Milli mədəniyyətimizin fədakar
təmsilçisi və təbliğçisi - professor Babək Qurbanov
"Gətir, oğlum, gətir..." - Azərbaycanda bu misranı bilməyən çox az adam tapılar.
Aşıqlarımızın hamisi olaraq da
tanınan Xalq şairimız Osman Sarıvəllinin şah misralarındandır. Oğlu Babək Qurbanova
ithafən yazıb.
Bu şeiri dinlədiyim
gündən bugünədək
50 illik bir zaman keçib. Bugünkü kimi yadımdadır.
Atam - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
dosenti, iqtisad elmləri namizədi Cəmil Əkbər o dönəmdə Osman qağamızın yeni nəşr olunmuş göy cildli kitabını evə alıb gətirdi. Başdan sonadək həmin şeirləri oxuyub tanış
olduqdan sonra "Gətir oğlum, gətir" poemasını
mənə də oxudu. O zaman 10 yaşım var idi. Etiraf etməliyəm
ki, ilk dəfə Osman Sarıvəlli yaradıcılığı və
oğlu Babək Qurbanovla poetik dünyada beləcə bir gündə, bir məqamda tanış oldum. Şeiri dinləyib bir
anlıq düşüncəyə
daldım. Öz-özümə
dedim: "Görəsən, böyük
şairimizin hələ
həyatda, elm və sənət aləmində
mühüm uğurlara
imza atmamış bir övladı haqda belə gözəl şeir yazmaqda məramı nə imiş? Görəsən, Babəkdə hansı
keyfiyyəti görüb
ki, oğlunun şəninə möhtəşəm
bir şeir ərmağan edib? Hələ öz balaca düşüncəmlə mən
elə bilirdim ki, yalnız böyük şəxsiyyətlər
haqda şeirlər, poemalar yazılmalıdır.
Lakin həyat yollarında yaşa dolduqca anladım ki, böyük şəxsiyyətlər
elə kiçik yaşlarından da böyük qəlbə, böyük məfkurəyə,
böyük amallara və düşüncələrə
sahib olarmış. Məhz
bu keyfiyyətləri uşaqlıq dönəmində
hiss etdiyi üçün
Osman qağa öz düşüncələrində,
hisslərində yanılmamışdı.
Müəllimlik fəaliyyətinə yeni başladığım
illərdə Azərbaycan
Dövlət Konservatoriyasının
İctimai Elmlər Kafedrasına (Azərbaycanın
ilk qadın dəniz kapitanı )
Şövkət Xanım
Səlimova rəhbərlik
edirdi. Şövkət
xanım ayrı-ayrı
ali təhsil ocaqlarından "fəlsəfə",
"tarix", "elmi
kommunizm" dərslərini
vermək üçün
saathesabı da olsa, akademik Firudin Köçərlini,
Şahnəzər Hüseynovu,
Yasin Qaraməmmədlini,
Babək Qurbanovu və başqa tanınmış alimləri
dəvət edib tələbələrimizlə "görüşdürərdi". Bu dərslər tələbələrimiz
üçün çox
maraqlı idi.
Babək Qurbanovla ilk olan əyani tanışlığım
1984-cü illərdə Üzeyir
Hacıbəyli adını
daşıyan müqəddəs
sənət məbədində,
Azərbaycan Dövlət
Konservatoriyasında, filosof
Şahnəzər Hüseynovun
vəsiləsi ilə
baş tutdu. Bu görüş tanışlığımızın
ilk mərhələsi oldu.
Bu insanı gördüyüm
zaman "Gətir, oğlum, gətir" şeiri ağlıma gəldi. Diqqətlə süzüb Osman
Sarıvəllinin gözü
ilə seyr etməyə çalışdım.
İlk baxışda ağıryana
təbiətli, səmimi,
təbii və mədəni bir insan kimi qəlbimə
yatdı. Sonrakı illərdə
bu alimin sədasını televiziyadan,
mətbuat səhifələrindən,
elmi məqalələrdən,
kitablardan, simpozumlardan,
imtahan komissiyasından
eşitmək mənə
nəsib oldu. Böyük alimlərlə
- akademiklər Firudin Köçərli, Tofiq Köçərli, Rasim Əfəndiyev, professorlar
Camal Mustafayev, Süleyman Ələsgərov,
Qəzənfər Paşayev,
Kamil Vəliyev və Mustafa İsgəndərzadə
ilə görüşdüyüm
zaman bilərəkdən
Babək müəllim
haqda söhbət salırdım. Etiraf etməliyəm ki,
onlar bu adı eşitdikcə üzlərinə bir təbəssüm qonurdu.
Bu minvalla illər
keçdi, 2000-ci ildə
Ərzurum Atatürk Universitetinə işə
dəvət aldığım
gündən Babək
müəllimlə yaxın
tanışlığımın üçüncü bölümü
başlamış oldu.
Gecə-gündüz çalışan, 3 fakültədə dərsə
girən (Fəlsəfə
bölümü, Kazım
Qarabəkir tədris fakültəsi və incəsənət fakültəsi)
azərbaycanlı alim
Babək Qurbanov idi. Ara-sıra Türkiyənin məşhur
jurnallarında ("Türkiyyat",
"Türk eli")
və yerli qəzetlərdə yazıları
da çap olunurdu. 2001-ci ildə
Babək müəllimin
fortepiano əsərlərini ilk dəfə professor Həqiqət
Məhərrəmovanın Atatürk Universitetinin böyük konsert səhnəsində coşqulu
ifasında dinləyərək,
Babək müəllimin
həm də bəstəkar olduğunu anladım. Sonrakı
illərdə Babək
Qurbanovun əsərlərini
Tamilla Qasımova, Rəfael Məmmədəliyev,
Əfqan Salayev, skripkaçı Fərhat
Ağamalızadə, bu
sətirlərin müəllifi
də fərqli konsertlərdə səsləndirdilər.
Ərzurum xatirələrimdə Babək müəllimin skripkadan da dərs
dediyini oxucularımızın
diqqətinə çatdırmaq
istərdim. Çünki
Babək müəllim
musiqi təmayüllü
məktəbdə (hazırda
Bülbül adına Orta ixtisas Musiqi Məktəbi) skripka üzrə dərs alıb, konservatoriyaya da skripkaçı kimi daxil olub.
Ali təhsil illərində
musiqi nəzəriyyəsi
ilə yanaşı, bəstəkarlıq ixtisasını
da qazanıb. O dönəmdə rektor olmuş Xalq artisti, professor Cövdət Hacıyev bəstəkarlıq dərsini
tədris edirdi. Dadaş Dadaşov, Rəşid Şəfəq
və Babək Qurbanov Cövdət Hacıyevin ən istedadlı tələbələrindən
idi.
Babək müəllim bəstəkarlıqla
yanaşı musiqişünaslıq
elminin sirlərini öyrəndiyi üçün
də yayınlatdığı
bir çox kitabları məhz klassik və xalq musiqimizin problemlərinə həsr
olunub. Xatırlatmaq lazımdır ki, Babək Qurbanov keçmiş SSRİ və
Azərbaycan Bəstəkarlar
İttifaqlarının üzvü
olub.
Babək müəllim Sovetlər dönəmində öz sahəsində ittifaq əhəmiyyətli tanınmış
alimlərimizdən biridir. Çünki musiqi estetikası üzrə doktorluq dissertasiyasını Moskvada
məşhur alimlər
qarşısında uğurla
müdafiə edib.
Bu baxımdan da Babək müəllimin
adı İttifaq alimləri arasında hörmətlə çəkilirdi.
Təsadüfi deyil ki, məşhur bəstəkar Əfrasiyab
Bədəlbəylinin yazmış
olduğu "Musiqi lüğəti"nin nəşr olunması üçün 1970-ci ildə
bu qiymətli kitaba rəy də verib. Bu,
Babək müəllimə
olan həqiqi alim inamından irəli gəlirdi. Bir zamanlar Azərbaycan dövlət Konservatoriyasının
rektoru olmuş Elmira xanım Abbasovanın elmi işinə rəy verənlər arasında Babək müəllim də var idi.
Babək müəllimin fəaliyyətini
təsnif etmiş olsaq, anlaşılır ki, o həm bəstəkar, həm xalq musiqimizin, həm də klassik musiqimizin nəzəriyyəçisi, həm
skripka mütəxəssisi,
fortepiano müəllimi, filosof,
estetik, ədəbiyyatşünas,
tarixçidir. İncəsənətimizin bir çox
sahələrinə aşina
olduğu üçün
də rəssamlığa,
heykəltəraşlığa, musiqişünaslığa, fəlsəfəyə,
etikaya, estetikaya aid yüzlərlə məqaləsi,
eləcə də kitabları nəşr olunub. Babək müəllimin ayrı-ayrı
illərdə yayınlanmış
elmi yazıları ilə tanış olduqda gördüm ki, bu çalışqan
alimin 700-ə yaxın
məqaləsi var. 33 aspiranta
rəhbərlik etmiş
alimin 41 kitabı işıq üzü görüb. Babək müəllimin Azərbaycanca,
türkcə, rusca, yazmış olduğu məqalələrini diqqətə
aldığımız zaman
təxminən 8-9 cildlik
kitablarının yayınlanmasına
ehtiyac duyulur. Bu siyahıya nəzər salmaq kifayətdir ki, onun fəaliyyətinin
miqyası və nəticələri anlaşılsın:
Musiqişünaslıq haqda
məqalələr; elmi
işlərə rəylər;
kitablara ön sözlər; simpoziumlardakı
çıxışlar və
yayınlanmış elmi
məqalələr; klassik
musiqi haqda məqalələr; xalq musiqisi ilə bağlı məqalələr;
aşıq sənəti
və aşıq yaradıcılığı ilə
bağlı məqalələr;
xalq rəqsləri və oyun havaları
barədə məqalələr;
muğam sənəti
ilə əlaqədar
məqalələr; bəstələr;
rus dilindən türkcəyə tərcümələr;
türk dilindən ruscaya tərcümələr;
Azərbaycan dilindən
türkcəyə çevirmələr;
türkcədən Azərbaycan
dilinə çevirmələr;
toy adətləri ilə
bağlı məqalələr;
Novruz bayramı haqqında məqalələr;
lətifələrə dair
məqalələr; Molla
Nəsrəddinlə bağlı
məqalələr; botanikaya
aid məqalələr; dastanlarla
(Koroğlu) bağlı
məqalələr; fəlsəfəyə
aid məqalələr; estetikaya
aid məqalələr; etikaya
aid məqalələr; ifaçılıq
sənətinə aid məqalələr;
kulturologiyaya aid məqalələr;
ədəbi məsələlərə
aid məqalələr; tarixə
dair məqalələr;
heykəltaraşlığa aid məqalələr; rəssamlığa
dair məqalələr...
Ardıcıl çalışmalarına görə də Babək müəllim 50-dən artıq fəxri fərmana, plaketlərə, fərqli mükafatlara layiq görülüb. Qaziantep Universitetinin kinoşünaslıq fakültəsinin tələbəsi Bəkir Yolaçan 2016-cı ildə Babək müəllim haqda "Qurbətin musiqisi" adlı sənədli film - bəlgəsəl çəkib, bu ali təhsil ocağında həmin filmin təqdimatı da gerçəkləşib.
Babək müəllimin 75 illik yubiley münasibəti ilə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun 9 iyun 2014-cü il tarixində göndərdiyi məktub alimin şəninə yazılmış çox səmimi və xoş arzuları özündə ehtiva edir:
"Hörmətli Babək müəllim! Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və zəngin Azərbaycan musiqisinin, ədəbiyyatının, folklorunun, incəsənətinin, fəlsəfi və estetik dəyərlərinin təbliği istiqamətindəki işlərinizdə, o cümlədən, pedaqoji fəaliyyətinizdə daimi uğurlar arzulayıram".
Bu yaxınlarda - 9 iyunda Babək müəllimin doğum günü, növbəti yaşı qeyd edildi. Bununla əlaqədar Azərbaycanın Türkiyədəki səfirinin təhsil üzrə müşaviri Nəcibə xanım Nəsibova Babək müəllimə üzərində çox xoş sözlər yazılmış gül çələngi göndərmişdi. Qeyd etməliyəm ki, 23 apreldə Akcaabatda düzənlənən "Qafqazın səsi-2" adlı tədbirə, məhz Babək müəllimin orda iştirakı ilə əlaqədar, Trabzon valisi Yücel Yavuzla birgə Nəcibə xanımın da təşrif buyurması B.Qurbanov şəxsiyyətinə olan sayğıdan irəli gəlirdi.
Babək müəllimi ilk həftələri artıq arxada qalan yeni yaşı münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, özünün yeni yaradıcılıq uğurları, parlaq töhfələri ilə xalqımızı hələ çox sevindirəcək.
İlqar İMAMVERDİYEV
Qaziantep Universitetinin və Bakı Musiqi Akademiyasının müəllimi, Sənətşünaslıq elmləri doktoru, professor
525-ci qəzet 2017.- 14 iyul .- S.4.