Qorqudşünaslıqda
fərqli bir kitab
(Əvvəli ötən şənbə
sayımızda)
İyunun
20-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor
İnstitutu AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda akademik Kamal Abdulla ilə
görüş-dialoq keçirib.
Tanınmış alimlərin iştirak etdiyi
görüşdə Kamal Abdullanın “Kitabi-Dədə
Qorqud” poetikasına giriş” kitabı müzakirə olunub. Müzakirədə akademiklər
İsa Həbibbəyli, Teymur Kərimli, Muxtar Kazımoğlu,
Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü
Kamran Əliyev, professorlar Nazim İmanov, Füzuli Qurbanov, Tahirə
Məmməd, fəlsəfə doktorları Rasimə Abdullayeva,
Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayev
çıxış ediblər. Kamal Abdulla
müzakirədə ortaya çıxan suallara ətraflı
cavab verib. Görüş-dialoqdan
hazırlanmış materialı oxuculara təqdim edirik.
Muxtar
Kazımoğlu: Rəsmiyyə Abdullayevanın dediklərindən
ciddi bir sual ortaya çıxdı: “Dədə Qorqud” qəhrəmanlarından
Beyrək niyə faciəli şəkildə həlak olur?
Ümumiyyətlə, Dastanda on ikinci boy niyə kədərli
sonluqla bitir? Düzdür, Kamal Abdulla “Gizli Dədə
Qorqud” kitabında bu suala cavab verib. Amma
auditoriya üçün maraqlıdırsa, Kamal müəllim
həmin məsələyə münasibət bildirsə,
yaxşı olar.
Kamal
Abdulla: Mən sözə əvvəlcə Akademiyanın rəhbərliyinə,
İsa müəllimə, Teymur müəllimə, Muxtar
müəllimə, Nazim müəllimə, burada əyləşən
gənclərə təşəkkürümü bildirməklə
başlamaq istərdim. Suala gəldikdə isə deyim ki, Rəsmiyyə
xanım çox gözəl analiz verdi.
Özü də bir iqtisadçı kimi deyil, ədəbiyyatçı
kimi analiz verdi. Onun təhlilində
iqtisadçıdan daha çox bir ədəbiyyatçı
baxışı var idi. Halbuki Nazim
İmanovun dəvəti ilə mən bir dəfə
İqtisadiyyat İnstitutunda çıxış elədim və
biz gördük ki, “Dədə Qorqud”da iqtisadçını
maraqlandıran kifayət qədər nüanslar, məqamlar
var. Amma Rəsmiyyə xanım maraqlı məsələ
qoydu. Mənim interpretasiyama görə,
sonuncu boyda qədim qarşıdurma - matriarxat-patriarxat
qarşıdurmasından doğan məsələlər
öz əksini tapır. Sonuncu boy faktiki olaraq ana
kağanlığın son məqamına, dayı kultuna vurulan bədii
bir zərbədir. Dayı kultu ana kultunun
davamı kimi qədim ibtidai cəmiyyətlərdə
özünü göstərir. “Dədə
Qorqud”da da Aruz qocanın timsalında Salur Qazan öz
dayısına qarşı çıxmaqla dərin və
çox qədim bir kulta son qoymuş olur. Hətta
qardaşı Qaragünə onun başını kəsməklə
bu funksiyanı onunla bölüşür. Son boyda Alp
Aruzun ölümünün mifoloji interpretasiyası bu ola bilər.
Başqa bir interpetasiyası da vardır. “Dədə
Qorqud” dastanlarında sözə verilən önəm və
sözün cismaniləşdirilməsindən doğan
müxtəlif məqamlar bizdə başqa bir təsəvvür
yaradır. Beyrək Bayburd hasarında olarkən
kafir qızına söz vermişdi ki, qılıncıma
doğranayım, oxuma sancılayım, əgər gedib halal
nişanlıma varacaq olsam, gəlib səni buradan
halallığa almasam. Mənim fikrimcə,
qədim mətnlərdə, o cümlədən, “Dədə
Qorqud”da söz mifoloji, hətta fiziki-cismani mahiyyət
daşıyır. Bunu ondan görmək
olar ki, Dədə Qorqud dövrünün
mağaradaşları sözü fiziki cəhətdən hiss
edib görmək istəyiblər. Bu,
“baxım görüm nə dedi” ifadəsindən də
aydın görünür. Sözə necə
baxacaqsan? Sözü eşidə bilərsən.
Amma deyilən sözə qədim zamanlarda həm
də baxıb onu görmək istəyiblər. Sözün ehtişamının böyük
olduğu məqamda, əlbəttə ki, söz də öz
sözünü deməliydi. Beyrək həmin
kafir qızını halallığa almaq vədinə xilaf
çıxanda söz də ondan öz intiqamını
alır. Bax bu cür iki interpretasiya: bir dayı kultu ilə
bağlı interpretasiya, bir də sözə xüsusi önəmdən
yaranan interpretasiya. Bunlardan çıxış
etsək, “Dədə Qorqud”da son boyun nə üçün kədərli
bir sonluqla bitməsini təsəvvür eləmək
mümkündür.
Nazim
İmanov: Xaos-Kosmos tənasüblüyü elmi
düşüncə yaranandan müasir dövrə qədər
gəlib çıxıb. Müxtəlif sahələrin
adamları o nisbətin, bizim dillə desək, optimallıq
nöqtəsini axtarmaqla məşğul olub. Hamı başa düşür ki, nə mütləq
nizam, nə də mütləq nizamsızlıq mövcuddur.
Maraqlı bir şeyi də qeyd edim, Karl Marks
dissertasiyasını iqtisadiyyatdan deyil, Epikür atomizmi ilə
Demokrit atomizminin fərqindən yazıb. Epikür
deyirdi, dünya atomlardan ibarətdir, Demokrit də bunu deyirdi.
Biri deyirdi, atomların hərəkəti
xaotikdir, o biri deyirdi nizamlıdır. Marks
isə deyirdi ki, atomlardan bəzilərinin hərəkəti
nizamlıdır, bəzilərininki nizamsız. Bütün dünya nizamla
nizamsızlığın arasında nisbəti axtarır.
Kamal müəllim də bu kitabda Xaos-Kosmos
münasibətindən ətraflı bəhs edir. Maraqlıdır ki, bu münasibəti Kamal müəllim
dil məsələsinə, mətnin dillə necə sahmana
salınması məsələsinə də aid edir. Bu
nöqteyi-nəzərdən belə bir sual ortaya
çıxır: Gözəl, rəvan Azərbaycan dilinin
formalaşmasında “Dədə Qorqud”un
poetikasının araşdırılması hansı konstruktiv
əhəmiyyətə malikdir? Ümumiyyətlə,
bunun bizim müasir dilimizə, geniş anlamda mədəniyyətimizə
töhfəsi nədir?
Kamal
Abdulla: Mən belə güman eləyirəm ki, bu kitab və
bunun kimi digər kitablar elm üçün elmdir. Yəni elm xətrinə yazılıb. Amma hər kəs buradan nəsə götürə
bilər.
İkinci, Nazim müəllim, burada dilçilər, ədəbiyyatçılar
da əyləşib. Dil mədəniyyətimiz axsayır deyəndə
bu etirazın ruhunu onlar da yaxşı başa
düşürlər. Əslində, bu,
düzgün ifadə deyil. Bizim dilimiz
heç vaxt axsaya bilməz. Söhbət
nitqdən gedə bilər. Dilçilər
artıq çoxdan dillə nitqi bir-birindən
ayırıblar. Dili cəmiyyətə,
xalqa xas olan bir dəyər kimi, nitqi isə hər bir
insanın özünün ifadə etdiyi dəyər kimi qəbul
ediblər. Ona görə də biz kiminsə
dilinin daha zəngin, kiminsə dilinin daha kasıb olması
fikirlərini irəli sürəndə, əslində,
metaforalarla danışırıq. Söhbət
burada dildən yox, hər adamın öz nitq qabiliyyətindən
gedə bilər. Ferdinand dö
Sössür dillə nitqin fərqini bir-birindən ayırmaq
üçün dili partituraya bənzədir, nitqi isə
ifaya. Yəni partitura yeganədir, vahiddir, ifalar
isə müxtəlif adamlar tərəfindən, müxtəlif
cür səsləndirilə bilər. Bu, nitqlə dilin fərqini
duymaq üçün çox gözəl bir açar ola bilər. Bu gün nitqimizi zənginləşdirməyin
bir yolu var - çoxlu kitab oxumaq, ədəbiyyat oxumaq
lazımdır. Ona görə də mənim
tələbələrimə sualım belə olur ki,
axırıncı dəfə hansı kitabı oxumusan?
Çox vaxt insanlarımızın axırıncı dəfə
əvvəldən axıra qədər oxuduğu kitab əlifba
kitabı olur... Nitqimizdə yerini tapan elə
ifadələr var ki, biz heç vaxt onun fərqinə
varmamışıq. Məsələn, denən
görüm nə deyirsən? İndiyəcən
dilimizdə işlənən ifadədir. Mənə
desələr ki, bu kitabda sən nəyi öz uğurun
sayırsan? Deyərəm ki, həmən
ifadənin üstünə işıq sala bilməyimi. Bu ifadə təfəkkürümüzdə,
müxtəlif yazılarda, araşdırmalarda biletsiz sərnişin
kimi gizlənə-gizlənə qədimdən bu günə gəlib
çıxıb.
Nazim
İmanov: İcazə verin, mən fikrinizin davamı kimi
bir-iki şey deyim. Mən buradan gələcəkdə
üzərində tədqiqat aparmaq üçün bəzi
mövzular tapmışam.
Kamal
Abdulla: O mənim məqsədim olmayıb, amma təşəkkür.
Nazim
İmanov: Onun biri şəkilçinin kökdən
ayrılmasıdır. Bizim dilimizdə belə
şey yoxdur. Amma müasir Türkiyə
türkcəsində şəkilçidən əvvəl
apastrof qoyulur. Kamal müəllim də bir
sözün şəkilçisini defislə ayırıb.
Yazıb “bədiipoetik-lik”. Bir qisim hallarda
mən də yazı yazanda şəkilçini kökdən
ayırmağa ehtiyac hiss edirəm ki, şəkilçi
kökə çevrilməsin. Mənə elə
gəlir ki, bizim dilçilərin düşünə biləcəyi
məsələlərdən biri budur.
Kamal
Abdulla: Nazim müəllim, siz çox maraqlı bir məsələyə
toxundunuz. İcazənizlə, ona da
aydınlıq gətirmək istərdim. Var
bədiilik, var poetiklik. Burada isə “bədii”,
“poetik” sözləri bir yerdə yazılıb, -lik şəkilçisi
isə ayrı. Nəyə görə?
Qədim mifoloji mətnlərdə mətnin
hansı janra aid olmasını, onun poeziya və ya proza
nümunəsi olmasını müəyyənləşdirmək
mümkün olmur. Yəni iki çay bir
yerdə axır. Araz və Kür
çaylarını görənlər bilir. Onlar birləşəndə biri bir müddət
qırmızı rəngdə axır, biri isə öz rəngində.
Onlar yanaşı gedirlər, sonra birləşirlər.
Bax bu diffuzluğun mahiyyətini üzə
çıxarmaq üçün “bədii” və “poetik”
sözlərini bir yerdə verməyə ehtiyac duydum. Bu, alman filosoflarında da tez-tez rast gəlinən bir
haldır. Həm Rasselin, həm də Haydeggerin əsərlərində
bu var. Yəni müəyyən anlayışı vermək
üçün hazır söz olmadığı bir məqamda
iki sözü yan-yana qoyub, şəkilçini ayırmaqla bu
ikisinin birgəliyinə işarə vurmaq istəmişəm.
Ayırmasaydım, -lik şəkilçisi ancaq
axırıncıya aid olardı, “bədii və poetiklik” kimi
başa düşülərdi. Ayırmaqla
-lik şəkilçisinin həm “bədii”, həm də
“poetikliy”ə aid olduğunu vermək istəmişəm.
Nazim
İmanov: Bir maraqlı məqam da var. Bu həm Folklor
İnstitutuna, həm də digər institutlara aid ola bilər. Kitabda vurğulanan
“sözlər əvvəlcə yalnız müstəqim məna
daşıyıblar, məcazlaşma sonra baş verib” fikri
istiqamətində də müxtəlif tədqiqatlar
aparıla bilər. Məsələn,
dilimizə, beynimizə, hətta ruhumuza işləmiş bəzi
məcazlar var ki, bizim üçün tamamilə adiləşiblər.
Amma bu nəzəriyyəni onlara tətbiq edəndə
mənə elə gəlir ki, maraqlı nəticələr
alınacaq.
Kamal
Abdulla: Əksi də var. Məcazla
başlayıb müstəqimliyə keçən sözlər
də var.
Nazim
İmanov: Məsələn, “qız qızıldır” ifadəsinin
arxasında nə dayanır? Mənə elə
gəlir ki, atalar sözlərinə müraciət etməklə
maraqlı nəticələr əldə oluna bilər.
Kamal
Abdulla: Çox maraqlıdır. Nazim müəllimin dediklərindən
biz bir iqtisadçının ədəbiyyata
baxışını hiss elədik. “Dədə Qorqud”da
ekonomik lay Dəli Domrulun körpüdən
keçəndən otuz üç axça, keçməyəndən
döyə-döyə qırx axça almasıyla bitmir. Bu, ən üzdə olan şeydir. Dərində çox maraqlı məqamlar var. Mən
istərdim ki, “Dədə Qorqud”da iqtisadi məqamlar bir
mövzu kimi işlənsin, o zaman çox gözəl nəticələrə
gəlmək olar.
Muxtar
Kazımoğlu: Nazim müəllimlə məsləhətləşib
İqtisadiyyat İnstitutunun doktorantlarından birinə
“Dastanlarımızda iqtisadi düşüncə” mövzusunu
dissertasiya mövzusu kimi vermişik.
Kamal
Abdulla: Çox gözəl.
Nazim
İmanov: Məcazlaşma ilə bağlı bir fikri də
diqqətə çatdırmaq istəyirəm. Azərbaycanda kompüter dili mövcud deyil. Biz sözün birini ingilisdən
götürürük, birini türkdən götürürük,
amma öz kompüter dilimiz yoxdur. Bu, təəssüf
doğurucu bir haldır. Çünki gələcəkdə
sözlərin böyük bir qismi virtual aləmdən gələcək.
Dil bu istiqamətdə çox sürətlə
inkişaf edir. İngilislər müstəqim
mənalı sözləri götürürlər, onlardan məcaz
olaraq istifadə edirlər. Bir müddətdən
sonra müstəqim məna unudulur, məcazi məna
aktuallıq qazanır. Məsələn,
“mouse” sözü. Siçana
oxşadığına görə adını oradan alır.
Amma adamın heç ağlına gəlməz
ki, bu, siçan sözündən yaranıb. Məcazlaşma texnologiyasından kompüter dilinin
yaranmasında istifadə etmək olar. Mənə
elə gəlir ki, bu ideya istiqamətində də tədqiqat
aparmaq mümkündür.
Muxtar
Kazımoğlu: Möhsün müəllim, Nazim müəllim
maraqlı ideya irəli sürür. Dilçilik
İnstitutu digər institutlarla bir yerdə müasir dilin,
nitqin vəziyyəti ətrafında geniş müzakirə
aça bilər.
Nazim
İmanov: Çox təəssüf ki, bizim işlədiyimiz
mətnlərin böyük bir qismi ingilisdillidir. Onları Azərbaycan dilinə çevirmək istəyəndə
bəzən söz tapmırıq. Azərbaycanca
qarşılığını tapmaqda çətinlik çəkdiyimiz
sözlərin siyahısını tuturuq. Bir gün o siyahını dilçilərə verəcəyik
ki, onlar həmin sözlərin
qarşılığını tapsınlar.
Muxtar
Kazımoğlu: Nazim müəllim, deyirəm bəlkə dillə
bağlı məsələləri saxlayaq, Dilçilik
İnstitutunda ətraflı müzakirə edərik. Fəlsəfə İnstitutundan bizim dostumuz, həmkarımız
Füzuli Qurbanov danışmaq istəyir, buyursun.
Füzuli Qurbanov: Akademik Kamal Abdullanın “Kitabi-Dədə
Qorqud” poetikasına giriş” kitabı oxunub kənara
qoyulanlardan deyil. Müəllifin mövzuya yanaşması
və kitabın məzmunu onu tədqiqat obyektinə
çevirir. “Kitabi-Dədə Qorqud”u həm
təhtəlşüurun manifesti, həm də milli mədəniyyətin
qədim nümunəsi kimi iki aspektdə dərk etmək
üçün Kamal Abdullanın bu əsərinə dəfələrlə
müraciət etmək lazım gəlir.
Müəllifin bu əhəmiyyətli mədəniyyət
hadisəsinə yanaşması özlüyündə
şüurun dialojiliyi məsələsini konkret elmi tədqiqat
sahəsi üçün aktuallaşdırır. “Kitabi-Dədə
Qorqud”u olduğu kimi dərk etmək üçün Dədə
Qorqudu “danışdırmaq” gərəkdir, düşüncəsinə
inanıram. Dədə Qorqudun anaxronizmini nəzərə
alsaq, onu danışdırmaq faktiki olaraq türk təhtəlşüuru
ilə dialoq təşkil etməyə bərabərdir. Bunun üçün xüsusi metodoloji yanaşma və
mətnin orijinal təhlili lazımdır. Kamal
Abdulla əsərdə bu əhəmiyyətli elmi uğura
imza atıb.
Kitabda müəllif sanki Dədə Qorqudla
dansöküləndə dialoqa girir, bu müdrik qocanı dinləyir,
danışdırır, sual verir və cavab alır. Burada
müasir fransız yazıçısı Q.Müssonun
“Kağız qadın” əsərində istifadə etdiyi təsvir
üsuluna oxşar bir yanaşma görürük. Q.Müsso öz əsərinin qəhrəmanını
“dirildərək, kitabın səhifələrindən
süzdürüb real obraz verərək” müəllif ilə
dialoqunu təşkil edir. Bu üsulla
müəllifin öz həyatını yenidən təşkil
etməsinə imkan yaradır. K.Abdulla da
“Kitabi-Dədə Qorqud”da əsərin qəhrəmanı ilə
Azərbaycan mənəvi-əxlaqi və inetellektual
dünyasının reallıqları müstəvisində
dialoq yaradır. Onun zamanı bəlli olmayan qədim
dövrdə söylədikləri prizmasında indiki mənəvi
həyatımızın aktual məqamlarına işıq
salmağa çalışır və buna nail
olur.
Kamal Abdulla əsərə zaman və məkan
bölgüsündə deyil, zaman-məkan kontinuumunda məzmun
verib. Bu, mühüm məqamdır. Çünki
şüurun M.Baxtin mənasında dialojiliyi məhz həmin
halda real məzmun ala bilər. Şüur
mahiyyətcə və məzmunca dialojidir. İnsan empatiya (daxili dialoq, daxilə müraciət,
qiymətvermə) və simpatiyanı (xarici dialoq, özgəsinə
münasibət, sosial mühitdə özünütəsdiq)
vəhdətdə reallaşdırır. Deməli,
Dədə Qorquda müraciət həm öz daxili dünyana
müraciətdir, özünüqiymətləndirmədir, həm
də müasir sosial-mədəni reallıqlar kontekstində
özgəsi ilə dialoq imkanlarının
axtarışıdır. Məsələnin
bu tərəfi iki baxımdan çox əhəmiyyətlidir.
Birincisi, Dədə Qorqud eposunun sonuncu boyu
oğuzlar arasında intriqalara həsr olunub və dastan bununla
yekunlaşır. İkincisi, müasir
dövrdə türklər arasında həmrəyliyin
olması üçün qədim mədəni abidələrin
hansı rolu oynaya bilməsi aktuallaşır. Əgər “Dədə Qorqud” eyni kökə sahib
boyların ixtilafı ilə bitirsə, bu, ümumiyyətlə,
dialoq yolunun bağlanması deməkdirmi?
Kamal Abdullanın əsəri bunun maraqlı
cavabını tapmağa imkan yaradır. Yəni əslində
belə sonuc dialoqun vacibliyini bir daha təsdiqləyən məqamla
bağlıdır. Məsələ ondan
ibarətdir ki, ixtilaf reallıqda şifahi mədəniyyətin
sonunun gəlməsi anlamı verir. Müdrik
qoca bizə gələcəyi fərqli şərtlər
daxilində qurmalı olduğumuzu və bunun əsas şərtinin
də məhz qarşılıqlı anlaşmadan, dialoqdan
ibarət olduğunu çatdırır. Keçmişdə
olan ixtilaflardan nəticə çıxararaq dialoq əsasında
birliyi təmin etmək zərurətini ifadə edir. Kamal Abdulla da bu prosesi Günortac və Qürubda
davam etdirəcək. Yəni “Kitabi-Dədə Qorqud”
poetikası” davam edir... Bu çox dəyərli
əsərə, yaradıcılıq nümunəsinə
görə, hörmətli akademikə dərin təşəkkür
edirəm.
Kamal
Abdulla: Füzuli müəllimin çıxışında mənim
üçün dəyərli məlumatlar oldu. Füzuli
müəllim kitabda həm mətnin anaxronizmini, həm də
Dədə Qorqudla dialoqu çox gözəl şəkildə
duyub, hiss edib. Kitabda Dədə Qorqudun bir şəxsiyyət
deyil, bir prinsip olması fikrini irəli atmışam. Bunu da mən özümdən qurmamışam.
Şellinqin Homer haqqında dediyi məşhur
ifadədən götürmüşəm. Həm Şellinq, həm Viko Homer haqqında deyirdilər
ki, əslində o, bir prinsipdir. Həm “İliada”nın, həm də “Odisseya”nın müəllifi
kimi Homer müxtəlif dövrlərə, hətta deyirdilər
ki, bütün Yunanıstan şəhərlərinə aiddir.
Bu şəxsiyyət bir şəhərin sakini ola bilməz. Bu şəkildə Dədə
Qorqudun anaxronizmindən çıxış eləsək,
görərik ki, Dədə Qorqudda da bir-birindən
çox-çox uzaq olan
dövrlərlə səsləşmələr var.
Bütün bu səsləşmələr Dədə Qorqud şəxsiyyətinə
differensial yanaşmağı tələb edir. Bu,
mənim aləmimdə çox maraqlı məqamdır.
Yaxud başqa bir məqam: Dədə Qorqudun özü
özünü yaratması. Bu, Vikodan gələn
bir fikirdir. Viko deyirdi ki, ilk şairlər
özləri özlərini öyrədirdilər. Mən
bu ifadəni bir qədər dəyişdirib dedim ki, ilk
şairlər özləri özlərini yaradırdılar. Başqa yaradan yoxdur, varsa, onda gərək biz
sakrallığa gedək. Sakrallıqda hər
şey Allah-taalanın iradəsi ilə izah edilir. Əlbəttə, o iradə var, amma bu səviyyədə
artıq insan həmin iradənin məhsulu kimi
özü-özünü önə çəkir. Niyə Şir Şəmsəddin yox, Dədə
Qorqud? Niyə Salur Qazan yox, Dədə
Qorqud? Niyə Yegnək yox, Dədə
Qorqud? Qazlıq Qoca yox, Dədə Qorqud?
Çox adlar çəkmək olar. Mənəvi Başçı funksiyasını
yerinə yetirən Dədə Qorqud necə olur ki, Müəllimdən
Müəllifə, Müəllifdən Ozana dönmə
yolunda özü-özünü yaradır? Təkrar
edirəm: bu, mənim üçün çox qiymətli bir
məqamdır və başqa cür izahını tapmaq
mümkün deyil.
Bir məqamı gələcək tədqiqatçıların
diqqətinə çatdırmaq istəyirəm. Xaosdan Kosmosa
keçid o demək deyil ki, Xaos məhv olur. Xaos heç də məhv olmur, Xaos yaşayır,
Xaos yaşamasa, o yenidən qayıtmaz. Biz
görürük ki, xaotik mənzərələr Kosmosun bərqərar
olmasından sonra başqa məqamda özünü göstərir.
Xaos-Kosmos keçidini dastanın metodoloji əsaslarından
biri saymaq olar. Çünki Xaos-Kosmos
keçidi təkcə bədiilik müstəvisində deyil,
həm də cümlə müstəvisində, sözə
münasibət müstəvisində özünü göstərir.
Bu kitabın səciyyəvi cəhətlərindən
biri Xaos-Kosmos keçidinin bütün müstəvilərdə
izlənilməsidir. Həmin o
sahmanlayıcı ünsürlərdə də Xaosdan Kosmosa
keçidin əlamətləri var, yasaq ünsürlərində
də, digər məqamlarda da eləcə. Yəni Xaosdan Kosmosa keçidi bir metodoloji əsas
kimi bütün kitabın canına hopdurmağa
çalışmışam. Mənə
elə gəlir ki, bu, doğru-düzgün tapılmış
açardır. Kitab şkafında hər
rəfin öz açarı olur, amma bir açar var ki,
bütün rəfləri açır. Kitabda Xaosdan
Kosmosa keçidlə bağlı fikir də “Dədə
Qorqud”un elə bir açarıdır.
Möhsün Nağısoylu: Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabını çox diqqətlə, həm də özüm üçün müəyyən qeydlər apara-apara oxudum. Kitab qorqudşünaslıqda yeni hadisədir, ana abidəmizə tam yeni baxışdır və olduqca yeni, cəsarətli ideyalarla zəngindir. Düşünürəm ki, dilçi-ədəbiyyatçı alim, yazıçı, publisist, ictimai xadim Kamal Abdullanın bu kitabı ilk növbədə bu sahədə gələcək araşdırmalara yol açır, gənc tədqiqatçılara istiqamət verir, onlar üçün münbit zəmin və şərait yaradır.
Müəllif “Kitabi-Dədə Qorqud”a sırf mifoloji düşüncə bucağından yanaşır, eposun qəhrəmanlarının mif dövrünün mağara insanları olduğuna inanır və möhkəm dəlil-sübutları ilə oxucuları da buna inandırmağa çalışır və buna uğurla nail olur. Bu baxımdan kitabdakı istər fəlsəfəyə, istərsə də mifologiya və qədim dövr ədəbiyyatına istinadlar, qədim yunan ədəbiyyatı nümunələri ilə aparılan paralellər, müqayisələr xüsusilə əhəmiyyətlidir və müsbət təsir bağışlayır. Kitab, həqiqətən də, zəngin fəlsəfi, mifoloji ədəbiyyat əsasında yazılıb və düz üç ilə (2014-2017) ərsəyə gətirilib. Müəllifin mif dövrü insanının “söz”lə, Ala dağın yatması ilə bağlı təsəvvürlərinə dair fikirləri, əvvəl ruhun, sonra isə cismin yaranması, xaos-kosmos qarşıdurması, möhtəşəm partlayışla bağlı düşüncələri inandırıcıdır, orijinal səslənir və bütövlükdə ədəbiyyat, dil, fəlsəfi fikir və mədəniyyət tariximiz üçün xüsusi əhəmiyyət daşıyır. Müəllifin qadın dili və kişi dili, Kahin, Müəllim və Müəllif, Dədə Qorqudlar haqqındakı fikirləri də orijinallığı ilə seçilir və istər tədqiqatçıları, istərsə də adi oxucuları bu yöndə düşünüb-daşınmağa vadar edir.
Dədə Qorqud boylarındakı “məgər”, “ol mahalda”, “bu yanadan” kimi söz və deyimlərin “sahmanlayıcı ünsür” kimi dəyərləndirilməsi də xüsusi maraq doğurur və müəllifin eposdakı hər bir detala necə incəliklə və zərgər dəqiqliyi ilə yanaşdığını sübut edir. Bu baxımdan eposun sonuncu boyunda Beyrəyin ölüm ayağında Basat haqqında dediyi sözlər (“Ağca üzlü görklümü Aruz oğlu Basat gəlib almadan...”) xüsusilə əhəmiyyətlidir. Belə ki, bu sözlər dastanın, həqiqətən də, bir çox boylarının günümüzə qədər gəlib çatmadığını açıq-aşkar bir şəkildə təsdiqləmiş olur. Kitabdakı mif dövrü, yazı dövrü, kosmos-xaos, “Dəşti-müstəqim” və “Dəşti-məcaziyyə” ilə bağlı hissələr də yeniliyi ilə seçilir və müəllifin böyük uğurundan xəbər verir. Bir sözlə, hesab edirəm ki, akademik Kamal Abdullanın bu kitabı ədəbiyyatşünaslığımızda mühüm və əhəmiyyətli bir hadisədir.
Çıxışımın sonunda professor Namiz İmanovun yeni sözlərin yaranması ilə bağlı fikrinə münasibət bildirmək istəyirəm. Nazim müəllim dedi ki, bu gün işlənməsinə ehtiyac olan ingilis mənşəli bir çox sözlərin qarşılığını tapmaqda çətinlik çəkirik. Bu işdə Nazim müəllimlə əməkdaşlıq etməyə, alınma sözlərin qarşılığının tapılmasında, bir dilçi kimi, yardımçı olmağa, geniş müzakirələr aparmağa hazırıq.
(Ardı gələn
şənbə sayımızda)
525-ci qəzet 2017.- 15 iyul.- S.16-17.