Dəyərli alim, işıqlı
insan - Professor Akif Musayevin 70 yaşına
Əhməd QƏŞƏMOĞLU
Hər
dövrün öz ab-havası, öz rəngi-ruhu var. Tarixin əhval-ruhiyyəsindən
asılı olaraq bu rəng-ruh əlvan, nurlu, tünd,
qarışıq, sönük və bozarmış olur.
Zaman
ötür, dövran keçir, neçə-neçə on
illiklərdən, yüz illiklərdən sonra həmin dövrün sir-sifəti
daha aydın görünür. Məlum olur ki,
elə həmin dövrün ən qiymətli insanları
öz dövrünə daha çox nur, işıq, əlvanlıq
verən insanlar olublar. O adam daha xoşbəxt
adamdır ki, yaşadığı dövrün rənginə
daha çox nur, ziya verə bilir. Bu adamlar həqiqi
mənada ziyalılar - öz dövrünə ziya verənlərdir.
Mən belə adamları hər zaman işıq əhvallı
insanlar kimi
düşünürəm.
Xoş o
adamın halına
ki, onun ətrafında daha çox işıq əhvallı
insanlar var. O təşkilat, o iş yeri daha gözəldir ki,
orada daha çox belə insanlar çalışırlar. Belə insanlar çox olan yerdə pozitiv enerji
çoxalır, insanlar arasında xoş münasibət,
xoş əhval-ruhiyyə yaranır.
Belə işıqlı insanlarımızdan biri də
tanınmış iqtisadçı alim, AMEA-nın müxbir
üzvü Akif Musayevdir. Akif müəllimlə mən birlikdə
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində
təhsil almışıq. Sonra Moskvada
eyni institutda - SSRİ Elmlər Akademiyasının Mərkəzi
İqtisadiyyat və Riyaziyyat İnstitunda əyani aspiranturada
oxumuşuq. O zaman həmin Akademiyanın yataqxanasında
eyni otaqda yaşamışıq. Təhsil illərindən sonra da Akif müəllimin
daima əməksevərliyi, intellekti, səmimiliyi ona hər
zaman uğurlar qazandırmış,
respublikamızın tanınmış
ziyalılarından, alimlərindən biri etmişdir. Biz, bir
vaxtlar onunla bir yerdə təhsil alan dostlar
bu illər ərzində onun uğurları ilə həmişə
qürur duymuşuq. Elə burada bir haşiyə
çıxaraq onu da qeyd etmək istəyirəm ki, biz- bir
vaxtlar Bakı Dövlət Universitetinin mexanika - riyaziyyat fakultəsində
təhsil alan insanların olduqca xoş bir ənənəsi
var. Biz hər həftə 6-cı günlər
görüşürük. Kimin həmin gün
vaxt imkanı varsa görüşə gəlir. Günün ikinci yarısı, gecəyə qədər
sadə bir məclisdə bir yerdə oluruq. 40 ilə qədərdir ki, davam edən bu məclisin
ən fəal iştirakçılarından biri də Akif
müəllimdir. Dövlət
qurumlarında tutduğu vəzifələrindən, Universitet
rektorluğundan, yüksək titullarından asılı
olmayaraq həmin məclislərdə Akif müəllim elə
tələbəçilik illərindəki sadə, səmimi,
qayğıkeş Akifdir. Həm də o, təkcə
öz yaxınları ilə belə doğma ünsiyyətdə
olmur. Hər kəslə -sadə fəhlə
ilə də, akademiklə də, yüksək vəzifəli
məmurlarla da söhbətdə, ünsiyyətdə
qarşıdakının öz dili ilə danışan səmimi,
mehriban bir insan olur.
Akif
Musayev 1947-ci il iyul ayının 18-də
Füzuli rayonunun Qorqan kəndində anadan olub. Tez itirdiyi zəhmətsevər,
qeyrətli bir
atanın övladıdır. Füzulidə, Yuxarı Seyidəhmədli kənd
orta məktəbini qızıl medalla başa vurub. Yoxsulluqla üz-üzə, nəfəs-nəfəsə
keçən çətin uşaqlıq illəri olub.
Öz ömür yolunda nə əldə edibsə, nəyə
nail olubsa, hamısını tək başına özü
qazanıb. Təhsilin, elmin axarında tək
dayanıb. Kimsiz, kimsəsiz,
dayısız, əmisiz, arxasız.
Hələ
o, Bakı Dövlət Universitetində oxuyarkən eyni zamanda, 1967-ci ildən
Azərbaycan Elmlər Akademyasının Kibernetika
İnstitutunda da fəaliyyətə başlayıb. Bununla da demək olar ki, onun gələcək
ömür yolu müəyyənləşib. Universiteti bitirdikdən sonra Kibernetika İnstitutu tərəfindən
SSRİ EA Mərkəzi İqtisadiyyat və Riyaziyyat
İnstituna əyani aspiranturada oxumaq üçün göndərilib.
Əvvəl qeyd etdiyim kimi, bizim aspirant həyatımız
bir yerdə keçib. O zaman Azərbaycandan Rusiyanın,
xüsusi ilə Moskvanın ali məktəblərində,
aspiranturada xeyli gənc təhsil
almaq üçün göndərilmişdi. Moskvanın lap mərkəzində,
D.Ulyanov küçəsində, Elmlər Akademyasının
bizim qaldığımız yataqxanasında da 70-ə qədər
Azərbaycandan gələn gənc var idi. O gənclərin
arasında elmə olduqca maraqlı olan gənclər də var
idi ki, sonradan bir çoxu ölkəmizdə və dünyada
tanınmış alimlər oldular.
Təəsüf
ki, o gənclərin arasında günlərini, aylarını
yola verənlər də az deyildi. Diqqəti təhsil yanında olanlar arasında da
xüsusi seçilənlər var idi. Onlardan biri də Akif idi. Olduqca səmimi,
təvazökar, işgüzar, əxlaqi keyfiyyətləri ilə
seçilən, heç vədə heç kimə bir dəfə
də olsun yalan deməyən, qayğıkeş, milli ruhlu...
Demək olar ki, mövcud olan bütün yaxşı keyfiyyətlərə
malik olan Akifə
yataqxanada qalan bütün azərbaycanlı gənclər də,
digərləri də hörmət edirdi. Onunla bir otaqda
yaşayırdıq və mən onun bu gözəl keyfiyyətlərini
daha yaxından hiss edirdim. Hər zaman dost münasibətdə
olmuşuq. Bəzən aramızda keçici inciklik olurdu ki,
bunun da əsas günahı mənim hərdən şairlik əhval
ruhiyyəsi ilə özümə qapanmağım, “xəyallarımın
göylərdə olmağı” olurdu... Akif gecə-gündüz
çalışırdı.
O zaman
SSRİ-də iqtisadiyyatda riyazi metodların tətbiqi sahəsi
yeni yayılırdı. Bizin İnstitutumuzu
SSRİ-nin o vaxtkı baş naziri A. Kosıgin
yaratmışdı və İnstitutun fəaliyyəti onun
daima nəzarətində idi. Bu
İnstitutda çalışan alimlər ölkədə bu
sahənin özüllərini qoyurdular. Onların bir
neçəsi, məsələn, N.Federenko, S.Şatalin,
M.Lemeşev, Y.Qolşteyn, D.Lvov, A.Ançışkin, və b.
bütün dünyada tanınan mütəxəssislər
idi. Bu İnstitutda
yerinə yetirilən hər bir elmi tədqiqat
işi, SSRİ-də, ümumiyyətlə dünyada ilk dəfə
idi ki, yerinə yetirilirdi. Burada olduqca gözəl
bir elmi mühit var idi. Biz bu şəraitdən
daha çox bəhrələnməyə
çalışırdıq. Bu sahədə
Akifin uğurları çox idi. O zaman SSRİ-də
indiki kompüterlərin əcdadı olan Elektron hesablama
maşınları da yeni yayılırdı. İndiki
kompüterlərlə müqayisədə o maşınlar
olduqca primitiv idi. Onlardan istifadə etmək
olduqca böyük əziyyət tələb edirdi. Həm
texniki iş çox idi, həm də hər sahədə riyazi
biliklərdən daha çox istifadə etmək, proqramlar
hazırlamaq lazım gəlirdi. Hər adam
bu çətinliyin öhdəsindən gələ bilmirdi. Akifsə bu çətinliklərə qalib gələnlərin
ən birincilərindən idi. Disertasiyası
ilə bağlı apardığı elmi araşdırmalarda
həm riyaziyyatın iqtisadiyyata tətbiqi sahəsində, həm
də Elektron hesablama maşınlarından istifadə etmək
sahəsində o zaman Moskvada nəyi etmək mümkün idisə
hamısını edirdi. Bəzən gecə
yarısına qədər yaşadığımız
otağın bir küncündə onun stol
üstü lampası yanırdı... Ona görə
də, hələ o zaman Mərkəzi İqtisadiyyat və
Riyaziyyat İnstitutunda seçilən aspirantlardan biri idi.
O, təkcə quru elm adamı deyildi. O zaman gənclik illərinin
çoşğusu ilə keçirdiyimiz şənliklərdə,
elm, mədəniyyət işçiləri ilə
görüşlərdə, bayram tədbirlərində də
ən fəal gənclərdən biri idi.
1977-ci ildə Moskvada namizədlik dissertasiyası
müdafiə edən Akif Musayev Bakıya, Kibernetika
İnstitutuna qayıtdı. Bakıda Akif müəllim elmi fəaliyyətlə
yanaşı, eyni zamanda pedoqoji fəaliyyət göstərməyə,
ölkəmizdə riyaziyyatın iqtisadiyyata tətbiqi sahəsində bilikləri
yaymağa, bu sahədə yeni kadrlar yetişdiməyə
başladı. Azərbaycan Neft və Kimya
İnstitutunda Tətbiqi riyaziyyat fakultəsində də səmərəli
fəaliyyət göstərdi. 1992-ci ildə
disertasiya müdafiə edərək iqtisad elmləri doktoru
alimlik dərəcəsi aldı. Elmi-pedaqoji fəaliyyəti,
insani keyfiyyətləri ilə böyük nüfuz qazanan Akif
müəllim müstəqillik qazandığımız
dövrün ilk illərində yeni yaranmış “Təhsildə
islahat üzrə Dövlət Təhsil
Komissiyasının” üzvü
seçildi və burada ən fəallardan
biri oldu. Ölkəmizdə
vergi siyasətinin elmi əsaslarla qurulması sahəsində
yeni dövr başlayanda bu işə yüksək səviyyədə
kömək edə biləcək mütəxəssislər
axtarılanda onun namizədliyi irəli sürüldü.
1999-cu ilə Akif müəllim o zaman indiki Vergi
Nazirliyini əvəz edən Baş Dövlət Vergi Müfəttişliyində
Analitik İnformasiya İdarəsinin rəisi vəzifəsinə
təyin olundu. O zamandan bütün elmi fəaliyyətini
əsasən vergi siyasətinə həsr edən Akif müəllim
ölkəmizdə vergi məsələləri ilə
bağlı fəaliyyətin elmi təminatının əsasını
qoydu və sonradan bu sahədə yüksək səviyyəli
elmi mexanizmlərin qurulmasında mühüm rol oynadı. 2001-ci ildə elm sahəsində
əldə etdiyi mühüm nəticələrə görə
Azərbaycan Milli Elmlər Akademyasının müxbir
üzvü seçildi. O, avtomobil nəqliyyat işinin
optimal təşkili, neft maşınqayırması və
neft-qaz sənayesinin yeni iqtisadi tələblərə
uyğun olaraq qurulması, vergi siyasətinin elmi təminatı
məsələləri üzrə həm ölkəmizdə,
həm də Amerikadan tutmuş, bir çox xarici ölkələrdə
geniş tanınan mütəxəssisdir.
Akif
müəllim ölkəmizdə hər zaman həm ciddi alim,
həm də təhsilin elmi əsaslarla, müasir tələblərə
uyğun qurulması sahəsində mütəxəssis kimi
geniş tanınır. Məhz buna görə də,
2007-ci ildə Azərbaycan Universitetinin yeni tələblərə
uyğun olaraq yenidən qurulması məsələsi ortaya gələndə
yenə ilk növbədə Akif müəllim yada
düşdü. 2007-11-ci illərdə o,
həm də bu Universitetin rektoru vəzifəsində
çalışdı. Bu müddət ərzində
Universitet dünyanın ən müasir Universitetlərinin təcrübəsinə
uyğun olaraq yenidən quruldu, intensiv beynəlxalq əlaqələri
yaradıldı.
Fəaliyyət göstərdiyi bütün bu illərdə
hər sahədə öz nümunəvi davranışı
ilə seçilən Akif müəllimin həm ölkə,
həm də beynəlxalq səviyyədə bir çox
mühüm mükafatları var. 30-dan çox kitabın,
200-dək elmi məqalənin, yüzlərlə publisistik
yazının müəllifidir.
Müasir
Azərbaycanın iqtisad elminin nümayəndələri
arasında AMEA-nın müxbir üzvü, professor Akif
Musayevin xüsusi yeri var. Onun istər elmi-pedaqoji sahədə,
istərsə də dövlət xidmətində fəaliyyəti,
sözün həqiqi mənasında, yaradıcı xarakter
daşıyır. Akif müəllim elmi
araşdırmalarında daim iqtisadiyyatın praktik əhəmiyyət
daşıyan problemlərinin həllinə üstünlük
vermiş, öz fundamental tədqiqatlarında dərin riyazi-məntiqi
təfəkkürə əsaslanaraq, olduqca maraqlı və
faydalı nəticələr əldə etmişdir. Elmi müzakirələrdə, dissertasiya müdafiələrində
hər hansı məsələ barədə Akif müəllimin
fikri həlledici olur. Çünki onun dərin məntiqi təfəkkürü
söylədiyi mühalizələrin doğru olduğuna
hamını inandırır.
Akif müəllimin çoxlu tələbələri və
ardıcılları var, o, biliyini gənc nəslə həvəslə
öyrədir.
Bilir ki, elm sərf edildikcə daha da artan bir xəzinədir.
İndi Akif müəllimin yetmiş
yaşı tamam olur. Bu
münasibət ilə onu ürəkdən təbrik
edir, sağlam, uzun, fərəhli, uğurlu bir ömür
arzulayıram.
Bu yazını da ona həsr etdiyim bir şeirlə
bitirirəm.
Atadan,
anadan hamı doğulur
Öz qəlbindən doğulanlar ayrıdı.
Əməliylə,
zəhmətiylə, sözüylə
Zirvələrdə ad alanlar ayrıdı.
Çətinlik
dörd yandan çəpər çəkəndə,
Dövran
da üstünə yadlıq tökəndə,
Qaranlıq
içində bir pilləkəndə
Arzulardan od alanlar ayrıdı.
Uçrumun
üstündən körpülər salan,
Bədxahı
uğruyla eyləyən talan,
Hər vədə
işığa doğru yol alan
Talehindən at alanlar ayrıdı.
Həyatda qoyduğu parlaq bir izlə,
Övladı önündə fərəhli üzlə,
Dostların yanında ən doğma sözlə,
Məhəbbətlə yad olanlar ayrıdı.
Bakı, 12 iyul 2017
525-ci qəzet.-2017.-15 iyul.-S.10.