Din və məhəbbət
- faciələrə aparan ziddiyyət
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Biz özümüzə, təqsirkar bir məhəbbətin
sevincinə verəndə heç nə bizim həzlərimizə
mane olmurdu, lakin tezliklə bizim ehtirasımıza yenidən qəsd
edildi və o nikahdakı sığınacağa
götürüldü. Və sənin cəzan necə də bir
barbarlıq idi.
Gör, qəddar əmimin bizim üzərimizdə necə
bir hüququ var imiş? Biz hətta mehrab qarşısında
bir-birimizə qovuşduq ki, bu, bizi düşmənlərimizin
hiddətindən qorusun. Əvəzində
bizi ayırdılar. Sən mühazirələr
oxumaqla məşğul olanda, mən sənə qulaq asıb,
monastıra getdim. Burada da bütün
günümü sənin barəndə fikirləşməkdə
keçirdim. Bu birgə cəza bizi haqlayanda və sən
barbar adamın bütöv qisasının obyektinə
çevriləndə daha az təqsirkar
idin. Mən bədbəxtəm, səni məhv
etdim və sənin bütün bədbəxtliklərinin səbəbi
oldum. Bizim cins tərəfindən hissi oyadılan
böyük adam üçün bu necə
təhlükəlidir! Bizim bütün lətafətlərimizin
əksinə, o, elə bil ki, körpəliyindən həssas
ürəyindən yaralanmağa borclu imiş.
Mən
uzun müddət bəzi şeylərə yaxın idim və
belə qənaətə gəldim ki, ölüm gözəllikdən
daha az təhlükəlidir. Bu, azadlığın gəmi qəzasıdır, məhvedici
tələdir, ondan azad olmaq da qeyri-mümkündür. Bu, ilk kişini göylərin onu yerləşdirdiyi
şərəfli mövqedən başı aşağı
yuvarlayan qadın idi. Bu qadın onun
xoşbəxtliyində iştirak etmək üçün
yarandığı halda, onun məhvinin yeganə səbəbi
oldu. Samsonun (Bibliyadakı həmin yəhudi qəhrəmanı
filistimli qadın Dəliləyə sevgisinə görə məhv
olunmuşdu - tərcüməçi) şərəfi, onun ürəyi
əgər Dəlilənin məlahətləri ilə
sınağa çəkilməsəydi, necə də parlaq
idi. Qadın onu filistimlilərin silahlarına
qarşı silahsız etməklə, düşmənlərinə
satdı. Qadının tərk-silah etdiyi bu adam orduların qalibi idi, lakin düşmənlərinin
məkr körfəzcikləri onun könlünə soxuldu. Qadınlarla yaxınlıqdan şadlanmağı
bacaran Solomon (İsrailin b.e.ə. X əsrdəki məşhur
çarı, Yerusəlimdə dini ibadət üçün
olan tarixi məbəd Solomon məbədi adını
daşıyırdı -tərcüməçi) Allahı
sevindirməyi tərk etdi. O, özünün tikdirdiyi
mehrablar qarşısında səcdə
qılmağını atdı, bütlərə ətirli
buxur yandırdı.
Eyni şeytan ruhu Eloizanı da Abelyarı məhv etmək
üçün alətə çevirdi. Ancaq mən sənin
bədbəxtliklərinin heç də könüllü
olaraq səbəbi olmadım. Mən səni
satmadım. Lakin mənim dəyişilməyən
qalmağım və məhəbbətim səni məhv etdi.
Əgər mən səni daim sevməklə
cinayət işlətmişəmsə, mən buna görə
tövbə edə bilmərəm. Mən
sənin sevginə tezliklə əmin olduqda qorxumu azaltdım.
Öz nəhayətsiz ehtiramıma səni
inandırmaqdan başqa, mənim heç bir niyyətim yox idi.
Özümü bütünlüklə məhəbbətimə
qurban verdim. Əgər məni
dayandırmağa qadir olan hansısa bir xəbərdarlıq
olsaydı, bu, heç şübhəsiz, mənim məhəbbətim
olardı.
Mənim hələ də sevinclə yada
saldığım həmin həzlərin xatirəsini göz
yaşlarım yuya bilsəydi, necə də xoşbəxt
olardım. Ən azı, səni məhkum etməyə cəhd
etsəm də, mən Allahın acığını soyuda
bilmərəm.
Cinayəti söndürmək üçün cəzanı
çəkmək kifayət deyildir. Biz gördüyümüz çox
sayda adam öz səhvlərini etiraf
etmişdir. Sonra isə yeni həzlər
onları öz təsiri altına almışdır. Ürəyin tövbə etməsi dilin
etiraflarını müşayiət etməyə borcludur,
ancaq bu, çox nadir hallarda baş verir. Səni
sevməklə çoxlu həzlər aldımsa, hiss edirəm
ki, mən özümün əksinə tövbə edə
bilmərəm. Sakit gecələrimdə mənim
ürəyim ən böyük qayğıları
dayandıran bir yuxuya dalmalı olduğu halda, mən öz
ürəyimin illüziyalarından uzaqlaşa bilmirəm.
Mən xəyal edirəm ki, hələ də əziz
Abelyarımlayam. Mən onu görür,
onunla danışır, onun cavablarını dinləyirəm.
Mən sənin düşmənlərinə
qarşı çıxıram, yazıq gələn şəkildə
ağlayıram və bəzi anlarda, göz yaşları
içərisində də oyanıram. Hətta
müqəddəs yerlərdə, mehrab qarşısında da
bizim məhəbbətimizi daşıyıram, şirnikləndirici
həzlərə malik olduğumuza ağı deyirəm,
onları itirdiklərimə görə ah çəkirəm.
Mən ilk dəfə sənin öz
ehtirasını bəyan etdiyin və ölənə qədər
məni sevəcəyinə and içdiyin vaxtı və yeri
xatırlayıram (çünki sevgililər heç nəyi
unutmurlar). Sənin sözlərin,
andların mənim ürəyimdə dərin şəkildə
nəqş edilmişdir. Sənin adın hətta
mənim dodaqlarımdadır. Sənin bədəninin
cəzası könlünün məhvedici yaralarını sağaldır.
Düşmən qisas aldı, müdrik həkim
sənin həyatını xilas etmək üçün xeyli
ağrı tətbiq etdi. Mən min dəfə
səndən də yazıq vəziyyətdəyəm,
çünki mübarizə aparmaq üçün min ehtirasa
malikəm. Özümü müdafiə
etməkdə isə böyük çətinliklərim var.
Mənim ehtiraslarım üsyandadır. Mən
başqalarına başçılıq edirəm, lakin
özümü idarə edə bilmirəm. Adamlar məni tərifə layiq qaydada mühakimə
edirlər, lakin Allahın qarşısında təqsirim
vardır. Onun hər şeyi görən
gözlərindən heç nə gizli qalmır və onun
gözləri hər şeyi yarıb keçməklə
görür, ürəyin bütün sirlərindən agah
olur. Mənim ürəyim insan məhəbbəti
ilə doludur, rahibələri isə öyrədirəm ki,
yalnız Allahı sevsinlər.
İki
şeyi ayırmağa cəhd etmək əbəsdir, mömin
olmayanlar təqsirkar olmalıdır və kim
ki, ləyaqətə yaxınlaşmağa gecikirsə, onlar həmin
ləyaqətdən təcrid olunurlar. Mənim
düşüncəmin qarışıqlığında
Allahı provokasiya etməkdən daha çox o adamı təhqir
etməkdən qorxuram və Ona (Allaha - tərcüməçi)
xoş olmaqdan daha çox sənə xoş olmaq istəyirəm.
Mənə xoş gələn hər şeydən
özümə xətər toxundururam. Mən
özümü diri-diri basdırıram. Özümü
göz yaşları ilə, kədərlərlə
qidalandırıram. Mənim saxta
möminliyim başqaları kimi, səni də uzun müddət
aldatdı. Sən özünü
inandırırdın ki, mən bütünlüklə öz
borcuma həsr olunmuşam, ancaq mənim məhəbbətdən
başqa bir işim yox idi.
Ürəyimizdəki gizli surətdə qalxan məğrurluq
bizi kor edir və yarımçıq sağalmış
yaralarımızı bizdən gizlədir. Şirniklənmə
ümid verməklə bizi aldadır və eyni zamanda bizi məhv
edir.
İnsan ürəyi bir labirintdir, onu kəşf etmək
çox çətindir. Sənin mənim barəmdə
etdiyin təriflər mənə daha təhlükəlidir,
çünki məhz onları mənə bəxş edən
bir şəxsi mən sevirəm. Sənə
bir oxucu kimi həzz verməyi daha çox arzulayıram, həm
də mənə aid etdiyin ləyaqətə inanmaq istəyirəm.
De ki, bizim ləyaqətimiz zəifliyimizə əsaslanır
və onlar yalnız daha böyük çətinliklərlə
mübarizə aparan adamları taclandırır.
Lakin mən qələbə hədiyyəsi olan tacı
axtarmıram, mən ancaq təhlükədən
uzaqlaşmaqla məmnun olacağam. Bu döyüşdə
qalib gəlməkdənsə, asan yolu tutmaq daha asandır.
Burada şərəfin bir neçə dərəcəsi
vardır və mən ən yüksəyinə nail olmaq
iddiasında deyiləm. Mən onları
böyük cəsarət sahibləri üçün güzəştə
gedirəm, onlar çox vaxt qalibiyyətli olurlar. Mən qorxuya üstün gələ bilən qələbəni
axtarmıram. Gəmi qəzasından
qaçmaq və nəhayət, limana çatmaq mənim
üçün kifayət qaydada olan bir xoşbəxtlikdir.
Göylər mənə əmr edir ki, sənə olan məhvedici
məhəbbətdən imtina edim, lakin eh! Mənim
ürəyim heç vaxt onunla razılaşmağa qadir
olmayacaqdır. Xudahafiz.
IV məktub. Elonzadan Abelyara
Əziz
Abelyar! Yəqin ki, gözləyirdin ki, laqeydliyinə
görə səni ittiham edəcəyəm. Sən mənim
son məktubuma cavab vermədin və Göylər indi mənim
olduğum şəraitdə dərdimi yüngülləşdirməyəcəkdir,
çünki sən özün də xəyanət etdiyim
ehtirasa görə mənə çox laqeydlik göstərirsən.
Nəhayət, Abelyar, sən Eloizanı həmişəlik
itirmisən. Bütün andlara baxmayaraq, səndən
başqa heç nəyin və həm də səndən
başqa kiminsə məni əyləndirməsi barədə
hətta düşünə bilmirəm. Mən
səndən bu fikirlərinə görə uzaqlaşdım
ki, səni yaddan çıxarım. Sənin
sevgilin barədəki heyranedici ideyana bir dəfə vuruldum,
ancaq mənim xoşbəxtliyim baş tutmayacaqdır.
Abelyarın əziz obrazı! Sən artıq mənim arxamca gedə bilməyəcəksən, artıq mən səni xatırlamıram. Ey heyranedici həzlər; Eloiza sizdən uzaqlaşmışdır, siz isə mənim işgəncə verənim oldunuz. Sən heç vaxt təsəvvür etmirdin ki, Eloiza dəyişilən ola bilər. O, sənə belə güclü meyl edən vaxtdan, əvvəlcədən bu qərara gəldi ki, sən ondan sonra hansı bir Zamanın gələcəyini bilmirsən. Lakin aldanma, mən sənə öz saxtalığımızı açıram, baxmayaraq özümü inandırıram ki, məni məzəmmət etmək əvəzinə, sən sevinc yaşları axıdacaqsan. Sən biləcəksən ki, təkcə sənin Allahın Eloizanı səndən aldı. Təsəvvür edə bilərdinmi ki, hansısa bir adamın səni mənim ürəyimdən çıxarması mümkündür? Sən düşünə bilərdinmi ki, xeyirxah və oxumuş Abelyarı Allahdan başqa kimsə qurban getməli olan bir təqsirkara çevirə bilər? Allah belə böyük işə nail olmaq və ona son qoymaqdan ötəri öz imkanından istifadə etdi. Sən son məktubunu mənə göndərəndən bir neçə gün sonra mən qorxulu şəkildə xəstələndim. Həkimlər mənim öləcəyimi güman edirdilər. Mən özüm də qəti şəkildə ölümümü gözləyirdim. Bu vaxt mənim əvvəllər daim günahsız görünən ehtirasım gözümdə cinayət kimi göründü. Xatirəm həyatımın bütün son hərəkətlərini sədaqətlə mənə nümayiş etdirdi və sənə etiraf edirəm ki, mənim hiss etdiyim ağrı yalnız sənə olan məhəbbətim üçün idi. İndiyədək mənim uzaqdan gördüyüm ölüm bu vaxt mənə bir günahkara gələn kimi özünü göstərdi. Mən Allahın qəzəbindən ölümcül qorxmağa başladım. Abelyar, qısası, ağlımın əzab çəkdiyi bütün peşmançılığı təsəvvür et və o vaxt sən mənim dəyişilməyimə təəccüblənməyəcəksən.
Mən bu divarlar arasında bağlanandan sonra, bizim bədbəxtliklərimizə ağlamaqdan başqa heç nə etmirəm. Bu monastır mənim qışqırığıma səs verir və elə bil ki, bir bədbəxt adam əbədi qul olmağa məhkum edilmişdir, mən günlərimi kədərlə keçirirəm. Allahın mənim üçün mərhəmətli qaydada nəzərdə tutduğunu icra etmək əvəzinə, mən ona olan andlarımı pozuram. Mən bu müqəddəs sığınacağa dəhşətli həbsxana kimi baxıram və Allahın boyunduruğunu iradəmdən kənar qaydada daşıyıram. Tövbə həyatı ilə özümü təmizə çıxarmaq əvəzinə, mən öz məhkumluğumu möhkəmləndirirəm. Bu, necə də məhvedicidir. Lakin Abelyar, mən gözümü kor edən sarğını cırıb atmışam və əgər mən öz hissiyyatıma əsaslanmağa cəsarət etsəm, bu vaxt özümü sənin hörmətinə layiq edəcəyəm. Sən mənim artıq sevgili Abelyarım deyilsən. Bizim bədbəxtliklərimiz sənə qüsurun dəhşətini göstərdi və görünür ki, sən zərurətə hazırlıqla tabe olmusan. Sən mənim son məktublarımda hiddətimi gördün, bu, heç şübhəsiz, mənim Abelyarıma ehtiram bəsləməkdən məni məhrum edir. Sən qabaqcadan görə bilməzdin ki, Eloiza elə bir hökmranlıq edən ehtirasa qalib gələcəkdir. Lakin Abelyar, sən səhv edirsən, mərhəmətin dəstəklədiyi mənim zəifliyim heç də qəti qələbə çalmağıma mane ola bilmədi. Onda mənə hörmətini bərpa etmə, öz möminliyin sənə bunu zəmanət verəcəkdir.
Mən məhəbbətim üzərində zəfər çalmadımmı? Xoşbəxt olmayan Eloiza! Nə qədər ki, sən nəfəs alırsan, o, sənə bəyan edir ki, sən Abelyarı sevməlisən. Talesiz bədbəxt, ağla, çünki sən heç vaxt belə təsadüfə malik olmayacaqsan. Mən qəm-qüssədən ölməyə borcluyam. Mərhəmət mənə çatanda vəd etmişdim ki, ona sədaqətli olum, lakin indi mən bir daha andı pozmuşam, hətta mərhəmətin özü də Abelyara görə qurban getməkdir. Bundan sonra mən necə ümid edim ki, Allah mənə öz mərhəmət xəzinəsini açacaqdır. Çünki mən onun bağışlamasından yorulmuşam. Mən ilk dəfə Abelyarı görəndən onu incitməyə başladım. Xoşbəxt olmayan hüsn-rəğbət bizim ikimizin arasında təqsirkar məhəbbət qurdu və Allah bizi ayırmaq üçün özünün düşməni səviyyəsinə qaldırdı. Mən bizim ürəyimizə işıq salan bədbəxtliyə ağı deyirəm. Mən öz ehtirasımın sönməsini təmin etməyə borcluyam. Böyük Allah! Mən məhəbbətin zəncirlərindən nə vaxtsa azad ola bilərəmmi? Ancaq güman ki, mən ağılsız qaydada qorxuram. Abelyar, mən səni bütün andlarından azad edirəm. Sevgili və ər titullarını unut və yalnız ata titulunu saxla. Mən səndən heç nə tələb etmirəm, ancaq ruhi məsləhət və bəzi cəza umuram. Ancaq müqəddəsliyin yolu tikanlıdır, əgər sənin ardınca dolaşsam, bu qəbul edilən olduğunu göstərəcəkdir. Daim sənin arxanca getdiyimi görəcəksən. Sən indi cinayətsiz danışmayan ola bilməzsən. Sən mənim səfilliyimdə məni inkar edirsən, yoxsa mən səni qınamaq üçün hansısa bir şey etməliyəmmi? Lakin indi sən heç nədən qorxmamalısan.
(Ardı var)
525-ci qəzet 2017.- 15 iyul.- S.22.