Əli
İldırımoğlu yaradıcılığının daha bir təntənəsi
GÖRKƏMLİ
ƏDİBİN 90 İLLİYİ İLƏ BAĞLI
TƏDBİRDƏ 12 CİLDLİK
ƏSƏRLƏRİNİN TƏQDİMATI OLUB
Dünən “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşəbbüsü ilə görkəmli ədəbiyyat və mətbuat xadimi, “Şöhrət” ordenli yazıçı Əli İldırımoğlunun 90 illik yubileyinə həsr edilən geniş tədbir keçirilib.
Mərasimdə millət vəkilləri, akademiklər, ədəbiyyat
və sənət adamları, media nümayəndələri
iştirak ediblər. Tədbirdə həmçinin yazıçının
12 cildlik əsərləri
də təqdim olunub.
Mərasimi giriş sözü ilə Mərkəzin direktoru Sabir Həsənov açıb. O, “Azərkitab”ın
fəaliyyəti, məqsədi
və gördüyü
işlər barədə
qısaca məlumat verib. Qeyd edib ki, mərkəz tez-tez tanınmış yazarlar,
ziyalılarla oxucuların
görüşünü təşkil
edərək gənclərin
kitaba, ədəbiyyata
olan marağını
artırmağa çalışır.
Əli İldırımoğlunun yaradıcılığı
ilə bağlı tədbirin keçirilməsi
təşəbbüsünün də bu amala
yönəldiyini vurğulayıb.
Sonra Əli İldırımoğlunun həyat
və yaradıcılığına
aid film nümayiş olunub. Filmdə yazıçının
özünün fikirlərinə,
xatirələrinə geniş
yer verilib, həmçinin Azərbaycanın
tanınmış alimləri
və ədibləri,
sənətkarları onun
həm yaradıcılığı,
həm də şəxsiyyəti barədə
fikirlərini bölüşüblər.
Tədbirin aparıcısı professor Nizaməddin Şəmsizadə
Əli İldırımoğlu
haqqında düşüncələrini
dilə gətirib, onun yaradıcılığını
şərh edib: “Mən Əli müəllim haqqında beş məqalənin
müəllifiyəm. Onun əsərlərinə
yaxşı bələd
olan biri kimi deyə bilərəm ki, Əli müəllimin bir çox romanları bioqrafikdir.
O, özünü, ailəsini,
yaşadığı mühiti
qələmə alır.
Onun əsərlərində sanki
yazıçının mənəviyyat
gözü açılır
və o, hadisələrə
məhz bu gözlə baxır.
Əli müəllim həm də ustad jurnalistdir.
O, uzun illər Azərbaycanın, SSRİ-nin
ən sayılıb-seçilən,
önəmli informasiya
qaynağı olan “Kommunist” qəzetində çalışıb. Elə buna
görə də bədii yaradıcılığa
nisbətən gec, 40 yaşından sonra başlayıb. 1980-ci illərdə onun bədii əsərləri
çap olunub. Bəlkə də onun əsərlərinin
bu qədər poetik və oxunaqlı olmasına bir səbəb də məhz bu yubanmadır. Çünki o jurnalist kimi
artıq uzun illər çalışmışdı,
ana dilimizin imkanlarına, sözə,
sözün sehrinə,
gücünə dərindən
bələd olmuşdu.
Əli müəllimin bir başqa yüksək keyfiyyəti də ondaki güclü müşahidə qabiliyyətidir.
Onun əsərlərində Azərbaycan
kəndinin, insan talelərinin elə nüansları, detalları
öz əksini tapır ki, bunu hər kəs
görə bilmir.
Mən bunu da onun
jurnalistik fəaliyyətinə
bağlayıram. Çünki o, bu fəaliyyəti dönəmində Azərbaycanı
qarış-qarış gəzmişdi,
hər yeri yaxından öyrənə
bilmişdi. Əli
İldırımoğlunun bütün yaradıcılığını
belə ifadə etmək olar: Ata kultu, Vətən əxlaqı”.
Xalq yazıçısı
Sabir Rüstəmxanlı
Əli İbrahimoğlu
kimi bir yazarın yaradıcılığına
xüsusi tədbir həsr etdiyi üçün “Azərkitab”a
təşəkkürünü bildirib. Ə.İldırımoğlu ilə tanışlığından,
uzun illəri əhatə edən dostluğundan danışan
S.Rüstəmxanlı onu
həqiqətə sadiq
bir ziyalı kimi tanıdığını
deyib: “Əli müəllim Azərbaycan
həyatının çox
mürəkkəb dövrünü
qələmə alıb.
Öz əsərlərində Qarabağın,
Qubadlının çox
dəyərli ziyalılarının
obrazını dəqiqliklə
yaradıb. Bu dərd, bu ağrı
onun əsərlərini
izləyir. Hələ bu
əsərlər çox
uzun zaman sevilərək oxunacaq”.
Əli İldırımoğlunu
yazılarından, əsərlərindən
tanıdığını deyən AMEA-nın həqiqi üzvü Misir Mərdanov onun həyat və yaradıcılıq
yolunun nəsillərə
nümunə olduğunu
qeyd edib.
Millət vəkili, yazıçı-dramaturq
Hüseynbala Mirələmov
Azərbaycan oxucusunun Əli İldırımoğlu
kimi yazıçının
əsərlərinə hər
zaman ehtiyac duyduğunu vurğulayaraq,
ona gələcəkdə
yeni-yeni gözəl əsərlər yazmağı
arzu edib.
Şair Ramiz Rövşən Ə.İldırımoğlu yaradıcılığının xüsusiyyətlərindən söz açaraq deyib: “Yazı nəyisə saxlamaq, itməyə, getməyə qoymamaqdır. Əli müəllim bu mənada doğrudan da gedənləri, itənləri itməyə qoymayan yazıçıdır. Əli müəllim haçansa yaşadığı o yerləri də öz əsərlərində dirildir və yaşadır. O, eyni zamanda bizim dilimizi də yaşadır. Çünki biz təkcə torpaqlarımızı deyil, dilimizi də itirmişik. O, dilimizin yaddaşını özünə qaytarır”.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli İldırımoğlunu ustad yazıçı və publisist, milli jurnalistikanın ağsaqqalı, yüksək mənada nəzarətçisi kimi qiymətləndirib: “Əli müəllimin bütün əsərləri həyata baxışının təcəssümüdür. Bu əsərlər nəinki jurnalistikanın, Azərbaycan cəmiyyətinin 50-ci illərdən bugünümüzə qədərki ensiklopediyasıdır. Həyat müxtəlif səpkidə bu əsərlərdə öz əksini tapır. Əli müəllim jurnalistdir, yazıçıdır, şəxsiyyətdir. O, heç nə yazmasaydı da, bu sənətlərin sahibi olmasaydı da biz onun şəxsiyyətinə görə bu tədbiri keçirə bilərdik. O bizim hamımıza nümunədir”.
Professor Qəzənfər Paşayev Əli İldırımoğlunun zəngin dünyagörüşündən, yorulmadan yazıb-yaratmaq eşqindən, nümunəvi publisistikasından, əsərlərinin təmiz, saf dilindən söz açıb. Onun yaradıcılığının tədqiqata cəlb edilməsi, gələcəkdə ali məktəb tələbələrinə dissertasiya mövzusu kimi verilməsi təklifini irəli sürüb.
Əli İldırımoğlunun zəngin mənəviyyata sahib olduğunu deyən millət vəkili Arif Rəhimzadə məhz bu insani keyfiyyətlərin əsərlərinə, romanlarına təsir etdiyini vurğulayıb. Ədibin 1987-ci ildə “Kommunist” qəzetində Quba rayonunun Xınalıq kəndi haqqında çıxan məqaləsinin o kəndin həyatında mühüm rol oynadığını qeyd edib.
Millət vəkili, yazıçı Aqil Abbas Ə.İldırımoğlunun örnək həyat və yaradıcılıq yolu keçdiyini, çox dəyərli əsərlər yaratdığını, müasir yazıçıların və jurnalistlərin ondan öyrəndiklərini bildirib.
Akademik Rafiq Əliyev, şair Rüstəm Behrudi, şərqşünas-yazıçı Fazil Güney və başqaları Ə.İldırımoğlunu yubileyi və kitablarının təqdimatı münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıblar.
Əli İldırımoğlu tədbirdə iştirak edən, onun haqqında düşüncələrini bölüşən, əsərləri barədə fikir söyləyən hər kəsə təşəkkürünü bildirib. Bütün bunları yaşadığı ömrə və yazdığı əsərlərə yüksək diqqət kimi qiymətləndirən ədib ümumən kitaba, ədəbiyyata həsr edilən tədbirlərin böyük əhəmiyyətini vurğulayıb.
Sonda Sabir Həsənov “Azərkitab” adından Əli İldırımoğluna “Qurani-Kərim” hədiyyə edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 15 iyul.-
S.15.