Milli mətbuat gününə dəyərli
töhfə
Bu yaxınlarda "Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)" adlı monoqrafiya Azərbaycan və rus dillərində işıq üzü görüb.
Monoqrafiyaların müəllifi Azərbaycan Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər
Arxivinin əməkdaşı, mətbuat tarixi tədqiqatçısı,
filologiya üzrə fəlsəfə doktoru Lalə Osman
qızı Hacıyevadır. Lalə xanımın xüsusi təqdimata
ehtiyacı olmasa da, yenə də qeyd etmək istərdim ki, o,
zəngin jurnalist təcrübəsinə malikdir, Sovet
dövründə "Molodyoj Azerbaydjana", "Mədəniyyət",
"Bakinskiy raboçiy" kimi aparıcı mətbuat
orqanlarında çalışıb, müstəqillik illərində
isə Britaniya Yayım Korporasiyası - BBC radiosunun Azərbaycan
xidmətinin əməkdaşı olub. Səmərəli
jurnalist fəaliyyətinə görə 1996-cı ildə Azərbaycan
Jurnalistlər Birliyinin təsis etdiyi Həsən bəy Zərdabi
mükafatına, 2001-ci ildə "Women Press" - Jurnalist
Qadınlar Assosiasiyasının "İlin ən
yaxşı radio jurnalisti" adına layiq görülüb.
Lalə xanım jurnalistika ilə yanaşı,
uzun illərdir ki elmi və pedaqoji fəaliyyətlə məşğul
olur. 1994-cü ildən Bakı Dövlət
Universitetində dərs deyir. Elmi fəaliyyətini
mətbuat tariximizin açılmamış səhifələri
- Azərbaycanın rusdilli mətbuatının
araşdırılmasına sərf edib.
Bakı Dövlət Universitetinin "Mətbuat
tarixi" kafedrasının dosenti olaraq etiraf etməliyəm
ki, bu vaxta qədər əsasən mətbuat tarixini bir dilli və
birtərəfli öyrənmişik. Çox az-az hallarda
rusdilli mətbuata istinadlar olub və araşdırmalar da əsas
etibarilə fraqmental səciyyə daşıyıb. Ara-sıra dissertasiyalar və monoqrafiyalar olub, məsələn,
Səmayə Movlayevanın "Kaspi" qəzetində Azərbaycan
mədəniyyətinin təbliği" adlı əsəri
olub. Lakin Lalə xanımın
yazdığı monoqrafiya onunla fərqlənir ki, burada
konseptual yanaşma var, rusdilli mətbuat dedikdə
"Kaspi" qəzeti ilə məhdudlaşmır. Tədris
baxımından, onu da qeyd edim ki, Azərbaycanda, bu vaxta qədər
mətbuat tarixini bir tərəfli tədris etmişik, ancaq Azərbaycan
dilli mətbuatın mənzərəsini vermişik,
onların polemikalarını, diskusiyalarını verərək,
bununla da kifayətlənmişik. Amma biz nəzərə
almalıyıq ki, Azərbaycan mətbuatı tarixi bir dilli
deyil, çox dillidir, o cümlədən, rusdillidir. Təəssüf ki, bizim əleyhimizə işləyən
erməni dilli mətbuatın hələlik mütəxəssisi
yoxdur. Çox dillilik mənzərəsindən
baxanda, bizim tədrisimiz üçün çox ciddi
materialdır. Təbii ki, Azərbaycan dilli mətbuat
bizim şah damarımızdır, amma müqayisəli
araşdıranda, çox şeylər ortaya
çıxır, bunlar əsas verir ki, ictimai fikrin tarixinə,
lap elə müstəqillik yolunda mübarizə tarixinə,
ideoloji mübarizə tarixinə aydınlıq gətirilsin.
L.Osman qızı rusdilli mətbuatın,
bütövlükdə mətbuat tariximizin təşəkkül
dövrünü tam əhatə etmək üçün Azərbaycanda
nüsxələri olmayan qədim nəşrləri
Sankt-Peterburq, Moskva və Tbilisi şəhərlərində
yerləşən arxivlərdə və kitabxanalarda aşkar
edərək Azərbaycana gətirib. Gətirdiyi sənədlər və
nəşrlər arasında Rusiya Milli kitabxanasında qorunub
saxlanılan Azərbaycanın ilk mətbu orqanı olmuş
"Bakinskiy listok" (1871-1872) qəzeti də var. Lalə
xanım nəcib iş görərək həmin qəzetin
bütün saylarını kitab halında nəşr edib,
elmi dövriyyəyə daxil edib. Qeyd etmək lazımdır
ki, bu qəzet milli mətbuatımızın flaqmanı olan
"Əkinçi" (1875-1877) qəzetindən dörd il əvvəl
Bakıda işıq üzü görmüşdü və bəzi
mülahizələrə rəğmən, guya sadəcə vərəqə
səciyyəsi daşımışdı, tədqiqatçının
araşdırmalarından görünür ki, kiçik həcmli
şəhər qəzeti olan "Bakinskiy Listok" əsasən
o zamanki Bakının problemlərini
işıqlandırmağa və şəhər əhalisinin
zövqünü oxşamağa
çalışmışdı.
Məhz bu qəzetdə Azərbaycan Milli mətbuatının
patriarxı Həsən bəy Zərdabinin Azərbaycanda ilk məqaləsi
işıq üzü görmüşdü. Lalə xanımın göstərdiyi kimi, sonrakı
illərdə, yəni XX əsrin ilk illərində, rus dilində
çıxan mətbuatın Azərbaycan milli mətbuatının
inkişafına yetərincə təsiri olmuşdu.
"Şərqi-Rus", "Həyat",
"İrşad", "Tərəqqi",
"Füyuzat", "Hümmət" və s. milli qəzetlərin
redaktorları Məhəmməd Ağa Şahtaxtinski, Əhməd
bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan
bəy Topçubaşov, Nəriman Nərimanov, Üzeyir
Hacıbəyov və başqaları jurnalistikada ilk
addımlarını rusdilli mətbuatda atmış, iti qələm
sahibi və publisist kimi məhz bu mətbuatda püxtələşmişdilər.
Bu təsir
qarşılıqlı idi. Həsənbəy
Zərdabi mətbuatın rolunu "Əkinçi" qəzetində
necə müəyyənləşdirmişdisə, 1898-ci ildə
"Kaspi" qəzetinin redaktoru olan Ə.M.Topçubaşov
da o yolla gedirdi. İmzasıyla
çıxan ilk nömrədə baş məqalədə
o, qəzetin vəzifəsini müəyyənləşdirdi.
Həsən bəyin
dünyagörüşü, mətbuat haqqında dedikləri
orada öz əksini tapır.
1891-ci ildə 3 ay qəzetin redaktoru Şahtaxtinski Məhəmməd
Ağa olub. O
da, o dövr Azərbaycan ziyalılarını "Kaspi"yə
cəlb edir, çünki, 1891-ci ildən sonra bizim ana dilində
qəzetimiz yox idi. "Kəşkül"
bağlanmışdı, ta 1903-cü ilə gədər qəzetimiz
olmadı. 12 il biz milli mətbuatdan məhrum
olduq. Ziyalılar "Kaspi"yə üz tutdular: N.Nərimanov,
Əhməd bəy Ağayev və başqaları
"Kaspi"də çıxış edirdilər. Xüsusən də 1897-ci ildə neft sənayeçisi
və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən
qəzet və mətbəəsi satın alınandan sonra.
Bir şeyi də qeyd etmək lazımdır. Azərbaycanda,
ümumiyyətlə Rusiyada mətbuat prosesləri nisbətən
parallel gedirdi. Orada hansı siyasi proseslər
baş verirdisə, Azərbaycanda öz təsirini göstərirdi.
1865-ci ildə Rusiya kapitalist iqtisadi
inkişafına gədəm qoydu. Bakıda
sənaye inkişafı başladı. 1865-ci
ildə Mətbuat haqqında Nizamnamə imzalandı. Bu nizamnamə o yerdə ki, Senzura Komitəsi var idi, qəzet
yaratmaq icazəsi vermişdi. Məsələn, əgər
1861-ci ildə Rusiyada cəmisi 5 müstəqil qəzet
çıxmışdırsa, sonradan sürətlə inkişaf
başladı. Elə ki, icazə
verdilər, bir neçə adda qəzet açıldı.
Biz Rusiyadan tərkid olunmuş deyildik. Biz o qanunlarla işləyirdik, mətbuat o qanunlarla fəaliyyət
göstərirdi. Amma bircə şey var idi ki, o qanunlarda,
milli qayət
üçün, Azərbaycanda mətbuatın
inkişafı üçün istifadə etmək
bacarığı Zərdabiyə qədər əmələ
gəlmədi.
Söz açdığımız monoqrafiyaya gəldikdə,
əsərin ümumi kompozisiyası məntiqlidir və qənaətbəxşdir. Birinci fəsildə
Azərbaycanda rusdilli mətbuatın meydana gəlməsini
şərtləndirən tarixi şərait, ikinci fəsildə
bununla dövrü mətbuatın yaranması qoyulur və tarixi
şəraitin tədqiqindən sonra XX əsrin əvvəllərindəki
rusdilli mətbuat barədə söhbət
açılır. Üçüncü fəsil sanki
mövzunun finişinə yaxınlaşdırır, vəd
olunan 1918-ci il sərhəddi kontekstində
Birinci Dünya müharibəsi və bolşevik irtica illərində
Azərbaycanda rus dilli mətbuatın taleyi tədqiqata cəlb
olunur. Əlbəttə, yalnız fəsillərin
adını çəkdiyim bu monoqrafiyanın çox
mühüm və elmi mahiyyət daşıyan bölmələri
vardır. Təxminən, 13 bölməni
də əhatə edən əsərdə bəzi hallarda təkcə
Azərbaycanda deyil, hətta Qafqazda gedən tarixi mətbuat
proseslərinə diqqət yetirilir. Və
Qafqazda rusdilli mətbuatın xeyli dərəcədə
ideoloji kanonları barədə də söhbət
açılır.
Ciddi
tarixi önəm daşıyan məqamlardan biri Azərbaycanda
ilk rusdilli nəşrlərin tədqiqi - məsələn,
"Bakinski Listok", "Bakinskiye İzvestiya",
"Kaspi", "Baku", "Proqress",
"Bakinets" qəzetlərinin
obyektiv tədqiqidir. Sovet dövründə bu mətbu
orqanlara burjua mətbuatı kimi yanaşılırdı və
ya tədqiqatlardan kənar qoyulurdu, ya da məlum ideoloji
prizmadan qiymətləndirilirdi. Monoqrafiyanın
süjet xətti (belə demək mümkünsə) XX əsrə
keçməsi də, elmidir, ayrı-ayrı inkişaf mərhələsinin
yekunudur (tədqiqatın zaman kontekstinə görə).
Bu yerdə bütövlükdə mətbuatın, ayrıca
olaraq rusdilli mətbuatın mahiyyəti açılır,
bolşevik hərəkatının mətbuatla bağlı
ideoloji məqamları qeyd olunur, hətta bu dövrün mətbuat
üzrə mütəxəssislərə belə bu vaxta qədər
məlum olmayan satirik mətbuatı - "Ciqit",
"Biç", "Çakinskoye Qore",
"Vay-Vay", "Baraban" və s. jurnallar
araşdırılır. Birinci Dünya Müharibəsi
dövrünün mətbuat ziqzaqları, çarizmin
süqutu və çoxpartiyalı mətbuatın meydana gəlməsi,
milli özünütəyin ideyası ətrafında
müzakirələr və s. məsələlər
monoqrafiyanın maraqlı cəhətləridir.
Bu əsər bir sıra tarixi təhriflərin aradan
qaldırılması baxımından da çox əhəmiyyətlidir. Məsələn,
müəllif tərəfindən ilk dəfə elmi
dövriyyəyə daxil edilən qəzet
yazılarının araşdırılması nəticəsində
1915-ci ildə Osmanlı imperiyasında "erməni
soyqırımı" deyilən uydurma hadisələrə
obyektiv qiymət verilmişdir. Tədqiqatçı
kökləri 1905-1906-cı illərə gedib çıxan və
bu günə qədər də davam edən Ermənistan-Azərbaycan
münaqişəsinə dair bir sıra qərəzli təsəvvürləri
təkrarən nəzərdən keçirərək, yenidən
mənalandırmağa çalışmışdır.
S.Şaumyanın "Bakinski raboçi" və
"İzvestiya Soveta raboçix i soldatskix deputatov", habelə
erməni naşiri X.Vermişevin "Baku" qəzetlərinin
məzmunca təhlili sayəsində 1918-ci ilin martında
Bakıda və onun ətrafında azərbaycanlı əhaliyə
qarşı silahlı hücumların hazırlanmasında
bolşevik-daşnak təbliğatının həlledici rol
oynadığını aşkar və sübüt etməyi
bacarmışdır.
Yekunda onu söyləyim ki, yarım əsr ərzində - XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək - Azərbaycanda nəşr olunan rusdilli dövri mətbuat haqqında bəhs edən bu əsər mətbuatşünaslığımızda ilk təcrübədir. Əminəm ki, ictimai-siyasi fikir tarixi və filologiya məsələləri ilə məşğul olan mütəxəssislər üçün faydalı və yararlı olacaq.
Sima
RƏHİMOVA
Bakı
Dövlət Universitetinin dosenti
525-ci qəzet.-2017.-18 iyul.-S.4.