"Unudulmuş dahi"mizi layiqincə xatırlayanda...

 

AZƏR TURANIN "ƏLİ BƏY HÜSEYNZADƏ" MONOQRAFİYASI HAQQINDA QEYDLƏR

 (Əvvəli ötən sayımızda)

 

Əli bəy Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir?" əsərində türklərin tatar adlandırılması məsələsini monoqrafiyada ətraflı şərh edən və bu münasibətlə əsərdən əhəmiyyətli geniş parçanı verən müəllif 7 il sonra "Tatar milləti" məqaləsində İ.Qaspıralının bu xüsusda onun səsinə səs verdiyini qeyd edir.

 

Bəzən "suya, sabuna dokunmadan" ümumi sözlərlə fikir bildirən, özündən öncəki heç bir fikrə və heç bir müəllifə etiraz etməyə cürəti çatmayan tədqiqatçılardan fərqli olaraq, kifayət qədər cəsarətli fikirlər yazır. Bu, daim Azərbaycan ziyalısının "dişsiz"liyindən dad edən təəssübkeşlərin oxu menyusuna təklif ediləcək dəyərli bir kitabdır. Etirazı olan varsa, kitaba üz tutsun, müəlliflə ədəbi polemikalara girsin. Sənət, ədəbiyyat müstəvisində bütün sivil mübahisələr, polemikalar məqbuldur, hətta çox vacibdir - həqiqətlərin çoxu mübahisələrdə, bu mübahisələrin ortaya çıxardığı suallara cavab aramaqla meydana gəlir - məsələn, bir müddət öncə Azər Turan və Bədirxan Əhmədov arasında "525-ci qəzet" və "Ədəbiyyat qəzeti"nin səhifələrində gerçəkləşən polemika kimi. Bu cür polemikalar ədəbi sükutu pozur, bir canlanma yaradır, həqiqət üzə çıxır.

 

Hətta çağdaş türkologiyada mübahisələrə səbəb olan və bir çox tədqiqatçıların yüksək səslə söyləməkdən çəkindiyi bəzi gerçəkləri vaxtilə Əli bəy Hüseynzadə bəyan etməkdən saqınmayıb. "Əli bəy elmi fikirdə orijinallığını ən azı yeddi yüz illik bir zaman məsafəsində qoruyub saxlaya bilən mütəffəkirlərdəndir" yazır  Azər Turan. Və bütün çabası bu dühanın, onun ideoloji görüşlərinin layiq olduğu miqyasda tanıdılıb öyrənilməsinə, davam etdirilməsinə yönəlib. Bu düşüncələrin kimin qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ən azı, onlarla tanış olmaq şansından yararlanması vacibdir. Çünki biz əksərən bildiyimizdən əmin oluruq. Bu dəyərli əsər isə bilmədiklərimizin, yaxud yanlış mənimsədiklərimizin bildiklərimizdən xeyli az olduğunu xatırladır və bilgiləndirir. Monoqrafiyada Əli bəy Hüseynzadənin çoxtərəfli fəaliyyəti və yaradıcılığı ilə bağlı məsələlər elə geniş və əhatəlidir ki, bir yazıda onların hamısına ötəri də olsa toxunmaq mümkün deyil.

 

Vaxtilə türk tarixi və bütövlükdə türk varlığına "vüsətli elmi yanaşma" sərgiləyən Əli bəyin bu düşüncələrini şərh etməklə yanaşı, müəllif həm də bu xüsusda tədqiqat obyektinin fikirləri ilə birə bir üst-üstə düşən elmi düşüncə və qənaətlərini bölüşür.

 

Kitabda "Əli bəy Hüseynzadənin nəsil şəcərəsi" başlığı ilə verilmiş fəsil, az qala, ayrılıqda bir monoqrafiyadır. Əli bəyin babası, əmisi, qardaşı, qardaşı oğulları və b. yaxın qohum-əqrəbasının hər biri cümhuriyyət dönəmində, ondan əvvəl və sonra əhəmiyyətli postlar tutan, ölkəmiz üçün hərəsi öz çapında önəmli işlər görən və hər birisinin Əli bəy ilə qohumluq əlaqələrindən başqa, həm də məslək bağları olan insanlardır. Əli bəyin yeganə qardaşı olan İsmayıl Hüseynzadə ailəsi ilə birlikdə sürgün edilən ziyalılardandır. Onların hamısının bu və ya başqa şəkildə cəzalandırılmasının bir səbəbi öz fəaliyyət və əqidələri idisə, başqa bir səbəbi də Əli bəylə yaxın qohumluq əlaqələri idi.

 

Azər Turan Əli bəy Hüseynzadənin qardaşı İsmayılın övladları haqqında bəhs edərkən onları "bənzərsiz taleli insanlar" adlandırır. Həqiqətən, monoqrafiyanı oxuyarkən şahid oluruq ki, əmisinin yolunu davam etdirərək Azərbaycanın istiqlal savaşına qatılan Sultan, Cümhuriyyət dövründə təhsil almaq üçün xaricə göndərilmiş Bəhram, qardaşları Firidun, Şəmsəddin Hüseynzadələrin qəribə taleyi olub. Ailəsi 1956-cı ildə bəraət aldıqdan sonra sürgündən Bakıya qayıtmaq üçün Şəmsəddin Hüseynzadənin MK-ya müraciəti ilə bağlı məktubundan bəhs edərkən müəllif yazır: "...məktubu oxuyarkən istər-istəməz düşünürsən ki, zavallı Hüseynzadələr, haqqın nahaqdan ayrılması üçün nə qədər əzab çəkiblər. Həmişə, bütün mərhələlərdə nəyisə izah ediblər. Adamları həqiqətə inandırmaq üçün məktublar, ərizələr, izahatlar yazıblar, ifadələr veriblər".

 

Ədəbi piratçılıq bu günün, dünənin hadisəsi deyil. Bəzən hər hansı məsələ haqqında bir neçə hazır araşdırmanı oxuyub kiçik bir məqalə ərsəyə gətirən müəllif mətnlərini "filan məsələ haqqında araşdırma yazım" deyə təqdim edir. Axı yalnız başqalarının araşdırmalarından istifadə etmək yolu ilə yazılan mətni necə araşdırma adlandırmaq olar? Deyək ki, bir ingilis, fransız yazarı haqqında bir neçə əsər oxuyub, nəticədə ortaya çıxardığımız məqalə nə dərəcədə bizim araşdırmamız hesab olunur? Bu müəlliflər ya araşdırmanın nə olduğunu bilmir (ki, bu, heç də inandırıcı deyil), ya da oxucularının araşdırmanın nə olduğunu bilmədiyini sanır. Təəssüf ki, bu cür "araşdırma"lara elmi ədəbiyyatda da çox rast gəlirik. Ən pisi isə monoqrafiya müəlliflərindən deyil, obyektin özündən oğurlamaqdır.

 

 "Əli bəy Hüseynzadə" monoqrafiyasının "Əlyazmalar yanmır, yaxud "Bioqrafik müxtəsər məlumat" fəslində müəllifin belə bir fikrini oxuyuruq: "1935-ci ilin fevralında A.H.Turan imzası ilə qələmə aldığı "Bioqrafik müxtəsər məlumat"ı mütaliə etdikcə hiss olunur ki, on səhifəlik bu yazı istər Türkiyədə, istər Azərbaycanda daim alimlərimizin yeganə istinad mənbəyi olub. Sadəddin Nüzhətin 1936-cı ildə nəşr olunmuş "Türk şairləri" kitabından üzü bəri bu mətn tədqiqatdan tədqiqata ötürülüb, ancaq onun özü haqqında heç bir müəllif məlumat verməyib. Əksinə, hadisələr birinci şəxsin deyil, ikinci şəxsin dilindən təqdim olunub. Bir sıra məqalələrdə və kitablarda isə Əli bəy Hüseynzadənin yazdıqları ilə onun araşdırıcılarının yazdıqları, demək olar ki, bir-birindən heç fərqlənmir. Çoxları Əli bəyin "Bioqrafik müxtəsər məlumat"da yazdıqlarını öz elmi axtarışının maraqlı səhifəsi kimi təqdim edib..." Başqalarını bilmirəm, mən bu sətirləri oxuyanda çox böyük təəssüf hissi keçirməklə yanaşı, həm də arzu etdim ki, kaş Azər Turan burada həmin o "elmi araşdırmalar" və müəlliflərini də qeyd edəydi. Amma əminəm ki, kimlərisə gördüyü "böyük işlər"lə birgə faş etməyə müəllifin daxili mədəniyyəti imkan verməyib.  Əvəzində, o, daha optimal variantı seçib, Əli bəyin sözügedən mətnini monoqrafiyanın içində oxucuya təqdim edir. Bu o deməkdir ki, buyurun, cənablar, araşdırmalarınıza şahid olun. Bu, əslində kifayət qədər əhəmiyyətli, yanından gözüyumulu ötülüb keçilməyəcək mətləbdir. Alimin intellekti qədər vicdanı da önəmlidir.

 

Azər Turan monoqrafiyada "çilik-çilik edilmiş büllur kimliyimizin tarix, sənət, fəlsəfə və ədəbiyyat üsulu ilə yenidən bərpası" hesab etdiyi "Siyasəti-fürusət"də neçə minillik tariximizə aid olan bütün hadisələrə toxunulduğunu yazır. Bunlar müəllifin subyektiv fikirləri deyil, ədəbi-ictimai fikir tariximizdə bu əsərin və ümumiyyətlə Ə.Hüseynzadənin yeri və roluna obyektiv qiymətləndirilməsində ziyalı mövqeyinin təzahürüdür. 2014-cü ildə Astana şəhərində BTA-nın təşkilatçılığı ilə "Türk dünyası: Böyük şəxsiyyətlərin irsi" mövzusunda beynəlxalq elmi konfransda "Böyük mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlik" mövzusunda məruzə edən akademik İsa Həbibbəyli bu əsəri ədəbiyyatımızın digər bir möhtəşəm sənət nümunəsi ilə qiyaslayır: "Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm ədəbiyyat və sənət istiqamətində Əli bəy Hüseynzadə qədər geniş əhatə edən ikinci böyük bir şəxsiyyət tapmaq, göstərmək çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin fəlsəfi baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl şəkildə ifadə edən "Siyasəti-fürusət" ("At oynatmaq siyasəti") əsəri Azərbaycan ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli Axundzadənin "Kəmalüddövlə məktubları" ilə müqayisə oluna bilinən möhtəşəm sənət əsəridir. Bu məqamda o, proseslərə geniş baxmağı bacaran və dərin elmi-ədəbi fikirləri ifadə edən çox dəyərli mütəfəkkir ədibimizdir, böyük filosofumuzdur".

 

Uşaq yaşlarında atasını itirən Əli bəy Şeyxülislam babasının himayəsində qaldı. Monoqrafiyada əhəmiyyətli məqamlardan daha biri ədibin düşüncə və dünyagörüşünün formalaşmasında aparıcı rolu olan Qafqazın şeyxülislamı Axund Əhməd Səlyani ilə bağlı gerçəklərin gün üzünə çıxarılmasıdır. Azər Turan "ümmətçilikdən milliyyətçiliyə keçid dövrü" kimi səciyyələnən bir zamanda yaşayan, fəaliyyət göstərən şeyxin ruhani həyatın maaarifçilik səmtinə yönəlməsindəki müsilsiz xidmətlərinin etiraf olunmadığını təəssüflə qeyd edir. Və sələflərinin xətasını təkrarlamadan onun gördüyü böyük işlərə işıq tutur: "...Amma zənnimcə, onun fövqəladə xidmətləri, gördüyü işlər, yazdığı kitablar imkan verir ki, şeyxin adı Azərbaycan maarifçilik hərəkatının öndə gələn xadimlərinin ismi ilə bərabər hallandırılsın. ...O, Nəcəfül-Əşrəfdə təhsil alsa da, ənənəvi Nəcəf alimlərindən olmadı. Qafqazdan İstanbula, Bağdaddan Təbrizə qədər elə bir ruhanimiz, elə bir şeyxülislamımız yoxdur ki, XIX yüzildə "Tarixi-ədəbiyyati-türki" adlı əsər hazırlamağa cəhd etsin; imanpərvər olduğu qədər də milliyyətpərvər olsun; türk millətinin başlıcaları və böyükləri, tu-kuye-lər - Göytürklər, uyğurlar barədə qələm çalsın; ədəbiyyat tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin; diqqəti Orhon-Yenisey yazılı mətnlərinə yönəltsin; "Qutadqu-Bilik", türklərin islamı qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz deməyi özünə vicdan borcu bilsin..." Doğrudan da, türk ədəbiyyatı tarixini yazmağa təşəbbüs edən bir islam şeyxinin özü, obrazı, fəaliyyəti nədən unudulmalı, anılmamalıdır?

 

Monoqrafyada uzun illər ədəbiyyat və mətbuatımızda Şeyxin Mirzə Fətəli Axundzadənin dəfni ilə bağlı fətvası haqqında yalan-yanlış fikirlərə yol açan mətnlərə münasibət də diqqətçəkəndir. Bu məsələ ilə bağlı hər hansı dəlil olmasa da, müəllif tutarlı arqumentlərlə uzun illər yazılanların əksini iddia edir.

 

Monoqrafiyadakı bu və digər kimi onlarla qənaətlər imkan verir deyək ki, müəllif tədqiq etdiyi obyektə yaxından bələdliyi ilə yanaşı, həm də detallı, diqqətli yanaşaraq, bəzən heç bir mübahisəyə səbəb olmayacaq, bəzən isə ədəbi-mədəni kontekstdə geniş polemikalara yol açacaq fikirlər yürüdür. Bunu müəlif özü də təxmin edir və bəzi məqamlarda fikirlərinə "bilirəm, yəqin ki, mübahisə doğuracaq" deyə başlayır.

 

Bu il Respublika günü ərəfəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda qonaq olan Özbəkistanın Xalq şairi, Nizami "Xəmsə"sinin tərcüməçisi Camal Kamal belə bir müraciət etdi: "Əziz Azərbaycan xalqı, sizə tövsiyəm budur ki, bir əlinizlə bayrağınızı tutmusunuzsa, digər əlinizlə də Nizamini tutun". Mənsə düşünürəm ki, Nizami bizim dəyərlərimizin ümumi, rəmzi  adıdır bu məqamda. Həqiqətən, hər dəfə çox böyük təəssüf hissi ilə qeyd edirik ki, dəyərlərimizə haqqı olan dəyəri verməyi ya bacarmırıq, ya da bunun üçün onları itirənədək gecikirik. Biz nə qədər kompleksə düşüb bizim olanlara hər hansı səbəbdən etinasız qalsaq da, onlar olublar, varlar, çalışırlar - bu xalqın, millətin ucalması üçün. Bu ölkədə nə qədər böyük işlərə imza atan, lakin hələ də yetərincə etiraf olunmayan fədakar insanlarımız az qala "Sizif əməyi" ilə məşğuldurlar. Halbuki özünü div aynasında görən və göstərmək üçün "vəkillər" tutan neçələri var. Bir təmənnaları olmayacaq qədər fədakarlıq etsələr də, gördükləri böyük işlər müqabilində heç deyilsə, sayğımızı bildirmək üçün heykəl olacaqları zamanı gözləməməliyik. Onların nə yazılanlara ehtiyacı var, nə etiraf olunmalarına. Amma bizim bu boyda dəyərlərimizi və gördüyü işləri göz önündə tutmağa ehtiyacımız var.

 

"Əli bəy Hüseynzadə" monoqrafiyası görülməzdən gəlinəsi bir iş deyil. Bu, sözün əsl mənasında Azərbaycan ədəbiyyatına xidmətdir. "Əli bəy Hüseynzadə" ensiklopedik kitabı yalnız bir obyektin araşdırması deyil, Əli bəyin ömrünü adadığı ideologiyanı formalaşdıran ictimai, siyasi, ədəbi mühit, dövr haqqında ətraflı və geniş təsəvvür yaradan, tablosunu cızan çox dəyərli bir əsərdir.

 

525-ci qəzet 2017.- 18 iyul.- S.6.