Vətənimiz...
Paytaxtımız... Dilimiz...
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Bir
xalqı, bir ölkəni ən azı zəiflətməyin ən
asan yolu dünya qədər qədim olan “Parçala hökm et!” düsturudur. Bəzən bu
üsulu “ayır, buyur!” şəklində də ifadə edirlər.
Azərbaycanımızı,
ümumən Türk dünyasını güclü görmək
istəməyənlər, parçalamağa can atanlar
vaxtaşırı çeşidli yollara əl atırlar:
xristian-müsəlman qarşıdurması, elə bir dinin -
İslam dininin içərisində sünni-şiə təfriqəsi..
Hələ
ölməz “Kitabi Dədə Qorqud”da əks olunmuş
müsibət - İç Oğuzla Dış Oğuzun
bir-birinə asi çıxması, düşmən kəsilməsi
tarix boyu Teymurləng - Bəyazid, Şah İsmayıl - Sultan
Səlim və neçə-neçə belə qardaş
qovğalarında davam edib. Böyük Mirzə Ələkbər
Sabir də elə buna görə “öz qovmümüzün
başına əngəl kələfiz biz” - deyir bir-birimizi
“qırdıqca yorulduq və yorulduqca qırıldıq” deyir.
Möhtəşəm
fütühatlara meydan olan savaşlar bizim günlərə
kiçilmiş, xırdalanmış,
bayağılaşmış şəkildə gəlib
çıxıb... Orta Asiya ölkələrində, - indi
axır ki, müstəqil olan məmləkətlərdə
ara-sıra üzə çıxan qarşılıqlı ərazi
iddiaları, tarixi şəxsiyyətlərə sahib
çıxmaq hərisliyi, Tatarıstanla
Başqırdıstan arasında təfriqə toxumları səpmək
təşəbbüsləri, Azərbaycanda...
Azərbaycanda
bu proses gah məlum xarici qüvvələrin səyləriylə
etnik azlıqlarla Azəri türkləri arasında ziddiyyət
yaratmaq cəhdləri kimi, gah rusdilli azəriləri doğma
dildə danışanlarla qarşı-qarşıya qoymaq
çabaları, gah da bineyi-qədimdən paytaxtda
yaşayanlarla əyalətlərdən gələnlər
arasında ziddiyyət körükləməklə meydana
çıxır.
Azərbaycanda dini və milli
dözümlülüyün, tolerantlığın möhkəm
təməllərə və ənənələrə əsaslanması
danılmaz və dünya tərəfindən qəbul olunan
bir gerçəklikdir. Multikulturalizm ili bu həqiqəti bir
daha təsdiq etdi. Amma şəhər-kənd təzadları,
yerliçilik bəlası, regionçuluq fəsadları,
traybalizm -tayfabazlıq mərəzi nə yazıq ki, hələ
də tam sağalmamış xəstəlik, uzun azardır.
Ötən əsrin ibtidasında mətbuat səhifələrində
qarabağlı-bakılı məsələsini ortaya atan, hətta
Üzeyir Hacıbəylinin qarabağlı libasında
karikaturunu dərc edən təxribatçılara gənc
Üzeyir bəy odlu qəlbinin bütün ehtirasıyla etiraz
edirdi, “mən razı olmaram ki, bir olan millətimin içində
qarabağlı-bakılı fitnəkarlığı
salasınız” deyirdi. Yaşca ondan böyük və belə
qovğalardan, bərkdən-boşdan çıxmış təcrübəli
Əhməd bəy Ağayev cavan dostuna nəsihət edirdi ki,
belə şeylərə baş qoşma, qoy nə yazırlar
yazsınlar, nə çəkirlər çəksinlər, sən
öz işini gör. Bu məsələyə Mirzə Cəlil
də özünəməxsus ironik üslubunda münasibətini
bildirir: Qarabağlısan get Qarabağında otur, Bakıda nə
işin var? Harda görünüb ki, insan
qarabağlı ola-ola gəlib Bakıda
yazıçılıq eləsin?”
Bütün bu köhnə söhbətlər bugünlərdə
mətbuat səhifələrində mənasız bir mətləb
ətrafında başlanan mübahisələr zamanı
yadıma düşdü.
Bakı yalnız burda doğulub böyüyənlərinmidir? Əyalətlərdən gələnlər
burda özlərini qərib kimi hiss etməlidirlərmi? Bu
sualların cavabı birmənalı: “əlbəttə, yox”
olsa da, görünür, yenə də, dönə-dönə
təkrar edilməsinə ehtiyac var. Xalqımızın sevimli
şairi, əfsus ki,vaxtsız itirdiyimiz Zəlimxan
Yaqubun:
Adam bu
şəhərə dipdiri gəlir,
Adamın
şəhərdən ölüsü çıxır -
misraları bu gün daha faciəvi səslənir. Amma bu da həqiqətdir
ki, əcəl anı çatanda insanlar şəhərdə
də ölür, kənddə də...
Doğrudur,
əyalətdən - Zərdabdan,
Qarabağdan, Naxçıvandan, Qazaxdan gəlib Bakıda abidə
olanlar da az deyil: Həsən bəy Zərdabi, Mirzə Cəlil
Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hüseyn
Cavid, Bülbül, Səməd Vurğun. Zərdabdan,
Qarabağdan, Gəncədən gələnlər Həsən
bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Adıgözəl
bəy Gorani Bakıda Azərbaycan milli teatrının təməlini
qoydular. Qarabağdan Əhməd bəy, Salyandan
Əli bəy, Gürcüstandan Əlimərdan bəy “Kaspi”
qəzetini çıxardılar və yeni məfkurəni əsaslandırdılar.
Qarabağlı Əhməd bəy (yenə
Əhməd bəy!), Gürcüstanlı Nəriman Nərimanov,
Gəncəli Nəsib bəy Yusifbəyli ilk siyasi
partiyalarımızı yaratdılar. Şuşalı
Üzeyir bəy Şərqin ilk operasını Bakıda səhnəyə
çıxardı. Orucov qardaşları
Bakıya mətbəə gətirdilər.
Gözünü dünyaya Naxçıvanda
açmış Ulu öndər Heydər Əliyev quruculuq və
xilaskarlıq hünərini Bakıda başladı və yenidən
Bakıya dönüb burda tamamladı.
Bu əyalətdən gələn böyük
insanların fəaliyyəti olmasaydı, XX əsrin Azərbaycan
ədəbiyyatını, sənətini, siyasətini, mətbuatını
təsəvvür etmək olmazdı.
Və
eyni cür köklü bakılılar - Akademiyamızın
ilk prezidenti Mir Əsədulla Mirqasımov və indiki
prezidentinin babası, Qafqazın Şeyxülislamı
Əlizadə, neft sənayeçiləri və mədəniyyət
metsenatları Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov,
Musa Nağıyev, böyük siyasi xadim, Cümhuriyyətimizin
ideoloqu Məhəmməd Əmin Rəsulzadə, məşhur
ədəbiyyat, sənət adamları Cəfər
Cabbarlı, Mikayıl Müşfiq, Ərəblinski, Sarabski,
Süleyman Rüstəm, Qara Qarayev, Cahangir Cahangirov, Səttar
Bəhlulzadə, Tahir Salahov, Maral Rəhmanzadə, Şövkət
Ələkbərova, Nəsibə Zeynalova, Ələsgər
Ələkbərov, Tofiq Kazımov, Həsən Turabov, Arif
Babayev və daha kimlər, kimlər... - bu insanlar bütün
Azərbaycanın iftixarı deyilmi?
Gün-gündən gözəlləşən Bakı
- yalnız böyük şəhər deyil, Bakı Azərbaycanın
və bütün dünya Azərbaycanlılarının
paytaxtıdır. Milyonlarla insançün pənah və
ümid rəmzidir. Vətənimizin qəlbidir.
Vətənimizin bədəni isə
bütöv, vahid Azərbaycandır.
Haqlı olaraq fəxr edirik ki, Bakı həm də
müxtəlif millətlər arasında ayrı-seçkilik
qoymayan bir məkandır. Heç bir millət
heç vaxt burda özünü yabançı, yad, ögey
hiss etmir. Hətta nankor ermənilər də
(əlbəttə, nankor olmayan ermənilər də var).
Amma Bakının bəlkə də dünyanın
heç bir şəhərində olmayan qəribə zümrəsi
də var - rusdilli azərbaycanlılar. Moskvada,
tutalım tatardilli rusları, Parisdə ingilisdilli
fransızları, Tiflisdə azərbaycandilli gürcüləri
təsəvvür edə bilərsinizmi? Əlbəttə,
yox. Amma Bakıyçün bu təbii bir
haldır. Bu başdan deyim ki, mən bunu mənfi
hal kimi dəyərləndirmirəm, mövcud olan reallıq
kimi etiraf edirəm. Heç kəsi
qınamaq olmaz ki, sovet dövründə
övladlarının gələcək karyeralarını
düşünərək onları rus məktəblərinə
qoyublar. Yalnız
yazıçıların - yazıçıların doxsan
doqquz faizinin - övladları Azərbaycan məktəblərində
təhsil alıblar. Nə qədər əcaib
olsa da, bu proses, yəni övladlarını rus məktəblərində
oxutdurmaq indi, müstəqillik dövründə də davam
edir. Buna da ayıq gözlə baxıram,
bir şərtlə ki, rus dilində oxuyub öz ana dilini də
mükəmməl biləsən. Görürsən,
birisi fəxr edir ki, rus dilindən savayı başqa Qərb
dillərini də bilir. Çox əcəb, bir az da zəhmət çək, öz doğma
dilini öyrən! Heç olmasa hörmətli
Prezidentimiz İlham Əliyevdən örnək götür.
Orta məktəbi, ali məktəbi rus
dilində bitirsə də, doğma dilimizdə son dərəcə
səlis və rəvan şəkildə, zəngin lüğət
ehtiyatından istifadə edərək, ifadələri, ibarələri
yerli yerində işlədərək danışır.
KVN-dən və “Bakılı oğlanlar”dan geniş tanınan Bəhram Bağırzadənin yazıçı qələmi də var. Bir neçə maraqlı kitabın müəllifidir, bir qədər bundan qabaq Yazıçılar Birliyinə üzv qəbul olundu. Tərtib etdiyi “Mənim gəncliyimin şəhəri” kitabına Bəhramın təklifiylə mən də bir yazı yazdım. Maraqlı kitab alınıb. Ən müxtəlif peşə sahibləri öz gəncliklərinin Bakısını səmimi qəribsəmə, nostalji hissləriylə xatırlayırlar. Bakının köhnə küçələri, binaları, trolleybus və tramvay marşrutları, dükanlar və bazarlar, kinoteatrlar və hamamlar, əski Bakının spesifik boyaları, qoxuları, təkrarsız aurası... Hər personaj, hər hadisə, hər jarqon ifadəsi artıq xatirəyə çevrilmiş Bakımızın canlı keçmişini canlandırır gözlərimizdə. Bu yazıları xəyallara dalaraq, təsirlənərək, riqqətlənərək oxuyurdum, mənə tanış olan və tanış olmayan, yaşadığım və yaşamadığım səhnələr keçirdi gözlərimin qarşısından. Yazı muəlliflərinə şəhərin də, mənim də keçmişimi qaytardıqları üçün minnətdar idim. Amma...
Amma daxili sorğulardan da heç cür şüurumu xilas edə bilmirdim. Bakını belə məhrəmcəsinə xatırlayan, şəhərimizə bu qədər vurğun olan müəlliflərin hamsı olmasa da, böyük bir qismi görəsən ömürlərində bir Azərbaycan yazıçısının bircə kitabını doğma dilimizdə oxuyubmu? Lap elə bu qədər sevdikləri Bakının keçmişinə aid kitabları - H.Sarabskinin “Köhnə Bakı”sını, Manaf Süleymanovun, Qılman İlkinin, gənc yazıçı İlqar Fəhminin Bakıya həsr olunmuş əsərləriylə yazıldıqları dildə tanış olublarmı? Böyük təəssüf hissiylə öz sualıma “oxumayıblar” cavabını verirəm. Düşünə bilərsinizmi ki ,Tiflisdə öz şəhərləri haqqında belə yazılar yazanlar gürcü dilində ömürləri boyu bircə bədii əsər oxumamış olsun. Yaxud bir eston, ya bir Litvalı, Polşalı, macar öz ədəbiyyatından bixəbər olsun? Bixəbər olmaları bir yana, öz ədəbiyyatından öz dilində bir sətir oxumaya-oxumaya (hamısı yox, əlbəttə, bəziləri) lovğa-lovğa ağız də büzsünlər: “Bizim nə ədəbiyyatımız var ki, vaxt itirib oxuyaq” desinlər.
Millətin varlığı onun dilindən başlanır və dilin də əsas təməli, özülü ədəbiyyat, o cümlədən, ilk növbədə bədii ədəbiyyatdır. Yeri gəlmişkən, bugünlərdə “Ədəbiyyat qazeti”ndə Sabir Rüstəmxanlının dilimizlə bağlı yazısını oxudum və ifadə etdiyi fikirlərlə tam həmrəy olduğumu bildirmək istəyirəm. Təəssüf ki, bütün mətbuatı izləmək imkanım olmur, internetə girməyə hələ də vərdiş etməmişəm. Ona görə elə Sabirin cavabından öyrəndim ki, dövlət dili kimi Azərbaycan diliylə bərabər, rus və ingilis dillərinin də olması təklif edilib. Təəccüb qaldım desəm, bu azdı, matım-qutum qurudu... Heç sovet vaxtında da belə bir fikir heç kəsin ağlına gəlməmişdi. Azərbaycan Respublikasının Konstitusiyasında yeganə dövlət dili kimi Azərbaycan dili yazılmışdı. Rus dili heç SSRİ-nin də dövlət dili olmayıb. Hələ bu azmış kimi, ingilis dilinin də müstəqil ölkəmizin dövlət dili olması təklif olunur. Üç dövlət dili! Onda niyə beş-altı dövlət dilimiz olmasın - ərəbcə də, fransızca da, çincə də... Bu dillərdə danışanların sayı da xeyli çoxdur. Yox, əgər ingilis dili elmi-texniki tərəqqinin rəhni kimi nəzərdə tutulursa, keçmiş metropoliyalarının - Britaniya imperiyasının və Fransanın müstəmləkələri - bir sıra Afrika və Asiya ölkələri hələ də ingilis və fransız dillərində danışırlar. Onlar elmi-texniki tərəqqi baxımından çoxmu irəli getmişlər?
Əlbəttə, rus dilini də bilməliyik, ingilis dilini də, imkan varsa, başqa Avropa və Şərq dillərini də. Rus dilinə barmaqarası baxmaq lazım deyil, bu dil hələ uzun zaman karımıza gələcək, hələ ki, dünya bizə bu dilin vasitəsiylə gəlir və biz də dünyaya bu dilin vasitəsiylə çıxırıq. İngilis dili də çox vacibdir və mən təəssüf edirəm ki, orta məktəbdə də, ali məktəbdə də ingilis dili dərsləri keçsəm belə, bu dili mənimsəyə bilmədim. Xarici səfərlərdə bu qüsurumu daha çox hiss edirəm və xəcalət çəkməli oluram. Amma dörd nəvəmin dördü də ingilis dilini əla bilirlər. Rus dilini də bilirlər, amma ən yaxşı bildikləri dil, şübhəsiz, doğma ana dilləri - Azəri tükcəsidir.
Hələ sovet vaxtında da dəfələrlə deyirdim ki, biz çalışmalıyıq, rus məktəblərində Azərbaycan dili rus dili qədər ciddi tədris olunsun və Azərbaycan məktəblərində də rus dili mükəmməl öyrədilsin. Bunu vaxtında edə bilsəydik, indi cəmiyyətimizdə müəyyən ikitirəliyə zəmin qalmazdı.
Hələ də gec deyil. Nə qəqər çox dil bilsək, başımızın ucalığıdır. Amma təpəmizin ən yüksək yerində - müstəqil məmləkətimizin yeganə dövlət dili - Azərbaycan dili durmalıdır.
525-ci qəzet 2017.- 15 iyul.- S.11.