə müxtəlif xarakterli birbaşa əlaqələrin, ünsiyyət vasitələrinin yaranması, elmi-kəşflərin geniş vüsət alması, müstəqil respublikanın ictimai- siyasi fəallığı, mədəni həyatda dəyişikliklər, Avropa dillərinin öyrənilməsi intensivliyinin artması, fəallaşması və s. amillərlə bağlıdır".
Azərbaycan dili terminoloji sisteminin zənginləşməsinin əsas xarici mənbəsini təfsilatı ilə müəyyənləşdirən bu interpretasiya, fikrimizcə, tamamilə doğrudur. Və o da doğrudur ki, alınma terminlərin hər hansı bir dilə keçməsi mürəkkəb dilxarici və dildaxili amillərlə müşayiət olunur. "Dilxarici amillər sosiolinqvistik, dildaxili isə mənimsəmə prosesdir. Birincini terminin dilə keçməsi, onun səbəbləri, ikincini isə onların milli dilin tələblərinə, normalarına uyğunlaşması şərtləndirir".
Kifayət qədər zəngin dil faktlarına əsaslanaraq termin alınmasının həm dilxarici, həm də dildaxili mexanizmlərini iki bölmədə geniş araşdıran müəllif belə bir obrazlı nəticəyə gəlir ki, "alınma terminlərin dilimizin normalarına tabe olması mənimsəmə prosesinin bitməsidir, dilimizin müvafiq qanunlarına uyğun inkişafı onların sonrakı "həyatı"dır".
Monoqrafiyanın "Nəticə"si isə belə başlayır: "Aparılan tədqiqat göstərdi ki, ictimai- siyasi, texniki, mədəni, iqtisadi əlaqələr dilin leksik sistemində, ələlxüsus terminologiyada öz əksini tapır. Həm dillərarası ünsiyyət nəticəsində özgə dillərdən maddi linqvistik varlıq - terminlər alınır, həm də bu dillərin təsiri ilə Azərbaycan dilinin daxili ehtiyatları, söz yaradıcılığı imkanları hərəkətə gəlir". Və bu kifayət qədər aydın, eyni zamanda dəqiq elmi qənaətdən sonra müəllif uzun illərin araşdırmalarının nəticələrini konkret maddələrlə ümumiləşdirir ki, onların hər biri yuxarıda xülasə etdiyimiz problem- mövzuların ideya- məzmununu və ya mahiyyətini mükəmməl şəkildə əks etdirir.
Heç şübhə etmirik ki, professor Nadir Məmmədlinin "Azərbaycan dilində alınma terminlər" monoqrafiyası Azərbaycan dilçiliyinin son illərdə meydana çıxmış ən dəyərli əsərlərindən biridir. Və bu əsər milli linqvistik təfəkkür mədəniyyətimizi əhəmiyyətli dərəcədə zənginləşdirir.
525-ci qəzet 2017.-
13 iyul .- S.7.